Sarı Aşıq poeziyası

Sarı AşıqSarı Aşıq haqqında hələlik ilk yazılı məlumat Qaradağinin «Təzkireyi-Qaradaği» əsərindəki qeydidir. XIX əsrin sənətkarı olan Qaradaği təzkirəsində «Aşıq Qurbanəli və ya Sarı Aşıq və haqq aşığı deyilən şəxsin seyrü-süluki» sərlövhəsi altında yazır: «Zahirən bu zati pak şifteyi-ruzigardır. Əslən Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında vaqe Güləbürd adlı qəryədə sükna edib». Sarı Aşığın bayatılarında Güləbirdin qədim adı da aşağıdakı şəkildə dilə gətirilir:

Mən aşıq, ağzındayam,
Aləmin ağzındayam,
Əslim Qaradağlıdır,
Məzməzək ağzındayam.

Məlumdur ki, qoyunun örüş yerində, arxacında məzməzək adlı ağ başlı, ağ qanadlı milçəyə bənzər həşərat olur. Yay aylarında, qoyun otlaqlarında həmin həşərat insanın burnuna toxunduqda əhval-ruhiyyəsi dəyişir, səsi gərlənir. O zaman həmin yerdə qoyun saxlanılırmış və o yerə «məzməzəyin ağzı» deyilirmiş. Aşıq öz keçmişini və məzməzəyin ağzında olduğu illəri belə xatırlayır.

Bu məlumat içərisində ən dəyərli fakt, onun əslən Qaradağ mahalından olmasıdır. O, həqiqətən Azərbaycan xalqının varlığından doğub. Yaxşının və bacısı Günəşin həqiqi adları müəyyənləşdirilmədiyi kimi, Sarı Aşığın özünün də adı dəqiqləşdirilməyib. Qaradaği «Təzkireyi-Qaradaği» əsərində onun adının Qurbanəli, Salman Mumtaz Abdulla, Əmin Abid Qərib, Bəhlul Bəhcət isə Sarıca Nəbi olduğunu göstərirlər.

Aşıq Ələsgərə görə onun adı Yetimdir. Aşıq Ələsgər məşhur bir təcnisində — «Fərhad Şirin sevdi, Yetim Yaxşı yar» — deyir. Lələnin bayatılarından məlum olur ki, onun adı Budaqdır. Bu adların hər birinin özünə görə mənası var. Aşığa Nəbi adını hər bir hadisəni qabaqcadan bilməsinə görə veriblər. Bizcə, ikinci ad Abdulla yox, Abdaldır. Aşıq abdal — dərviş kimi gəzəndir, obanı-oymağı dolaşandır. Professor M.H.Təhmasibə görə, onun adı elə Sarıdır. Əgər onun adı Sarı olsaydı, ona Aşıq Sarı deyərdilər, Sarı Aşıq deməzdilər.
Sarı adı, bizcə, onun yar yolu gözləməkdən, saralıb solması, üzündə, gözündə sarı qalması ilə əlaqədardır. Aşığın öz bayatılarına müraciət edək:

Mən aşıq, sarı qaldı,
Gün getdi, sarı qaldı.
Yollarına göz tikdim,
Gözümdə sarı qaldı.

Sarı Aşıq ədval-ruhiyyəsini ifadə etmək üçün bəzən bir yox, bir neçə bayatıdan istifadə edir:

Dağlar başın qar aldı,
Göy yarpaqlar saraldı.
Yaxşı dərdi çəkməkdən,
Bətbənizim saraldı.

Sarı Aşıq yaşadığı coğrafi məkan haqqında yazıb yaratmaqdan doymur. O, Həkəri çayına bir yox, bir neçə bayatı yazıb, axtarışlardan sonra Həkəri çayına Yaxşının həsrəti ilə yaranmış daha bir bayatı nümunəsi əldə edilib:

Həkəriyə baxsana,
Sularında axsana,
Yaxşı yarı görməyə,
Qəlbi dağa baxsana.

Uzun müddət Sarı Aşıqdan bəhs edənlər, onun Laçının Güləbird qəbirstanlığında yanaşı bir yox, iki qəbri olduğunu qeyd edirlər. Mən Lələnin «Yaxşı-Yaman» dastanını əldə etdikdən sonra Laçının Güləbird qəbirstanlığına getdim. Orada qədim bir qəbir-künbəzə və onun yanında üzərində saz şəkli olan qəbir-sənduqəyə rast gəldim. Üzərində saz şəkli olan qəbir-sənduqə 1927-ci ildə arxeoloqlar tərəfindən araşdırılıb və XVII əsrə aid olduğunu qeyd ediblər.

Sənduqənin yanındakı kümbəz, qəbirstalıq isə Gözəl şah tərəfindən Lələnin üstündə tikilmiş memarlıq abidəsidir. Gözəl şağın kümbəz tikdirməsi epizodu «Yaxşı-Yaman» dastanında öz əksini tapıb. «Yaxşı-Yaman» dastanı bütövlükdə «Xalqın söz mirvariləri» kitabında nəşr edilib. Sarı Aşığın «Aşiq və Yaxşı» dastanı öz təkamülünü coşqun bir şəkildə yaşadır. Geniş xalq kütləsi arasında onun cinaslı bayatıları, bayatı-bağlamaları dillər əzbəridir.

Onun bayatıları ona görə bu qədər sevilir ki, onlar böyük sənətkarlıqla yaradılmaqla yanaşı, insanları sevib-sevilməyə, insani gözəlliyi, sevib-sevilməyi isti nəfəslə qəlbləri oxşayır. Onun bayatıları o qədər bədii cəhətdən qüdrətli cilalanmış bir şəkildə yaradılıb ki, bayatı yaratmaq eşqinə düşənlər deyirlər, kaş mən də Sarı Aşıq kimi yaddaqalan bayatılar düzüb qoşa biləydim:

Mən aşiqəm baxtı yarım,
Baxtımın taxtı yarım,
Üzündə gül göz izi,
Sənə kim baxdı yarım.

Onun hər bir bayatısı ölməz bir sənət abidəsidir, mahir zərgər əlindən çıxmış ölməz incilərdir. Sarı Aşığın yaradıcılığı hələ bizə tam üzünü göstərməyib. Biz onun yaradıcılıq xəzinəsini istənilən qədər əldə edə bilməmişik. Son illərdə tək-tək əldə etdiyimiz bayatı nümunələri göstərir ki, biz Sarı Aşıqdan az şey bilirik. Sarı Aşıq Azərbaycan poeziyasında bayatı zirvəsinin fatehidir.

O, bu ucalığı getdikcə daha möhtəşəm bir şəkildə nümayiş etdirir. İnsanlar onun yetkin, bitkin, məzmunlu, rəngarəng, dərin mənalı və dərin mündəricəli bayatılarından doymayırlar. Onun bayatı çeşməsi zaman-zaman axdığı kimi bundan sonra da könüllərə axmaqda davam edəcək. Sarı Aşığın bayatıları gələcək bayatı yaradıcıları üçün bir örnək, bir mənbə, bir qaynaq rolunu oynayacaq. Neçə ki, Azərbaycan türkləri var, Sarı Aşıq zaman-zaman onların qəlbində yaşayacaq.
Sarı Aşığın təşbih və bənzətmələri özünəməxsusdur, orijinaldır. Sarı Aşıq elə bir qıza aşiqdir ki, nə göydə, nə də yerdə onun gözəlliyinə, hüsnünün yaraşığına tay ola bilməz.

Aşığam, kimsəsizə,
Rəhm elə kimsəsizə.
Nə göydə mələk bənzər,
Nə yerdə kimsə sizə.

Sarı Aşıq bayatılarında hicran, həsrət, ayrılıqdan danışır, sevgilisinin uğrunda çəkdiyi əzabları, iztirabları qeyd edir. O, bayatılarını elə məharətlə və bacarıqla yaratmışdır ki, adam dinlədikcə, dinləmək istəyir. Sarı Aşığın ədəbi irsini öyrəndikcə göz önündə yeni mənzərələr açılır, yeni xalq örnəkləri bir-bir boy verir. Xalq poeziyasında özünə əbədi və ölməz abidə qoymuş Sarı Aşığın ecazkar sənətinin sirləri açıldıqca onun böyüklüyü daha aydın görünür.

Müəllif: Sədnik Paşa Pirsultanlı (professor)
Mənbə: «Xalq cəbhəsi» qəzeti 

5 şərh

pascal
Çox sağ olun, Apollon, bu aşıq haqqındakı məqaləyə görə. Copy paste olsa da lazımlı yazıdır. Kayzen istifadəçilərindən Sarı Aşığı tanımayanlar, tanıdı artıq. 
Bildiyim qədərilə onun qəbri Laçın rayonunun Güləbird kəndindədir. Ermənilər bütün mədəni irsimizi, qəbirlərimizi dağıtdıqları kimi, onun qəbrini də dağıtmışlar. 
Sarı Aşıq yaradıcılığında (məqalədə göstərildiyi kimi) bayatılar, əsas da cinas bayatılar mühüm yer tutur. Sevdiyim bayatılarından biri də..

Mən aşığam hasarı,
Sınıq könlüm hasarı.
Aşıq dərddən ev tikmiş,
Qəmdən çəkmiş hasarı.

Onun həyatı da, sevgisi də bir az keşməkeşli olub. Sevdiyi qızın ailəsiylə qan düşmənçilikləri olub. Sarı Aşığın atası Qaramanlı tayfasından olan Qara İbrahimlə qızın atası Maqsudlu Salman bəy arasında örüş üstə dava düşür, Yaxşının (sevdiyi qızın) qardaşı Fərman Sarı Aşığın atası Qara İbrahimin xəncərinə tuş gəlir. 
Bu hadisə sevgililəri bir-birindən ayırır. Yaxşı bu sitəmə, bu ayrılığa dözmür. Onun ölümü Sarı Aşığın bütün dünyasını dağıdır. 

Bir daha belə gözəl yazıya görə təşəkkür edirəm sizə, Apollon.
pascal
Baytının 2-ci misrasın belə yazmalıydım:

..Sınıq könlüm ha sarı.

Səhv çıxıb əlimdən. :(
Apollon
Dəyərləndirdiyiniz ücün minnətdaram, pascal.
nicatqafarov12
hahahahahahahaha ha sari=
nicatqafarov12
hahahahahahahahahahah ha sari-