“Aldanmış kəvakib” povestinin təhlili

M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Mənbələr üzrə aparılan araşdırma əsərin mövzusu barədə əhatəli fikir deməyə imkan yaradır.

Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan yaradır. Onları vətənə, xalqa, dinə, din xadimlərinə, dövlət adamlarına, dövlətin idarə edilməsinə münasibətlərinə görə müqayisə etməklə yazıçının mövqeyini, əsərin ideya-məzmununu daha dərindən başa düşmək mümkündür. Vətənin, ölkənin taleyi Şah Abbası az maraqlandırır, əhalinin ağır güzəranı, ölkənin xarabaya çevrilməsi onu düşündürmür. Hələ sərraclıqla məşğul olduğu dövrdə ölkənin ağır vəziyyətindən şikayətlənən Yusif Sərrac isə şahlığa keçən kimi bütün bölgələrdə abadlaşdırma işlərinin aparılması barədə göstərişlər verir.

Xalqa münasibətlərinə görə də onların arasında böyük fərq vardır: əzici qanunları, ağır vergiləri ilə xalqa zülm edən Şah Abbasın əksinə olaraq, Yusif Şah yeni qanun və göstərişlərlə, xüsusən vergiləri azaltmaqla xalqın güzəranının yaxşılaşmasına çalışır...

Baş vəzir Mirzə Möhsün, maliyyə naziri Mirzə Yəhya, hərbiyyə naziri Sərdar Zaman xan, mollabaşı Axund Səməd povestin satirik surətləridir.

Ədib şahın yanındakı məşvərət məclisində bu obrazları öz dilləri ilə ifşa edir. Onların oxşar cəhətləri çoxdur: yaltaqlıq, səriştəsizlik, vətənə, xalqa münasibətdə biganəlik və s. Araşdırma aparmaqla bu tiplərin dövlətin fəlakətə düşməsindəki fərqli rollarını aydınlaşdırmaq, hər birinə xas olan mənfi xüsusiyyətləri müəyyənləşdirmək mümkündür.

M.F.Axundzadə hökmdara, ali mənsəb sahiblərinə zidd mövqedə dayanan Yusif Sərrac surətini yaratmaqla dövlətin idarə olunması barədəki mütərəqqi ideyalarını əks etdirmişdir. Xalqın arzu və ideallarının ifadəçisi olan Yusif Sərrac həm Azərbaycanın, həm də İranın istibdadla barışmayan, mütərəqqi ziyalılarına xas olan müsbət xüsusiyyətlərə malikdir. O, ölkənin tərəqqisinə nail olmaq, xalqın güzəranını yaxşılaşdırmaq istəyən ağıllı, ədalətli hökmdardır.

Mirzə Fətəli Axundzadə Yusif Sərracın dili ilə kəndxudadan tutmuş padşahadək bütün hakimlərin zalım və yolkəsən olduğunu, ölkə və millətə heç bir fayda vermədiyini, heç bir qanuna, qaydaya riayət etməyərək xalqı soyub-taladıqlarını söyləyir, tüfeyli həyat sürən ikiüzlü, yalançı ruhaniləri kəskin tənqid edir.

Yusif Sərrac obrazı, onun ölkədə həyata keçirmək istədiyi islahatlar müəllifin XIX əsrin 50-ci illərində dövlət, onun idarə olunması ilə bağlı qənaətlərini əks etdirir.

Müəllif tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşmış, ona əlavələr edərək genişləndirmiş, dərin ictimai-siyasi məzmuna, bədii dəyərə malik əsər yaratmışdır.

Sənətkar mühafizəkar feodal cəmiyyətinin, onun ədalətsiz üsuli-idarəsinin ictimai eyiblərini Şah Abbas və onun vəzirlərinin simasında ifşa etmişdir.

Müəllif əsərdə qaldırdığı ictimai-siyasi, mənəvi-əxlaqi problemlərin bədii həllini verməklə öz maarifçilik görüşlərini yaymaq, ölkədə mədəni tərəqqinin inkişafına təkan vermək niyyətini izləmişdir. Araşdırma bu mətləblərin əhatəli öyrənilməsinə və nəticədə ideyanın hərtərəfli aydınlaşdırılmasına səbəb olur.

0 şərh