Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.

Ömrünün sonuna qədər Şərq dilləri mütərcimi vəzifəsində çalışan M.F.Axundzadə Rusiya-İran və Rusiya-Türkiyə dövlətləri arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak etmişdir.

O, bir müddət mütərcimliklə yanaşı, Tiflis qəza məktəbində işləsə də, dövlət qulluğunda işi çox olduğu üçün müəllimlikdən çıxmaq, öz yerini müəllimi M.Ş.Vazehə vermək qərarına gəlir. Tiflis ədəbi-mədəni mühiti, görkəmli ziyalılarla ünsiyyət M.F.Axundzadənin dünyagörüşünün, sənətə baxışının formalaşmasında, Şərq üzrə biliklərinin dərinləşməsində, Qərbi Avropa ədəbiyyatı ilə tanışlığında, bir sənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır. Həyatı gərgin mübarizələrdə keçən Mirzə Fətəli ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq haqsız yerə işdən çıxarılmış, ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmişdir. O, Tiflisdəki müsəlman qəbiristanlığında, müəllimi Mirzə Şəfi Vazehin qəbrinin yanında dəfn olunmuşdur.

M.F.Axundzadə bədii yaradıcılığa lirik şeirlərlə başlamış, “Səbuhi” (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan türk dilində və farsca şeirlər yazmışdır. “Zəmanədən şikayət” şeiri süjetli lirikanın dəyərli nümunələrindən sayılır. A.S.Puşkinin ölümü münasibətilə fars dilində yazdığı “Matəm qəsidəsi” M.F.Axundzadənin ilk çap əsəridir. Sonrakı nəşrlərində əsər “Puşkinin ölümünə Şərq poeması” adlandırılmışdır. Mirzə Fətəlinin fars dilində yazdığı “Yeni əlifba haqqında mənzumə” avtobioqrafik səciyyə daşıyır. “Molla Əli”, “Hekayəti-Seyyid Molla Ələm Səlyani”, “Həcvi-Əbdürrəsul xan” şeirlərində isə ədib cəmiyyətdə və şər xislətli insanlarda gördüyü nöqsanları tənqid edir.

XIX əsrin ortalarında Azərbaycan həyatı komediya, satirik əsərlər üçün material ola biləcək ziddiyyətlərlə, konfliktlərlə zəngin idi. Məhz belə bir şəraitdə M.F.Axundzadə maarifçilik ideyalarını geniş yaymağa imkan verən dramaturji yaradıcılığa başlamışdır. Onun 1850-ci ildə yazılmış “Hekayəti-molla İbrahimxəlil kimyagər” adlı ilk komediyasında cəhalət və fırıldaqçılıq kəskin tənqid edilir. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” (1850) komediyasında ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri inkişafa, dünyəvi elmləri öyrənməyə çağırmışdır. Mövzusu kənd həyatından alınmış “Hekayəti-xırs quldurbasan” (1851) komediyasında Bayramla Tarverdi arasında cərəyan edən münaqişə əsasında məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılıq tənqid edilir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmət kimi məsələlər ön plana çəkilir.

“Hekayəti-vəziri-xani Lənkəran” (1851) komediyasının mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir. Ədibin xəsislik mövzusunda yazılmış “Hekayəti-mərdi-xəsis” (1852) komediyası qəhrəmanın adı ilə “Hacı Qara” da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəman müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyatı, oğurluq, quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir. Sonuncu komediyası olan “Mürafiə vəkillərinin hekayəti” (1855) əsərinin mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür.

Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir.

Komediyanın əsas tənqid hədəfi olan Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.

M.F.Axundzadə Aldanmış kəvakib povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni realist bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.

 

 

0 şərh