Əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinə olan şair

“Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvinin əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinədir. Dahi Nizaminin yaradıcılığı digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır...” Xalqımızın şair oğlu Nizami Gəncəvi haqqında bu fikirləri şərqşünas-alim, Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardi qeyd edib. Nizami öz zamanında poeziya meydanında istedadı ilə hünər göstərən yeganə şair deyildi. O dövrdə Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Xaqani Şirvani kimi dövrünün tanınmış sənətkarları var idi. Şeirləri ilə şöhrətlənən, əsərləri dillər əzbəri olan bu şairlərin arasında Nizami Gəncəvi Günəş kimi parlayaraq yüksəldi. Bu parlaqlıq, bu yüksəklik o qədər heyrətamiz oldu ki, böyük şair, musiqiçi, filosof Əmir Xosrov Dəhləviyə (1253-1325) bu misraları yazdırdı:
Nizami Gəncəvi
Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir inci.

Nizami ədəbi məktəbinin davamçıları...
Nizami Gəncəvi ədəbi məktəbi elə öz sağlığında yalnız Azərbaycanda deyil, bütün Şərqdə məşhur idi. Əsrlər boyu bu məktəbin davamçıları sırasında çox şairlərin adı çəkildi. Onların arasında adı da, əsərləri də zamanın sınağından keçməyərək unudulanlar az olmadı. İstedadlıların yazdıqları əsərlər isə qaldı.
XIII əsrin ikinci yarısında yazıb-yaradan İzzəddin Həsənoğlu, XIII əsrin axırı, XIV əsrin əvvəllərində yaşayan Nəcməddin Əbubəkr Zərküb Təbrizi, onun müasiri Hümam Təbrizi, Əvhəddin kimi şairlər Nizami ədəbi məktəbinin ən yaxşı davamçılarından sayılıblar. Nizamişünasların qənaətincə, XIV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri də Şəmsəddin Məhəmməd Əssar Təbrizi (1325-1390) idi.
Azərbaycanın görkəmli şairi İmadəddin Nəsimi də Nizami Gəncəvinin yaradıcılığından ruhlanaraq məhəbbətin ülviyyətini, insan gözəlliyini, haqqın, ədalətin təntənəsini tərənnüm edib. Tədqiqatçıların fikrincə, Nizamidən sonra ədəbiyyatda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından biri Nəsimi oldu.
Rusiya ədəbiyyatşünası, şərqşünas-alim Lyusian Klimoviç qeyd edib:   “Bütün dövrlərin mütəfəkkirləri Nizaminin beş poemasını poeziyanın möcüzəsi, beş incisi adlandırmışdır”. Nizami Gəncəvinin həmin beş möcüzəsinə — “Xəmsə”sinə bənzətmək üçün yüzdən çox şair Xəmsə yaratmaq istəyi ilə qələmə sarıldı. Amma heç biri  Nizami kimi müvəffəq olmadı. Nizamişünaslar onların arasında Əlişir Nəvainin Xəmsəsini qənaətbəxş hesab ediblər. Nizaminin Şərq ədəbiyyatına təsirinin daha bir nümunəsi isə 400-dən artıq, böyüklü-kiçikli “Leyli və Məcnun” adlı dastan, hekayə və məqalə qələmə alınmasıdır.
Tədqiqatçılar qeyd ediblər ki, Nizami Gəncəvidən sonra “Leyli və Məcnun” mövzusuna 40-dan çox şair müraciət edib. Həmin əsərlər içərisində ən görkəmli yerlərdən birini Azərbaycanın başqa bir dünyaşöhrətli şairinin — Məhəmməd Füzulinin qələmə aldığı “Leyli və Məcnun” poeması tutur. Nizaminin yaradıcılığından ruhlanan Füzuli bu mövzuda da öz dəstxətini ortaya qoymağa, ölməz  əsər yaratmağa nail olub.
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri — şair Səməd Vurğun isə “Fərhad və Şirin” əsərində Nizami ənənəsini davam etdirib. Ancaq bu iki poema — Nizaminin “Xosrov və Şirin”i ilə Səməd Vurğunun “Fərhad və Şirin”i arasında müəyyən uyğunsuzluqlar var, qəhrəmanların həyata baxışı, sevgi dünyası fərqlidir.

Gəncəli xəzinədar...
Görkəmli taçik şairi, musiqişünası, filosof-alim Əbdürrəhman Cami Gəncəli xəzinədarın — Nizami Gəncəvinin şeiriyyətinə vurğunluğunu belə ifadə etdi:

Çox zamanlar təbim quşu söz bağında qanad açdı,
Qafiyəli nəğmələrim yeddi evə inci saçdı;
“Yeddi gözəl”əsəri tək o gəncəli xəznədarın
Yüz xəzinə qiyməti var şerindəki mənaların.

Nizami şeiriyyətinin möhtəşəmliyi XVII əsrdə yaşamış mütəfəkkir şair Saib Təbriziyə isə bu sətirləri yazdırdı: “Söz gövhərinin boyunbağısını heç kim Nizami kimi düzməyib. Haqqın minlərlə rəhməti onun ruhuna ki, həqiqətən, şeir onunla xətm olunub”.
Nizami Gəncəvinin bütün əsərlərində insana sevgi var. Nizamişünas rus alimi, akademik Bertlesin yazdığı kimi: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsilə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?” Məşhur alman şairi Höte də Nizami yaradıcılığına xas olan pak məhəbbətdən, zərif eşqdən bəhs edib: “Yüksək şair dühasına malik olan nəcib ruhlu Nizami əsərlərində zərif eşq, dərin məhəbbət əlaqələrindən, sevgililərdən bəhs edir. Poemaları heyrətamiz dərəcədə gözəl, müxtəlif və rəngarəngdir. Nizaminin əxlaqi məsələlərə həsr edilmiş əsərlərində belə bədii səmimilik vardır”.
Yurdu Gəncə, Vətəni bütöv Azərbaycan olsa da, bütün dünyanın şairidir Nizami Gəncəvi. Dahilərin qisməti budur. Onların yaratdıqları bütün dünyanın ən qiymətli xəzinəsi sayılır. Fərq onda olur ki, bəzən şəxsiyyətin böyüklüyü, onun ərsəyə gətirdiklərinin dəyəri öz sağlığında bilinmir. Nizami Gəncəvi bu mənada, xoşbəxt sənətkar idi. Müasirləri necə böyük bir dahi ilə eyni dövrdə yaşadıqlarının fərqində idilər. Odur ki, hələ özü bu dünyada ikən ardıcılları var idi. Onlar şairin əsərlərindən ilham alır, bəhrələnirdilər. Zaman əsrlərin ömrünü yeni əsrlərə verə-verə yol gedir. Nizami Gəncəvi poeziyasına münasibət isə dəyişmir. Tanınmış İsveç şərqşünası, ədəbiyyatşünas-alim Rudolf Qelpne dünyaşöhrətli Azərbaycan şairi haqqında ən doğru bənzətməni verib: “Nizami elə uzaqgörən şəxsiyyət olmuşdur ki, onun yaradıcılıq gəmisi başlanğıcı və sonu olmayan “insan qəlbi” adlı yeganə dənizdə adadan-adaya üzür”.

 

Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: azerbaijan-news.az
 

0 şərh