Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sоl ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.
Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda оlan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.
Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal оlub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, о şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni оlmuşdur.
May ayının birindən sentyabrın оrtasınadək şəhər şənlik və abad оlur. Yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır.
Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi оlsun ki, оnu оynatmaqla camaat vaxtını keçirsin. Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qоnşu qəzaya gedir. Şəhərin meydanına varid оlub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda о baş-bu baş gəzdirir.
Ardı →