İçəri Şəhərdən Bayır Şəhərə

Əhalinin artımı nəticəsində şəhər böyüməyə və qala divarlarından xaricə çıxmağa başlamışdı. Hökümət şəhərdən kənara, qala divarları ətrafındakı forştatda torpaqları satmağa başladı. Torpaq ucuz satıldığı üçün çoxları çalışırdı ki, bir parça torpaq sahəsi alıb, özünə ev-eşik tiksin. Əgər əvvəllər qala divarlarından xaricdə cəmi bir neçə tikili vardısa, indi bir-birinin böyründə tikilmiş palçıq binaların sayı gündən-günə artırdı. Əhalinin bəzi qismi isə qala divarlarından xaricdə yaşamağa çəkinirdi. Çünki kənardan hücum və basqın edilərsə, qorunmağa və daldalanmağa heç bir istehkam yoxdu. Buna görə çoxları İçərişəhərin darısqal, rütubətli daxmalarında yaşamağı daha üstün tuturdular. Xüsusilə varlı təbəqələr qala divarları ilə qorunan həyət-bacasını tərk edib, sərvətlərini təhlükə altında buraxmaq istəmirdilər. Bütün qala divarları boyu qoyulmuş çuqun toplar və əsgərlər tərəfindən qorunan möhkəm darvazalar onların dinc həyatı və sərbəst ticarətləri üçün möhkəm təminat verirdi. Hava qaralanda isə darvazalardakı taxta körpülər qaldırılır və dəmir üzlü qapılar möhkəm bağlanır və şəhər şirin yuxuya gedirdi.
 
1820-ci ildə Bakıda olmuş fransız səyyahı Qamba qala divarlarından xaricdə salınmış tikililərin başlıca olaraq, palçıq evlərdən ibarət olduğunu qeyd edirdi. Evləri hərə öz bildiyi kimi tikmişdi. Şəhərin yenidən qurulması, onun inkişafı üçün, hələlik heç bir layihə yoxdu. Sonralar şəhər salmaq barədə layihələr tutulmuşdusa da, onların həyata keçirilməsi ləngiyirdi. Rus çarizmi İran tərəfindən hələ də təhlükə gözləndiyindən bu işə möhkəm girişmirdi. 1826-cı ildə Hüseynqulu xanın Bakı üzərinə hücumu və şəhəri iki aya qədər mühasirədə saxlaması rus çarizminin bu ehtimalını doğrultdu.
Azərbaycan xanlıqlarının bəzi hakimləri keçmiş xanlıqlarını geri qaytarmaq niyyətilə İrana qaçaraq, Fətəli şaha pənah aparmışdılar. Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsindən Rusiyanın rəqibi olan İngiltərə də bərk narazı qalmışdı. O İranı təzədən Rusiyaya qarşı müharibəyə təhrik etmək üçün 1814-cü ildə İranla Rusiyaya qarşı çevrilmiş bir müqavilə bağladı. İran ordusunu möhkəmlətmək məqsədilə İngiltərə öz zabitlərini İrana göndərməyə başladı. İranı hər cür silahlarla təchiz etdi. İran höküməti Rusiya ilə müharibəyə başlamaq üçün bəhanə axtarırdı. Nəhayət, İngiltərənin təhriki ilə Talış xanlığını və Muğanı geri qaytarmağı Rusiyadan tələb etdi. Rus imperatoru bu tələbi rədd edərək, bildirmişdi ki, «Zaqafqaziya vilayətlərini biz müharibə ilə almamışıq. Bu vilayətlərin əhalisi özləri bizimlə birləşməyi xahiş etmişdilər. Onların arzusunu yerinə yetirməmək və onları sizin əlinizə vermək ədalətsizlik olardı».
Fətəli şah İrana qaçmış keçmiş Azərbaycan xanlarının köməyi ilə Azərbaycanın əyalət və qəzalarında üsyanlar törətməyə də böyük səy göstərirdi. Bu məqsədlə Azərbaycan vilayətlərinə gizli casuslar göndərirdi ki, müharibə başladıqda rusların üzərinə arxadan zərbə endirsin. 1825-ci ildə Peterburqda dekabristlər üsyanının başlandığını eşidən kimi Fətəli şah Rusiyaya qarşı müharibəyə hazırlaşmağa başladı. İraqın müsəlman ruhaniləri ruslara qarşı fitva elan etdilər. Nəhayət, 1826-cı ilin 16 iyulunda İranın 60 minlik qoşunu vəliəhd Abbas Mirzənin başçılığı altında Şimali Azərbaycana basqın etdi. Qoşunla birlikdə Azərbaycanın keçmiş xanları da öz silahlı qoşunları ilə hücuma keçmişdilər. Hüseynqulu xan da ispanların və ingilislərin köməyi ilə üç min qoşun toplayıb, Bakı üzərinə yeridi. Şəhər divarlarını mühasirəyə alıb gözlədi. Bu zaman Bakını cəmi bir batalyon rus əsgəri qoruyurdu. Batalyon komandiri şəhər əhalisi içərisində satqın ola biləcəyindən ehtiyat edərək, əhalini ucdantutma şəhərdən kənara çıxardı və öz əsgərləri ilə qala divarları üstündə möhkəm mövqe tutdu. Həmin günlərdə dəniz vasitəsilə onun köməyinə iki rota əsgər göndərildi. Hüseynqulu xan qalaya bir neçə dəfə həmlə etsə də, heç bir nəticə vermədi. Qarnizon onların həmlələrini hər dəfə bacarıqla dəf edirdi. Şəhərin qala divarları və qapıları möhkəm müdafiə olunurdu. Qalanın sirlərinə yaxşı bələd olan Hüseynqulu xan başqa vasitəyə əl atdı. O ətraf təpələrdən şəhərə axıdılan su kəmərinin qabağını kəsmək fikrinə düşdü.
 
Güman edirdi ki, qaladakıları ancaq susuz qoymaq yolu ilə özünə təslim etdirə biləcəkdir. Qoşun yeri qazıb, su kəmərinin istiqamətini dəyişməyə çalışdı. Lakin Hüseynqulu xan bununla da öz məqsədinə nail ola bilmədi. Sentyabrın 3-də İran qoşunlarının Şamxor ətrafında məğlubiyyəti və Gəncə döyüşlərində Abbas Mirzənin qoşunlarının darmadağın edilməsi vəziyyəti tamamilə dəyişdi. Hüseynqulu xan rus qarnizonunun köməyinə gələ biləcək yeni qüvvələr tərəfindən mühasirəyə alınacağını düşünüb öz qoşunlarını tez geri çəkməyə başladı. Beləliklə, Hüseynqulu xanın son ümidi də puça çıxdı. Və bu onun Bakıya axırıncı gəlişi oldu. Geri çəkilən İranlıları Təbrizə qədər təqib etdilər. İran təslim olmaq məcburiyyəti qarşısında qaldı. 1828-ci ilin 10 fevralında Təbriz yaxınlığındakı kiçik Türkmənçay kəndində Rusiya ilə İran arasında məşum Türkmənçay müqaviləsi bağlandı. Müqavilənin bağlanmasında A.S. Qriboyedov bir diplomat, A. A. Bakıxanov isə tərcüməçi kimi iştirak edirdi. General Paskeviçlə Abbas Mirzə arasında gedən danışıqlarda ruslar tələb edirdilər ki, Azərbaycan bütövlüklə, yəni şimal hissəsi ilə birlikdə cənub hissəsi də Rusiyaya birləşdirilsin. Bunu xüsusilə tələb edən A.S. Qriboyedov idi. O, Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların öz hökümətlərindən narazı olduqlarını əsas tutaraq, Təbriz, Marağa, Xoy və Urmiyə xanlıqlarının Şimali Azərbaycanla birlikdə Rusiyanın himayəsinə keçməsini vacib və ədalətli hesab edirdi. Heç şübhə yoxdur ki, bu danışıqlarda tərcüməçi kimi iştirak edən A. A. Bakıxanovun Qriboyedova böyük təsiri olmuşdu. Lakin danışıqlar zamanı Qriboyedovu müdafiə edən və ona tərəfdar çıxan olmadı. Rusiyanın xarici işlər naziri də bu təklifin tərəfdarı deyildi. Rus höküməti Türkiyə ilə yeni müharibə gözlədiyindən İranla danışıqları uzatmayıb, tez qurtarmağa çalışırdı. 1828-ci ilin 10 fevralında Türkmənçay müqaviləsi imzalandı və beləliklə, bütöv bir ölkə, vahid bir xalq ədalətsizcəsinə iki yerə parçalandı. Bu, tarixin böyük səhvi idi...
Türkmənçay müqaviləsindən sonra camaat təzədən bayır şəhərdəki ev- eşiklərinə qayıtdılar, forştadtda dinc inşaat işləri vüsət almağa başladı. Zəfəran əkilən sahələr yeni tikililərlə sıxışdırılır, inzibati və ticarət mərkəzi olan İçərişəhərin divarları da artıq bu tikililərin sürətinə mane ola bilmirdi. Qəza rəisliyi əhalini qala divarlarından xaricə çıxmağa həvəsləndirirdi. Bəzən onları məcbur edirdilər. Əhali də bu dəfə etirazını bildirmirdi. Çünki əvvəla torpaqlar onlara çox ucuz başa gəlirdi, İran tərəfdən basqın təhlükəsi də artıq sovuşmuşdu.
1840-cı ilin əvvəllərində forştadtın təxminən 45 hektarlıq sahəsində yeni binalar salınmışdı. Buralar İçərişəhərə nisbətən daha genişlikdi, küçələr enli, evlər gözəl və bəzi yerlərdə bağçalarla dövrələnmişdi. Bir sözlə, Bayır şəhər əsl şəhər görkəmi  alırdı.
 
Əsas binalar qalanın Şamaxı darvazasının qabağından başlayaraq, Şamaxı yolu ilə (indiki Hüsü Hacıyev küçəsi) qərbə tərəf uzanırdı. Bu küçənin hər iki tərəfində yaşayış evləri ilə yanaşı çoxlu karvansara, hamam va məscid də tikilmişdi. Yeni küçə indiki Füzuli meydanının yerində (o zaman bu meydan Poçt meydanı adlanırdı) Bakı kəndlərindən gələn yolla (indiki Dilarə Əliyeva və Füzuli küçələri) kəsişirdi. Bu meydanın yaxınlığında hələ xanlıq dövründən qalma bəzi tikintilər vardı ki, onlar Şamaxı yolu ilə Abşeron yollarının kəsişdiyi yerdə düzəlmiş kazak keşikçi məntəqəsinin istifadəsinə çevrilmişdi. Quru yolla şəhərə gələn və şəhərdən çıxan bütün nəqliyyat vasitələri bu keşikçi məntəqəsindən keçirdi. Keşikçi məntəqəsində bir müddət Xəzər donanmasının zabit və matrosları da xidmət etmişdi. Onlar Bakıda Dəniz stansiyası adlanan bir müəssisənin xidmətçiləri idi. Bu stansiyanın işinə bir hərbi brandvaxt (limanda saxlanılan keşikçi gəmisi) başçılıq edirdi.
Stansiyanın bir hissəsi İçərişəhərdə Qız qalasının yanında, o biri hissəsi isə burada, Poçt meydanında yerləşirdi. Bura sahildə işləyən dənizçilər üçün əsas mərkəzə çevrilmişdi. Bir rus jurnalının yazdığına görə mərkəzin ətrafında çoxlu alçaq evlər tikilmiş, dar küçələr salınmışdı. Bu evlərdən biri də keşikçi məntəqəsinin yanında, polkovnik Bakıxanovun evi idi.
Bizim fikrimizcə, bu ev ancaq Abbasqulu ağanın kiçik qardaşı Cəfərqulu ağanın oğlu, qvardiya polkovniki Əhmədağa Bakıxanovun imiş. O, Abbasqulu ağanın kiçik qızı Tuğra xanıma evləndikdən sonra burada yaşayırlarmış. İnqilabdan qabaq Füzuli meydanındakı beş mərtəbəli binanın yerində Xanım karvansarası adlanan qədim bir karvansara varmış. Görünür ki, o, Abbasqulu ağanın qızı Tuğra xanımın olub. Qvardiya polkovnikinin evi indiyədək durur (Təbriz Xəlilbəyli küçəsi, ev 38). Yaxınadək bu evdə Bakıxanovlar nəslindən olan adamlar yaşayırdılar. Kazak keşikçiləri və dənizçiləri üçün yaxınlıqda (indiki Zərgərpalan küçəsi, ev 38) ayrılmış binanın həyətində həm yataqxana və həm də kilsə tikilmişdi. Kilsə Donanma kilsəsi adlanırdı. Bu kilsə də indiyədək durur.
İçərişəhərdən Şamaxıya gedən bir magistral yolun köhnə Poçt meydanına qədər olan hissəsi yeni salınmış şəhərin ilk küçəsi hesab edilirdi. Küçənin eni 10 sajından az deyildi. Magistral yolun qalaya yaxın hissəsinin sol tərəfindəki passajın yeri bakılıların qəbiristanlığı idi. Qəbiristanlıq ta indiki M. Muxtarov küçəsinədək uzanırdı. Kazak keşikçi məntəqəsindən başlayan küçə Şamaxı darvazasına çatar- çatmazda üç yerə haçalanırdı. Biri indiki  İstiqlaliyyət küçəsinin yeri ilə qala divarlarını hərləyib, indiki Niyazi küçəsi ilə, o biri isə darvazanın yanında şərqə tərəf üzü aşağı burulub, hazırki Ə. Əliyev küçəsilə dənizə çıxırdı. Üçüncü yol isə Şamaxı darvazasından İçərişəhərə daxil olurdu. Bu yol da şəhərin ticarət cərgələrinin içərisindən keçərək, Qız qalasının yanından dənizə çıxırdı. Esplanadada*  hələlik heç bir bina tikilməmişdi. Əslinə baxsan iki qala divarı arasında olan ensiz zolaqda da hökümət tikinti işləri aparmağa icazə vermirdi. Görünür ki, bununla şəhərin yenə müdafiə əhəmiyyəti nəzərdə tutulurdu.
Bir müddət keçdikdən sonra Esplanadada tikinti işləri başladı. Lakin tikintilər yaşayış binaları deyildi. Bunlar indiki Niyazi küçəsi ilə dənizə tərəfə enən yerdə, daha doğrusu, Salyan darvazasından (qalanın bu darvazası cənub-qərb tərəfdəki dağlara açıldığından ona bəzən dağ darvazası da deyirdilər) başlayan yolun Bayıla gedən yolla kəsişdiyi yerdə tikilmiş neft anbarları idi. Balaxana və Suraxanadan buraya arabalarla daşınan neft bu anbarlarda saxlanılır, sonra gəmilərlə İrana və Rusiyanın başqa şəhərlərinə göndərilirdi. Şamaxı darvazalarından şərqə tərəf enən Esplanadada isə (indiki Ə. Əliyev küçəsinin yerində) bir sıra cərgə ilə salınmış dükanlarda ancaq duz satılırdı. Bu yer dənizə çox yaxın olduğundan dükanların böyründə gölməçələr və qamışlıqlar hələ də dururdu. Hətta Bakı əhalisi bu yerlərdə quş ovuna da çıxırdılar...
Bayıl yolu ilə Salyan yolunun birləşdiyi yerdə, təxminən indiki həkimlər evi binası ilə üzbəüz taxta körpülərlə yanaşı yeganə daş bir körpü tikilmişdi. Xəzər dənizində yelkənli gəmilərin sayı artdıqca liman da cənub-şərq istiqamətində genişlənirdi.
 
O zaman sahildə qala divarı ilə dəniz arasında təxminən 10 metr enində quru bir sahə vardı. Burada körpülərin və habelə daş körpünün yanında çoxlu yük anbarları tikilmişdi. İrandan və Həştərxandan gələn yüklər çox zaman bu anbarlara vurulurdu. Limanda başqa tikinti işləri əsasən cənub-şərq istiqamətində getdiyindən Bayıl burnunun və Bayıla gedən yolun əhəmiyyəti artmışdı. Bayıl burnunda liman salınması üçün əlverişli təbii şərat vardı. Burada yeni liman rayonu salınması nəzərdə tutulduğundan 1839-cu ildə məsələ qaldırılmışdı ki, Həştərxandakı Admiralitet Bakıya köçürülsün. Bunun nəinki yalnız coğrafi, habelə böyük siyasi əhəmiyyəti də vardı. Tezliklə Qafqaz ölkəsi rəisliyindən xahiş edildi ki, dəniz qulluqçularının xidmətinə verilmək üçün Bayılda istifadə edilməyən örüş yerlərində xüsusi bir rayon təşkil edilsin. 1858-ci ildə Qafqaz rəisliyinin əmri ilə bu xahiş yerinə yetirildi və Bayıl burnunda Admiralitet və buraya köçəcək dəniz xidmətçilərinə bağ-bağat salınmaq üçün örüş yerlərində xüsusi bir sahə ayrıldı. Həmin ildən başlayaraq, bu sahədə tikinti işləri genişləndi. Bu, şəhərlə Bayıl arasında əlaqəni daha da möhkəmlətdi. Sahil boyu ilə Admiralitetə qədər olan yol boyunca da binalar salındı. 1863-cü ilin 6 aprelində Bayıl üçün təsdiq edilmiş plan əsasında Bayıl burnu ayrıca bir rayon kimi dəniz idarəsinin sərəncamına verildi. Burada dəniz idarəsi üçün inzibati binalar, zabitlər üçün yaşayış evləri ilə yanaşı dəniz idarəsi məmurları üçün pravoslav kilsəsinin də əsası qoyuldu. Bu, Bakıda say etibarilə üçüncü pravoslav kilsəsi  idi. Birinci kilsə  1815-ci  ildə qala divarları içərisində tikilmişdi. Bu kilsənin avadanlığı Tiflisdən gətirilmiş və kilsə ruhanisi gürcü David İvanov da Tiflisdən dəvət olunmuşdu. Kilsənin tikintisi xərcini azaltmaq məqsədilə o, şəhərin mərkəzində, bazarın böyründəki köhnə bir məscidin yerində açılmışdı. Bu məscid binası əvvəllər həbsxana, sonra isə ərzaq mağazası olmuşdu. Kilsənin yaradılması ilə əlaqədar olan rəsmi sənədlərdən birində belə yazılırdı: «1815-ci ildə yerli xristianların səyi ilə köhnə tatar (azərbaycanlı) məscidi xristian məbədinə çevrilmişdir».
Bir müddət sonra Bakıda xristian əhalisinin çoxalması ilə bu kilsə darısqallıq elədi. Yeni və daha geniş bir kilsə tikilməsi üçün 1821-ci ilin 29 iyununda xüsusi bir komitə təşkil olundu. Bu komitəyə şəhər komendantı polkovnik Melikov başçılıq edirdi. Komitə bina tikmək üçün əvvəlcə şəhərdə torpaq sahəsi almaq fikrində idi. Lakin torpaq sahəsindən ötrü çoxlu pul tələb olunduğundan kilsəni Şirvanşahlar sarayında düzəltmək qərara alınır. Buna isə baş komandanlıq icazə vermir. Çünki saray dövlət idarələrinə lazımdı. Komandanlıq ona icazə verir ki, kilsədən ötrü yararlı olub-olmamasını yoxlamaq üçün sarayın nəzdindəki Şah məscidi və Şirvanşahların türbəsi nəzərdən keçirilsin. O zaman bu binaların hər ikisi cəbbəxanaya çevrilmişdi. Komitə binaların heç birini kilsə üçün yararlı hesab etmir. 1828-ci ildə rus-türk müharibəsinin başlanması ilə əlaqədar kilsənin tikilməsi məsələsi təxirə salınır. Bundan başqa Qafqazda başlamış vəba xəstəliyi də bu işin başlanmasına mane olur.
Yalnız 1850-ci ilin 15 aprelində kilsənin tikilməsi məsələsi təzədən irəli sürülür. Bu vaxt komendantlıq sistemi artıq ləğv olunmuş və Bakı qəza mərkəzinə çevrilmişdi. Kilsənin qala divarlarından kənarda tikilməsi məsələsi müzakirə zamanı qəti rədd olunur. Qərara alınır ki, Şamaxı darvazasından içəri girilən yerdə,
qaupvaxtın yanında köhnə bir müsəlmən hamamının yerində tikilsin. Sonralar kilsə təmir olunarkən müsəlman hamamına gedən yeraltı bir yol üzə çıxır. Məlum olur
ki, bu yol xan sarayından qalanın xaricinə çıxırmış.
Kilsənin günbəzi qurularkən divarlar davam gətirməyib,  çat  verir.  Buna görə də 1852-ci ilin 17 oktyabrında inşaat işləri dayandırılır. Bir müddət sonra günbəzin daşdan deyil, taxtadan tikilməsi qərara alınaraq, iş davam etdirilir. Taxta günbəzin üstü isə dəmirlə örtülür. 1858-ci ilin 4 mayında kilsə keçmiş komendant binası qarşısındakı meydanda, Şimal qala qapısının yanında Nikolay kilsəsi adı ilə işə başlayır. Bu kilsə Bakıda Sovet hakimiyyəti yaradılanadək fəaliyyət göstərirdi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh