Canlı orqanizmlərin müxtəlifliyi

Heyvanlar kimi, üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da xlorofilin olmasına görə işıqda bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar. 

canlılar aləmi
Orqanizmlərdə oxşar əlamətlər. Yer üzərində yaşayan canlılar geniş müxtəlifliyə malikdirlər. Onların arasında birhüceyrəlilərdən başlayaraq, çoxhüceyrəlilər kimi formalar mövcuddur. Bütün bu orqanizmlər xarici görünüşcə müxtəlif olsa da, onları ümumi bir cəhət – hüceyrəvi quruluşa malik olmaları birləşdirir. Orqanizmlərin digər ümumi xüsusiyyətləri onların qıcıqlara cavab verməsi, irsi əlamətlərini nəslə ötürmələri, onlarda gedən maddələr və enerji mübadiləsidir.
 
Canlı orqanizmlərin fərqli xüsusiyyətləri
 
Bitki və heyvanlar. Bitki hüceyrəsi qalın hüceyrə divarı, plastidlər və iri vakuolun olması ilə heyvan hüceyrələrindən fərqlənir. Bitkilərə nisbətən heyvanlarda hərəkət formaları daha müxtəlifdir. Heyvanlarda olan sinir sistemi, əzələ və hiss orqanları bitkilərdə olmur. Bitki və heyvanlarda olan fərqlər onların qidalanma xüsusiyyətlərinə də aiddir. Bitkilərin əksəriyyəti avtotrof hesab olunur. Bu xüsusiyyət onlara xaricdən yalnız qeyri-üzvi maddələr – su, mineral duzlar, karbon qazı almağa və günəş enerjisindən istifadə edərək üzvi maddələr yaratmasına imkan verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvi maddələrlə qidalanır.
 
Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamətlərinə rast gəlinir. Onların hüceyrələrində, bitkilərdəki kimi, qalın hüceyrə divarı və iri vakuol olur. Lakin heyvanlardakı kimi, ehtiyat qida maddəsi qlikogendir və hüceyrələrində plastidləri olmur. Göbələklər də əksər heyvanlar kimi heterotrof yolla qidalanırlar.
 
Bakteriyalar. Birhüceyrəli orqanizmlərdir. Formalaşmış nüvəsinin və bir çox hüceyrə orqanoidlərinin olmamasına görə bitki və heyvan hüceyrəsindən fərqlənir. Orqanizmlərdə bu cür müxtəlifliyin yaranması onların həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.
 

0 şərh