Orqanizmlərin cinsi çoxalması

Örtülütoxumlularda cinsi çoxalma prosesi. Çiçəyin yaranması ilə əlaqədardır. Onun çoxalmada iştirak edən əsas hissəsi erkəkcik və dişicikdir. Bu orqanlarda mürəkkəb proseslər gedir və cinsi çoxalmada iştirak edən cinsi hüceyrələr yaranır.
Tozcuğun və rüşeym kisəsinin yaranması. Erkəkcik tozluğunda hüceyrənin bölünməsi gedir və nəticədə tozcuq yaranır. Tozcuğun xarici qatı dişicik ağızcığına ilişmək üçün girintili-çıxıntılı və ya tikancıqlı olur. Dişiciyin yumurtalığının daxilində yumurtacıq inkişaf edir. Yumurtacığın miqdarı müxtəlif bitkilərdə müxtəlif olur. Buğda, arpa, çovdarda bir ədəd, xaşxaş və lalədə isə minlərlə yumurtacıq olur. Hər bir yumurtacığın üzəri örtüklə örtülmüşdür. Onun içərisində rüşeym kisəsi inkişaf edir. Rüşeym kisəsinin daxilində yumurtahüceyrə, mərkəzi hissəsində isə mərkəzi hüceyrə əmələ gəlir. çiçəkli bitkidə ikiqat mayalanma

Çiçəkli bitkilərdə mayalanma. Dişiciyin ağızcığı şirəli olduğundan buraya düşən tozcuq ona yapışır. Tozcuq hüceyrəsi şişərək cücərir və uzun, nazik tozcuq borusu əmələ gətirir. Tozcuq borusu sütuncuqdan yumurtalığa doğru uzanır. Bu zaman tozcuq borusunda iki ədəd erkək cinsiyyət hüceyrəsi – spermilər əmələ gəlir. Onlar tozcuq borusu ilə rüşeym kisəsinə gətirilir.
Spermilərin biri yumurtahüceyrə ilə, digəri mərkəzi hüceyrə ilə birləşir və mayalanma baş verir. Çiçəkli bitkilərdə belə mayalanma ikiqat mayalanma adlanır və ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin tərəfindən kəşf edilmişdir.
Meyvə və toxumların əmələ gəlməsi. Yumurtahüceyrə və spermilərdən birinin birləşməsi nəticəsində yaranan ziqot bölünməyə başlayır. Ziqotun bölünməsi nəticəsində toxumun çoxhüceyrəli rüşeymi yaranır. Mayalanmış mərkəzi hüceyrə bölünərək toxumun endospermini əmələ gətirir. Endospermdə rüşeymin qidalanması və inkişafını təmin edən ehtiyat qida maddələri toplanır. Mayalanmadan sonra yumurtacıqdan toxum əmələ gəlir. Bu dövrdə yumurtalığa qida maddələri axır və o, yetişmiş meyvəyə çevrilir. Yumurtalığın divarından toxumu qoruyan meyvəyanlığı yaranır.
Çoxhüceyrəli heyvanların cinsi çoxalması.heyvanlarda mayalanma              Cinsi çoxalmaya heyvanlarda da rast gəlinir. Onlarda da cinsi çoxalmadan əvvəl cinsi hüceyrələr, yəni qametlər yaranır. Heyvanların erkək cinsi hüceyrəsi erkək cinsi orqan olan toxumluqda meydana gəlir və spermatozoid adlanır. Toxumlu bitkilərin erkək cinsi hüceyrələrindən (spermilərdən) fərqli olaraq onlar hərəkətlidir və qamçılara malikdir.Dişi cinsiyyət orqanı olan yumurtalıqda yumurtahüceyrə yaranır. Bu hüceyrə iri olub, adətən, hərəkətsizdir. İçərisində çoxlu qida maddələri olur. Cinsi çoxalma zamanı qametlərin birləşməsi nəticəsində mayalanma baş verir və ziqot əmələ gəlir. Ziqotdan isə bölünmə nəticəsində çoxhüceyrəli rüşeym yaranır.
Cinsi çoxalmanın qeyri-cinsi çoxalmadan üstünlüyü ondadır ki, yaranan orqanizmdə hər iki valideynin əlamətləri olur. Nəticədə nəsil mühitin dəyişən şəraitinə daha yaxşı uyğunlaşır.


Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

0 şərh