Canlıların nəsil ağacında insanın yeri

Müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə, canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmışdır. İlk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmış, lakin onlarda hüceyrənin quruluş elementləri (sitoplazma,, nüvə, orqanoidlər) olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk birhüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur.                                            Canlıların nəsil ağacında insanın yeri                                Müasir təsəvvürlərə görə, ibtidai birhüceyrəli qamçılılar göbələklərə, bitki və heyvanlara başlanğıc vermiş, çoxhüceyrəli orqanizmlər isə onlardan başlanğıc götürmüşdür.
Koloniya halında yaşayan birhüceyrəlilərin mövcudluğu bunu sübut edən dəlillərdən biridir. Koloniyaların yaranması canlıların quruluşunun sonrakı inkişafının mürəkkəbləşməsində mühüm əhəmiyyət daşımışdır.
Qədim koloniyalı ibtidailərin hüceyrələri müxtəlif qatlara ayrılaraq ilk çoxhüceyrəli orqanizmlərə başlanğıc vermişdir.
Canlıların sonrakı tarixi inkişaf prosesi də quruluşun mürəkkəbləşməsi istiqamətində getmişdir. Bu zaman onlar arasında güclü rəqabət olmuş, yalnız mühitə uyğunlaşanlar salamat qalmışdır.
Bildiyiniz kimi, canlılar arasında insan inkişaf prosesində ən son pillədə yer tutmuşdur. İnsan əcdadı digər canlılar kimi uzun sürən inkişaf yolu keçmiş və müasir görkəmini almışdır. Bu zaman o, müxtəlif təsirlərə məruz qalmış, anatomik, morfoloji və fizioloji cəhətdən təkmilləşmişdir. İnsan bioloji və sosial varlıq kimi canlılar arasında özünəməxsus yer tutur. Bu da onda dik yerimə, aşağı ətraf əzələlərinin güclü inkişafı, ayaq tağı, 4 əyriliyə malik S şəkilli onurğa sütunu, ikinci siqnal sistemi (söz vasitəsilə qavramaq), mücərrəd təfəkkür və s. əlamətlərin olması ilə əlaqədardır.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova ,Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün BİOLOGİYA fənni üzrə DƏRSLİK

 

0 şərh