Çağırsa ellər gedərəm davaya!

Ehh..Makedon ehh.. İndi görən belə söz işlədənlərin sayı çoxdurmu?! Yox, haqlarını yeməyim, adamın Allahı var, özü də az da deyil. Amma, həqiqətən də əsgərlikdən qalanlarımız, müharibə olsa xarici ölkələrə qaçanlarımız da tapılar. Bilmirəm bu zəmanənin buyurduğu imkanların yetərsizliyindənmi, qorxudanmıdır nədir?! Amma, səbəb nə olur olsun belə hallara çox rast gəlinir. Həm də bu tək bizdə deyil, bir çox dövlətlərdə də bu kimi hallara rast gəlmək mümkündür. Təəssüf ki..

İsraildə qızlar da əsgər gedirlər. Maraqlıdır, görəsən bizdə qızlar da əsgərlik çəkmək istəyərdilərmi?

Nə isə...

Rüşvətxorluq -rüşvətçiliyi danlaya-danlaya gedirik. Bu sahədə də rüşvətin rolu böyükdür. Kimi övladını əsgərlikdən saxlatdırır, kimi yerini dəyişir, kimi “Bala başa bəla” filmindəki kimi övladına xəstə kağızı çıxarır. Bu da xoşuma gəlmir, bunu da qınayıram. Amma, indi bəzən bu valideynləri başa düşürəm. Bəlkə də əvvəllər mən də lovğa-lovğa, böyük-böyük danışardım ki, "kişi əsgər gedər". Amma, indi istəməyənləri çox yaxşı başa düşürəm. Çünki, mənim də bir qardaşım var və o da əsgər getdi.

Qardaşım Ağdamda (sonra Tərtər) əsgərlik çəkəndə başqa anaların, ataların, bacıların əzabını, acısını, həsrətini, qorxusunu necə var elə də anladım. Anladım ki, həsrət nədir. Anladım ki, qorxu nədir, qəm nədir, anladım ki, mən bu vaxtacan hələ dərd nədir bilməmişəm.. Ürəyin acıdan və hirsdən necə parçalanmağını anladım ilk dəfə. Amma, nə çarə?! O əsgərlikdən gələndə əlimi açıb Allaha şükr elədim ki, nə yaxşı ki, mənim bir qardaşım var!

Hər dəfə əsgər sözü eşidəndə, kiminsə balası əsgər gedir deyəndə,(təəssüflər olsun) “böyüyüb artıq, qəhrəmandır, vətəninin keşiyində durmağa gedir” – deyə düşünmək əvəzinə, üzülürəm. Necə də üzülməyim – nə qədər əsgərimizin meyidi qayıdıb evinə. Özü də vətənin keşiyini çəkdiyi yerdə can versəydi nə var idi ki, heç olmasa halalca şəhid deyərdik ona, beləcə təsəlli tapardıq. Tək düşmən gülləsi deyil axı başa tuşlanan. Və hər dəfə əsgər gedənlərin arxasıyca ürəkdən, səmimi qəlbdən Allaha elə dua edirəm ki, sağ-salamat qayırtsınlar, gəlsinlər.

Əsgərlərimizi bit basıb gedir, kimi xəstə, kimi yaralı.. Qaldıqları yer nə halda. Bir çox yerlərdə bəlkə təmizlik, haqq, düzgünlük var. Əminəm ki var! Amma, nə olar ki, hər yerdə yaxşı ola! Çoxları deyir ki, əsgər zonaları həqiqətən də şəraitsiz olmalıdır ki, əsgər çətinliyə öyrəşsin; sərtlik də olmalıdır. Ay başıva dönüm, daha belə də yox da! Şəraitsiz, şəraitsiz hara kimi, bir də görürsən Allah eləməmiş meyidi gəlir evinə.. Niyə? Döyülüb-söyülüb canı çıxır yazığın, buna şəhid demək olar? Hansı ana dözər buna, hansı ata, hansı bacı?
Bax elə bu yerdə o övladlarını saxlatdıranları yaxşı başa düşürəm..

Utanıram, yuxarıda dediklərimə görə çox utanıram! Sadəcə canım yanır. Yurduma, yurddaşlarıma canım yanır. Bəlkə də nahaq danışıram, bəlkə də eşitdiklərimdir məni bu qədər üzən, bəlkə də birini biləndə minini bilmirəm. İnşallah bilmədiyim o "min"lər, bildiyim bu "bir neçə"lərdən fərqli olaraq yaxşı xüsusiyyətlər olar. Təki mən yanılmış, təki mən nahaq danışmış olum! Hər nə qədər pisləsəmdə yurdumdur, vətənimdir. Sabah lazım olsa özüm də son nəfəsiməcən keşiyində duraram, yolunda can verərəm!

Şəhidlərimizə rəhmət diləyirəm. Əsgər qardaşlarıma da salam və dua. Allah sizə yar olsun!

 

12 şərh

2ral
«Utanıram, yuxarıda dediklərimə görə çox utanıram!»
Utanmaq lazım deyil. Qoy əskərlərin yemək payını bazarda satan,əskərlərin içməli olduğu təbii meyvə şirələrini restoranlara sırıyanlar utansın. Komandirə hər gün hesabı məzuniyyət üçün,2 günlük uvolneniya üçün pul verməkdənsə hərbi xidmətə getməmək yaxud sizin yazdığınız kimi yollardan istifadə etmək daha yaxşıdır.
Əliyev
Hər kəs özünə görə cavabdehdir.Komandir nə edir özü bilər.Hər bir adamın borcu xidmət eləməkdir.Kişi gərək əsgərliyə getsin
2ral
Yuxarıda şərh yazmışam. Uzatmaq lazım deyil,kayzen belə şeylər üçün deyil,amma hər şeyə birmənalı baxmayın.Kişilik əsgərliklə ölçülmür. Əksinə,elə əsgərlikdə çox kişilər nakişi olub qayıdır.
Dior
Maraqlıdı əsgərliyə getməmək üçün özünə «негодный» kağızı alan oğlanlarımız özlərini necə hiss edirlər?
Yəqin ki,heç veclərinə də deyil.
faberit
Bizi bu kökə salam — başqasına nə olur olsun mənə heç nə olmasın prinsipidir..
Yəni ki bu prinsip ,millət sevgisi ilə əvəzlənməsə düzələn deyil vəziyyət...
Hələ də qalmaqdadır yerlibazlıq ,rayonbazlıq :
Bu kimi xüsusiyyələri   80% tərk etməsək, hər şey düzəlməyə doğru deyil əksinə gedəcək…
Ferbara

İsraildə qızlar da əsgər gedirlər. Maraqlıdır, görəsən bizdə qızlar da əsgərlik çəkmək istəyərdilərmi?


Uşaq vaxtı həmişə partizan olmaq istəmişəm. İndi də əsgər olmaq istəyərdim. ))

mr13
Mənim bir iş yoldaşım var idi. Adını çəkməyəcəm. O hərbi xəstəsi idi. Hətta qardaşının toyuna hərbi kamuflyajdan paltar tikdirmişdi. Əvvəllər televiziya sahəsində işləyən bu xanım hal hazırda Sərhəd qoşunlarında çalışır.
bloqçu
Gör necə istəyirmiş ki, istəyinə nail oldu! Halaldır.
mr13
Bəlkə də çoxlarınız onu görüb. Lider və İctimai kanallarda hərbi vətənpərvərlik verlişləri aparırdı.
ramzes
Hərbi xidmətdə yüzlərlə əsgərlə bir hamama girmək var, kamandirə kənd ləvazimatı gətirən valideyinin əlindəki alçaya həsrətlə ayaq saxlayıb baxan batalyonda olmaq var (((((((
kastanka
Bəli, birmənalı yanaşılması mümkün olmayan bir məsələ. "Əsgərlik".Demək asandı əslində oğlan əsgər getməlidir,filan şey belə olmalıdır elə olmalıdır.Bu malı məli şəkilçisini yaman çox işlədirik biz.Amma gerçək bu deyil.Hərbdəki vəziyyət insanları övladlarını əsgərliyə yollamaqdan çəkindirir.Ama əsgərlik çox önəmli bir şeydir məncə.Məsələn hamıya məlumdur ki, qardaş Türkiyə dövlətində əsgərliyə getməyi şərəf sayırlar.Hətta övladlarının şəhid olması ilə fəxr edirlər.Niyə? Çünki onlar hərbi vətənpərvərlik ruhunda tərbiyə olunublar,çünki onlar Vətən anlayışının nə demək olduğunu dərindən anlayırlar.Bizim ölkədə mərd, vətənpərvər oğullar qızlar çoxdur əlbəttə.Ama ata ana övladını əsgər göndərərkən tam əmin ola bilmir ki,o nə cür qayıdacaq.Gəlin buna reallıqla yanaşaq həkimlərin məsuliyyətsizliyi üzündən azmı əsgər dünyasını dəyişib ?.Bəlkə də döyüşdə şəhid olsa heç bu  qədər yandırmaz valideynləri,  nəinki naməlum səbsəblərdən övladını itirmək.nə isə çox uzağa getməyək.Bir də ki döyüşdə əlil olmuş insanlarön halı da göz qabağındadır.Ona görə də mən əsgər getmək idtəməyənləri qınamıram.Amma kim gedirsə  və həqiqətən mərdliklə hərbi xidmətini başa vurursa ,bu cəsarətləri  ilə onları təbrik edirəm.Allah hamımızın köməyi olsun.
Agali
Əsgərliyə getmək lazımdır və yaxudda əsgərə pis baxırlar getmək lazım deyil sözlər lazım deyil.  Əsgərliy sözü bir cümlə ilə ifadə edlir.

Vətənə olan borcunu hər bir vətəndaş ödəməlidir.