Müharibə şeirləri

Emin Piri -  Sağ qalan varmı?!
 
Əsgər sinəsi axtarır
isinməyə,
fevral şaxtasından
üşüyən güllə.

hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər,
hər atılan güllə.

soba yanında,
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib,
“üşüyürəm, ana
odun atıram sobaya”

Daha
gecələri oyaq qalmağa,
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu...

tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
 
Müharibə şeirləri

Rəşad Nağı Mustafa — Nəbatat bağındayam
 
Müharibə başlayıb… Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb… Nəbatat bağındayam...

Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:

Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.

Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...


Ulucay Akif -  50 şəhid, 50 küçə
 
Əlli şəhid...
Əlli küçə...
Əlli park...
“Şəhidlər ölməz!” deyər hamı bir ağızdan
şəhidlər ölməz, amma
ölər oğullar
ölər atalar
ölər ərlər döyüş meydanında
“Təki Vətən sağ olsun!” deyər hamı
təki...amma
oğullarımız
atalarımız
bir də o gəlinlərin cəsur ərləri də...
Əlli şəhid...
Əlli küçə...
Əlli park...
sizdən xahiş edirəm
verməyin şəhid adlarını mən keçdiyim küçələrə
ayaqlarımda güc yoxdu gedim o küçəni axıracan
ucaltmayın heykəllərini gəzdiyim parklarda
qollarımda güc yoxdu
qucaqlayım sevgilimi o parkın skamyasında
aparın məndən uzağa
laaaap uzaq bir yerə
heç vaxt getməyəcəyim küçələrə
heç vaxt gəzməyəcəyim parklara verin adlarını

Orxan Saffari — Vətən payı
 
Elə indi,
gecənin bir aləmi «həyəcan siqnalına» oyanıb,
növbəti gün yat komandasında torpağın altında yata biləcəyim gecələrdən yazıram sənə;

Sənə böyük sevgim var,
Sənə çoxlu sözüm var,
Amma qorxuram ki, deyə bilməyim
O qədər var ki,
sözünü, sevgisini deyə bilməyən.

Bəlkə də bir snayper gülləsinə tuş gələrəm,
bəlkə də bədənimdə daha əllərin yox,
5.45 gəzər.

Və sən,
Bir xəbər eşidərsən səsi başına düşən o xəbərçinin dilindən.
Deyər ki,
bu gün ordumuzun əsgəri,
yəni, mən
filan istiqamətdə gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşam

Onda bil ki, son nəfəsdə də
Belə gözümün son qırpınışında,
ürəyimin ən sonuncu döyüntüsündə,
çırpınışda
sənə olan sevgimi,
sözümü demişəm

Çox da pis olma, qızım
Mən sənə olan sevgimdən,
bir az da vətənə pay vermişəm.
Vətən həmişə şəhidlərin uğrunda sağ olacaq

Mən olmasam bir gün,
Sən yenə də sağ ol...


Ramil Əhməd — Müharibədən sonra
 
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub
qaçardıq həmişə...

Hərdən yuxuma girirdi
Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.

Böyük uşaqlar ölümün
nə demək olduğunu bildiyindən,
başa düşürdülər atalarının öldüyünü.

Analarından gizlədərdilər,
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər,
atalarının qisasını almağa...

Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...

Sözlü qızlar sevgilərini
qaçaqaçda salıb itirdilər.

Hər şəhid bir ananın ümidiydi,

məryəm qızların toppuş,
cocuqlarının atasıydı...

Hər evə böyüdülmüş
bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...

Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.

Neçə gündü tifilləri ac qalan
dul Sürəyya,
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,

iylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi...

Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.

O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı çünki...


Eminquey -  Keçən gün
 
keçən gün,
bilmirəm nə vaxtsa,
məni əsgər meyitlərinin içindən sağ tapdılar,
məni donmağa qoymayan sinəmdəki gülləni
çıxartdılar,
anama verdilər,
sonra əsgər meyitlərinin boğazından bayraq tapdılar
gödəkçələrinin üstündəki...

keçən gün,
bilmirəm nə vaxtsa,
pürrəngi qardan adam düzəldən uşaq tapdılar,
mərmi gilizlərindən burnu,
əsgər papağından papağı qar adam...

keçən gün,
bilmirəm nə vaxtsa,
bizimçün bəzənib göbək yellədən mavi əsgər də şəhid oldu.

keçən gün,
bilmirəm nə vaxtsa,
Nabat xala tutdu qolumdan,
nəvəsinin kəmərini göstərdi,
«ay əclaf, bəs, sən niyə ölmədin?» — deyib
kədərini göstərdi,
sonra qucaqladı məni,
ağladı nəvəsini.

keçən gün,
bilmirəm nə vaxtsa,
əyilib torpağı öpən adamlara,
torpaq üstünü örtərək özünü bağışladır...

keçən gün,
bilmirəm nə vaxtsa,
harda bir ağlayan adam gördümsə qaçdım,
elə o zamandan bəri,
dözə bilmirəm ağlayan adamlara,
onlar torpaq qoxuyan yağış dadır...


Rəvan Cavid -  Havuş
 
Uşaq vaxtı aldığım oyuncaq avtomatlar
Böyüyüb dəmir oldu, indi adam öldürür.
Öldürür içimdəki o məsum uşağı
Dayayanda çiynimə o sərt qundağı.
Ay ana, axtarma o uşağı,
Qarışıb palçığa, qara qarışıb.
düymə tikdiyin bəyaz parçaya
Yara yapışıb.
İndi isə, ay sevgilim,
Masmavi buludların ən alisinə and içirəm,
Səndən yadigar qalıb ikinəfərlik təklik.
Azan səsinə qarışıb quzğunların aclıq ah-vayı,
Ölənlərə yox, dözənlərə salavat çəkdik.
Sən də,
Ay məni axtaran günahım,
Məni bir də axtarma,
İtirmişəm Allahı.


Aqşin evrən -  Dünya yaşıl olanda
 
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.

Səməd Vurğun — Ananın öyüdü

Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.

Ana! Getdim salamat qal! – deyib öpdü qarını.
Ana igid balasına açdı öz qollarını,
Üz-gözündən öpə-öpə bağrına basdı onu,
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.

Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!
Tarixlərin şahididir mənim bu ağ birçəyim.
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.
Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm:
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!

Sən düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla!
Öz yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.

İgid balam! Hərçəndi ki, öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin.
Bizim ellər koroğlular, çapayevlər yurdudur,
Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur.

...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını.

Get, düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla”.
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;
Günəş yaydı şöləsini Vətənin göylərindən.

Ana baxdı öz oğluna, su da səpdi dalınca...
Şair qəlbi bu səhnədən ilhamını alınca,
— Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən.

Əhməd Cəmil — Can nənə bir nağıl de
 
— Ay nənə, bir nağıl da de!
— Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
— Can nənə, de birini də.
— Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
— Qar yağırmı?
— Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.

— Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
— Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
— Bəs ay nənə, atam indi haradadır, görəsən?!
— Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
— Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
— Ömrüm-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Di yat, indi gecə keçir…
— Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
— Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...


Rəsul Rza — Bəxtiyar

Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım.

Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi, ya simdir o, Bəxtiyar?
Hənirtini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.

Düşmən əli bir, təkcə sən, nə zərər?
Tənlik işarəsidir güllələr!
Gənclik, həyat şirindir, qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.

Ellərimin balası, Bəxtiyar!
Qəlbi vətən qalası, Bəxtiyar!
Qurtarırsa əsgərin gülləsi,
silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını, qəhrəman!
Qan sızırdı sənin də yarandan.
Boğazını zabitin gəmirdin.
İradə qüvvətinlə dəmirdin!

Qalib nəğmə səslənir, qardaşım!
Qalibiyyət nəğmədir, qardaşım!
Kaman çalsn kimdir o, Bəxtiyar?
Küləkdi ya simdir o, Bəxtiyar?

Adın bu nəğmələrdə — nəqarət!
Dostlar gedir cəbhəyə, rahat yat!
Bax, qızarır üfüqlər, qardaşım!
Bizimdir günəş, zəfər, qardaşım!

Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar Bəxtiyar!


Mənbə: kulis.az, azedu.az
 

0 şərh