Geriyə boylananda...

Deyirlər ki, şairlər, yazarlar otuzundan (30 yaşından) sonra daha gözəl əsərlər yaradırlar. İndi bilmirəm bu nə dərəcədə doğrudur, nə dərəcədə yox, hər halda bir fikirlə razılaşmamaq mükün deyil ki, insan yaş ötürdükcə həyatdan daha çox şey öyrənmiş olur. Bilik qazanır, dünya görüşü artır, maraq dairəsi genişlənir və beləliklə insan daima öz zövqünü də tərbiyələndirmiş olur.

Keçənlərdə 3-4 il bundan öncə getdiyim bir toyun video çəkilişinə baxırdım və özümü görəndə istəyirdim ki, o kaseti tez dayandırıb, yox edim. Halbuki həmin toy anbaan xatirimdədir. O taya elə hazırlaşmışdım ki... Geyimim, saç düzümüm- bunların hamısına zövqlə, xüsusi həvəslə yanaşmışdım və o vaxt elə zənn edirdim ki, çox gözəl görünürəm. Amma indi o görüntülərdən dolayı özümə o qədər gülürəm ki...

Düzdür, hər zamanın bir hökmü var və moda özü də daim dəyişiləndir. Bəlkə də o vaxt o geyimlər dəbdə idi, indi isə yox. Yaxşı axı mən ancaq özümə yaraşanı, öz bəyəndiyimi geyinirəm. Bəs onda necə? Burda ki, modanın bir təqsiri yoxdur.
Sadəcə olaraq fikir vermişəm biz bir ifadəni çox tez-tez işlədirik: indiki ağlım olsaydı...  Burdan da öz-özlüyümdə xoş bir fikir yaranır, “düşünürəmsə deməli yaşayıram” və dünənki halımı bu gün bəyənmirəmsə deməli zövqüm də düşünür, deməli genişlənirəm, deməli özümü artırıram və bu  mənim xoşuma gəlir.

evolution

Buna tək geyim-keçim barəsində yox, bir çox hallarda rast gəlirəm ki, o vaxtki düşüncələrim ilə indikilər arasınada çox fərq var.

Düzdür, təəssüflə anılacaq hallar da az olmur. Məsələn xarici görünüş bir yana, bəzən ola bilər ki, həyatda elə səhvlər buraxılır ki, artıq sən nə qədər peşmançılıq keçirtsən də bir faydası olmaz. Daha doğrusu bir fayda var ki, dərs almış olursan, amma itiriləni geri qaytarmaq olmur. Şükr Allaha ki başıma belə ciddi bir iş gəlməyib, amma sənətlə, təhsillə əlaqədar düşünsək, adama elə gəlir ki, sən başqa yolu da seçə bilərdin. Ürəyin istədiyini. Hər halda “olacağa və öləcəyə çarə yoxdur”. Səhvlərimizlə, düzlərimizlə yaşayırıq. Səhvlər də insana məxsusdur. Biz çox şeyi bununla da öyrənmiş oluruq. Odur ki, əgər nədənsə dərs alır, nədəsə düzəliriksə, irəli gediriksə bu çox sevindirici bir haldır. Yaşasın inkişaf!

 

2 şərh

nərgiz
Gənc yaşda insanlar yalnız hissin təsiri altında olur. Qoca olanda isə ancaq ağılla hərəkət edirlər… Otuz yaşdan sonra isə həm hiss həm də ağıl öz sözünü deyir.bəlkə də ona görə 30-40 arası insanlar daha yaradıcı olur.
bloqçu
Maraqlıdır. Həyat çox maraqlıdır və maraqlı olan bu həyatda inkişaf da mütləqdir.