Vizitlər

Vizitlərin forma və növləri. Müxtəlif çoxşahəli kontaktlar və söhbətlər diplomata ölkədəki hadisələr haqqında dürüst informasiya toplamaq imkanı verir. Məhz vizitlərin gedişatında bir çox önəmli məsələlər aydınlaşdırılır, yanlışlıqlar aradan götürülür, mühüm siyasi qərarların əsasları qoyulur. Buna görə vəzifəsinə keçdiyi andan dərhal sonra diplomat rəsmi nüma­yəndələr və ictimai təşkilatlarla əlaqələr qurmağa başlayır. Bəzi ölkələrdə ziyarət edilməsi lazım olan rəsmi şəxslərin siyahısı təsdiqlənib.
Vizitlərin təşkilinin müxtəlif qaydası var. Bəzi ölkələrdə bütün vizitlər yalnız XIN vasitəsilə təşkil olunur.
Diplomatların vizitləri şərti olaraq protokol və işgüzar növlərə bölünür. Yeni gələn diplomat protokol vizit edir və bu zaman iş məsələləri müzakirə edilmir. O, 15-20 dəqiqə davam edir və gediş təşəbbüsü diplo­matdadır. Işgüzar vizit həm diplomatın, həm qəbul edən ölkənin nümayəndəsinin təşəbbüsü  ilə baş verə və müddətinə görə müxtəlif ola bilərlər. Diplomatın hər viziti siyasi əhəmiyyət kəsb edir və hər nümayəndə təsbit edilmiş qaydada öz dövlətini vizit və onun nəticələri barədə məlumatlandırır.

Diplomatın söhbətləri
«Xaricən yüngülxarakterli söhbətlər çox vaxt ona (diplomata) işgüzar danışıqlardan daha çox verir; hətta cəmiyyətdə görüşdüyü, yüksək mövqe tutan qadınların marağı belə onun üçün çox xeyirli olacaq» (Kambon C. Göst. əsər. S.14).
_____________________________________
Diplomatik söhbət anlayışı səviyyəcə, məzmun və formaca müxtəlif kontaktları əhatələyir, lakin istənilən halda onun keçirilməsi hazırlıq tələb edir. Imkan daxilində əvvəlcədən həmsöhbət haqqında müəyyən təsəvvür əldə etmək, onun şəxsi maraqlar dairəsini, sevimli məşğuliyyətini öyrənmək lazımdır.
_____________________________________
Iltifatların qısa mübadiləsindən sonra həmsöhbətə yeni nəsə məlumat vermək xeyirlidir – bu xoş abu-hava yaradır. Ən vacib və təcili məsələdən  başlamaq məq­sədəuyğundur. Söhbəti aramla, səsini ucaltmadan, heç bir halda öz əsəbiliyini nümayiş etdirmədən aparmaq lazımdır.
Vaxtı hiss etməyi öyrənmək çox önəmlidir. Söhbət əsnasında saata baxmaq ədəbsizlik hesab edilir. Adətən bu jestdən söhbətin bitməsinə işarə kimi istifadə edilir.
Ünsiyyətin, söhbətin aparılmasının psixoloji aspektləri xüsusi ədəbiyyatda göstərilib. Bu ədəbiyyatla hər diplomata və bu cür fəaliyyətlə məşğul olan hər adama tanış olmaq xeyirlidir. Görüşün nəticələrinə görə söhbətin yazısı hazırlanır.
Təsbit edilmiş ənənəyə görə, diplomatik nüma­yəndəlik başçılarının xarici işlər naziri ilə birbaşa əlaqə imkanı var və adətən bu əlaqə telefon vasitəsilə saxlanılır. Bu cür yüksək səviyyəli əlaqələr üçün bəhanə, bir qayda olaraq, fövqəladə əhəmiyyətli məsələlərdir; nisbətən az əhəmiyyət daşıyan məsələlərlə bağlı diplomatik nümayəndəlik başçısı yaxud diplomatik korpus üzvü görüş barədə nazirliyin əməkdaşlarından biri ilə razılaşdırsa daha yaxşı olar.

 

0 şərh