Psammoterapiya

Psammoterapiya sözü latın dilindən tərcümədə psammos qum, therapeia isə müalicə deməkdir. Psammoterapiya xüsusi qumdan (dənəvərliliyi 2-3 mm olan qum) ibarət qum vannası ilə müalicə üsuludur. Psammoterapiya əslində istiliklə müalicənin bir növüdür. Psammoterapiya haqda hələ Qalenin, Herodotun, İbn Sinanın əsərlərində də yazılmışdır. Öz praktik təcrübələrində qum terapiyasına müraciət etmiş həkimlər obrazlı şəkildə bildirirlər ki, “bədəndə olan ağrılar sanki quma gedir”. Qum terapiyasına bu hallarda müraciət edilir: ağrı sindromu, dayaq-hərəkət aparatının degenerativ və iltihabi xəstəlikləri, spastik sindromlar, sinir sisteminin funksional pozğunluqları və s.

İsti qum toxumaların uzun müddət qızmasını təmin edərək dərinin reseptorlarını qıcıqlandırır və bununla da orqanizmdə  müxtəlif fizioloji, müalicəvi effekt verir. İlk növbədə qum terapiyası ağrıkəsici təsir edir, tərləməni sürətləndirir, regionar qan, limfa dövranını və oksidləşmə proseslərini yaxşılaşdırır, ürəyin və böyrəklərin, tənəffüs sisteminin fəaliyyətini normallaşdırır. Qum terapiyası uşaqlarda miopatiya və raxit zamanı tətbiq edilir. Psammoterapiya ümumi və yerli vannalar şəklində tətbiq edilə bilər. Bu zaman qumun temperaturu 45-50°С olmalıdır. Bədən üzərində olan qumun qalınlığı 8-10 sm, qarın üzərində isə 4-5 sm olmalıdır. Baş üzərində kölgə yaratmaq lazımdır. Qum terapiyası zamanı bədən temperaturu 0,3-0,6°С, təzyiq 20-30 mm c. süt., tənəffüs tezliyi dəqiqədə 3-4 hərəkət artmış olur. Bir seansda çəki itkisi 600 qr-a qədərdir. Bu prosedur hər gün, bir və ya iki gündən bir aparıla bilər. Prosedurun ümumi davametmə müddəti 20-30 dəqiqədir. Bundan sonra yuyunmaq və 30-60 dəqiqə dincəlmək lazımdır.

Psammoterapiyanın aparılmasına olan əks göstərişlər: kəskin iltihabi xəstəliklər, bədxassəli törəmələr, aktiv vərəm, digər infeksion xəstəliklər, dekompensasiya fazasında olan ürək-damar və endokrin xəstəliklər, anemiya, qanaxmaya meyillik, dəri xəstəlikləri, kaxeksiya, endometrioz, uşaqlığın mioması, epilepsiya, menstruasiya (o cümlədən, menstruasiyadan əvvəlki 2-3 gün) və s. Hamilə qadınlara və 3 yaşına qədər olan uşaqlara da qum terapiyası məsləhət görülmür, onlar yalnız ayaqlarını quma basdıra bilərlər.

Hələ qədim dövrlərdə yaşamış filosoflar çay və dəniz qumunun müalicəvi təsirə malik olduğunu aşkar etmişlər. Belə ki, b. e. ə. I əsrdə yaşamış roma həkimi Antoni Muza sol ayağında olan ağrı və zəiflikdən əziyyət çəkən imperator Oktavian Avqustu məhz isti qum ilə müalicə etmişdir.

 

HERBA FLORA jurnalı

 

0 şərh