Əbdürrəhman Cami (1414 - 1492)

Əbdurrəhman CamiNurəddin Əbdürrəhman ibn Nizaməddin Əhməd ibn Şəmsəddin Muhəmməd Cami — məşhur sufi şeyxi və şairidir. Daha çox Molla Cami adıyla tanınır. Qələmindən çıxan 45-dən çox irihəcmli əsərin böyük qismi farsca yazılıb. Əsərlərinin öz zəmanəsində və sonrakı yüzillərdə Şərq ədəbiyyatına təsiri o dərəcədə güclü olub ki, bir çox şərqşünaslar onu haqlı olaraq «farsca yazıb-yaradan klassik şairlərin (onların sıralaması belədir: Firdovsi, Ənvəri, Nizami, Rumi, Sədi, Hafiz, Cami — A.Y.) sonuncusu» adlandırıblar.

İndiki Əfqanıstan ərazisindəki Herat şəhəri yaxınlığındakı Cam qəzasında dünyaya göz açan Əbdürrəhman Cami öz ləqəbiylə bu kiçik yaşayış məntəqəsini bütün dünyaya tanıdıb. Dindar bir ailədə böyüyən Əbdürrəhman 1436 — 1452-ci illərdə Heratda ilk təhsilini alıb. Həmin şəhərə necə könüldən bağlanıbsa, 1452-ci ildən düz ömrünün sonuna qədər oradan ayrılmayıb.

Sufi ustadı Xoca Əhrar (1490-cı ildə vəfat edib) və özbək şairi Əlişir Nəvai (1441 — 1501) ilə yaxın dost olub. Teymurilər sülaləsinin hakimiyyəti dövründə, özəlliklə də Hüseyn Bayqara (1469 — 1506) dönəmində sarayda xüsusi hörmət-izzət sahibi imiş. Dəfələrlə sarayda yaşayıb-yaratmaq barədə dövrünün hökmdarlarından dəvətlər alsa da, həmişə sərbəst yaşamağı üstün tutub. Yetmiş səkkiz illik ömrü boyu zəmanəsinin bir çox tanınmış hökmdarlarıyla məktublaşıb, onların dünyagörüşünə, aldıqları qərarların ədalətli olmasına ciddi təsir göstərib. Onun Osmanlı hökmdarı II Bəyazidlə (1481 1512), Qaraqoyunlu xanədanının başçısı Cahanşahla (1437 — 1467), Ağqoyunlu padşahı Uzun Həsənlə (1453 — 1478) yazışmaları bu baxımdan böyük önəm kəsb edir.

Elmi dünyagörüşü baxımından özünü görkəmli sufi şeyxi, əndəlüslü Muhyiddin ibn-Ərəbinin (1165-1239) davamçısı sayan Ə.Cami tanınmış sufi Sadəddin Kaşqariyə (1456-cı ildə dünyadan köçüb) müridlik edib. Ömrünün yetkinlik çağını Cami bu müqəddəs ustadın məzarına yaxın bir yerdə keçirib. Şairin burada yerləşən evi sadə, yoxsul adamlardan tutmuş ən böyük və zəhmli hökmdarların ziyarətgahına çevrilib. Sonradan Nəqşbəndiyyə qardaşlığına üzv olan Ə.Cami qismən də Məlamətiyyə təriqətinə meyl göstərib.

Şərqin böyük mistiklərindən sayılan Bəhaəddin Nəqşbəndin üveysi (tanımadan, uzaqdan-uzağa bir dəyərli şəxsə heyran olan, ona dərin rəğbət bəsləyən kimsə ) olan Cami ömrü boyu sadə və gözütox həyat sürüb, fani dünyanın şan-şöhrətindən, malından-mülkündən əl-ətək çəkib. Əsərlərinin böyük qismini isə o, əlli yaşına dolandan sonra qələmə alıb. Son dərəcə rəngarəng ədəbi və elmi irsə malik olan şairin əsərləri əsasən dini və mistik mövzulara həsr olunublar. Yaşadığı dövrdə və sonrakı beş yüzil boyu onun qələmə aldığı "əl-Fəvaid əd-diyaiyə " (qısaca "Şərhi-Molla" adlanır) Xorasan və Mavərannəhr mədrəsələrində ərəb qrammatikasının tədrisində başlıca dərslik olub. "Çehil hədis" («Qırx hədis», ərəbcə bu mövzuda əsərlər «Hədisi-ərbəin» adlanırlar.) əsəri isə Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı barədə 40 ibrətli əhvalatın hər birinin ayrıca rübai şəklində, yəni poetik dillə təqdimindən ibarətdir.

1472-ci ildə, yəni 58 yaşında ikən Cami Həcc ziyarətinə gedir. Məkkədən döndükdən sonra yol xatirələrini «Risaləyi-mənasiqi həcc və ümra» əsərində qələmə alır. Bunun ardınca o, Məhəmməd peyğəmbərin həyatı barədə "Şəvahid ən-nübüvvə " (1480) əsərini yaradır. Sufizmlə bağlı Caminin qələmə aldığı «Nəfahətül-üns min-həzarət əl-qüds» (1476 — 1478-ci illər) əsəri isə bir növ sufiliyin ensiklopediyası sayılır, çünki bu kitabda altı yüzdən çox tanınmış sufi barəsində bioqrafik bilgilər öz əksini tapmışdır.

 

0 şərh