Əlişir Nəvai (1441-1501)

Əlişir NəvaiBöyük şair və fikir adamı Nizaməddin Mir Əlişir Nəvai 1441-ci ildə Herat şəhərində (indiki Əfqanıstanda) dünyaya göz açıb. İlk təhsilini Əlişir Xorasanda və Səmərqənddə alıb. Hələ gənc yaşlarında türk və fars dillərində yazdığı gözəl şehlərlə o, bir şair kimi şöhrət qazanıb. Mədrəsədə təhsil aldığı illərdə Əlişir şahzadə Hüseyn Bayqara ilə yaxın dostluq qurur. Dostu taxt-taca yiyələnəndən sonra Əlişirə sarayda əvvəlcə möhürdar, daha sonra isə vəzir vəzifəsi və əmir titulu verir. Ədalətə hədsiz bağlılığı üzündən onu gözü götürməyən saray əyanlarının və dövlət məmurlarının sayı durmadan artır. Hətta ona qarşı hiylə və iftiralar o həddə çatır ki, şah tərəfindən Əlişir ən ucqar əyalət sayılan Əstərabada vali təyin olunur. Təxminən bir il bu ucqar bölgədə çalışandan sonra o, dövlət işindən könüllü istefa verərək, 1488-ci ildə doğma şəhərinə dönür və ömrünün qalan hissəsini yalnız bədii yaradıcılığa həsr eləyir. 1501-ci ilin yanvarında Əlişir Nəvai doğma Herat şəhərində bu dünyaya gözlərini əbədilik yumur.

Onun yaradıcılıq üslubunun və hərtərəfli dünyagörüşünün formalaşmasında yaxın dostu, farsca yazıb-yaradan görkəmli sufi ustadı və şair Əbdürrəhman Caminin rolu danılmazdır. Ömrünün yetkinlik çağlarından sufiliyin Nəqşbəndiyyə təriqətinə üzv olan, şeyx Əhrara (tam adı — Ubeydullah ibn Mahmud ibn Şihabəddin Əl-Hüseyni əl-Daşkəndi əl-Əhrardır, 1490-cı ildə vəfat edib) müridlik edən Cami şeyx mövqeyinə yüksələndən sonra Əlişir Nəvaini də özünə mürid seçir və sufiliyin əsaslarını ona öyrətməyə başlayır.

Əlişir türkcə şerlərini «Nəvai», farsca əsərlərini isə «Fani» imzalarıyla yazıb. Şairin ömrünün son illərində yaratdığı bədii əsərlərdə sufiyanə fikirlər daha qabarıq şəkildə nəzərə çarpır. Özünün Əbdürrəhman Caminin və buxaralı məşhur şeyx Bəhaəddin Nəqşbəndinin tələbəsi olduğunu o, əsərlərində dönə-dönə xatırladır. Bunlarla yanaşı, dünya şöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin Rumini də özünə ustad saydığını vurğulamağından qalmır. Nəvainin türk dilində yazdığı, amma «Fani» ləqəbiylə imzaladığı «Lisanüt-təyr» (farsca «Quşların və ya Quş dili» deməkdir) adlı məsnəvisində sufi dünyagörüşü xüsusilə geniş açıqlanıb.

Türk və fars dillərinin qarşılıqlı müqayisəsinə həsr olunan «Mühakəmətül-lüğəteyn» (mənası "İki sözlüyü qarşılaşdırma«dır) adlı təzkirəsində Nəvai onları ən müxtəlif aspektlərdən araşdırır və maraqlı burasıdır ki, bir çox hallarda türk dilinin farscadan üstünlüyünü elmi dəlillərlə sübuta yetirir. Bu təzkirəni o, türk dilini zəif sayaraq, öz əsərlərini farsca yazan qələm sahiblərinə, müasirlərinə, soydaşlarına ithaf etmişdi. Təsadüfi deyil ki, özbək ədəbiyyatının banisi sayılan Ə.Nəvainin bizlərə bəlli olan beş divanının dördü türkcə (bunların ortaq adı „Xəzainül-Məani“dir), biri isə farsca yazılıb. Onun beş məsnəvisi (poeması) dünya tarixində türk dilində yaradılan ilk „Xəmsə“ (ərəbcə „beşlik, beş əsər“ deməkdir) sayılır.Məşhur əsərləri aşağıdakılardır:

»Heyrətül-Əbrar", «Fərhad və Şirin», «Leyla və Məcnun», «Səbai-səyyarəm», «Səddi-İsgəndəri», «Lisanüt-təyr», «Mühakəmətül-lüğəteyn», «Məcalisün-nəfais», «Mizanül-övzan», «Nəsaimül-məhabbə», «Nəzmül-cəvahir», «Xəmsətül-mütəhayyirin», «Töhfətül-mülük», «Münşəat», «Siracül-muslimin», «Tarixül-ənbiya», «Məhbubül-qülub fil-əxlaq», «Seyfül-hadi», «Rəqabətül-münadi».

 

0 şərh