Gözəllik əsiri: Oskar Uayld

XX əsrin sonlarından başlayaraq dünya ədəbiyyatında ən görkəmli şəxslərdən birinə çevrilən irland əsilli ingilis yazıçı Oskar Uayld (1854-1900) haqqında indinin özündə də təkcə elmi araşdırmalar deyil, romanlar, monoqrafiyalar yazılır, televerilişlər hazırlanır, dillər əzbəri olmuş aforizmlərindən həm ciddi, həm də zarafatla siatatlar gətirilir. Pyesləri hələ də dünya teatrlarında səhnəyə qoyulmaqdadır. Oxucularına məxsusi estetik zövq aşılayan Uayld dövrünün problemlərini incə nüanslar, yumor və sarkazmla işıqlandırır, cəmiyyətin dəyərlərinə, prinsiplərinə qarşı meydan oxuyurdu.

İngiltərə öz şairini əxlaqsızlıqda günahlandırıb, ondan “üz döndərmişdi”. Lakin tale elə gətirdi ki, bir əsrdən sonra adı İngiltərənin ən tanınmış və dahi yazıçılarının qəbri yerləşən Vestminister abbatlığında “Şairlər məskəni”ndə əksini tapdı. Dünya və ingilis ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr verən Uayld elit cəmiyyətlərin yaddaşında pərəstiş abidəsi kimi qalıb. Milyonlarla oxucu ingilis ədəbiyyatının nümayəndələrini sadalayarkən Şeksprin, Dikkensin adı ilə bərabər Oskar Uayldın da adını çəkirlər. Bu isə təkcə ədəbi fakt deyil, həm də sosial mədəniyyətə öz təsirini göstərmiş fenomendir.

Əsərlərindəki ab-hava, qalmaqallı, münaqişəli səhnələr, sarkazmla müşayət olunan paradoksal dioloqlar, sosial ifşaedicilik onun həyatı ilə də sıx bağlı idi. Ən az əsərləri qədər həyatı da müzakirə obyekti olub… Fikrimcə, yazıçının düşüncələrinin dərin qatlarına enmək, qələmindən çıxan əsərlərindəki ideyalara daha yaxşı bələd olmaq üçün onun həyatının müəyyən məqamlarını nəzərdən keçirmək lazımdır...

Yeni-yeni məşhurlaşmağa başlayan gənc Oskara bütün qapılar açıq idi. Yaraşıqlı, hazırcavab Oskar kübar cəmiyyətlərdə xüsusi yerə sahib idi və hamı tərəfindən heyranlıqla qarşılanırdı. İti ağlı ilə bərabər, xarici görünüşünə də pərəstiş edilən bu cavan bütün Avropanı valeh edirdi. Ancaq heç kimin ağlına belə gəlməzdi ki, məşhurluğunun zirvəsində olan “şahzadə” hər kəs tərəfindən unudulmuş yazıq bir adam kimi qaranlıq otel otağının nimdaş yatağında can verəcək...

Hər şey uşaqlığından başlamışdı… Anası — İrlandiya azadlıq hərəkatı nümayəndələrindən biri, şairə Ceyn Françesko ikinci oğlunu çox sevirdi. Ancaq qız arzuladığı üçün bir müddətlik də olsa “təbiətin səhvini” düzəltmək qərarına gəlir və Oskarı körpəlikdən qız kimi geyindirir, hətta saçlarını da uzadır.



Oskarın atası Uilyam Uayld həkim idi. Oskar hələ kollecdə oxuduğu dövrdə atasının pasiyenti ilə qalmaqallı xəbərləri yayılır və anası boşanaraq uşaqları ilə birgə Londona köçür. Oskar atasını daha heç vaxt görmür, anasına isə dərin rəğbət bəsləyir. Məhz anasının sayəsində poeziyaya maraq salır və onda şair olmağa istək yaranır.

Məktəbi əla qiymətlərlə bitirən Oskar Dublindəki Triniti kollecinə daxil olmaq imkanı əldə edir. Burada antik ədəbiyyatla maraqlanan Uayld müəllimi Con Maxefedən təkcə klassiklərin yaradıcılığını deyil, həm də ünsiyyət mədəniyyətini öyrənir. 20 yaşlı O.Uayld kollecdə də təhsilini yüksək səviyyədə başa vurandan sonra Oksfordda müqəddəs Maqdalena kollecinə daxil olur. Artıq 4 ildən sonra buranı da bitirən yaraşıqlı gənc “dünyanı fəth etmək” üçün yola düşür...

İstedadlı, hazırcavab irland London salonlarının ən arzuolunan qonağına çevrilir. Dəblə geyinən Oskar cəmiyyətin yüksək təbəqəsi içində ad qazanmışdı. Gözoxşayan libasları, yaxasına gül taxdığı pencəkləri ilə hər kəsin diqqətini özünə cəlb edirdi. Təbii ki, bununla yanaşı nadir ədəbi istedadı olan gənci tezliklə Londonun “Estetlər şahzadəsi” adlandırmağa başlayırlar. Zahiri gözəlliyə çox önəm verən Oskar deyirdi: “Mənim üçün gözəllik möcüzələr möcüzəsidir. Yalnız dayaz adamlar xarici görkəmə önəm vermir, insanı zahiri görkəminə görə dəyərləndirə bilmirlər. Dünyanın əsl sirri görünən tərəfindədir, görünməyən şeylərdənsə danışmağa dəyməz!”

Artıq Avropada tanınandan sonra Oskar Amerikaya yollanır. Yeni dünyanı kəşf etməyə, ədəbi mühiti ilə tanış olmağa can atır… Buraya ayaq basdığı andan haqqındakı söhbətlər yayılmağa başlayır... 

“Britaniyalı narsist”in İngiltərə intibahı haqqında mühazirələrini dinləmək üçün Amerikanın hər yerindən axışırdılar. Oskar Uayld özü bu haqda deyirdi: “Hətta Dikkens belə, məni dinləmək üçün yığışan bu cür böyük auditoriyaya sahib deyildi. Məni çağırırıdılar, məni alqışlayırdılar, mənimlə bir şahzadə kimi davranırdılar”.

“Estetlər şahzadəsi” şöhrət dənizində qərq olmuşdu… Qəzetlər, jurnallar, ədəbi həmkarları ondan yazır, onu müzakirə edirdilər… Bəzən tənqidlərə qarşı çıxmayan Oskar bundan heç şikayətlənmirdi: “Sizdən nə danışırlarsa danışsınlar, hər halda, bu, sizin haqqınızda heç danışmamaqdan daha yaxşıdır”.

Amerikada təntənəli çıxışlarından sonra Oskar yenidən Avropaya qayıdır. Özünün də yazıdığı kimi yer fəth olunmuşdu, indi bircə göylər qalırdı… Viktor Hüqo, Prlen, Anatol Frans, Emil Zolya kimi dostların əhatəsində parlaq istedadını nümayiş etdirirdi.

Parisdən sonra Londana köçən Oskar tezliklə burada evlənir. İyirmi doqquz yaşlı gənc həyat yoldaşının — Konstans Lloydun gözəlliyinə vurğun idi. Xoşbəxt ailədə bir-birinin ardınca iki oğlan dünyaya gəlir: Siril və Vivyan.



Ancaq uşaqlarını gec-gec görürdü, çünki daim yazır, redaktə edir, yüksək cəmiyyət məclislərində iştirak edirdi… Həyatının bu dövründə onun “İdeal ər”, “Ledi Uindermirin yelpiyi”, “Diqqətdən kənar qalan qadın” teatrlarda uğurla səhnəyə qoyulur. Dramaturq Oskar Uayldın şöhrəti, şair Oskar Uayldın şöhrətini üstələyirdi...

1890-cı ildə “Lippincott’s” dərgisinin bir nömrəsində Uayldın “Dorian Qreyin portreti” romanı çap olundu. Bu, böyük səs-küyə səbəb oldu. Tənqidçilər yazıçının üstünə düşdülər, hətta əsəri əxlaqsızlıq nümunəsi də adlandırdılar. Oskar Uayld Britaniya redaksiyalarına onlarla məktub göndərir və izah etməyə çalışırdı ki, incəsənət əxlaqdan asılı deyil. Bütün bu söz-söhbətlərə baxmayaraq roman geniş oxucu kütləsi qazanır. 

Məşhurluğun bihuşluğundan Oksar qarşıdakı uçurumları görə bilmirdi. O, 1891-ci ildə Bibliya süjeti əsasında “Salomeya” pyesini yazır. Ancaq İngiltərədə əsəri səhnələşdirməkdən imtina edirlər. 

Həmin vaxtlar Oskarı narahat edən başqa şey vardı. Həyat yoldaşı Konstans iki uşaq dünyaya gətirəndən sonra xarici görkəminə o qədər də fikir vermirdi. Bu isə gözəllik aşiqinə heç xoş gəlmirdi. Bunun əksinə, indi Oskarın ətrafında ədəbiyyatsevər gənclər çoxalırdı. Zahirən də yaraşıqlı olan cavan oğlanlar onun ağzından çıxan hər sözü tuturdular...

“Sevgisiz nikah qorxuludur. Ancaq ondan da dəhşətlisi var. Bu, birtərəfli məhəbbətin, birtərəfli sadiqliyin, birtərəfli bağlılığın olduğu nikahdır. Belə olan halda iki qəlbdən biri qırılmağa məhkumdur”.

Oskar isə kimin qəlbinin qırılacağını bilirdi… Bu cür davam etmək onun üçün çətin idi. 17 yaşlı Robert Ross onun ilk rəğbət bəslədiyi gənc olur və Oskarın ömrünün sonuna qədər ona sadiq qalır. Tale elə gətirir ki, məhz Robert Ross onu Alfred Duqlasla tanış edir. Sonralar Alfred Duqlas “Estetlər şahzadəsi”nin həyatını məhv edən adam olacaqdı...

Dostlarının “Buzi” çağırdığı Alfred Oskarın xəyalında canlandırdığı “Dorian Qreyin” bənzəri idi. O, isterik şeirlər yazır, ədəbi şöhrət qazanmaq arzusu ilə alışıb-yanırdı. Beləliklə, onlar ayrılmaz dostlara çevrilirlər.

Oskar və Buzi hər yerə, ədəbi məclislərə, yığıncaqlara birlikdə gedirdilər. Hətta evində, həyat yoldaşı və uşaqları ilə olanda da Buzi yanından ayrılmırdı. Bütün bunlar Oskara təsir edirdi və demək olar ki, heç nə yazmırdı… Buziyə o qədər bağlanmışdı ki, bütün istəklərini yerinə yetirməyə çalışır, bunun üçün borca girməkdən də çəkinmirdi. Oskar məktublarının birində özünü Apollona, Buzini isə Giasintə bənzədirdi. Sonralar məhz bu məktub məhkəmədə əleyhinə dəlil kimi istifadə ediləcəkdi... 



1895-ci ilin fevralında Buzinin atası lord Quinzberi oğlunun hərəkətlərindən xəbər tutur və Oskarla əlaqələrini kəsmək üçün məktub vasitəsilə ikisinə də xəbərdarlıq edir. Təhqir olunan Oskar bu iftiraya görə onu məhkəməyə verir, nəzarət altına alınan lord Quinzberi bir ay keçməmiş azadlığa buraxılır. Elə sabahı gün Oskarın özünü həbs edirlər. Onun “hərəkət və davranışları” dövrün İngiltərəsi üçün “cinayət” sayılırdı... 

İlk vaxtlar Buzi onu hər gün ziyarət etsə də, bir müddətdən sonra Oskarın vəkili onlara görüşmək, hətta məktublaşmaq üçün də icazə vermir. Təəssüf ki, bu da Uayldı xilas edə bilmir… Londonda məhkəmə günü gözəl nitqi ilə hər kəsi heyran edən Oskar günahsız olduğunu, heç bir əxlaqsızlığa yol vermədiyini deyir. Bundan sonra onu növbəti məhkəmə iclasına qədər azadlığa buraxırlar… Onu sevən oxucularının, onu tanıyanların müdafiəsinə güvənən “şahzadə” növbəti məhkəmə görüşünə də tərəddüdsüz gedir… Lakin işlər heç də gözlədiyi kimi getmir, lord Quinzberinin şikayəti ilə məhkəmə onu günahkar elan edərək iki ilə qədər həbs və ağır işlərlə cəzalanıdırır.

Bu iki il ərzində Buzi bir dəfə də olsun Oskarı ziyarət etmir, heç məktub da yazmr. Yalnız azadlığa çıxmağına yaxın az miqdarda pul çeki göndərir. Oskarın sadiq dostu, ona pərəstiş edən Robert Ross isə tez-tez pul göndərir, baş çəkib sağlamlığı ilə maraqlanırdı. 

Təbii ki, belə səs-küydən sonra Uayldın pyesləri bir-birinin ardınca səhnələrdən, kitabları isə dükanların vitrinlərindən yığışdırılır. 

Həbsxana şair üçün əsl cəhənnəmə çevrilmişdi. Təkadamlıq kamerada qalan Uaylda yazmaq, oxumaq, hətta gəzməyə çıxmaq da qadağan edilmişdi. Buradakı yeməklər isə mədəsini pozaraq ağır xəstəliyə səbəb olmuşdu. Onu daha çox sarsıdansa anasının ölümü və arvadının ondan boşanması idi. Konstans boşandıqdan sonra oğullarına ayrı soyad (Holland) veirir və o vaxtdan sonra Oskar Siril və Vivyanı bir daha görmür (onlara deyirlər ki, ataları ölüb).

1897-ci ildə Uayld həbsxanadan çıxır, onu qarşılayan isə ən sadiq dostu Robert Ross olur. Tezliklə şair başqa soyadla Fransaya gedir. Konstansın maddi yardımı ilə burada yaşamağa başlayır. Bütün çətinliklərdən, mənəvi əzablardan sonra Fransada sakit bir guşəyə çəkilib yenidən yazıb yaratmaq istəyən Uayld Buzidən məktub alan kimi onun yanına tələsir. Çox keçmir ki, həyatları yenidən cəhənnəmə çevrilir. Oskarın Buzi ilə birlikdə olduğundan xəbər tutan Konstans pul göndərməkdən imtina edir. Bundan sonra Buzi də çətinliklər içində boğulan Uayldı tərk edib, onu dərdləri ilə baş-başa qoyur.

Oskar Parisə qayıdandan sonra son tamamlanmış əsəri “Redinq həbsxanasının balladası” böyük tirajla çap olunur. Kitabın üz qabığında isə Uayld soyadı yox idi, əvəzində “C.3.3” (blok C, 3-cü mərtəbə, 3-cü kamera) yazılmışdı...

Rəğbət bəslədiyi Buzinin onu atıb getməsi, ətrafdakıların münasibəti həyatını dözülməz edirdi. Yanında yalnız Robert var idi. İçməyə başlayan Oskarın xəstəliyi şiddətlənir, həbsxanada keçirdiyi ağır günlərin nəticəsi olaraq da qulaq iltihabı dözülməz ağrılar verirdi… Əzab dolu son günlərini yaşayan Oskar Uayld 1890-cı ildə noyabrın 30-u dünyadan köçür. İllər sonra qəbri Fransadakı məşhur Per-Laşez məzarlığına köçürülür.

Xavər ZAHİR

0 şərh