Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Tərk edildiyim günlər | Elena Ferrante

Aprel ayı idi. Nahar etdikdən dərhal sonra yoldaşım məndən ayrılmaq istədiyini dedi. O, bunu deyən zaman biz süfrəni yığışdırırdıq, uşaqlar yenə öz otaqlarında zarafatlaşırdılar, it isə radiatorun yanında mırıldana-mırıldana yatırdı. Mənə fikirlərinin qarışdığını və yorulduğundan, məmnuniyyətsizliyindən, bəlkə də qorxaqlığından dolayı çox çətin günlər keçirdiyini dedi. Bizim 15 illik evlilik münasibətimizdən, uşaqlardan uzun-uzadı danışdı və etiraf etdi ki, bu hərəkətinə görə nə məni, nə də uşaqları qınaya bilməz. Hər zaman olduğu kimi bunları izah edərkən də səsi çox sakit idi, üzünü uşaq kimi büzür, sağ qolunu həddən artıq yellədirdi. Deyirdi ki, sanki onu uzaqlara çəkib aparan nəsə var. “Bütün bunlar mənim içimdə baş verənlərlə bağlıdır” – deyə əlavə edib, məni əlüzyuyanın yanında donub qalmış halda qoydu, qapını arxasıyca örtdü və evdən çıxıb getdi.

Bütün gecəni çarpayımızda tək-tənha fikirləşməklə keçirdim. Son günlərdə olan bütün hadisələri incələsəm də, münasibətimiz üçün böhran yaradacaq heç nə tapmadım. Onu çox yaxşı tanıyırdım. Bilirdim ki, çox sakit insandır.
Davamı →

Şrödingerin qara pişiyi | Ataqam

[Mayra, bu yazıda sənin adından yararlandığım üçün məni bağışla]
Pəncərənin arxasından hər gün obaşdan eşitdiyi melodik səs gəldi. O, bu səsi yaxşı tanıyırdı. Gəncliyində bəstələmək istədiyi “Kəpənəklər” mahnısından idi.
 
Yatağında bu gözəl melodiyanı xeyli dinlədi. Mayra hələ oyanmamışdı. Üzünü divara çevirib yatmışdı. O, həmişə belə yatırdı. Həmişə də kürəyi açıq qalırdı. “Qoy yatsın, bu gün yəkşənbədi” – düşündü. Yorğanın ucu ilə Mayranın belini örtdü.
 
“Hə, durmaq vaxtıdı” –  yorğanı tərpətmədən sivişib yataqdan çıxdı. Dizi üstə oturub bir neçə gərilmə hərəkəti eləyib ayağa durdu. On yeddinci mərtəbədən dənizin ilahi mənzərəsi açılırdı. Pəncərənin arxasında qoşa ağ göyərçin dimdiklərini uzadıb yem gözləyirdi. Cəftəni ehmalca açıb dənizin havasını ciyərlərinə çəkdi.
 
Öskürək onu boğdu. Əlləri ilə qarnını qucaqlayıb var gücü ilə bir neçə dəfə öskürdü. “Zəhrimara qalasan… Şükür, keçdi”. Axşamdan plastik qutuya yığdığı yemək qalıqlarını miyoldayıb küçə tərəfdən pəncərəni cırmaqlayan qara pişiyin qabağına itələdi.
Davamı →

Balaca Lizaveta | Paul Heyse

Professor sözlərini bitirən kimi qız şıltaqlıla dilləndi: «Kiminsə bu maraqlı əhvalata dodaq büzməsinə qətiyyətlə etiraz edirəm, çünki bir dəfə mənim sevimli qaynım da xanım Abiqayl haqqında nəsə gəvələmək istəmişdi. Bu, gözəl bir tamaşaya baxdıqdan sonra qayıdıb hələ də orada gördüklərinin və eşitdiklərinin təsiri altında uçduğun vaxt hansısa bir „ağıllı cənab“ın tamaşanı tənqid atəşinə tutaraq üstünə buz kimi soyuq su çiləməyinə bənzəyir. Hansı ki, o sözlər səni göydən yerə endirir.

Ona görə də heç kəsin freyleyn Blandina barədə müxtəlif məzmunlu ağıllı — »subyektiv", ya da «obyektiv» fərqi yoxdur — mülahizələrinə qulaq asmaq fikrim yoxdur. Bunu unutma, sevimli qaynım! Əgər bu əhvalat həqiqət, yaxud uydurma olsa belə (bilmirəm onu başqa necə adlandırmaq olar, amma mən poetik fantaziyaları nəzərdə tuturam) bütün hallarda professora minnətdar olmalyıq. Ona görə ki, bunun puh olması… nə isə, bu barədə bəsdir! Artıq sirrin üzünə düşən pərdəni götürmək istədiymi hiss edirəm. Özümüzdən asılı olmayaraq, nə qədər uzaq qaçmaq istəsək belə, müdrik əsrimizin həyəcan azarına yoluxmalı oluruq. Nə qədər ki, gecə yarısını keçməyib, tələsməliyik. İndi də Yuliya xalanın növbəsidir".
Davamı →

Xəbərçi ürək | Edqar Allan Po

Düzdür! Əsəbi – dəhşətli dərəcədə çox əsəbi biri idim, elə indi də beləyəm! Axı hardan mənim dəli olduğum qənaətinə gəlirsiniz? Bu xəstəlik əsəblərimi tarıma çəkmişdi– korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi, eşitmə qabiliyyətimdəki həsaslıq idi. Göydə, yerdə baş verən hər şeyi eşidirdim. Cəhənnəmdə də olan bir çox şeyi eşidirdim. Necə dəli ola bilərəm axı? Bir dinləyin! Görün, necə sağlam düşüncə ilə – sakitlik ilə bütün hekayəni sizə danışıram. İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək qeyri- mümkündür; bir dəfə ağlıma batdı, sonra isə səhər axşam rahatlıq vermədi mənə. Məqsəd yox idi. Ehtiras da yox idi. Bir qoca kişini sevirdim. O heç vaxt məni yanıltmadı. Mənə yuxardan aşağı baxmadı. Onun qızılında da gözüm yox idi.

Məncə, məsələ onun gözündə idi. Bəli, onun gözü! Gözü qırğını xatırladırdı – üstünü pərdə almış solğun mavi göz. Bu göz mənə zillənəndə damarımda qanım donurdu – tədricən, yavaş-yavaş – buna görə də qocanın canını almağı və bu gözlərdən həmişəlik qurtulmağı qərara aldım. Hə, gələk əsas məqama. Mənim dəli olduğumu düşünürsünüz. Dəlilər heç nə bilməyən adamlardır. Amma siz, bir məni görəydiniz. İşi necə müdrik, tədbirli, uzaqgörən – hər şeyi əvvəlcədən düşünmüş şəkildə yerinə yetirdiyimi kaş görəydiniz!
Davamı →

İosif Brodski ilə Oktavio Pasın söhbəti

Oktavio Pas: Əgər söhbət poeziyadan gedirsə…, poeziya əxlaqla bağlı olan bir nəsnədir.

İosif Brodski: Əlbəttə, ancaq onunla. Ancaq yenə də, necə olmasa da…

O. P: İctimai əxlaqla. Siyasi əxlaqla. Paund Mussolini ilə dostluq edirdi və bəzən də səfeh şeylər qaralayırdı, düzdürmü? İndi Nerudayla Araqonu götürək, onların vəziyyəti daha pis idi. Paund birbaşa adam idi, nə zaman dayanmaq lazım gəldiyini dəqiq bilirdi. Nerudayla Araqon isə dialektikaya inanırdılar, onlar Paundun bu şeirlərinə bənzəyən mətnlərini gizləyirdilər. Bu şeirlər bərbad gündəydi.

İ.B: Gəl, indi başqa bir adamı xatırlayaq. Məsələn, Marsialı. Bu şair yadındamı? Romalı.
Davamı →

Yola düşmək | Frans Kafka

Dərhal tövlədən atımı gətirmələrini əmr etdim. Xidmətçi əmrlərimi anlamadı. Buna görə tövləyə mən özüm getdim, yəhəri atın belinə qoydum və bağladım. Uzaqdan təbil səsi eşidilirdi, xidmətçidən bu səsin nə məna verdiyini soruşdum. Xidmətçi heç bir şey bilmirdi. Onsuz da qanmazın biriydi. Bağçanın qapısından çıxanda yolumu kəsdi və:

– Hara gedirsiniz, ağa? – deyə soruşdu.
– Bilmirəm, – dedim – Sadəcə buradan çölə çıxmaq istəyirəm, yalnız buradan çölə. Yetər ki, buradan çölə çıxım, məqsədimə çatmağımın tək yolu budur.

– Yəni, məqsədinizin nə olduğunu bilirsinizmi? – deyə soruşdu.
– Bəli, – deyə cavab verdim. İndicə dedim axı. Buradan çölə çıxmaq istəyirəm. Məqsədim budur.
Davamı →

Sevgi bağından qaçmaq | Vladimir Kaminer

80-cı illərin sonunda dostlarımla eyni filmlərin təkrar göstərildiyi “Moskva” kinoteatrının foyesində tez-tez görüşərdik. Biz hippi idik və hamımızın ləqəbi var idi. Foyenin də həmçinin, onu “Sevgi bağı” adlandırırdıq. Çünki qışda ora çox isti olurdu və kinoya az adam gəlirdi. Biz orda demək olar ki, hər gün görüşür, mühüm mövzulardan danışırdıq. O vaxtın əsas maraqlı mövzuları qızlar və narkotik yox, mühacirət idi. Bizim üçün böyük qəhrəmanlar sərhədi keçib xaricə qaçmağı bacaranlar idi. Necəsə özümüzü bu adamlarla eyniləşdirirdik və sonda həqiqətən elə bilirdik ki, bizi təqdib edirlər: yaşı çox olanları polis, gənc olanları isə valideynləri.

“Şahzadə” adlandırdığımız dostum bu mühacirət mövzusunun sanki xəstəsi idi. Qaçanlar barədə harda xəbər görsə, kəsib götürür, albomuna yapışdırırdı. Şahzadə qaçanların hamısını tanıyırdı: Şərqi Almaniyadan olan bir ailə vardı, hansı ki, hava şarı ilə Qərbə keçməyi bacarmışdılar.
Davamı →

Ölü kəllə kəpənəyinin vahiməsi

İndi ədəbiyyat kluarlarında söhbəti Kafkadan başlayıb Markesdə bitirmək dəb düşüb. Xüsusən də gənclər arasında populyar olan bu iki sənətkarı kim necə gəldi təhlil eləyib, istədiyi kimi yozur. Kafkanın qorxulu, ziddiyyətli və sarsıdıcı hekayələri, Markesin magik və detektivvari əsərləri heç də yenilik deyilmiş. Halbuki, bir az dərinə gedəndə qarşımıza Edqar Po kimi ciddi və təkrarsız yazıçı çıxa bilər. Elə mən də ondan yazmaq istəyirəm.

Hekayələrində detektivdən tutmuş magik realizmə qədər gedib çıxan Po dünya ədəbiyyatında bir neçə istiqamətin başlanğıc nöqtəsi olmuşdur. Daha çox qotik üsluba meyl edən yazıçının əsərləri, loru dildə desək, məşhur yazıçıların “çörək ağacı”na çevrilib. Əbəs yerə onu detektiv janrın atası saymırlar. O, həm də elmi fantastikanın və mistifikasiyanın banisidir.

Bədbin və qorxulu tona köklənəm qısa hekayələri yazıçıya ölümündən sonra dünya şöhrəti gətirdi. Cəmi qırx il yaşamasına baxmayaraq bu gün o, klassik yazıçılarla bir sırada durur.
Davamı →

Küp | Lucci Pirandello

Bu il zeytun da bol idi. Hələ keçən il çoxlu məhsul vermiş ağaclar, çiçəkləmə vaxtı havalar dumanlı keçsə də, artıq bərkimişdi.
 
Kvote Primosoledəki sahəsində kefin istəyən zeytunu olan Lollo Dzirafa zirzəmisindəsi beş köhnə küpün zeytun yağı üçün bəs etməyəcəyini görəndə əvvəlcədən küp düzəldilən Santo Stefano da Kamastrola daha bir gün sifariş vermişdi. Bu hündür, qarınlı təzə küp zirzəmisindəki küplərdən çox iri idi.
 
Don Lollo həmin küpün üstündə yerli dulusçu ilə çox çənə vurmuşdu. Don Lollo Dzirafa daha kimə ilişmirdi ki? Heç nəyin üstündə, hasardan düşən adicə bir daşın üstündə belə çığır-bağır salır, qatırını yəhərləyib, şikayət eləmək üçün dərhal şəhərə çapırdı. Nəhayət, gerb kağızına, vəkillərə, gah bu, gah da o qonşu ilə çəkişmə üstündə o qədər məhkəmə xərcləri vermişdi ki, az qala tamam var-yoxdan çıxmışdı. 
Davamı →

Balzakı oxumaq niyə vacibdir?

Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir.

İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi.

Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı.
Davamı →