Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Allahı qatil edənlər- VI hissə

Akademik Polkovnikin kabinetinə daxil olanda gördü Batalyon Komandiri də içəridədi, qauptvaxtın qurutduğu dalağı sancdı. Farağat dayanıb hərbi salam verdi:
   
    — Cənab Polkovnik, sıravi əsgər...
   
   Polkovnik qalxdı ayağa:
   
    — Azad!- yaxınlaşdı Akademikə və sonra döndü Batalyon Komandirinə; — Bu Akademikdi, aspirantdı, nədi, deyirsən yenə əmrlərə tabe olmur, yenə əsgərləri yoldan çıxarır?
   
    — Bəli, yoldaş Polkovnik!
   
   Polkovnik zəhmli baxışlarıyla Akademiki başdan ayağa süzdü, amma hiss elədi ki, bu sıravi əsgər başqaları kimi onun zəhmli baxışlarından çəkinmədi, ona görə səsinin gur yerinə salıb dedi:
   
    — Bura bax, Akademik, eşitdiyimə görə özün də nizamnaməni əzbər bilirsən, hüquqşünassan. Əmrə tabe olmamağın, əsgərlər arasında xoşa gəlməyən şeylər haqqında təbliğat aparmağın cəzasını da yəqin ki, yaxşı bilirsən?!


Ardı →

Allahı qatil edənlər - V hissə

   Atı bağladığı səmtə gedirdi. Gələndə ona quş kimi yüngül görünən tüfəng indi elə bil bir pud daş idi və çiynindən sallanmışdı. Və bu ağırlığın altında əzilirdi. Bir az əvvəl indi bir pud daşa dönmüş bu tüfənglə insan öldürmüşdü. Tanrıya yalvarır, onu bağışlamasını xahiş edir, dua oxuyurdu. Bu tüfənglə kəndi qorumuşdular, neçə düşmən vurmuşdular, indi o həmin tüfənglə özününkünü öldürmüşdü, düşmənə atılası gülləni özününkünə atmışdı, əllərini qana batırmışdı, Tanrının yaratdığı, ömür verdiyi insanı öldürməkdən dəhşətli bir günah yox idi və indi o bu dəhşətli günahı işləmişdi. Tanrıdan onu bağışlamasını xahiş edirdi, amma Tanrı onu bağışlayacaqdı-bağışlamayacaqdı, bunu o dünyada biləcəkdi. O dünyaya çox uzun bir yolu qalmasa da, ölənədək bu günahı daşımaq da çətin idi.
Ardı →

Allahı qatil edənlər - IV hissə

   Akademik boşqabı qabağına çəkdi, bəxtindən yenə borş idi, amma bu dəfə xörəyin rəngi-rufu xoşuna gəldi, xalasının bişirdiyinə oxşayırdı, içində ət də vardı, təəccüblə soruşdu:
   
    — Bu gün bayramdı?
   
   Adətən bayramlarda süfrə daha zəngin, yeməklər daha dadlı olurdu.
   
   Kim isə zarafatla:
   
    — Sən qauptvaxta düşəndə hissədə bayram olur də. Komissiya gəlmişdi. Sənin Nazirliyə yazdığın məktubu yoxlayırdılar. Komandiri dirəmişdilər divara. Sənin acığını bizdən çıxır. İki gündü gecə saat üçdə həyəcan siqnalı verir.


Ardı →

Allahı qatil edənlər - III hissə

   Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından da yelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi. Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma söküb atmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləri çırtlayandan, arandan yaylağa köçən kimi...
   
   … neçə illər idi dağlar düşmən əlində olduğundan yaylağa həsrət qalmışdılar... 
   
   … köçürdülər bu tutun altına, yemək-içməyi də burda yeyərdilər, çox vaxt qonağı da burda qarşılayıb, burdan yola salardılar. 
   
   Ağacın altında şitili çıxmış bir dəmir çarpayı da vardı ki, qışda da burda olardı, üstünə bir köhnə palaz sərmişdilər, palazın da üstə bir döşək, bir dənə də böyük mütəkkə atmışdılar. Havanın qırışığı açılandan qaş-qabağı tutulana qədər Ata bəzən gecələr burda yatardı.

Ardı →

Sükut | Haruki Murakami

— Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız?
O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı:
— Bu, sizi niyə maraqlandırır?

Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı.
— Heç, elə-belə,- mən cavab verdim. Həqiqətən də sualın heç bir anlamı yox idi. Yəqin ki, mənim bunu soruşmağımın səbəbi, sadəcə, mənasız yerə doğan maraqdan irəli gəlirdi.
O dəqiqə söhbətin mövzusunu dəyişdim, lakin Ozavanı aldatmaq mümkün olmadı. Aydın idi ki, o, həmişə nəsə haqqında düşünür. Elə bil, ya nəyinsə qayğısını çəkir, ya da ona qarşı mübarizə aparırdı.


Ardı →

Qəbirbazlar / Gi de Mopassan

Beş dost təzəcə nahar edib qurtarmışdı. Onların beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi isə hələ subay idi. Dostlar hər ay görüşür, gənclik illərini yadlarına salırdılar. Nahardan sonra söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bır yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən her şeydən.
Bütün başqa salonların əksəriyyətində olduğu kimi onlar da səhər qəzetlərindəki yazılardan başlayıb söhbəti uzadırdılar.


Ardı →

Söz sənətinin acı səhifələri.

Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim «qurban getdilər» deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!

20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr — Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.


Ardı →

Cek London-Martin İden

Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.
Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır.
Ardı →

Üç sual – Lev Tolstoy

Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğuliyyətin nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət qazanardı.

Bu fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona həyatda atılan hər   addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib insanları  və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük mükafat gözləyir.
Padşahlığın bütün oxumuş, savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar.

Birinci suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın  doğru zamanını bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət  bir cədvəl tərtib etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır. Yalnız bu halda, hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər.
Davamı →

Meşə adamı | Herman Hesse

Herman HesseQədim dövrlərdə, hələ gənc insan nəslinin Yerdə məskunlaşmadığı çağlarda meşə adamları var idi. Onlar vəhşi meşələrin ala-toranlığında qorxu ilə bir-birinə qısılaraq və yaxın əcdadları olan meymunlarla düşmənçilik edərək yaşayırdılar. Onların məişəti üzərində yalnız bir tanrı, bir qanun hökmranlıq edirdi: bu meşə idi. Meşə onların vətəni və sığınacaq yeri, beşiyi, yuvası və qəbri idi. Meşə adamlarından heç biri meşədən kənarda həyatı ağlının ucundan belə keçirmirdi.

Onlar meşənin qurtaracağına yaxınlaşmağa qorxurdular və taleyin hökmü ilə hansısa ovçu və ya qaçaq ora düşsəydi, onlar geri qayıtdıqda qorxu içində meşənin kənarlarından başlayan ağ boşluq, qızmar, ölümcül günəşin şüaları altında uzanan Heçlik haqqında danışardılar. Və meşə adamları arasında nə vaxtsa, çox-çox illər əvvəl vəhşi heyvanlardan qaçaraq meşəni tərk edən və elə həmin an kor olan bir qoca yaşayırdı. İndi o kahin və müqəddəs idi. Onu Mata Dalam çağırırdılar, bu isə "üçüncü gözü ilə görən” deməkdir. O, meşənin müqəddəs nəğməsini qoşmuşdu, bu nəğməni tufan yaxınlaşdıqda oxuyardılar və meşə adamları kahinə tabe olardı. Onun öz gözləri ilə günəşi görüb sağ qalması kahinin şöhrətinin sirri idi.

Meşə adamları qısa boylu, qaraşın və tüklü idilər. Onlar əyilərək gəzir, ətrafa vəhşi heyvanlar kimi ehtiyatla baxırdılar. Onlar insanlar kimi gəzməyi, meymunlar kimi dırmaşmağı bacarırdılar və budaqların üzərində yaşamaq onlar üçün yerdə yaşamaq qədər asan idi. O zamanlar onlar nə ev, nə də koma tikməyi bacarmırdılar, lakin silah və müxtəlif alətlər, bəzəklər düzəltməyi bacarırdılar.

Onlar möhkəm ağacdan yay və oxlar, nizə və toppuzlar, ağac liflərindən olan ipə düzülmüş qoz və giləmeyvələrdən boyunbağılar düzəldirdilər, onlar başlarında və boyunlarında qiymətli bəzək əşyaları – qaban dişləri, pələng caynaqları, rəngarəng quş lələkləri daşıyırdılar. Ucu-bucağı olmayan əsrlik meşənin ortasında gur suları olan nəhəng çay axırdı, lakin meşə adamları yalnız qaranlıq gecələrdən onun sahilinə yaxınlaşmağa cəsarət edirdilər, bir çoxları isə çayı ümumiyyətlə görməmişdi. Yalnız ən cəsurlar gecə vaxtı qorxu içərisində gizlənə-gizlənə qalın meşədən sahilə yaxınlaşar və bu zaman solğun gecə işığında çayda fillərin çimməsini görərdilər. Gözlərini sahilin üzərinə sallanan budaqlara qaldırdıqda çoxşaxəli manqa ağaclarının cəngəlliyində parlayan ulduzlara qorxu ilə baxardılar. Onlar Günəşi heç vaxt görmürdülər və suda onun əksini görməyi çox böyük təhlükə hesab edirdilər.

Kor Mata Dalamın başçılıq etdiyi həmin meşə adamları qəbiləsində Kubu adlı bir gənc vardı. O, gənc və narazı olanların başçısı və müdafiəçisi idi. Narazılıqlar isə Mata Dalan qocalmağa, onun hakimiyyətpərəstliyi isə artmağa başladıqdan sonra yaranmışdı
Bir vaxtlar onun digərləri qarşısında yalnız bir üstünlüyü vardı: o həmqəbilələrindən yemək alır, onlar isə kahinin yanına məsləhət almaq üçün gəlir və onun meşə nəğməsini oxuyurdular. Lakin zamanla, o, qəbilədə müxtəlif yeni və ağır adətlər qoymağa və bu adətləri meşə tanrısının göndərdiyini deməyə başladı. Lakin bəzi hər şeydən şübhələnən gənclər qocanın yalançı olduğunu və yalnız öz xeyrini güddüyünü deyirdilər.

Korun çıxardığı ən axırıncı adət yeni ay bayramı idi. Bu zaman o, insanların əhatəsində oturur və üzərinə buğa dərisi çəkilmiş barabanını çalırdı. Qalan hər kəs «Qolo Ela” nəğməsini oxuyaraq yorğunluqdan yıxılana qədər dairədə rəqs etməli idilər. Və onda hər kəs iti uclu tikanla sol qulağın sırğalığını deşməli idi. Gənc qızları isə kahinin yanına gətirir və onların qulağını iti uclu tikanla o özü deşirdi.
Kubu və onun bir neçə həmyaşıdı bu adəti yerinə yetirməkdən yayınırdılar; onlar qızları da kahinə müqavimət göstərmələri üçün dilə tutmaq istəyirdilər. Və günlərin bir günü onlar üçün ümid yolu açıldı – onlar kahinin hakimiyyətinə qələbə çala, onu məhv edə bilərdilər. Həmin dəfə, o, yenə yeni ay bayramı keçirirdi və qızların sol qulağını deşirdi. Və birdən güclü bir qız hündürdən qışqıraraq kahini itələdi və buna görə o, tikanla qızın gözünə vurdu və göz çıxdı. Bu zaman qız elə acı-acı qışqırdı ki, hər kəs onların yanına gələrək nə baş verdiyini gördü. Dəhşətə gəlmiş və hiddətlənmiş adamlar səssizlik içində donub qaldılar. Lakin gənclər artıq qələbə sevinci ilə irəli çıxdıqda və Kubu cəsarətlənib kahini çiyinlərindən tutduqda, o ayağa qalxdı, barabanın qabağını tutub xırıltılı və istehzalı səslə elə dəhşətli lənətlər yağdırmağa başladı ki, bütün qəbilə qorxu içərisində qaçdı, Kubunun qəlbi isə qorxu içində titrədi.

Qoca kahin mənası heç kəsə məlum olmayan sözlər deyirdi, lakin bu sözlərin elə səslənməsi belə qorxunc dərəcədə dəhşətli lənətlərə bənzəyirdi. Və kahin öz dəhşətli sözləri ilə gəncin gözlərini lənətlədi, onların quzğunlara qismət olacağını söylədi, onun qaraciyərini və ürəyini lənətlədi, qızmar günəşin onları meşədən kənarda məhv edəcəyini dedi. Ardınca həmin an malik olduğu hakimiyyət görünməmiş həddə çatmış qoca itaət etməyən qızı yenidən yanına gətirmələrini əmr etdi və qızın ikinci gözünü də çıxartdı. Meşə adamları nəfəs almaqdan belə çəkinərək aciz-aciz baş verənlərə baxırdılar.

— Sən orada – kənarda öləcəksən – qoca Kubunu belə lənətləndi və o gündən bütün meşə adamları ondan çəkinməyə başladılar. „orada – kənarda” vətəndən, ala-toran meşədən kənarda demək idi, dəhşətli, qızmar günəşin şüaları altında, alışıb-yanan, ölüm gətirən səhrada demək idi.

Kubu qorxu içərisində meşədə dolaşırdı. Hər kəsin ondan qaçdığını başa düşdükdə isə onun itdiyini düşünmələri üçün ağacın koğuşunda gizləndi. Günlər və gecələr o, gah qorxudan, gah da hiddətdən titrəyərək koğuşda qaldı. O, qəbilədaşlarının gəlib onu öldürmələrindən, günəşin qalın budaqların arasından keçib onu tapmasından, məhv etməsindən qorxurdu. Lakin ox və nizələr atılmadı, günəş və ildırımlar onu yandırmadı. Onu dəhşətli yorğunluq və aclıqdan başqa heç nə ziyarət etmədi.
Və onda oyanmış və gözlədikləri baş verməmiş  Kubu qalxıb koğuşdan düşdü.
O, təəccüblə “Kahinin lənəti heç nədir” deyə düşündü və yemək axtarışı ilə məşğul oldu. Qarnını doyuzdurduqda isə, həyat qüvvəsinin yenidən bədəninə can verməsini, qəlbində qürur və nifrətin oyanmasını hiss etdi. Indi o, özününkülərin yanına qayıtmağı arzu etmirdi. Indi o, tənha olmaq, qaçaq olmaq, hər kəsin nifrət etdiyi, gözsüz kahinin gücsüz qəzəbi ilə lənətlədiyi adam olmaq istəyirdi. O tənha olmaq, tənha qalmaq istəyirdi. Lakin ilk öncə, o, intiqam almalı idi.

Və o, hey gedir və düşünürdü. O, nə vaxtsa şübhələndiyi və indi yalan olduğunu başa düşdüyü şeylər, ən çox da kahinin barabanı, onun bayramları haqqında düşünürdü və düşündükcə və tənha qaldıqca daha aydın başa düşürdü: bəli, hər şey yalan və aldanış idi. Bunu başa düşdükdə, o, düşünməyə davam etdi və bütün inamsızlığını həqiqi və müqəddəs hesab edilən anlamlara yönəltdi. Meşə tanrısı və ya müqəddəs meşə nəğməsi bəs nə idi? Onlar da heç nədir, burada da yalan var! Və o qəlbindəki dəhşəti dəf edərək müqəddəs meşə nəğməsini istehza ilə, ikrah hissi ilə, sözlərini dəyişərək oxudu və meşə tanrısının adını üç dəfə bağırdı. Bəli, kahindən başqa heç kəsin ölüm qorxusu altında səsləndirə bilmədiyi o adı. Və heç nə baş vermədi, ildırım çaxmadı, tufan başlamadı!

Qəbiləni tərk edən günlərlə və gecələrlə meşədə dolaşdı. Onun alnına, qaşlarının arasına qırışlar düşdü, baxışı itiləşdi. O, heç kəsin heç vaxt cəsarət etmədiyi bir şeyi etdi: ay işıq saçarkən meşə çayının sahilinə çıxdı. Orada o, uzun müddət ayın çaydakı əksinə, sonra isə ayın özünə, ulduzlara qorxusuz baxdı və heç bir bədbəxtlik baş vermədi. O, bütün gecə suyun sahilində oturub işığın qadağan olunmuş sevincinə daldı və düşündü. Onun qəlbində bir çox cəsur və qorxunc fikirlər doğurdu. „Ay mənim dostumdur – o düşündü – ulduzlar da mənim dostumdur, qoca kor isə düşmənimdir. Deməli “meşədən kənarda olan” da „meşədə olan”dan yaxşı ola bilər və bəlkə də meşənin müqəddəs olduğunu deyənlər də yalan deyirlər!” Və o, bir gecə bir çox nəsil insanı qabaqlayaraq çox cəsur və heyrətamiz bir fikrə düşdü: bir neçə ağacın gövdəsini lianalarla bağlayıb, onların üzərinə oturub axınla üzmək olar. Onun gözləri parıldayır, qəlbi bərk-bərk döyünürdü. Lakin bu fikrini həyata keçirmək mümkün olmadı, çay timsahlarla dolu idi.

Beləcə gələcəyə gedən yeganə yol meşənin kənarları mövcud idisə, həmin yerlərə çıxmaq və özünü qızmar boşluğun, “kənarda olan” dəhşətli torpaqların ixtiyarına buraxmaq oldu. O, bu dəhşətli bədheybətin – günəşin qarşısında dayanmalı idi.  Çünki – kim bilir – bəlkə də günəşin dəhşətli olması haqqında qədim əfsanə də daha bir yalan idi?

Fikirlərinin sonsuz axarında bu son, dəli xəyal Kubunun titrəməsinə səbəb oldu. İndiyə kimə heç vaxt, heç bir dövrdə meşə adamı meşəni könüllü surətdə tərk etməyə və özünü qorxunc günəşin hökm sürdüyü yerlərə təslim etməyə cəsarət etməmişdi. Və o, yenə günbəgün meşədə dolaşaraq bu fikir üzərində düşündü. Və nəhayət qərara gəldi. Aydın bir günorta, o, titrəyərək çaya doğru irəlilədi, qorxu içində parlayan su axınına tərəf süründü və günəşin suda əks olunmuş simasına gözucu nəzər saldı. Gözqamaşdırıcı şüalar düz onun gözlərinə düşdülər və o, gözlərini tez qıydı, lakin bir az sonra gözlərini yenidən açmağa cəsarət etdi və nəhayət, üçüncü dəfədə o bacardı. O bacardı, dözdü və qəlbi sevinc və cəsarətlə döyündü. Kubu günəşə etibar etdi. O, günəşi sevdi və kahinlərin hökmranlıq etdiyi, onun kimi cavan və cəsur olanların isə qovulduğu  qoca, qaranlıq və çürümüş meşəyə nifrət etdi.

İndi onun qərarı daha da möhkəmləndi və hərəkətlərinin ardıcıllığı ona gün işığı qədər aydın oldu. Səhər açılanda Kubu dəmirağacından düzəltdiyi, nazik, lakin çox möhkəm sapı olan yeni və yüngül gürzü ilə qoca kahini tapmaq üçün yola düzəldi; o, kahinin izinə düşdü, onu tapdı və gürzlə onun başına vurdu. Və kahinin ruhunun əyilmiş ağzından çıxıb-uçmasını gördü. O, hər kəsin qatilin kim olduğunu bilməsi üçün düzəltdiyi silahı kahinin sinəsinə qoydu, gürzün hamar səthində isə balıqqulağı parçası ilə çox böyük çətinliklə bir şəkil cızdı: düz şüaları olan dairə – günəşin siması.

O, meşənin uzaq sərhədlərini tapmaq üçün cəsarətlə yola düzəldi, hey irəli getdi, gecələr ağaclarda yatdı, gündüzlər isə yenə irəli yol aldı. O, saysız-hesabsız gecələr və gündüzləri yollarda keçirdi, çaylardan və qaranlıq bataqlıqlardan keçdi və günlərin bir günü indiyə qədər heç vaxt görmədiyi yüksəkliyə qalxan dağ yamacına, mamırlı qayalara rast gəldi. O, təhlükəli uçurumlardan keçərək yüksəyə, dağın zirvəsinə qalxmağa başladı. O, yamac boyunca nəhəng əsrlik meşədən keçdi və yol o qədər uzun çəkdi ki, qəlbində şübhə və kədər toxumları cücərdi: bəlkə də, doğrudan da, hansısa tanrı meşə sakinlərinin doğma diyarları tərk etmələrini qadağan edib?
Və gecəyə doğru, yamacla uzun müddət qalxdıqdan sonra havanın getdikcə daha da təmiz olduğu bir yerdə, o, meşənin qurtaracağında olduğunu gördü. Meşə sona çatırdı, lakin onunla birlikdə torpaq da sona çatırdı. Meşə burada havanın boşluğunda – sanki dünya iki yerə bölünübmüş kimi qurtarırdı. Burada üfüqdə qızaran tutqun şüalardan və səmadakı seyrək ulduzlardan başqa heç nə görmək mümkün deyildi.

Kubu dünyanın qurtaracağında torpağa oturdu və özünü aşağı yuvarlanmaması üçün lianalarla ağaca bağladı. Hiss etdiyi təlaşdan rəngi ağarmış Kubu bütün gecə yuxusuz oturdu və günəşin ilk şüaları göründükdə səbirsizliklə ayağa qalxıb ətrafın tam işıqlanmasını gözləyərək boşluq üzərindən aşağı sallandı.

Aydın işığın sarı zolaqları uzaqda şəfəq saçdılar və açıq havada günün doğmasını heç vaxt görməmiş Kubu kimi sanki səmanı da intizar titrəyişi ağuşuna aldı. Və üfüqdə qızılı işığın qığılcımları şölə saçdı və uzaqda – dünyaların bitməz ənginliyi üzərində səmaya nəhəng al günəş ucaldı. O, sonsuz, solğun Heçliyi tərk edərək səmaya yüksəldi və Heçlik qapqara bir dənizə çevrildi.

Həyəcandan titrəyən meşə adamının qarşısında meşənin qurtaracağından başlayan Heçlik durmuşdu. Kubunun ayaqları altında dumanlı dərinliklərdə yoxa çıxan sıldırımlı dağ yamacı uzanırdı, qarşıda qayalı dağların çəhrayı kristalları ucalırdı, solda nəhəng, qara dəniz və ağ, köpüklü dalğaların ləpələndiyi, kiçik ağacların bitdiyi sahil görünürdü. Və bütün bunların – minlərlə görünməmiş əsrarəngiz mənzərələrin üzərindən dənizin üstünə günəş ucalır, səmanı parlaq şüalarına qərq edir və dünyanı şölə saçan rənglərə boyayırdı.

Kubu günəşin üzünə baxa bilmədi. Lakin o, günəş şüalarının parlaq rənglərin axını ilə dağları, qayaları, sahili və dənizin maviliyində görünən adaları işıqlandırdığını gördü və  Kubu dizləri üstünə düşərək parlayan dünyanın tanrıları qarşısında baş əydi. Kim idi ki, Kubu? O, balaca, çirkli bir heycancığaz idi  və onun bütün solğun, tutqun rənglərə boyanmış həyatı qalın meşənin qaranlıq talalarında keçmişdi və o, qorxu və zülmət içərisində, meşələrin alçaq tanrılarına tabe olaraq yaşamışdı. Burada isə dünya vardı və onun baş tanrısı günəş idi. Və meşədə keçən həyatın uzun və mənfur yuxusu sona çatdı və kahin haqqında olan xatirələr unudulub-getdiyi kimi, o meşə həyatının da yaddaşı tutqunlaşıb, günəşin şüaları qarşısında əriməyə başladı.

Kubu daşlardan tutaraq dik qayalarla uçuruma doğru, işığa və dənizə doğru düşməyə başladı və onun qəlbi azad, yalnız və yalnız günəşə baş əyən insanların işıq içində yaşadığı, günəşə tabe torpaqların çağırışında, misilsiz bir xoşbəxtlik içində titrəməyə başladı.

Qeyd:
Hekayə 1914-cü ildə qələmə alınmışdır. Mövzusu Hindistana səyahətlə əlaqədardır. 
Meşə adamları bütpərəstdirlər.
Kənarda – yəni xarici dünyada. Bu anlayışın ziddiyyətliliyinə diqqət yetirmək lazımdır: o, meşə adamlarının təsəvvüründə şər və qaranlıq xaotik qüvvə kimi, onlardan qaçan Kubunun təsəvvüründə isə xeyir, işıq, təkallahlılıq rəmzi kimi yer alır. Bu, Hessenin digər əsərləri üçün də xarakterikdir.

Rus dilindən tərcümə: Fəridə Paşa
Davamı →