Zeytun bitkisi

Zeytunun vətəni Aralıq dənizi rayonu və Yaxın Şərq ölkələridir. Qədim zeytun əkinləri Misir, Liviya səhralarının oazislərində, Suriya, Fələstin və Yunanıstan torpaqlarında yerləşir. Cins zeytun ağaclarına qədim Fələstində böyük diqqətlə qulluq edirdilər. Bu ölkənin qumsal və quru torpaqlarında zeytun yaxşı məhsul verirdi. Fələstinlilər zeytun yağından həm müxtəlif xörəklər hazırlamaq, həm də qəndilləri yandırmaq üçün istifadə edirlər. Qeyd edək ki, Fələstində o zaman hələ kərə yağı məlum deyildi.
Bizim «zeytun» sözü qədim yəhudi sözü sait (zeit)-dən əmələ gəlmişdir. Bu sözdən əvvəlcə ərəblər, sonra Şərq və Avropa xalqları (İran, Türkiyə, İspaniya, Portuqaliya və başqaları) istifadə etmişdir.
Uzun ömürlü, həmişə yaşıl zeytun ağacı həm xeyirxah, həm də cazibədardır. O, təkcə ərzaq və işıq mənbəyi deyil. Saçlara, bədənə çəkmək üçün ondan dərman kimi də istifadə etmişlər. X əsrdə İraqda (Hələb şəhərində) zeytun yağı o qədər hörmətəlayiq idi ki, ondan ehtiyat yaradırdılar ki, birdən tükənər. Zeytun yağı ərzaq kimi də çox qiymətlidir.
Görkəmli tədqiqatçılardan İ.N.Volper yazır ki, orqanizmin 5 qram əvəzedilməz yağ turşusu alması üçün insan yarım kiloqrama yaxın kərə yağı yeməlidir. Halbuki 31 qram zeytun yağı onu əvəz edə bilər. Zeytun yağında müxtəlif vitaminlər var. Məsələn, onun 100 qramında 7 milliqram orqanizmi cavan saxlayan E vitamini vardır.
Bir zamanlar Şərqdə zeytun yağını dəri-yoluxucu xəstəliklərinə qarşı işlətmişlər. Rusiya Elmlər Akademiyasının məlumatına görə zeytun yağından daxili yoluxucu xəstəliklərə qarşı da istifadə olunmuşdur. Belə güman edirlər ki, zeytun yağı içmiş 200 nəfər yoluxucu xəstədən 10 nəfər ölmüş, qalanları özlərini yaxşı hiss etmişlər. Adamların hansı xəstəliyə tutulduğunu dəqiq demək çətin olduğu üçün, onların hansı səbəbdən öldüklərini demək çətindir.
Suriya X əsrdə İslam imperiyasını yüksək keyfiyyətli zeytun yağı ilə təchiz edir. Bu bitki Tunisdə və İranda da geniş yayılmışdı.
Avropa ölkələrində də zeytun qədim dövrlərdən yetişdirilir. Avropada zeytuna tarixən ən qədim yiyələnən yunanlardır. İsveçrə botaniki O.Dekandola (1778-1841) görə zeytunun vətəni Cənubi Anadolunun dəniz sahilləri və Yunanıstan adaları olmuşdur. Bizans dövlətinin Meandr və Skamandır çaylarının vadiləri, həmçinin Lakedemon ərazisi bol zeytun məhsulu verirmiş.
Yunanlar zeytunu ən faydalı və səcdəyə layiq müqəddəs ağac sayır. Ondan müxtəlif məqsədlər: yemək, bədənə sürtmək və çırağı yandırmaq üçün istifadə edirdilər. İndi Yunanıstanda 100 milyona yaxın zeytun ağacı vardır.

Bizansda duza qoyulmuş zeytun da məlum idi.
V-IV əsrlərdə qədim Krit adasında mülayim iqlim şəraitində bol zeytun yetişdirilirdi.
Avropanın başqa tarixi zeytun rayonları Siciliya və İtaliyadır. Siciliyada zeytun ağacları 3200 il bundan əvvəl mövcud idi. Qədim romalılar yağ çəkməzdən əvvəl zeytunun çəyirdəyini xüsusi dəyirmanda — trapetdə yumşaq hissəsindən ayırardılar.
Bol zeytun məhsulu yetişdirən başqa bir ölkə İspaniya idi.
Strabon İspaniyanın (keçmiş İberiyanın) Turdetaniya vilayəti haqqında söz açarkən göstərirdi ki, orada əla keyfiyyətli zeytun yağı hasil edirlər.
XVIII əsrin axırlarında İspaniya missionerləri zeytunu okeanın o tayına aparıb, Peruda, Meksikada və Uruqvayda yayırlar.
Keçmiş Sovetlər İttifaqında zeytun sənaye miqyasında (son 15-20 ildə), xüsusən Azərbaycanın Abşeron rayonunda becərilirdi.
Statistika məlumatlarına görə dünya üzrə keçən əsrin 1978-79-cu illərində 1 424 000 ton, 1981-82-cı illərində isə 1 283 000 ton zeytun yağı istehsal edilmişdir.
Zeytun ağacı qədimlərdən nicat və sülh rəmzi sayılır. Əsir düşmüş insan qarşı tərəfdən mərhəmət diləyəndə gərək onun qarşısına zeytun budaqları ilə çıxaydı. Çünki zeytun müqəddəs ağac sayılırdı. Onu sındırana ağır cəza verilirdi.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
 

0 şərh