Xəmir xörəkləri

Bir çox xalqlar undan və dəndən müxtəlif xəmir xörəkləri bişirirlər. Belə xörəklərin növü çoxdur.
Azərbaycanda və Dağıstanda ən çox yayılmış xəmir xörəklərindən biri xingaldır. Hər xalq ona öz dəyişikliklərini əlavə edir, onu özünəməxsus şəkildə hazırlayırlar. Qədimdə də belə olub, indi də belədir. Məsələn, kumıklar onu belə hazırlayırlar: yağlı əti qaynadır, buğda unundan xəmir yoğurub xırda-xırda doğrayırlar və ət bişənə yaxın onu qaynar qazana tökürlər. Yağlı ət suyunda bişmiş xəmir parçaları üstünə xörək şirəsi və mütləq xırda doğranmış sarımsaq tökürlər. Beləcə xingal hazır olur.
Azərbaycanlılar və ləzgilər xingalı yayılmış xəmirdən bişirilir. Ölçüsü 4-6 santimetr olan doğranmış xəmir parçalarını 6-8 dəqiqə suda qaynadırlar, aşsüzəndə süzür, qaba çəkib üstünə çəkilib qovrulmuş, yaxud xırda ət tikələri tökürlər, sonra isə sarımsaqlı qatıq ilə yeyirlər. Həvəskarlar ətin suyunu xingalın üstündən içirlər.

xingəl (xingal,xinkali)
Xəmir xörəklərindən əriştə çox yeyilir. Xəmiri yayır, bir qədər qurudandan sonra nazik zolaqlar şəklində doğrayır və müəyyən müddət ərzində qurudurlar. Ondan «sulu» və ya «quru» şəkildə xörək bişirirlər.
Azərbaycanda sulu xəmiraşı və paxla əlavə etməklə hazırlanmış əriştəplov çox sevilən xörəklərdəndir.
Yaponlarda düyü unudan hazırlanmış müxtəlif əriştələr çox yayılıb.
Əriştənin çoxəsrlik tarixi vardır. Onun kəşfi Şərqlə bağlıdır.
Avropada, xüsusən də İtaliyada undan hazırlanmış makaron məmulatı (buna «pasta» deyirlər) çox dəbdədir. Keçən əsrin 70-ci illərinin axırlarında İtaliyada gündə adambaşına orta hesabla 84 qram «spagetti» yeyilmişdir.
İlk makaron məmulatının nə vaxt yaranması məlum deyil. Harada yaranmasına gəldikdə isə, onun ərəb ölkələrində meydana gəlməsi güman edilir. İtaliyada makaron məmulatı artıq 1279-cu ilə qədər məlum idi. Lakin istehlak şəklini 1750-ci ildən sonra alıb. Həmin vaxtdan etibarən Neapolun aşxanalarında makarondan xörəklər hazırlamağa başlayırlar.
Beləliklə, ərzaq tezliklə İtaliyada geniş yayılır, şöhrətlənir.
Rusiyada ilk makaron fabriki 1787-ci ildə Odessa şəhərində açılıb. Təxminən bir əsr sonra isə 1895-ci ildə Moskvada böyük makaron fabriki işə salınıb.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

Oxşar məqalələr

 

0 şərh