Əncir nədir?

  • Flora

Əncir nədir ?
Əncir, Tut (Moraceae) fəsiləsinə, FicusL. (2/2=26,39,52) cinsinə aiddir. Yer kürəsinin tropik və subtropik bölgələrində 1000-ə qədər növü yayılmışdır. Ölkəmizdə daha geniş yayılanı bir növü F. Carica L adlanan növdür. Bu növ, yabanı halda Güney Qafqaz, Orta Asiya, İran, Kiçik Asiya, Hindistan və Əfqanıstanda yayılmışdır. Çox ucaboylu (5-10 m və daha çox) kol tipli ağac bitkisidir. Kök boğazından yuxarı hissədə 3-5 ədəd güclü inkişaf edən gövdə yaradır. Çətri geniş, kürəşəkillidir. Bir qədər sallaqdır. Gövdəsi və budaqları hamar, boz rəngli, zoğları əvvəl yaşıl, sonra açıq-qəhvəyi və daha sonra boz kül rəngində olur. Yarpaqları iri, əksərən dilimli (3-4 dilimdən ibarət) və bəzən bütöv olur. Yarpaq ayası üst tərəfdən açıq yaşıl, alt tərəfdən boz yaşıl rəngli və narın tüklüdür. Yarpaq saplağı uzun (12 sm-ə qədər) və qalındır. 

Əncir necə çoxalır? və əncir ağacının çiçəkləri varmı?
Əncir ağacının çiçəkləri yoxdur. Daha doğrusu çiçək açmayan bir meyvə kimi seçildiyini qeyd etmək lazımdır. Bununla belə, hər il intensiv şəkildə istehlak edilən xüsusi növlərdən olur, xüsusilə də, meyvəsinə görə.

Əncir texniki olaraq bir meyvə deyil.
O, çiçəkləri tərs çevrilmiş bir “Sikonium”dur (Syconium). Yəni, əncirin meyvəsi içərisində toxumları olan bir qoruyucu qutudur. Əncir ağacı (Ficus sp.) alma və ya şaftalı kimi çiçək açmır. 
Əksər bitkinin küləklə tozlandığını bilirik. Amma bu üsul bütün bitki aləminə şamil oluna bilərmi ? 
Əlbətdəki xeyir!



Bəs onda əncir necə yaranır? Çiçəyi olmayan bir bitki və ya ağac necə meyvə verir?
Əncirin çox gözəl çiçəkləri var. Ancaq çiçəklər ağacın budaqlarında deyil, əncir meyvəsinin içində açırlar. Əncirin çiçəkləri armud formasında olan qoruyucu təbəqə – Sikonium içərisində açır, yetişir və sonra da yediyimiz meyvəyə çevrilir. Hər çiçək daha sonra “Aken” (Achene) adlanan tək toxumlu, sərt qabıqlı bir meyvə çıxarır. Hər əncir bir neçə akendən ibarətdir. Əncir yeyərkən biz əslində bir dənədən çox meyvə yeyirik.

Əncir yeyərkən diqqət yetirsəniz, əncirin üzərində balaca dəlik olduğunu görərsiniz. Sikoniumda kiçik bir dəlik var. Təbiət bu dəliyi arılar üçün yaradıb. Əncirin çoxalması üçün lazım olan çiçəklər bu dəliyin içəricində yerləşir.

Ancaq çiçəkləri sikoniumun içində olan halda tozlanma necə baş verəcək ? Təxminən 90 milyon il əvvəl əncir ağacının tozlanmasına kömək edən kiçik qanadlı böcəklər gəlirlər.

Məsələ belədir: hələ yetişməmiş meyvənin içindəki çiçəklər tozlanmaya hazır olanda əncir özünə xas bir qoxu ifraz edir. Bu qoxu qarşı cinsi “başdan çıxarmaq” üçündür. Və bu qoxu dişi arını əncir ağacına çəkməyə başlayır. Dişi arı yuxarıda qeyd etdiyim dəlikdən erkək sikoniuma girir. Girir, yumurtasını qoyur və elə oradaca ölür. Çünki sikoniumun girişi dardır, dəlikdən daxil olanda qanadları qırılır. Onun ölümü faciə deyil, çünki o, artıq missiyasını yerinə yetirib, həyat dövrəsi sona çatıb.
Meyvənin içində yavaş-yavaş irəliləyən dişi arı yumurtalarını gələcəkdə toxum olacaq çiçəklərə buraxır. Sonra yeni nəsillər doğulur: qanadsız kor erkəklər və qanadlı dişi arılar. Erkəklər dişiləri dölləyirlər (şəkildə arıların hərəkət edə biləcəyi syconium içərisində geniş bir boş otaq olduğu görülür), sonra da gəmirərək sikoniumdan çıxış yolu açır və ölürlər. Cütləşməyi bacaran erkək arılar anaları kimi ölürlər. Bu ölüm doğulduqları əncirin içində baş verir. Yəni erkək arılar doğulduqları əncirin içindən işıqlı dünyaya əsla çıxmırlar.
Xüsusi bioloji mexanizm prosesə nəzarət edir ki, içəridə bir neçə erkək arı olsun, yoxsa dişilər qapalı məkanda qalar, oradan çıxa bilməzlər. Çiçək tozuna (polen) bulaşmış dişilər erkək sikoniumun içindən çıxır və əncir ağacının ətrafında uçaraq yumurta qoymaq üçün əncir axtarırlar.

Əncir ağacının strategiyası belədir: arıların dişi çiçəklərə polen gətirməsini təmin etmək, arının strategiyası isə erkək əncirin içinə yumurtaları buraxmaqdır, çünki sikoniumun içində yumurtadan çıxacaq arılar yırtıcılardan qorunurlar. Burada önəmli olan yumurtaları dişi əncirə deyil, məhz erkək olana qoymaqdır. Belə ki, dişi sikoniumun quruluşu fərqlidir, burada yeni nəsil yetişdirmək olmur. Bu mürəkkəb sxem necə işləyir, nəyin hesabına? Bu proseslərdə təsadüf və şans əhəmiyyətli rol oynayır. Çünki təkamül prosesində əncir ağacının dişi və erkək sikoniumları bir-birinə çox oxşar hala gəliblər. Arı özünə sığınacaq seçəndə onları ayırd edə bilmir, daxili hissinə güvənərək bəyəndiyi əncirin içinə girir.

Arı seçimini dəyişə bilmir, sikoniumun dar giriş dəliyi qanadlarını qırır. Əgər bəxti gətiribsə və erkək əncirin içinə giribsə yumurta qoya biləcək. Yox, əgər girdiyi əncir dişidirsə onda nəslini davam etdirə bilməyəcək. Ancaq istəmədən də olsa arı gətirdiyi çiçək tozları ilə əncirin çiçəklərini tozlandıracaq və əncir giləmeyvələri yetişəcək, arı özü isə daha sonra öləcək.

Daha məntiqli və daha becit düşünən oxucu sual edəcək: Sikoniumdakı arıların aqibəti necə olur, hara it-bat olurlar? Əgər o anda əncir yeyirsinizsə bu sual daha böyük marağa səbəb olur. Heç narahat olmayın, yediyiniz əncirin içərisində arı artıq yoxdur, daha doğrusu, müəyyən mənada yoxdur.

Əncir ağacı sikoniumların içində fikain (ficain) adlı bir maddə sekresiya, yəni ifraz etməyə başlayırlar. Fikain arıları əridən çox güclü bir fermentdir, ərimədən sonra qalan qalıqlar isə bitki tərəfindən həzm edilir. Digər bir deyimlə bitki arıları yeyir.

Əncir yeyərkən dişlərinizin arasında xırçıldayanların arılar olduğunu düşünəcəksiz. Bu, əsla belə deyil, xırçıldayan əncirin tumlarıdır.
Əminəm ki, bu son dərəcə maraqlı prosesi oxuyandan sonra gedib daha çox əncir alıb yeyəcəksiz. Çünki yediyiniz sikoniumun faydaları təxmin etdiyinizdən daha çoxdur. Məncə, Sikoniumun milyon illik təkamülü, onun tarixi və son dərəcə sürükləyici yaranma prosesi hər birinizin Təbiətə, Elmə, Rasional Biliklərə olan sevgi və istəyinizi artıracaqdır.




Əncir növləri
Əncirin sortları çoxdur. Dünyada Abikou, Albakor, Barbillone, Blək Madeyra, Kalimera, Hunt, King və s. sortları daha geniş yayılmışdır. Bunlardan ölkəmizdə rayonlaşdırılmış yerli və gəlmə sortlardan Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı əncir, Azəri, Xəzəri, Kadota, Kalimirna, Dalmatskidir.

Əncirin faydaları
Əncir meyvələrindən qan azlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Meyvələrindən təzə və qurudulmuş halda istifadə edilir. Əncir meyvələrindən şirə, doşab, kompot, cem, povidlo, mürəbbə, şərab və s. hazırlanır. Qurudulmuş meyvələri uzun müddət saxlanmaya və nəqliyyata davamlıdır.

Əncirdə quru halda 55-70%-ə qədər şəkər olur. Meyvələrin tərkibində asan mənimsənilən şəkər (9-28%), zülal (0,9-1,9%), turşular (0,22-0,71%), C vitamini (2 mq%), B1 vitamini (100 q meyvədə beynəlxalq vahidlə 80-100 qamma), B2 vitamini (100 q meyvədə 82 qamma), A provitamini (100 q meyvədə 60-90 qamma) vardır.

Xarici səraitə münasibəti.
Əncir istiyə tələbkar bitkidir. Mənfi -18 °C temperatura davam gətirir. Bundan aşağı şaxtada çoxillik hissələri ciddi zədə alır. Qışı şaxtalı keçən rayonlarda əncir sərilən formada becərilir və üzəri torpaqlanır. Əncir rütubətə orta dərəcədə tələbkardır. Müvəqqəti quraqlığa dözümlüdür. Lakin kifayət dərəcədə rütubətlənmiş torpaqlarda normal böyüyür və yüksək məhsul verir.

Ən uyğun torpaq
Torpağa münasibətinə görə çox bir çox növ torpağa yovuşan bitkidir. Müxtəlif tip torpaqlarda, qayalıqlardan başlamış ağır gilli torpaqlara qədər bütün sahələrdə bitə bilir. Lakin bol və yüksək keyfıyyətli məhsul almaq üçün yüngül gillicəli, kifayət dərəcədə rütubətlənmiş, su və hava keçirmə qabiliyyətli, münbit, dərin şum qatına malik torpaqlar əlverişlidir. Ağır gilli torpaqlarda meyvələr xırdalaşır, quru və şoran torpaqlarda böyümə zəifləyir, çiçək tumurcuqlarının formalaşması ləngiyir.

Bağın salınması və qulluq.
Əncir bağı salmaq üçün nisbətən düz, küləkdən mühafizəli, günəşlə yaxşı təmin olunan sahələr seçilməlidir. Mailliyi çox olan (20°-dən artıq) sahələrdə, bağ salmaq məcburiyyəti qarşısında, terraslar (səkilər) yaradılmalıdır. Sahə qabaqcadan dərin plantaj şumu edilir, üzvi və mineral gübrələrlə təmin olunur. Sortlar seçilir və bu zaman tozlanma tələb edən sortlar üçün hər 100 ağaca 5-6 tozlayıcı (kaprifiqi) götürülür. Kaprifiqilər şahmat üsulunda, hər 4-5 cərgədən bir əkilir.
Əncir üçün düzbucaqlı əkin sxemindən istifadə edilir. Qida sahəsi ekoloji şəraitdən, sort xüsusiyyətindən və torpağın tipindən asılı olaraq 6x4 m, 8x6 m, qışı sərt keçən rayonlarda isə 4x3 m və 5x4 m verilir. Əncir payızda və yazda əkilir. Qışı sərt keçən rayonlarda yaz əkini əlverişlidir.

 

0 şərh