Qədim stoa

Məktəbin yaranması Zenonun adı ilə bağlıdır. O, Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədi ilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Afinada Zenon fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada “Stoa Poykile” adlı portikusda 74 öyrəncilər üçün dərslər keçmişdir. Buna görə də məktəbin ardıcıllarını stoaçılar adlandırmışdırlar.
Diogenes Laertiusa görə, bəlkə də məhz Zenon “İnsan təbiəti haqında” əsərində ilk dəfə təbiətin qanunlarına uyğun ərdəmli həyat sürmək fikrini dilə gətirmişdir. Bununla da o, stoaçılığı etik problemlərin çözülmənsə yönəltmiş oldu. Həmçinin Zenon hesab edirdi ki, fəlsəfə üç tərkib hissədən: məntiq, fizika və etikadan ibarətdir və onlar vahid bir sistemdə birləşdirilməlidirlər. Bu prinsipləri o özü həyatı boyu tətbiq etmiş, sonda isə intihar etmişdir.
Roma filosofu Sisero yazırdı ki, Zenon təbii qanunu tanrı sayırdı. Onun fikrincə tanrının sifəti və şəxsiyyəti yoxdur. O bu dünyanın qanunauyğunluğudur ya da bir Əqldir. Buna görə də ona ibadət edilməz. Zenonun öyrəncilərindən bəziləri hesab edirdilər ki, bəzi ərdəmli insanları gələcəkdə tanrılaşdırmışdırlar. Həm də Zenona görə kainat canlı və diri varlıqdır. Hər şeyin əsasını isə «yaradıcı od» təşkil edir. Bu fikrin ifadə edilməsi ilə Zenon Heraklitin baxışlarını təkrarlamış olurdu.
Zenon və onun öyrənciləri Xeyir anlayışına önəm verirdilər. Bunu edərkən onlar Platonu təkrarlayırdılar. Zenonun fikrincə həyatın gözəlliyi vahid bir xeyirdədir, xoşbəxtliyə isə yalnız müdrik insan çatır. Eyni zamanda, nəfslər və mənfi ehtiraslar düşüncəyə qarşı duran və təbiətə zidd olan şeylərdir.
Zenonun tanınmış öyrəncilərindən biri Xrisippus olmuşdur. Onun fəaliyyəti nəticəsində stoaçılıq sistemləşmiş bir təlim kimi ortaya çıxmışdır. Ona görə Xrisippusu stoa məktəbinin ikinci yaradıcısı sayırlar. Xrisippus çoxlu kitablar yazsa da, bizim zamanımıza onlardan bəzi fraqmentlər gəlib çatmışdır.
Xrisippus daha çox məntiqi məsələlərə önəm vermişdir. O, başqa stoaçılar kimi hesab edirdi ki, fəlsəfənin üç istiqaməti vardır: məntiq, fizika və etika (əxlaq). Məntiq ritorika (söz ustalığı) və dialektikadan (mübahisə bacarığı) ibarətdir. Dialektika isə məna və səsə bölünür. Mənalar təsəvvürlər və onlara əsaslanan mülahizələrdən, cins və növlərdən, eləcə də sofizmlərdən ibarətdir. Səslər isə deyilən sözlər, cümlələrdir.
Dünyada hər şey səbəb və nəticə qanununa tabedir. Ona görə də mülahizələr sadə və mürəkkəb olur. Sadələrdə şeyləri keyfiyyətlərə görə təsnif edib, onlara dəqiq təriflər verirlər. Sadə mülahizələrin örnəkləri kimi “o gəzir”, “günəş göydədir” sözlərini misal gətirmək mümkündür.
Mürəkkəb mülahizələri Xrisippus şərtilərə (“günortadırsa, onda hava işıqlıdır”), birləşdiricilərə (“həm günortadır, həm də işıqlıdır”), müqayisəlilərə (“gün gecədən uzundur”) və s. bölürdü. Bunlardan ən önəmlisi şərti olan mürəkkəb mülahizələrdir. Orada sonrakı iddia öncəkiyə zidd olmamalıdır. Məsələn, “günortadırsa, onda hava işıqlıdır” cümləsini təhlil etsək, onun həqiqəti əks etdirdiyini görərik. Çünki “hava qaranlıqdır” desək, bu “günortadır” iddiasına zidd olar. Mülahizələrdən çıxan nəticə yalnız onda həqiqi sayılır ki, o həqiqi önərmələrə (iddialara) söykənsin.
Zenonun ən tanınmış öyrəncilərindən biri Kleantes olmuşdur. O, yeni ideyalarla çıxış etmiş, müəlliminin irsini yaymış və təbliğ etmiş, daha sonra stoa məktəbinə başçılıq etmişdir. Diogenes Laertiusa görə Kleantes çoxlu kitab yazmış, ancaq onlardan yalnız bəzi fraqmentlər zamanımıza çatmışdır. Kleantes də bəzi digər filosoflar kimi könüllü olaraq yeməkdən imtina edərək ölmüşdür.
Kleantes panteist olmuşdur. O deyirdi ki, bu dünya tanrıdır, bəzən isə təbiətin Əqli və Ruhunu da tanrı adlandırırdı. Tanrı bu dünyanı yandırır, sonra isə dirçəldir. O da, Zenon kimi təbiətə uyğun həyatın sürülməsini vacib hesab edirdi.
Fəlsəfəni bir tamlıq kimi dəyərləndirən stoaçılar məntiq məsələlərinə önəm verirdilər. Onların fikrincə məntiqsiz nə fizikanı (təbiət haqqında elmi), nə də onların fəlsəfəsinin əsasını təşkil edən etikanı (əxlaqı) anlamaq olmaz.
Məntiq elminin inkişafında stoaçıların çox böyük rolu olmuşdur. Onların fəlsəfəsində məntiq həm natiqlik, həm də fikirləri əsaslandıran söz və cümlələr haqqında elmdir.
Stoaçılara görə ilk olaraq duyğu orqanlarının vasitəsi ilə şeylər haqqında təsəvvür yaranır. Sonra bu təsəvvürlər insanın ruhunda əks olunur və ağılla təhlil edilərək dərk edilir. Onlar hesab edirdilər ki, əgər duyğular şeylər haqqında düzgün (təbiətlərinə tam uyğun) xəbər verirlərsə, onda onlar ruhda da düzgün əks olunurlar. Duyğular şeylər haqqında onların təbiətlərinə uyğun olmayan xəbərlər verirsə, onda yanlış təsəvvürlər yaranır. Yanlışlıq duyğu orqanlarında ola bilən qüsurlar, ağlın çatışmamazlığı, şeylərin insan duyğularına uyğun gəlməməsi kimi səbəblərdən ortaya çıxır.
Daha sonra stoaçılara görə insan düşüncəsinin böyük önəmi vardır. Düşüncə biliyin həqiqi olmasını təsdiq etməlidir. Düşüncənin duyğular vasitəsi ilə alınmış bilgilərlə barışması nəticələr ortaya çıxarır. Buna da katalepsis deyilir. Ancaq, insan düşüncəsi eyni şey haqqında fərqli nəticələr ortaya qoya bilər. Ona görə insan o şey haqqında hökm verdikdə onlardan birinə üstünlük verir. Deməli, idrak təkcə bizə xaricdən gələn bilgilərdən deyil, həm də onlara göstərilən münasibətimizdən və bizim çevrədəki şeylər haqqında verdiyimiz hökmlərdən asılıdır. Bu da insanın azad iradəsidir. Səhv nəticələr onda ortaya çıxır ki, insan şeylərin mahiyyətinə varmır və onlar haqqında tam təsəvvür yaratmayaraq o şeylər haqqında hökm verməyə tələsir. Beləliklə, yalnız həqiqi katalepsis insanı həqiqətə çatdırır.
Həm də bizim düşüncəmiz daxil olan təsəvvürləri qavrayır və onlardan ümumi məntiqi nəticələr çıxarır. Əqlin bu keyfiyyətlərini stoaçılar “Loqos” adlandırmışdır. Onların fikrincə o həm söz, həm də təfəkkür vasitəsidir. Məhz, Loqos insanları heyvanlardan fərqləndirir. İnsanda olan Loqos Tanrıların əqlinə bərabərdir və dünya Əqlinin tərkib hissəsidir. Ancaq, tanrılardan fərqli olaraq insan səhvlər etməyə meyllidir.
Bundan başqa yanlışlıqların yaranmasında bir başqa səbəb də vardır. İnsan duyğularla alınmış və düşüncə ilə qavranılmış şeyləri özünün və cəmiyyətin tətbiq etdiyi sözlər, cümlələr və hecalarla ifadə edir. Bunlar da o şeyləri əks etdirən işarələr, simvollar və rəmzlərdir. Yəni bizim danışdığımız dil özü bir simvollar sistemidir ki, onlarla biz çevrəmizdəki şeyləri ifadə etməyə çalışırıq. Burada da bir başqa problem yaranır. Duyğular və düşüncəmiz bizə şeylər haqqında doğru bilgi verirsə belə, onu işarələrlə (dillə) düzgün təqdim etmək lazımdır.
İşarələr gerçək şeyləri düzgün əks etdirirsə onda onun haqqında həqiqi bilik əldə olunur. Belə olmasa (işarə şeyə uyğun olmasa), şeylər haqqında yanlış təsəvvür yaranır. Yanlışlıqları həqiqətdən ayıran bilik sahəsini stoaçılar dialektika adlandırırdılar.
Duyğularla əldə edilən bilik və onun ağıl tərəfindən qavranılaraq nəticələr ortaya çıxarması elmi bilik deyil, yalnız onun mənbəyidir. Elmi biliyin meyarı isə hər şeyin sübuta yetirilməsidir.
Stoaçılara görə hər bir şey haqqında həqiqətə dayanan mülahizə və fikir məntiqi silsilə ilə başqa şeyin həqiqiliyindən doğmalıdır. Ona görə də müdriklik yalnız kataleptik təsəvvürlərlə düşüncənin razılıqda olması demək deyildir. Müdriklik doğru nəticələrin əldə edilməsidir. Müdrikliyi çevrədəki şeyləri işarə edən sözlərin o şeylərə uyğun olub-olmamasını təyin etməklə əldə etmək olar. Deməli həqiqətə çatmaq üçün şeylərin təbiətinə uyğun olan söz və cümlələr tapmaq lazımdır. Belə olmazsa, onda həqiqət açılmaz. Beləliklə, bütün yanlışlıqların kökündə ikimənalı sözlər durur. Onların araşdırılıb ortalıqdan qaldırılması isə müdrik insanın vəzifəsidir.
 
Fizika sahəsində stoaçılar hesab edirdilər ki, yalnız cisimlər vardır, boşluqlar isə yoxluqdur. Hər bir cismin substansiyası vardır, bu da ilk materiyadır. Dünya isə 4 ünsürdən — od, hava, su və yerdən — ibarətdir.
Heraklit kimi stoaçılar da hesab edirdilər ki, dünyanın əsasında od durur. Ondan hər şey yaranır və ona doğru qayıdır. Onlara görə iki başlanğıc vardır: birincisi passiv materiya, ikincisi isə onu hərəkətə gətirən Loqosdur. Loqos tanrı kimi də anlaşıla bilər. Hər iki başlanğıc əbədidir, yaradılmayıb və məhvedilməzdir. Ancaq, Aristoteldən fərqli olaraq stoaçılar tanrını materiyadan ayırmır və onları vəhdətdə təsəvvür edirdilər. Beləliklə, stoaçılar Aristotelin dualizmini (tanrı və materiya ikiliyini) qismən aradan qaldırıb, daha da çox monizmə meylli idilər. Həm də onlara görə tanrının varlığı bir abstraksiya, nisbilik kimi qəbul edilir. O eyni zamanda, dünyanın Əqli və toxumudur.
Stoaçıların özünəməxsus teoloji baxışları (ilahiyyatları) da olmuşdur. Bu baxışlara görə dünyanı yaradan Tanrı öz ilahi substansiyasının bir hissəsini hava və suya çevirir. Sonra suyun bir hissəsi oda, daha bir hissəsi isə havaya çevrilir. Beləliklə, dünyanın bədəni yaranır. Bu bədəndə tanrı yaradıcı od kimi mövcud olur və ruh, əql, eləcə də tale kimi özünü göstərir.
Digər tərəfdən stoaçıların təlimində dünya ilk materiyanın qatılaşıb seyrəlməsindən yaranır. Bunun nəticəsində də ortaya ünsürlər çıxır.
Onlara görə dünyanın əvvəli və sonu vardır. Sonda o böyük yanğında məhv olur və oda çevrilir. Dünyanın inkişafı isə səbəb və nəticə qanunlarına uyğun şəkildə baş verir. Səbəbsiz heç nə olmur. Məhv olduqdan sonra dünyalar yenidən yaranır. Bu proseslər də sonsuzluğa qədər baş verir. Bütün olaylar zərurət, tale və qanunauyğunluq nəticəsində ortaya çıxır.
Stoaçıların fəlsəfəsində ruh isti və odlu pnevmadır (kosmosun nəfəsidir). Onun tərkib hissələri vardır. Zenon hesab edirdi ki, ruh səkkiz hissədən ibarətdir və onun razılıq, istək, anlamaq, qavramaq kimi özəllikləri vardır. Onlar da pnevmanı duyğu orqanlarına doğru yönəldir və insanda duyğu hissləri yaranır.
Bəzi stoaçılara görə ruh bədənin ölümündən sonra bir müddət yaşayır, sonra isə ümumdünya ruhuna qovuşaraq fərdi varlığını itirir. Müdriklərin ruhları daha çox yaşayır, ancaq dünyanın sonunda onlar da ölürlər. Ancaq, bəzi stoaçılar ruhun ölməz və öncədən olduğunu iddia edirdilər.
Tanrı (Zeus) dünyanın dağılmasından sonra məhv olmur. O, başqa tanrılardan fərqli olaraq ölməzdir. Eyni zamanda, Zeus və başqa tanrılar bir məcaz kimi də təsəvvür edilirdi. Məsələn, Hrisippus deyirdi ki, Zeus əslində hər şeyin ümumi təbiəti, taleyi və zərurətidir. Başqa tanrılar isə odu, ayı, günəşi və yeri təcəssüm etdirirlər.
Stoaçıların təlimində dünya insanlar və tanrılar üçündür. Onlar tanrının varlığını teoloji dəlillərlə sübuta yetirməyə çalışırdılar. Onların fikrincə, əgər bir şeyin təbiəti başqa şeyin təbiətindən daha yetkindirsə, onda ən yetkin təbiətə malik olan Tanrı vardır. Bu fikirdən gələcəkdə Anselm (XI yüzillik) və Dekart (XVII yüzillik) kimi Avropa düşünürləri də istifadə etmişdilər.
Daha sonra stoaçılar şərin təbiəti haqqında düşüncələrini irəli sürmüşdürlər. Onların fikrincə şərin dünyada olmasına görə Tanrı sorumlu deyildir. Çünki şər anlayışı nisbidir və yalnız insan fəaliyyətinin nəticəsində yaranır. Mütləq şər isə yoxdur. Deməli Tanrı onu yaratmamışdır.
Stoaçılar həqiqi ərdəmi təbiətə uyğun olan həyat sürməkdə görürdülər. İnsanı xoşbəxtliyə aparan tək bir yol yaxşılıq və ərdəmlilikdir. Buna qarşı olan anlayışlar isə qüsurlardır. Ərdəmin dörd əsas çeşidi vardır: ağıl, mülayimlik, ədalət və igidlik. Bunlara qarşı duran qüsurlar isə ağılsızlıq, azğınlıq, ədalətsizlik və qorxaqlıqdır. Bütün başqa anlayışlar isə etinasızlıq hissi doğuran şeylərdir. Yalnız ərdəm və qüsur insanın hökmündədir və onun tərəfindən könüllü olaraq seçilir. Başqa şeylərin üzərində isə insanın hökmü yoxdur və o, onlara təsir edə bilmir, həmin şeylərin üzərində yalnız yüksəlmək olar. Deməli, insan öz taleyi qarşısında acizdir və onunla barışmalıdır. O yalnız kosmik qanunauyğunluğa tabe olmalı, özü üçün hökmündə olmayan şeyləri arzulamamalıdır.
Stoaçıların etik idealı ataraksiyaya (rahatlığa) çatmaq və səbrli (anateya) olmaqdır. Stoaçı müdrik əqlin təcəssümüdür. O, səbirli və təmkinli olmalıdır. Onun xoşbəxtliyi heç bir xoşbəxtlik arzusunda olmamasıdır. Bundan da belə nəticə çıxır ki, insan istənilər olayın qarşısını ala bilməz və yalnız öz içində ona münasibət bildirə bilər. Buradan da görünür ki, stoaçılar taleçiliyə (fatalizmə) böyük önəm vermişdilər. Taleyin qanunlarının əsasında baş verən olaylara qarşı insan yalnız öz daxili aləminə, mənəviyyatına arxalana bilər.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh