Рейтинг
+70.55

ginekologiya

56 üzv, 230 topik

Gələcək analar üçün 7 "olmaz"

Xaricdə istirahət etmək olmaz
Әnənəvi olaraq, hesab edilir ki, hamilə qadın təyyarə ilə uçmamalı və iqlim dəyişməməlidir. Birinci bəndə gələrkən, həqiqətən də ehtiyatlı olmaq lazımdır. Lakin hamiləlik normal keçdikdə, 24‐26 həftəyə qədər təyyarə ilə rahat uçmaq olar.

Hamiləliyin sonuncu müddətlərində aviasəyahətlər artıq məsləhət deyil. Uçuş zamanı atmosfer təzyiqinin kəskin dəyişməsi baş verir. Hamilə qadın aşağı təzyiq zonasına düşərkən, vaxtından əvvəl doğuş riski əmələ gəlir. Sağlamlıq ilə əlaqədar olan əlavə problemlər vəziyyəti bir qədər də ağırlaşdırır.

Bəzi hallarda hamilələr yüksək meteohəssalığa malikdir və hətta adi hava dəyişməsinə reaksiya verir. Hamiləliyin pozulması təhlükəsi olan qadınlar daha çox hava proqnozlarına diqqət yetirməlidir. Sinoptiklər aşağı təzyiq vəd edirsə, o gün hamilə qadının evdə qalması və istirahət etməsi məsləhətdir.

İqlimə gəldikdə isə, burada da çox şey qadının sağlamlığından asılıdır. Әlbəttə, Bakı qışından Tailanda, yaxud Dominikan Respublikasına getməyə dəyməz. Misirdə isə gələcək anaya daha xoş olacaqdır. Lakin belə eksperimentlər yalnız sakit hamiləlik zamanı mümkündür. Әks halda, yumşaq Qara dəniz və ya Aralıq dənizi iqlimi ilə məhdudlaşmaq lazım gələcəkdir. İstirahət etmək üçün ən əlverişli mövsüm erkən yay və ya payızdır.
Ardı →

USM zamanı uşağın cinsinin təyin edilməsi

Dölün cinsinin təyin edilməsinin dəqiqliyi hamiləliyin müddətindən və bir çox hallarda USM avadanlığından (daha müasir avadanlığın imkanları, təbii ki, daha çoxdur) və həkimin təcrübəsindən və peşəkarlığından asılıdır.

Hamiləliyin 8-ci həftəsinə kimi embrionun cinsini təyin etmək mümkün deyil. Məsələ burasındadır ki, embrionun xarici cinsiyyət üzvlərinin formalaşması yalnız hamiləliyin 10-cu-12-ci həftəsində qurtarır.

Həkimlərin əksəriyyətinin fikirinə görə, dölün cinsinin təyin edilməsi yalnız hamiləliyin 15-ci həftəsindən sonra mümkün olur. Ən ideal vaxt isə hamiləliyin 21-ci-22-ci həftələri sayılır. Həkim oğlanda xayalıq və cinsiyyət üzvünü, qızlarda isə böyük cinsiyyət dodaqlarını «tapmaqla» dölün cinsini təyin edə bilir.
Ardı →

Başlayan doğuşun əlamətləri

Doğuşa 24-48 saat qalmış qadınlarda qan qarışığı ilə selikli ifrazat meydana çıxa bilər ki, bu da uşaqlıq boynu kanalının tıxacının xaric olması kimi qiymətləndirilə bilər.

İlk sancılar adətən qarında, bəzi hallarda isə beldə hiss olunur. Belə təsəvvür yaranır ki, ağrı dalğası belin orta hissəsində yarandıqdan sonra dalğa diyirlənərək hər 2 ombaya yayılır, sonda qarında birləşir.

Əvvəlcə sancılar o qədər də güclü olmur (zəif çimdikləmə kimi). Sonradan sancılar güclənərək daha uzun müddətli (6-10 saniyə) olur, getdikcə intensivləşərək müntəzəm xarakter alır, yəni hər dəfə eyni bir vaxtdan sonra təkrarlanır. Doğuşun lap əvvəlində sancılar hər 20-25 dəqiqədən bir təkrar olunur. Əgər siz ilk körpənizi gözləyirsinizsə, doğum evinə sancılar hər 5-7 dəqiqədən bir təkrar olunanda getmək lazımdır. Təkrar doğan qadınlar isə doğum evinə sancıların müntəzəm xarakter aldığı ilk vaxtından getməlidirlər. Təkrar doğan qadınlarda doğuş prosesi ilk dəfə doğan qadınlara nisbətən daha sürətli gedir.
Ardı →

Çoxdöllü hamiləlik

İnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.

Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.

Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.

Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində “proqramlaşdırılır”. Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.
Ardı →

Hamiləlik dövründə anemiya

Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı «qanazlığı» da adlandırırlar.

Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.

Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.


Ardı →

Hamiləlik müddəti və əlamətləri

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən — mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.
Ardı →

Qız uşaqlarının ginekoloji sağlamlığı

Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır. Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.

Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar. Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər. Balaca qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır.
Ardı →

Keysər əməliyyatı

Keysər kəsiyi ümumi narkoz altında qarın divarı və uşaqlıqda kəsik aparılaraq dölün çıxarılmasına yönəldilən cərrahiyyə əməliyyatıdır.

Bu müdaxiləyə yalnız ananın və körpənin həyatı üçün ciddi təhlükə yaradan amillər üzündən təbii doğuşun qeyri-mümkün olduğu zaman əl atılır:

— təbii doğuşun qeyri-mümkünlüyü (dölün başı və qadının çanaq ölçülərinin uyğunsuzluğu, doğuş yollarında maneələr, şişlər, dölün alın, üz, köndələn gəlişi);

— ananı və ya körpəni xilas etmək üçün doğuşu tez bitirmək zərurəti (qanaxma, uşaqlığın cırılma təhlükəsi, dölün kəskin bətndaxili hipoksiyası (oksigen çatışmazlığı);

— hamiləliyin davamı ana və ya körpə üçün təhlükəlidirsə, onun məcburi dayandırılması (ağır nefropatiya, ciftin qanaxma ilə qismən qopması);

— qadının bəzi somatik xəstəlikləri.

Cərrahiyyə əməliyyatından qabaq gigiyenik duş qəbul etmək lazımdır. Rahat yatıb yuxunuzu alın.
Ardı →

Mastopatiya və onun səbəbləri

Mastopatiya — süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir.

Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə, dəyər! Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya ilə əsasən dölyaratma yaşında (25-45 yaş) olan qadınlar xəstələnirlər. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.


Ardı →

Ovulyasiya testləri

Ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) baş vermədikdə hamiləlik mümkün deyil. Qadın sonsuzluğun əsas səbəbi də ovulyasiyanın olmamasıdır (anovulyasiya).

Anovulyasiyanın səbəbləri müxtəlifdir — endokrin xəstəliklər (bu zaman orqanizmdə hormonal pozulmalar yaranır ki, nəticədə ovulyasiya baş verməyə bilər), polikistoz yumurtalıqlar sindromu, hipotalamus və hipofiz şişləri və s.

Onu da nəzərinizə çatdıraq ki, hətta tam sağlam və menstrual dövrü mütəmadi olan qadında 1 il ərzində 1-2 menstrual dövr (birinin ardınca olmamaq şərti ilə) ərzində ovulyasiya baş verməyə bilər. Bu normal sayılır.


Ardı →