Heyvanlara münasibət
Bir müddət əvvəl müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır. Elə insanlarımızın heyvanlara olan münasibəti onların düşüncəsinin, dünyagörüşünün nə qədər dar və kasad olduğunu göstərir. «Yeməyini ye, yoxsa it aparacaq», «yatmasan, it gəlib səni yeyər» və s. kimi ifadələrlə hələ kiçik yaşlardan etibarən uşaqlara heyvanlara qarşı nifrət təlqini aşılanır və bunun nəticəsidir ki, heyvanı vəhşi, aşağı varlıq kimi görən gənc vəhşicəsinə, işgəncə verərək bu aciz, dilsiz-ağılsız varlığı vurub öldürür. Hələ bu az deyilmiş kimi, iyrənc qəhqəhələr ataraq etdiyindən ləzzət aldığını nümayiş edir. Biz Tv-də bu xəbəri görəndə: «Yazıq itin başına nə oyun açdı», — deyərək onu öldürən gənci qınadıq. Lakin o cür vəhşiliyi ona təlqin edən, heyvanlara qarşı nifrəti, qəddarlığı ona öyrədən cəmiyyəti, yəni özümüzü qınamalıyıq. İti öldürən gəncə 500 manat cərimə kəsməklə onu «ağıllandıracağımızı» və «başqalarının gözünün odunu alacağımızı» zənn etdik. Lakin belə bir cəza gəncimizi, o cümlədən, eyni psixologiyada olan digər gənclərimizi mənəvi çöküşdən xilas edəcəkmi?
Öldürdüyü heyvana iyrənc, əzilməyə layiq varlıq kimi baxan gəncə əslində doğrular öyrədilməyib. Bu gəncin belə davranmasının səbəbi nədir? Bunu bilirikmi? Əsas problem odur ki, insanlar din əxlaqından get-gedə uzaqlaşırlar. Cəmiyyətimizdə əxlaqi degenerasiya baş alıb gedir. Bu gün şəfqəti, sevgini, mərhəməti aradan qaldıran, bunun yerinə «Güclü olan zəifi əzməlidir» prinsipini həyat amalına çevirən cəmiyyət modeli vardır. İnsanlar Allah qarşısında məsuliyyət daşıdıqlarını, bir gün törətdiklərinə görə cavab verəcəklərini unudurlar, ya da bilmirlər. Bəziləri də bilsə də, inkar edir. Elə problemlər bundan qaynaqlanır. Biz uşaqlarımıza, gənclərimizə bütün varlıqların Allahın yaratdığı bir gözəllik olduğunu öyrətməliyik. Onlara, yaradılan bütün canlılara şəfqət hissi, sevgi hissi bəsləməyi aşılamalıyıq. Onlara aqresiyya, şiddət öyrətmək əvəzinə, Allahın yaratdığı hər şeydə- göydə, yerdə, bütün canlılarda bir gözəllik görməyi öyrətməliyik. Onları canlılardakı yaradılış dəlillərini düşünməyə təşviq etməliyik. Belə olan təqdirdə, gənclərimiz aqresiyya xəstəliyindən qurtular. Heyvana vəhşi deyən, özü isə hər cür vəhşiliyi törədə bilən insanların sayı azalar.
İndi isə çox sevimli canlılar olan itlərlə bağlı araşdırdığım mövzunu oxucularla paylaşmaq istəyirəm. İtlər çox ağıllı və əhlilləşdirilməsi çox asan olan heyvandırlar. Yaxşı təlim görərək əhlilləşən itlər bəzən qoruma, mühafizə məqsədi ilə istifadə olunur. Bu heyvanlar çox qəribədirlər. Düşməni görəndə hərəkətə keçən bu canlılar öz sahiblərinə heç vaxt zərər vermirlər. Hətta öz canlarını sahibləri üçün təhlükəyə də atır və nə olursa olsun çətin zamanlarda sahiblərini qoyub getmirlər. İtlər belə vəfalı, sadiq və fədakar canlılardır, eynilə insanlar kimi… Həqiqətən də, bu canlıları sevməmək qeyri-mümkündür. Fərqli növlərdə və rənglərdə, böyük-kiçik, uzun tüklü, qısa tüklü yüzlərlə it növünün olması Allahın canlıları yaradarkən heç bir örnək olmadan, bənzərsiz, örnəksiz yaratmasının ən gözəl nümunələrindən biridir.
Bir Quran ayəsində Rəbbimiz bu yaratma sənətindən belə xəbər verir: «O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur Allah- sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O hər şeyi Qoruyandır.» (Ənam surəsi, 101-102) İndi bu yaratma sənətini görən, düşünən insan heyvana iyrənc varlıq kimi baxıb onu məhv edərmi? Əlbəttə ki, etməz. Düşünər ki, bu, Allahın yaratdığı dəlildir. Üzərində dərindən düşünüb təfəkkür etmək, Allahın elmini öyrənib Ona yaxınlaşmaq üçün bir vəsilədir.
0 şərh