Müharibənin ilk mərhələsi

Sözügedən mərhələ 1939-cu il sentyabrın birindən 1942-ci ilin iyununadək olan dövrü əhatə edir. Bu mərhələdə Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəyyən edilmiş sərhəddə (Lvov, Vladimir-Volınski, Brest-Litovski) çatmaqla Polşanın qərb hissəsini zəbt etdi. Polşanın hökumət üzvləri, hərbi komandanlıq ölkəni tərk etdilər. Mühasirəyə alınmış Varşava sentyabrın 28-ə kimi müqavimət göstərdi. Oktyabrın 2-də Polşa ordularının mühasirə olunan hissələri təslim oldular. 1939-cu il sentyabrın 30-da general V.Sikorski başda olmaqla Anjeredə (Fransa) mühacir Polşa hökuməti yaradıldı. 1940-cı ilin iyunundan hökumət Londonda sakinləşdi.

1939-cu il sentyabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qərbi Belarusiyanı SSRİ-nin tərkibinə qatdılar.

 

İkinci Dünya müharibəsinin ilk əməliyyatları

SSRİ və Almaniya arasında sentyabrın 28-də bağlanmış "Sərhədlər və dostluq barədə" müqaviləyə əsasən sovet-alman sərhədi Narev, Qərbi Buq və San çayları xətti müəyyən olundu. Bu, əsasən, hələ 1919-cu ildə Antanta ölkələri tərəfindən Polşanın şərq sərhədi kimi müəyyən olunmuş "Kerzon xəttinə uyğun idi.
Hələ 1939-cu ilin sentyabrın 3-də Almaniyaya müharibə elan etmiş İngiltərə və Fransa 1940-cı il mayın 10-a kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar. Halbuki, qərb cəbhəsində 23 alman diviziyasına qarşı onların 115 diviziyası durmuşdu. Buna görə də bu dövr "qəribə müharibə" adını almışdı. Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təcavüzü genişləndirirdi. 1940-cı ilin aprelində o, Danimarkanı və Norveçi işğal edərək mayın 10-da Şimal dənizinin sahillərindən "Majino xəttinə " qədərki məsafədə hücuma keçdi. May ayı ərzində Luksemburqu, Belçikanı, Hollandiyanı zəbt etdi. 1940-cı il iyunun 14-də Alman qoşunları Parisə daxil oldular. İyunun 22-də Fransa Kompyendə Almaniya ilə sülh imzalamağa məcbur oldu. Təslim aktına əsasən Fransanın şimal və mərkəzi hissəsi Almaniyanın işğal dairəsi oldu. Cənub hissəsində isə marşal A.Petenin (1856-1951) başçılığı ilə paytaxtı Vişi şəhəri olmaqla nasistlərlə əməkdaşlıq edən hökümət (Vişi rejimi) yaradıldı. Lakin general Şarl de Qollun (1890-1970) başçılığı ilə Fransa xalqı faşist işğalçılarına qarşı mübarizəni davam etdirirdilər. Onlar xaricdə "Azad Fransa" təşkilatı yaratmışdılar.

Peten (Petain) Anri Filipp (1856-1951). Fransa hərbi və dövlət xadimi, marşal (1918). Birinci dünya müharibəsində iştirak etmiş, Fransa ordusunun qərargah rəisi, sonra isə baş komandanı olmuşdur. 1940-cü ildə baş nazirin müavini, sonra baş nazir olmuş, Almaniya ilə Kompyen barışığını (1940) imzalamışdır. Faşist "Vişi" rejimində dövlət başçısı (1940 iyul-1944 avqust) idi. Almaniya faşistləri ilə əməkdaşlıq etmişdir. 1945-ci ildə ölüm cəzasına məhkum olunmuşdur (ömürlük həbslə əvəz edilmişdir).

Charles de GaulleŞarl de Qoll (Gaulfe) (1890-1970). Fransa dövlət, hərbi və siyasi xadimi, briqada generalı (1940). Birinci dünya müharibəsində iştirak etmiş, müxtəlif hərbi vəzifələrdə işləmişdir, İkinci dünya müharibəsi dövründə tank və zirehli tank dıviziyalarına başçılıq etmiş, milli müdafiə nazirinin müavini olmuşdu. Alman faşist qoşunları Parisi tutduqdan və Petenin təslimçi hökuməti hakimiyyətə gəldikdən sonra Böyük Britaniyaya getmiş, Londonda "Azad Fransa" hərəkatının əsasını qoymuşdur. 1943-cü ildə Fransa Milli Azadlıq Komitəsinin, 1944-cü ildə Fransa Respublikası müvəqqəti hökumətinin sədri olmuş, 1958-ci ildə Nazirlər Şurasının sədri olmuş, 2 dəfə (1958 və 1965) Fransanın prezidenti seçilmişdir.

1940-cı ilin mayında (10-da) Böyük Britaniyanın rəhbərliyində dəyişiklik baş verdi. Almaniyaya münasibətdə yumşaqlıq edən N.Çemberlenin yerinə hakimiyyətə antialmanpərəst, antifaşist, habelə antisovet əhval-ruhiyyəli U.Çörçill (1874-1965) gəldi. Bununla da "qəribə müharibə" dövrü sona çatdı.

Çörçill Uinston Leonard Spenser (1874-1965) Böyük Britaniya dövlət, siyasi və hərbi xadimi, Mühafizəkarlar partiyasının liderlərindən biri, 19241929-cu illərdə maliyyə naziri, 1939-cu ilin sentyabrında hərbi nazir, 1940945-cı illərdə baş nazir olmuşdur. O, "soyuq müharibə" siyasətinin ilhamçılarından biri olmuşdu. Nobel mükafatına layiq görülmüşdü.

1940-cı ilin avqustundan 1941-ci ilin may ayına kimi alman komandanlığı İngiltərənin müharibədən çıxmasına nail olmaq məqsədilə "Dəniz pələngi" şərti direktivi əsasında onun şəhərlərini müntəzəm olaraq havadan bombardman etməyi təşkil etdi. Bunun nəticəsində göstərilən zaman ərzində İngiltərəyə 190 min tona yaxın bomba atılmışdı. 1941-ci ilin iyunu üçün İngiltərənin ticarət donanmasının 1/3-i batırılmışdı.
1940-cı ildə Almaniya öz növbəsində faşist-militarist bloku möhkəmləndirmək məqsədilə tədbirlər gördü. 1940-cı ilin sentyabrında (27) Berlində Almaniya, İtaliya və Yaponiya arasında siyasi və hərbi-iqtisadi ittifaq barədə üçlük paktı imzalandı. O, dünyanı yenidən bölmək paktı idi. Paktda üç dövlətin hər birinin nüfuz dairələri müəyyənləşdirilmişdi.
İtaliya 1940-cı ildə Afrikada İngiltərənin və Fransanın müstəmləkə torpaqlarında hərbi əməliyyatı gücləndirdi. O, Britaniya Somalisini tutdu, Keniya və Sudana soxuldu. Sentyabrda İtaliya Liviyadan Aralıq dənizi boyu Şərqə doğru irəliləməyə başladı. O, Misirə daxil oldu. Lakin özünü tezliklə düzəldən İngiltərə Misirdən italyan qoşunlarını sıxışdırıb çıxartdı. O, 1941ci ilin əvvəllərində Eritreyanı, Somalini və Efiopiyanı italyanlardan geri aldı, onları Keniya və Sudanda sıxışdırdı. Bu əməliyyatlar nəticəsində İtaliyanın Şərqi Afrikada tutduqları ərazilər geri qaytarıldı.
Almaniya 1940-cı ilin sentyabr - 1941-ci ilin mart ayları arasında Rumıniyanı, Macarıstanı, Bolqarıstanı öz müttəfiqinə çevirdi. 1941-ci ilin yazında Almaniya Yuqoslaviyaya hücum etdi. O, İtaliya ilə birlikdə Yunanıstanı zəbt etdi: bütün Cənub-Şərqi Avropa ölkələri onlar tərəfindən işğal olundular. Almaniya Türkiyədə və İranda möhkəmlənməyə başladı.
Qərbi Avropadakı hadisələr kontinentdən kənar ABŞ-ı narahat etməyə bilməzdi. O, 1940-cı ildən müharibə edən ölkələrə yardımı genişləndirdi. İngiltərəyə hərbi-iqtisadi yardımı daha da artırdı. 1941-ci ildə ABŞ üçün həyat əhəmiyyəti olan ölkələrə borc və ya icarə yolu ilə silah və hərbi ləvazimat verilməsini nəzərdə tutan Lend-liz qanununu qəbul etdi.1941-ci il martın 11-də ABŞ ilə İngiltərə arasında Lend-liz barədə müqavilə imzalandı.
Müharibənin ilk dövründə SSRİ təhlükəni özündən uzaqlaşdırmaq və ölkənin müdafiəsini gücləndirmək siyasəti yürüdürdü. O, Almaniya ilə diplomatik və iqtisadi əlaqələri davam etdirir, öz növbəsində hərbi-sənaye potensialını gücləndirir və sərhədlərini genişləndirırdi. 1939-1940-cı illər sovet-fın müharibəsinin nəticəsi olaraq SSRİ Vıborq şəhəri daxil olmaqla Kareliya bərzəxini, Ladoqa gölünün qərb və şimal sahillərini və b, şimal ərazilərini özünə birləşdirdi. 1940-cı ilin yayında Litva, Latviya və Estoniyanı, Şimali Bukovinanı və Bessarabiyanın çox hissəsini SSRİ-yə qatdı. SSRİ-nin sərhədləri 300-400 km qərbə çəkildi.

SSRİ və ABŞ-ın müharibəyə qatılması

Bu mərhələ, həm də SSRİ və ABŞ-ın müharibəyə qoşulması,sovet ordusunun ilk uğursuzluqları, alman ordularının Moskva altında ilk məğlubiyyəti, antihitler koalisiyasının yaradılması, və b. hadisələrlə səciyyələnirdi.
Artıq 1941-ci ilin yayı üçün faşistlər, demək olar ki, bütün Avropanı zəbt etmişdilər. Onlar, Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kv kilometr ərazisini ələ keçirmişdilər. Bu ərazidə təqribən 32 milyon ton polad, 422 milyon ton daş kömür istehsal olunurdu. Bundan sonra, onlar üzlərini şərqə yönəltdilər.
Almaniya hələ 1940-cı ilin ikinci yarısından SSRİ-yə hücum etmək planı hazırlamağa başlamışdı. O, 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq "Barbarossa" adı verilmişdi. Bu "ildırım sürətli müharibə" planı adlandırılırdı. Belə ki, həmin plana görə 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.
Almaniya 1941-ci il iyunun 22-də 1939-cu il avqustun 23-də bağladığı 10 il müddətinə hücum etməmək və sentyabrın 28-də imzaladığı "Sərhədlər və dostluq barədə" müqavilələri pozaraq bütün sərhəd boyu 190 diviziya ilə SSRİ üzərinə hücuma keçdi. Alman-sovet müharibəsi başlandı. Bu Rusiyanın Sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur.


Hitler öz antikommunizm, antisovet hisslərini izhar edərək SSRİ-yə hücumundan bir neçə saat əvvəl dostu B.Mussolinə yazmışdı: "Bu qərara gəldikdən sonra daxilən özümü yenə çox azad hiss edirəm. SSRİ ilə əməkdaşlıq etmək mənə çox əziyyət verirdi. Mənə elə gəlirdi ki, mən öz keçmişimdən, öz dünyagörüşümdən, öz niyyətlərimdən əl çəkmişəm. Çox şadam ki, indi mən bu mənəvi yükdən azad olmuşam".
Müharibənin ilk dövründə SSRİ qoşunları məğlubiyyətə uğrayırdılar. Çünki faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. O, təpədən dırnağa kimi silahlanmışdı. Sovet-alman müharibəsi başlanan zaman Almaniya ildə 11 min təyyarə, 5200 tank və zirehli maşın, 30 mindən çox top, 1.7 milyon tüfəng və avtomat silah istehsal edirdi. Onun silah altında 8.5 milyon əsgəri var idi. Onun da 5.5 milyonu şərq cəbhəsinə yeridilmişdi. SSRİ isə hələ müharibəyə tam hazır deyildi. Müharibə başlayan vaxt sovet ordusu sıralarında 4.2 milyon nəfər adam var idi. Sovet sənayesi ildə 1800 tank, 4 minə yaxın hərbi təyyarə, 800 mindən bir az çox tüfəng və avtomat silah istehsal edirdi. Sovet ordusunun ancaq 18.2% yeni tanklarla, 21.3% təyyarələrlə silahlanmışdı. Ölkədə arxayınçılıq da hökm sürürdü Üstəlik müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar da orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyyətindən 43 min nəfəri repressiyaya məruz qalmışdı. Ali zabit heyyətinin 80%-ə qədəri məhv edilmişdi. Belə ki, ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan üçü, 15 ordu komandanından 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Orduda silahların modernləşdirilməsi sahəsində də ciddi gerilik var idi. Məhz bunlara və digər obyektiv və subyektiv səbəblərə görə alman-faşist orduları müharibənin ilk vaxtlarında böyük müvəffəqiyyətlər qazanmışdılar. Onlar tezliklə ölkənin içərilərinə irəliləmiş, Sovetlərin ilk paytaxtı Leninqradı (Sankt-Peterburq) mühasirəyə almış, Moskva həndəvərinə gəlib çıxmışdılar.


Faşist blokunun orduları digər döyüş cəbhələrində də üstünlüyü öz əllərində saxlayırdılar. Onlar Afrikada, Asiyada və Sakit okeanda uğurlu hərbi əməliyyatlar aparırdılar. Yaponiya 1941-ci ilin yayında Hind-Çini işğal etmişdi. O, dekabrın 7-də Havay adalarında ABŞ-ın ən iri hərbi-dəniz bazası olan Perl-Harbora qəfildən hücum etdi. ABŞ-m reyddə dayanmış 8 linkorundan 5-i batırıldı, 3-ü zədələndi, 18 hərbi gəmi sıradan çıxarıldı. Dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 11-də isə Almaniya ilə İtaliya ABŞ-a müharibə elan etdilər. Beləliklə, ABŞ da müharibəyə qatıldı.
1942-ci ilin mayına kimi Yaponiya Malayziyanı, Birmanı, İndoneziyanı və Filippini işğal etdi. Britaniyanın Sinqapur və Honkonq kimi ən iri hərbi bazalarını ələ keçirdi. Yapon qoşunları Cənub-Şərqi Çinə və Şərqi Hindistana soxuldular. Müharibənin 5 ayı ərzində Yaponiya əhalisi 150 milyon nəfərdən çox olan 3,8 milyon kvadrat kilometrlik ərazini işğal etdi.

İtaliyanın 1941-ci ildə şimali və şərqi Afrikada uğursuzluqlarından təşvişə düşən Almaniya ona kömək üçün general Rommelin komandanlığı altında Liviyaya hərbi qüvvələr göndərdi. 1941-ci ilin martında italyan-alman qoşunları hücuma keçərək Tobrukda ingilis qarnizonunu mühasirəyə aldılar. İngilis qoşunları Misir sərhəddinə çəkilməli oldular. Lakin Almaniya qüvvələrinin bir hissəsinin Şimali Afrikadan sovet cəbhəsinə göndərilməsi ingilislərə hücum şansı yaratdı. Onlar, 1941-ci ilin noyabrında Tobrukun blokadasını ləğv etməyə nail oldular. Tezliklə Kirenaikanın bütün ərazisi azad edildi.
Sovet rəhbərliyi ölkəni vahid hərbi düşərgəyə çevirmək məqsədilə ciddi tədbirlər gördü. 1941-ci il iyunun 30-da İ.Stalin başda olmaqla Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Hər şey onun əlində cəmləşdi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında bütün sahələr müharibənin tələblərinə uyğun şəkildə quruldu. Ümumhərbi səfərbərlik keçirildi. 1941-ci il iyulun əvvəli üçün Ordu sıralarına 5.3 milyon adam səfərbərliyə alındı. 1941-ci il iyunun 22-dən dekabrın 1-dək olan müddətdə döyüşən orduya 291 diviziya və 94 briqada təşkil olunub göndərildi. Ölkənin, düşmənin hücum təhlükəsində olan qərb hissəsindən 2539 sənaye müəssisəsi, o cümlədən 1523 iri müəssisə şərqə - Urala, Volqaboyuna, Sibirə və Mərkəzi Asiya respublikalarına köçürülüb yenidən qurularaq işə salındı. 1941-ci ilin ikinci yarısında aylıq hərbi təyyarə istehsalı 2.2 dəfə, pulemyot istehsalı 2.5 dəfə, top istehsalı 3 dəfə artdı. Düşmənin işğal etdiyi sovet ərazisində partizan hərəkatı təşkil edildi.

Antihitler koalisiyasının yaranması

Müharibənin birinci mərhələsinin ən mühüm hadisələrindən biri də Antihitler koalisiyasının formalaşmasıdır.
1941-ci il iyunun 22-də İngiltərə SSRİ-ni müdafiə edəcəyini, iyunun 23-də isə ABŞ müharibədə ona iqtisadi yardım göstərəcəyini bildirdilər. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. İyulun 12-də Moskvada SSRİ və Böyük Britaniya arasında "Almaniyaya qarşı müharibədə birgə hərəkət etmək barədə", avqustun 16-da isə mal dövriyyəsi haqqında sazişlər imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. SSRİ hökuməti Çexoslovakiya, Polşa mühacir hökumətləri və "Azad Fransa" Milli Komitəsi ilə əlaqələr yaratdı. Antihitler koalisiyasının yaradılmasında F.Ruzveltin və U.Çörçillin məşvərəti əsasında 1941-ci il avqustun 14-də Arcenmiyada (Nyufaundlend adaları) imzalanmış Atlantika Xartiyasının mühüm rolu olmuşdu. 1941-ci il sentyabrın 24-də SSRİ də ona qoşuldu. Artıq 1942-ci il yanvarın 1-i üçün Atlantika Xartiyasına 26 dövlət qoşulmuşdu. Onların nümayəndələri 1942-ci il yanvarın 1 -də Birləşmiş Millətlər Bəyannaməsini imzaladılar.
SSRİ, ABŞ və Böyük Britaniya nümayəndələrinin 1941-ci il sentyabrın 29 - oktyabrın 1 -də Moskvada toplanmış konfransında SSRİ-yə silah və strateji mallar verilməsi müzakirə olundu. 1941ci ilin noyabrında SSRİ ilə ABŞ və Böyük Britaniya arasında Lend-liz barədə saziş imzalandı. SSRİ-yə 9,8 milyon dollar yardım göstərilməsi qərara alındı. Müttəfiqlər SSRİ-yə 2 min təyyarə, 13 min tank, 427 min yük maşını və çox miqdarda ərzaq məhsulları göndərmişdilər. 1942-ci ilin fevralında (23-də) ABŞ və B.Britaniya arasında təcavüzkarlara qarşı mübarizəyə qarşılıqlı yardımın prinsipləri barədə saziş imzalandı. 1943-cü ilin dekabrında Moskvada üç dövlət nümayəndələrinin dostluq, qarşılıqlı yardım və müharibədən sonra əməkdaşlıq barədə sazişi imzalandı.
Antihitler koalisiyasına daxil olan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində Moskva (1941-ci il 28 sentyabr - 1 oktyabr, 1942-ci il yanvar, 1943-cü il 19-30 oktyabr, 1944-cü il 9-20 oktyabr), Kasablanka (1943-cü il 14-21 yanvar), Vaşinqton (1943-cü il 12-26 mart), Kvebek (1943-cü il 14-24 avqust), Qahirə (1943-cü il 22-26 noyabr), Tehran (1943-cü il 28 noyabr - 1 dekabr), Yalta (1945-ci il 4-11 fevral) və Potsdam (1945-ci il 17 iyul - 5 avqust) konfranslarının çox mühüm əhəmiyyəti olmuşdu. Bunların sırasında Tehran, Yalta və Potsdam konfransları müstəsna əhəmiyyətə malik olmuşdular.
Tehran konfransında (1943) Almaniyaya qarşı Avropada ikinci cəbhənin açılması, müharibədən sonra əlaqələr, İranla münasibətlər, Yalta konfransında (1945) müharibədən sonra Almaniyanın yenidən qurulması, beynəlxalq əlaqələr, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə qatılması, Potsdam (1945) konfransında Avropanın sərhədlərinin müəyyən olunması, Almaniya məsələsi, müharibə cinayətkarlarının cəzalandırüması, beynəlxalq sülh və təhlükəsizlik təşkilatlarının (BMT) yaradılması və s. vacib məsələlər müzakirə olunmuşdu.
Beləliklə, hələ XX əsrin 30-cu illərinin sonlarında, müharibə təhlükəsinin qarşısını almaq üçün müəyyən səbəblər üzündən vahid cəbhədə birləşməyi bacarmayan burjua-demokratik və sosializm qüvvələri dünya müharibəsi gedişində birgə hərəkət etməyə məcbur oldular. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı. Müharibənin axırı üçün koalisiyanın sıralarında 50 dövlət birləşmişdi.

Franklin Delano RuzveltRuzvelt, Franklin Delano (1882-1945) ABŞ-in görkəmli dövlət və siyasi xadimi, varlı aristokrat ailəsində anadan olmuşdu. Harvard (1904) və Kolumbiya (1907) universitetlərini bitirmişdi. 1913-1920-ci illərdə Dəniz nazirinin müavini işləmişdir 1921-ci ildə dənizdə çimərkən poliomielit xəstəliyinə tutularaq ömürlük sərbəst yerimək qabiliyyətini itirmişdi. 1932-ci ildə prezident seçilən Ruzvelt 4 dəfə (1932, 1936, 1940 və 1944) bu vəzifəni tutmuşdu. O, kapitalizmin yeni inkişaf mərhələsinə daxil olmasında çox mühüm əhəmiyyəti olan "Yeni xətt" siyasətinin yaradıcısıdır. O, ikinci dünya müharibəsi dövründə antihitler koalisiyasının yaradılmasının təşəbbüskarlarından biri olmuşdur.

 

Müqavimət və partizan hərəkatı  Müharibə dövründə nasistlərin işğal etdikləri ərazilərdə  yaratdıqları  dözülməz "yeni qaydaya" qarşı geniş Müqavimət hərəkatı başladı. O, mahiyyət etibarı ilə milli-azadlıq hərəkatı idi. Bu hərəkatda milliyəti, yaşı, siyasi baxışları və dini etiqadı müxtəlif adamlar birləşmişdilər.
Nasistlər zəbt etdikləri ərazilərdə olmazın dözülməz şərait yaratmışdılar. Onlar irqçilik siyasəti ilə "qeyri-yetkin" hesab etdikləri xalqları-yəhudiləri, qaraçıları, slavyanları kütləvi surətdə məhv edirdilər. Osvensim, Maydanek, Treblinka, Dahau, Buhenvald, Zaksenhauzen, Ravensbryuk, Mauthauzen və b. ölüm düşərgələri yaratmışdılar. Fransada Oradur, Çexoslovakiyada Liditse, Belorusiyada Xatın kəndlərinin əhalisini ucdantutma məhv etmişdilər. 1942-ci il yanvarın 20-də Avropada bütün yəhudiləri məhv etmək planı təsdiq etmişdilər. Bu plan əsasında 6 milyon yəhudini qırmışdılar.Yaponlar Vyetnamda, Laosda, Malayziyada, Kambocada, Filippində və İndoneziyada dözülməz rejim yaratmışdılar.
Müqavimət hərəkatı 1939-1941-ci illərdə meydana gəlib sonradan geniş miqyas almışdı. Bu hərəkat Yuqoslaviyada, Yunanıstanda, Albaniyada, Fransada, Polşada, Çexoslovakiyada daha güclü idi. Bu ölkələrdə hərəkat silahlı döyüşlərə çevrilmişdi. Onun sıralarında Fransada 300 min, Yuqoslaviyada 350 min, Yunanıstanda 70 min, Norveçdə 50 min, Çində 2.2 milyon adam var idi.
Hərəkata Fransada general Ş. de Qoll başda olmaqla "Döyüşən Fransa", Yuqoslaviyada marşal Tito başda olmaqla "Xalq Azadlıq Ordusu", Albaniyada Milli Azadlıq cəbhəsi, Yunanıstanda Milli Azadlıq cəbhəsi, Polşada, "Krayevoy Radı Narodovoy", Çexoslovakiyada Mərkəzi Milli İnqilabi Komitə rəhbərlik edirdi.
Antifaşist hərəkatı faşist blokuna daxil olan ölkələrdə İtaliyada, Almaniyada, Bolqarıstanda, Macarıstanda da geniş yayılmışdı. Hərəkata İtaliyada Milli Azadlıq Komitəsi, Almaniyada müxtəlif vaxtlarda fəaliyyət göstərən Şults Boyzen (qırmızı kapella) (1935 - 1942), Robert Urix (1938 - 1942), Anton Zevkov (1942 - 1944), Şuman (1939 - 1944), "Azad Almaniya" Milli Komitəsi (1943), Alman Antifaşist cəbhəsi (1942) "hərbi əsirlərin qardaşlıq əməkdaşlığı" və başqa bu kimi təşkilatlar başçılıq edirdi. Bolqarıstanda antifaşist hərəkat təşkilatları 1943-cü ildən kütləvi xarakter almışdı. Ona Vətən cəbhəsinin Milli Komitəsi rəhbərlik edirdi. Macarıstanda bu hərəkata antifaşist Milli cəbhə təşkilatı başçılıq edirdi. Antifaşist Müqavimət hərəkatı Avstriya, Belçika, Danimarka, Hollandiya, Norveç, Rumıniya, Finlandiya. İslandiya, Portuqaliya kimi ölkələrdə də yayılmışdı.
Müharibə illərində Asiya, Afrika və Latın Amerikası ölkələrində də antifaşist, antiimperialist hərəkatları yayılmışdı. Çində antimilitarist və antiimperialist hərəkata Homindan və Kommunist partiyaları rəhbərlik edirdilər. 1944-cü ildə onlar Çinin 19 vilayətini öz nəzarətləri altında saxlayırdılar.
Antiimperialist hərəkat Vyetnamda da geniş yayılmışdı. Bu hərəkata Vyetnamın müstəqilliyi uğrunda mübarizə Liqas (Vyetmin) rəhbərlik edirdi. O, artıq 1945-ci ildə xalq hökuməti yaratmışdı.
Antiimperialist, antimilitarist hərəkat Hindistanda, Birmada, Filippində, İndoneziyada, Malayziyada da yayılmışdı. Bu hərəkata Hindistanda Milli konqres partiyası, Birmada Xalq Azadlıq Liqası, Filippində Xukbalaxan (milli antiyapon ordusu), İndoneziyada Qeraf (antifaşist hərəkatı), Malayziyada antiyapon İttifaqı rəhbərlik edirdi. Əsas mübarizə formaları partizan müharibəsi və itaətsizlik nümayişləri idi.
Müharibə illərində İranda da antifaşist və milli-azadlıq hərəkatı başlanmışdı. Onun əsas mərkəzi Güney Azərbaycanı və Kürdüstan idi. Bu hərəkat 1945-ci ilin axırında Milli Azərbaycan hökumətinin yaradılmasına gətirib çıxarmışdı. Lakin 1946-cı ilin axırlarında o, sovet-iran sövdələşməsinin qurbanı olmuşdu.
Latın Amerikası ölkələrində də antifaşist hərəkat geniş yayılmışdı. Argentina və Paraqvay istisna olmaqla Mərkəzi və Cənubi Amerika ölkələrinin hamısında faşistpərəst təşkilatların fəaliyyəti qadağan edilmişdi. Meksika 1942-ci ilin martında (22), Braziliya 1942-ci ilin avqustunda faşist dövlətlərinə müharibə elan etmişdilər. Artıq 1943-cü il üçün demək olar ki, bütün Latın Amerikası ölkələri faşistlərə qarşı müharibəyə qoşulmuşdular.
SSRİ xalqlarının faşizmə qarşı mübarizəsində "Müqavimət hərəkatı" timsalında yayılmış partizan hərəkatının mühüm rolu olmuşdu. 1941-ci ildə düşmən arxasında 2 mindən çox, 1942-ci ildə 6200-dən çox partizan dəstəsi və qrupu fəaliyyət göstərmişdi. 1943-cü ildə partizan hərəkatında bir milyondan çox adam iştirak edirdi. Müharibə illərində partizanlar düşmənin bir milyondan çox adamını öldürmüş və əsir almışdılar.
Müharibə illərində antitotalitar, antisovet hərəkatları da baş vermişdi. Bu, Baltikyanı ölkələrdə, Qərbi Ukraynada, Krımda daha çox yayılmışdı. Qərbi Ukraynada benderevçilər, Rusiyanın Qərb vilayətlərində sonradan Avropada yaratdıqları "Rusiya xilaskar ordusu"nun antisovet hərəkatı genişlənmişdi.
Xarici ölkələrdə də, xüsusən Avropada, Kanadada, Ərəb ölkələrində, Türkiyədə, İranda, Çində, Latın Amerikasında mühacirlərin antisovet, antibolşevik hərəkatları baş vermişdi. Almaniyada sovetlər əleyhinə hərbi əsirlərdən milli legionlar yaradılmışdı.
Trotskinin təşəbbüsü ilə hələ müharibədən əvvəl yaradılan IV İnternasionalın "Sovet bölməsi" antistalinçi və antitotalitar mübarizənin mərkəzinə çevrilmişdi. Mancuriyada K.Radzayevski tərəfindən "Rusiya faşist partiyası " yaradılmışdı.Digər partiyalar kimi "Musavat" partiyası da xaricdə, antisovet, antibolşevik fəaliyyətini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdi.
Müharibə illərində antifaşist hərəkatından öz məqsədləri üçün istifadə etməyə çalışan Sovet rejimi kimi, nasistlər də müxtəlif millət və milli qüvvələrdən Sovetlər əleyhinə istifadə etmək siyasəti yürüdürdülər. Onlardan antisovet dəstələr təşkil etmişdilər. 1942-ci ildə Hitlerçilər kalmık süvari körpüsü yaratmışdılar. Simferepolda toplanan müsəlman qurultayında Bilal Aksanov başda olmaqla Krım hökuməti yaradılmışdı. Bununla yanaşı, alman komandanlığı Krım tatarlarından hər birində 200-300 nəfər olan 10 antisovet batalyon yaratmışdı. Bütün bunlar da öz növbəsində Sovet rejiminin qeyri-millətlərə düşmənçilik münasibətini gücləndirmişdi. Məsələn, 1941-ci ildə Volqaboyu almanların, 1943-cü ildə kalmıkların, 1944-cü ildə Çeçen-inquşların, krım-tatarların milli müxtariyyatları ləğv edilmişdi. Hətta çeçenlər və inquşlar Qızıl Ordu sıralarından tərxis edilmişdilər. 1943 - 1945-ci illərdə Krım tatarları, çeçenlər, inquşlar, kalmıklar, bolqarlar, karaçaylılar, ahısqa türkləri, yunanlar və bir sıra digər azsaylı millətlər öz doğma yurdlarından sürgün edilmişdilər. 1944-cü ilin fevralın sonuna qədər Şərqə 650 min çeçen, inquş, kalmık və karaçaylı sürgün edilmişdi. 1944-cü ilin yayında 225 min tatar sürgün edilmişdi. Ümumiyyətlə, 1944-cü ilin payızında sürgün olunanların sayı 1,5 milyon nəfər olmuşdu. Bu vaxt azərbaycanlılar da belə təhlükə qarşısında qalmışdılar. Lakin təhlükə tezliklə sovuşmuşdu.

Faşist qoşunlarının şərq cəbhəsindəki uğurları uzun çəkmədi: SSRİ tezliklə qəddini düzəltdi. Moskva ətrafında faşist qoşunlarına ilk güclü zərbə vuruldu. 1941-ci il sentyabrın 30-dan - 1942-ci il aprelin 20-nə kimi davam edən Moskva uğrunda döyüşlərdə faşistlərin 11 tank, 4 motorlu və 23 piyada diviziyası darmadağın edildi. Faşistlər bu döyüşlər zamanı 1.5 milyon adam itirdilər. Bu, müharibədə almanların ilk məğlubiyyəti idi.
Moskva ətrafındakı qələbə Hitlerin "İldırım sürətli müharibə" planını puç etdi. Faşist qoşunlarının "məğlubedilməzliyi" barədə əfsanəyə də son qoyuldu. O, faşizmə qarşı müharibənin gedişində ilk dönüş əməliyyatı oldu. Bu əməliyyatdan sonra SSRİ-nin faşizm üzərində qələbəyə inamı artdı.
1942-ci ilin yayında şərq cəbhəsində almanlar yenə də fəallaşdılar. Onlar sovet-alman cəbhəsinə yeni qüvvələr gətirdilər. Sovet qoşunlarına qarşı duran düşmən diviziyalarının sayı 1942-ci ilin yayında 237-yə, payızında 266-ya çatdırılmışdı. Onlardan 193ü alman diviziyası idi.
Alman qoşunları Moskvanın 120 km-də möhkəmlənmiş, Leninqradı (Sankt-Peterburqu) mühasirədə saxlamışdılar. Onlar SSRİ-nin cənub hissəsində hücumları gücləndirmişdilər. 1942-ci ilin mayında Kerç yarımadasını ələ keçirmişdilər. 1942-ci il iyulun əvvəllərində 250 günlük mühasirədən sonra Sevastopolu tutmuşdular. 1942-ci il yay hücumları ərzində faşist qoşunları əsas kömür hövzəsi olan Donbası, Rostovu və Şimali Qafqazı ələ keçirmişdilər. 1942-ci il iyulun 17-dən Çır çayı boyunca Stalinqrad (Indi Volqoqrad) uğrunda döyüşlərə başlamışdılar.

 

0 şərh