Talibandan sonra əfqan rejissorlarının taleyi necə olacaq?

  • Kino
Əfqanıstanda son günlər baş verənlər, bir daha bizə kiçik insan olduğumuzu xatırlatdı. O mənada ki, hansısa böyük, təhlükəli geosiyasi oyunların qarşısında kiçik insanlar acizdir. Bizə ancaq hadisələri kənardan məyusluqla izləmək qalır.
Taliban Əfqanıstanın şəhər və kəndlərində öz hakimiyyətini elan edəndə, ağlıma gələn ilk şey ölkəsini sivil, demokratik görmək arzusuyla yaşayan azad düşüncəli insanların taleyi oldu. Və əlbəttə ki, sənət adamlarının da. Nuri Bilge Ceylanın prodüseri Zeynəb Atakan bir neçə gün öncə “İnstagram” səhifəsində həyəcanlı bir xəbər yaydı ki, ölkənin yeganə kinostudiyası olan “Əfqanfilm”in direktoru Səhra Kərimi dünya ictimaiyyətinə müraciət edərək yardım istəyib. O, müraciətində qeyd edib ki, Talibanın hakimiyyəti ələ keçirməsi Amerika dövləti ilə razılaşmasının nəticəsidir. Artıq talibançılar ölkənin tanınmış komediya aktyorlarından birini qətlə yetirib… Və Əfqanıstan yenidən qaranlığa gömülür.
Talibandan sonra əfqan rejissorlarının taleyi necə olacaq?
Əfqan kinematoqrafçıları hələ beş-altı il öncə müsahibələrində ölkəni gözləyən təhlükə ilə bağlı həyəcan təbili çalırdılar. Rejissor Siddiq Barmak hələ 2010-cu ilə ölkənin gələcəyindən dolayı nigarançılığını bölüşürdü:

“Biz hamımız narahatıq ki, kinomuzu məhv edən taliblər yenidən hakimiyyətə gələcək”.

Bu gün Talibanın hakimiyyəti ələ keçirməsində yerli hökumət, xüsusən günahkardır. Əfqanıstan Kinematoqrafçılar İttifaqının üzvü Əkliyə Rizayi 2014-cü ildə müsahibələrindən birində deyirdi ki, hökumətin seçdiyi kurs, parlamentin siyasəti Əfqanıstan xalqının maraqlarını ifadə eləmir. Çünki hakimiyyət özü-özünü təyin edib. Və hakimiyyətə çoxillik ənənəyə malik Əfqan mədəniyyəti məlum deyil.
Onun sözlərinə görə, Əşrəf Qani Əhmədzay hakimiyyətinin uğursuz iqtisadi siyasəti, sosial-qeyri stabillik nəticəsində ölkədə daxili kino bazarı inkişaf etmədi, kino istehsalatı formalaşmadı. Hətta son 14 ildə əfqan kinosunun beynəlxalq festivallarda müəyyən uğurlar əldə etməsi (daha çox sənədli kino sahəsində) daxili kino bazarının inkişafına təsir göstərmədi. Ona görə gənc rejissorların bir qismi fürsət düşdükcə, xaricə mühacirət edirdilər. Rizayinin sözlərinə görə, "Əfqan tamaşaçısı bu günün reallıqlarını göstərən filmləri görmək istəyir. Müharibə şəraitində insanların həyatı, xarici işğal, xalqın düşmən qarşısında dayanışı mövzuları, əlbəttə ki, sevgi süjetləri də maraqlıdır. Çünki insanlar heç nəyə baxmayaraq, sevmək və inanmaq istəyirlər”.
Ümumiyyətlə, əfqan kinosu gəncdir. Ölkədə ilk bədii filmi 1946-cı ildə teatr rejissoru, siyasi təqiblərə məruz qalan Əbdül Rəşid Lətifi çəkib. Hindistanın “Huma” kinostudiyası ilə birgə çəkilən “Sevgi və dostluq” adlanan müzikl Kabildə ilk dəfə 1950-ci ildə göstərilib. Baş rolda əfqanlar oynasa da, qadın roluna hind aktisası çəkilmişdi. Lakin sözügedən ekran əsəri əfqan kinosunun inkişafına təkan vermədi. Səbələrdən biri dövlətin kinoya dəstək verməməsiydi. 1966-cı ildə amerikalılar kinematorafçıları kinotexnika ilə təmin elədi və beləcə, “Əfqanfilm” kinostudiyası yaradıldı. 1969-cu ildə isə bu studiya ilk tammetrajlı bədii filmini istehsal etdi: “Bir dəfə” adlanan film üç hissədən ibarət idi və üç rejissor tərəfindən çəkilmişdi.

“Qartal kimi” (1972) filmi müstəqillik bayramı zamanı şəhərdə azan bir qızın hekayəsidir. Qızın axtarış səhnəsi seyrçiyə 60-70 ci illər Kabilini görə bilmək, tanımaq imkanını verirdi. Bundan sonra ölkədə reallıqlarından bəhs edən xeyli film istehsal olundu və müstəqil kinoşirkətər yaradıldı: “Nazir Film”, “Ariana Film”, “Gulistan Film”, “Qais Film”.
1970-ci illərin sonunda SSRİ-nin Əfqanıstanı işğalı nəticəsində ölkədə sovet filmləri daha çox göstərilirdi. “İnsanın taleyi”, “Durnalar uçur”, “Baharın on yeddi anı”, “Moskva göz yaşlarına inanmır” filmləri məşhur idi.

80-ci illərdə çəkilən əfqan filmləri təbliğat xarakteri daşısa da, Mohand Lətifin, Səid Vorkzayın, Farik Nəbinin gerçəklikləri anladan filmləri əsasən Şərqi Avropa festivallarında göstərilir, hətta mükafat da alırdı: “Məsxərəçi Ahtar”, “An”, “Qaçış” və s.
Lətif Əhmədi müsahibələrindən birində deyirdi ki, atışma səhnələrində butafor çatışmadığından, bəzən həqiqi silahlardan istifadə olunurdu və bu, bəzən faciə ilə nəticələnirdi. Bir dəfə aktyor ona verilən tapşırığı düzgün yerinə yetirmir, səhnəyə vaxtında daxil ola bilmir və güllələnir: “Hər filmdə belə risk vardı. Amma kino bizim tutqumuz idi və biz ona görə həyatımızdan keçməyə hazır idik”.

1992-ci ilədək maliyyə çatışmazlığı üzündən, ölkənin qaranlıq tərəflərini göstərən bəzi filmlər tamamlanmamış qaldı. Sonralar prezident Əşrəf Qani Əhmədzayın qızı Məryəm həmin filmlər haqda “Tamamlaya bilmədiklərimiz” (2019) sənədli lentində həmin filmlərin çəkildiyi yerləri təsvir etmiş, rejissorlardan müsahibələr almışdı.
1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olan taliblərin dövründə isə əksər kinematoqrafçılar ölkədən qaçdı, diglərləri isə peşəsi üzrə işləyə bilmədi. Ümumilikdə, Əfqanıstanda 26 kinoteatr vardı ki, onların 17-i Kabildə yerləşirdi. Taliban rejimi bütün kinoteatrları bağladı. Və 2,5 min lenti yandırdı ki, onların əksəri hind və rus filmləriydi. Yerli filmlərin çoxunu isə kinematoqrafçılar gizlədə bilmişdi. Lakin həmin kinolentlər uyğun şəraitdə saxlamadığından əksəri yarasız hala düşdü.

Ümumiyyətlə, Taliban rejimi məğlubiyyətə uğrayandan sonra sənətşünaslar gözləyirdilər ki, ölkədə kinematoqraf sahəsi inkişaf edəcək. Amma gözləntilər özünü doğrultmadı. İndiyədək əfqan kinosunun dünyaca tək məşhur bədii filmi hələ də Siddiq Barmakın “Usama” (2003) bədii lentidir. VQİK-in məzunu olan və yaradılcılığına Sergey Bondarçukun böyük təsiri göstərdiyi Barmakın “Usama”sı Taliban rejiminin süqutundan sonra çəkilmiş ilk əfqan filmidir.
Süjetə görə, Əfqanıstan hospitalında işləyən ana və 12 yaşlı qız Talibanın hakimiyyətə gəlişiylə işsiz qalır. Rejim qadınlara kişilərin müşayiəti olmadan küçəyə çıxmağa qadağan elədiyindən ana qızına oğlan libası geyindirərək Usama adıyla işə göndərir. Bu filmə görə Barmak “Qızıl Qlobus” aldı və Kann kinofestivalında “ən yaxşı debüt” nominasiyasında qalib oldu. Yeri gəlmişkən, filmə maliyyəni məşhur İran rejissoru Mohsen Mahmalbaf ayırmışdı. O, maliyyədən əlavə, Barmakı texnika və komanda ilə təmin eləmişdi.

Rejissor deyir: “Mən müsəlmanam. İslam ənənələrinə qarşı deyiləm. Anlamadığım tək bir şey insanların nədən, din adıyla onlara yalan söyləyənlərə inanmasıdır”. Baş rolun ifaçısı Marina Golbahari isə Cənubi Koeryada keçirilən festivalda çadrasız göründüyündən, aktrisanın yaşadığı əyalətin imamı onu ölümlə hədələmişdi. Hətta ona sui-qəsd də edilmişdi. Buna görə aktrisa 2015-ci ildən həyat yoldaşı ilə Fransada yaşayır. Baş vermiş hadisədən depressiyaya düşən aktrisa indinin özündə də küçəyə qapalı geyimdə çıxır ki, onu kimsə tanımasın.
Yuxarıda qeyd etdiyim kimi Taliban rejimindən sonra kinoya vəsait ayrılmadı. Bazar iqtisadiyyatı şəraitində kinematoqrafçılar özləri sponsor tapmalıydı. Sahibkarlar isə sənət filmlərinə həvəssiz pul ayırırdılar. Hərçənd, Qərbdə tanınan Məsud Həşimi, Lətif Əhmədi, Rəhimi Atik kimi rejissorlar da var. 2012-ci ildə Atik Rəhiminin “Dözüm daşı” bədii filmi Düşənbədə “Didor” beynəlxalq kinofestivalında əsas mükafat almışdı. Film müharibədə yaralanan, huşu özündə olmayan ərinə qulluq edən qadının ağır həyatı haqdadır.
Bütün hallarda rəqəmsal texnologiya əfqan kinosuna müəyyən qədər təkan verdi. Əfqan rejissoru və prodüseri, “Əfqanfilm”in baş direktoru, Slovakiyada kino məktəbini bitirən, ölkəsində bu sahədə doktorluq dərəcəsi alan yeganə qadın Səhra Kəriminin “Həvva, Məryəm və Aişə” filmi 2019-cu ildə Venesiya festivalının “Horizontlar” proqramına düşdü. Yeri gəlmişkən, o, İranda əfqan əsilli ailədə doğulub və 2012-ci ildə Əfqanıstana qayıdıb.
Röya və Alka Sadat bacıları da ölkənin ilk qadın rejissorlardandır. Röya 12 yaşınadək, taliblər hakimiyyətə gələnədək məktəb teatrları üçün pyeslər yazırdı. Taliban rejimi bərqərar olandan sonra anası xalası ilə birlikdə bacılara ev şəraitində təhsil verdilər.
Röyanın ilk bədii filmi “Üç nöqtə” yaşamaq üçün narkotik alverinə məcbur olan qadın haqdadır. Film rejissora beynəlxalq festivallarda mükafat gətirdi. 30-a yaxın sənədli filmin müəllifi olan, 33 yaşlı Alka bacısı ilə birgə “Film House” kinoşirkətini yaradaraq çoxsaylı sənədli fillər istehsal ediblər. Bacılar 2013-cü ildə ilk dəfə Əfqanıstanda Beynəlxalq Qadın Kinofestivalı keçiriblər.
Çox təəssüf ki, Taliban rejiminin yenidən hakimiyyətə gəlişiylə kinematoqrafçıların ağır əmək sayəsində ayağa qaldırdıqları əfqan kinosu yenidən yoxluğa yuvarlanacaq.
 
 
 
 
Müəllif: Sevda Sultanova
Mənbə: kulis.az
 

0 şərh