Şimali Amerikanın relyefi

Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.

Kordilyer dağlarında Şimali Amerikanın ən yüksək zirvəsi – Mak-Kinli (6194 m) və ən alçaq nöqtəsi – Ölüm dərəsi (–86 m) yerləşir.

Kordilyer dağları qәrb vә şәrq silsilәlәrindәn ibarətdir. Kordilyer dağlarının qərb hissəsi – (Sahil sıra dağları) daha cavan olub, Sakit okean “Odlu halqası”na daxildir. Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemləri yerləşir. Kordilyer dağlarının mərkəzi hissəsi yüksək plato (yəni, səthi hamar olan ərazi) və yaylalardan ibarətdir. Bunların içərisində nəhəngləri Böyük Hövzə, Meksika yaylaları, Kolorado və Kolumbiya platolarıdır.Relyef xüsusiyyətlərinə görə Kordilyer dağları bu hissələrə bölünür:
1. Qayalı Daglar. 2. Kaskad dağları. 3. Böyük Hövzә yaylası. 4. Meksika yaylası. 5. Syerra-Madre. 6. Kolorado platosu.

Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Onlar dərin, dar dərələrlə, çox vaxt kanyonlarla kəsilir. Şimali Amerikanın cənubunda Kordilyerlər daralır və Meksikada onu Syerra-Madre adlandırırlar. Kordilyer dağlarında çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır: məsələn, Reynir, Şasta, Kolima, Orisaba, Taxumulko, Popokatepetl, Mamatombo.

Şimali Amerikanın mərkəzi və şərq hissələri platformadır. Burada düzənliklər üstünlük təşkil edir. Onların formalaşmasında müxtəlif ekzogen proseslərlə əlaqədardır. Şimalda Lavrenti yüksəkliyində buzlaq relyef formaları üstünlük təşkil edir. Ona görə də bu hissədə buzlaq mənşəli göl çökəklikləri çoxdur. Mərkəzi düzənlikdə buzlaq formaları ilə yanaşı, çayların işi də böyük rola malikdir. Mərkəzi düzənliklərdən qərbdə Böyük düzənliklər yerləşir. Hündürlüyü 500 m-dən yüksək olan Böyük düzənliklər Kordilyer dağlarına keçid zonasıdır. Atlantik okeanının sahilboyunda Meksika sahili və Atlantik sahili ovalıqlar uzanır. Missisipi çayı ABŞ-da nəhəng allüvial mәnşәli Missisipi ovalığını yaratmışdır. Bu ovalıqda və Meksika körfəzində zəngin neft və təbii qaz yataqları mövcüddur.

Böyük Hövzə Kordilyer dağlarının mərkəzi hissəsində yerləşən yayladır. Yaylaların yerləşdiyi hissədə Qərbi və Şərqi Kordilyer dağları bir-birindən çox aralıdır. Hövzə hər tərəfdən dağlarla əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək, onu yaylaya buraxmır. Yaylanın səthi bitki örtüyünə görə kasıbdır, ətraf ərazilər yarımsəhranı xatırladır.

Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək zirvəsi Mitçeldir (2037 m). Dağlar güclü parçalanmaya məruz qalmışdır. Burada zəngin faydalı qazıntı yataqları vardır. Şimali Amerikanın ən nəhəng Appalaç daş kömür hövzəsi də buradadır. Platformanin sipər (qalxan) hissələrində, Labrador yarımadasında və Boyük Göllərin sahilində dəmir filizi yataqları mövcüddür.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh