Afrika mədəniyyəti

Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə iş o yerə gəlib çatıb ki, qaradərili müğənnilərsiz — Maykl ceksonsuz, Tupaksız, filansız  çəlimsiz görünür.

ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə Şou sənətində, artıq, qlobal planda zəncilərdə dəb yarandı. Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə, oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə qədər eybəcərdirlər» deyimini təsdiq edirdi. Lui Armstronqun bütün dünyaya yayılmış şəkillərindən sonra elə bir durum yarandı ki, hətta rus səhnəsində də zənci dişağartısı estetik effektə çevrildi. afroamerikanlar

Amerikada «neqr» sözünü qaralar söyüş kimi qarşıladıqlarından «afroamerikan» termini yarandı. İndi isə «afrofransızlar», «afroalmanlar», «afroruslar» termini işlənməyə başlayıb.

Bir vaxtlar qul kimi Amerikaya gətirilmiş zəncilər 60-cı illərdə ABŞ-də Martin Kinqin başçılığı itlə vətəndaş azadlıqları qazanmaq üçün, yəni seçkilərdə iştirak etmək üçün, ağların getdiyi restoranlara getmək, oturduqları avtobuslara oturmaq üçün savaşa girdilər və qalib gəldilər. Eyni zamanda irqçi ağların acığına Qara rasizmi yaratdılar. Öncələr ağların rasizmi vardı və bu irqçilər, konkret olaraq, zənciləri ağıl, xasiyyət baxımından aşağı insanlar sayırdı. Buna cavab olaraq eyni şeyləri Qara irqçilər tərsinə etməyə başlayaraq ağların onlardan aşağı olmasını göstərən «dəlillər» yığmağa başladılar.

XİX yüzildən başlayaraq Qara irqçiliklə sıx bağlı olan Afrosentrizm əmələ gəldi və özünü Avropasentrizmə qarşı qoydu. Axırıncı Avropanı dünya tarixinin və mədəniyyətinin mərkəzinə qoyurdu. Belə çıxırdı ki, tarixdə və mədəniyyətdə edilmiş bütün böyük işlər Avropanınkıdır, o birilər isə qıraqda özləri üçün «tullanıb-düşürlər». Bunun sonucunda hətta başqa mədəniyyətləri öyrənən araşdırıcılar da o mədəniyyətlərin tekstlərini Avropa elminin «gözü», «qulağı» ilə qavrayırdılar. İlk dəfə buna qarşı Doğu (Şərq), Asiya sentrizmi qoyuldu, sonra isə bu axırıncının yanına Afrosentrizm də gəldi. Afrosentrizm indi Azərbaycan gənclərinin sevdiyi Rep musiqiçilərinin də rəsmi ideologiyasıdır («rep» ingiliscə kəskin, ritmik danışmaqdır, söyüş və s.dir).

Belə hesab olunur ki, Afrosentrizm müstəmləkə dağılandan sonra yaranmağa başlayıb. Afrosentrizmin və ya Neqrityudun ideoloqları Afrika kültürünün qüdrətindən danışırlar və hesab edirlər ki, Avropanın xaqanlığı Afrikanın üstünlüyü ilə əvəzlənməlidir.

Afrosentrizmdə önəmli yeri neqrityudun yaradıcısı Seneqaldan olan şair, filosof Leopold Sedar Senqol tutur. O baxışlarını bildirmək üçün «Sivilizasiyanın ruhu və Afrika mədəniyyətinin qanunları» (1956), «Neqrityud və germanizm» (1965), «Neqroafrikan estetika» (1964) adlı əsərləri yazmışdı.

Afrosentrizmin ideoloqları arasında Cosefa Ki-Zerbo (Burkino-Faso), Enqelbert Mvenqo (Kemurun) kimi intellektuallar da var. Onlar deyirdi ki, zənci üçün önəmlisi boya, forma, qoxu, ritm, toxunuşdu. Ona görə də neqr təbiətin balasıdır. Bu sözləri o doğruldur ki, çağımızın Şou sənətində zəncilərin gətirdiyi ritm, boya, forma əcaiblikləri post-modernistik situasiya yaradır.

Afrosentristlərə Afrika ilə öyünmək, Afrikanı şərəfləndirmək gərək idi. Ona görə də irəli sürürdülər ki, çağdaş uyqarlığın (sivilizasiyanın) kökü Misirdən başlayır və əski Yunanıstan da yetənəklərinə (nailiyyətlərinə) görə ona borcludur (ta qədimdən yunan filosofu Falesin Misirdə oxuması, Pifaqorun isə bir çox ideyaları oradan götürməsi haqqında gəzən rəvayətlər sanki bu deyilənə tanıq, şəhadət idi).
Doğrudan da Misir, əslində, Afrika ölkəsidir və Qədim Misirin əhalisinin bir kəsiminin zəncilərə oxşar qaradərili olması koptların timsalında yaxşı görünür.Afrika

Açıqlama: Çoxumuz Afrikanın zənginliyini bilmədiyimiz üçün, «Afrika» deyəndə, yalnız, ibtidai-icma quruluşunda yaşayan zəncilər dünyasını göz qabağına gətiririk. Onun üçün də bəzi bilgiləri verək. «Kopt» sözü yunanca «ayqyuptos» sözündəndir və misirli deməkdir. Ərəblər bu sözü «kubt» kimi işlədərək misirliləri bildirirlər. Sözün yunan variantı isə əski misirdə Memfisin adı olan«Xa-Ka-Ptax» sözündəndir. Koptların yerli, avtoxton misirlilərlə bağlılığını o sübut edir ki, kopt dili əski Misir mətnlərini açmaqda yaxşı yardımçı olmuşdur).

Çağımızda koptlar Quzey Afrikada, özəlliklə, Misir və Həbəşistanda yaşayan xüsusi bir xristian qrupudur. Onlar özlərini pravoslav sayırdılar, İsus Xristosa baxışlarında monofizitdirlər, yəni hesab edirlər ki, Xristosda yalnız İlahi təbiət var və bu təbiət insan təbiəti ilə birləşməyib.

Koptların Xristianlığa verdiyi pay çox dəyərlidir. Onlar, məsələn, bu dinə rahibliyi vermişlər. İlk monastır İV yüzildə Misirin Doğu səhrasında yaradılıb. Müqəddəs Afanasi, Müqəddəs Vasili və Paxom koptdurlar.

Hesab olunur ki, kopt kilsəsini Yevangelist Mark (İsanın apostoludur) yaradıb. O, 47-48-ci illərdə Afrikaya gəlmiş və Misirin o zamankı paytaxtı İsgəndəriyyədə xristianlığı yaymışdı. 69-cu ildə romalılar Marka işgəncə verib öldürmüşlər.

Afrikanı göylərə qaldırmağın xarakterik örnəyini Qanalı Vilyam Yao Darko vermişdir. O 2002-ci ildə yazmışdı:

  • Mədəniyyət işığa tapınmaqdan yaranır.
  • Bütün ulusların (millətlərin) kultları Afrikadan gəlir.
  • Afrika kültürü tarixin və fəlsəfənin zəngin qaynağıdır.
  • Afrika törənlər, rituallar dünyasıdır.
  • Əcdadlara sayğı dünyasıdır.
  • Yaşlılara sayğı dünyasıdır.
  • Afrika bərabərlik və sevgi dünyasıdır.
  • Totem kultudur.
  • Seremoniyalar və bayramlar dünyasıdır.
  • Qızğın oyanış və rəqslərin kultu buradadır.

Afrosentrizm bu qitənin dünyaya verdiklərini toplayaraq maraqlı örnəklər ortaya qoyur. Belə örnəklərdən biri Doqon adlanan ulusdur. Malidə ucqar və çətin keçilən yer olan Bandiaqar platosunda yaşayan Doqonlar kosmosu adamı mat qoyan səviyyədə bilirlər. Onların özləri inanırlar ki, həmin bilikləri Sirius ulduz sistemindən gəlmiş varlıqlardan alıblar. Hər halda bu gün güclü teleskopla açılan Sirius ulduz sisteminin quruluşunu onlar çox yaxşı bilirlər. Eləcə də onların Saturnu içinə almış üzüklərdən, Yupiterin başına fırlanan Aylardan xəbərləri var.

Doqonlar Siriusun başına fırlanan və Göydə ən parlaq olan Ağ cırtdan ulduz haqqında indiki elmin tapdıqlarını irəlicədən bilirlərmiş. Bilirlərmiş ki, onun kütləsi çox sıxdır. Ona görə də deyirlərmiş ki, bu kütlə «saqaldan», yəni sıx metaldandır və Yerə baxanda çox ağırdır. Doqonlar bilirlərmiş ki, həmin Ağ ulduz Siriusun orbitində 50 ilə fırlanır, öz çevrəsində isə onun fırlanması 1 il çəkir. Doqonlar Siriusun başına fırlanan üçüncü ulduzu, eləcə də onun planetlərini də bilirlər. Onların bu bildiklərini antropoloqlar Marsel Qriol və Cermenı Diterlen də 1931-1952 illərdə apardıqları araşdırmalar zamanı xəbər vermişdilər.

1975 və 1976-cı illərdə isə, artıq, başqa planetlərdən gəlmələrlə kontakt haqqında mətbuat bumu yarananda öncə Erik Qeryenin «Doqon kosmoqoniyası mövzusunda esse: Nommo sandığı» kitabı, sonra isə Robert Tempelin «Siriusun gizlisi» kitabı çıxdı. Axırıncıda Tempel bildirdi ki, Doqonlar biliklərini ya birbaşa Siriusdan gəlmələrdən, ya ca misirlilərdən almışlar. Hərçənd əcaib olan odur ki, bu biliklərinə baxmayaraq onlar, məsələn, Merkuri, Uran, Neptun, Pluton haqqında heç nə bilmirlər.

Afrikanın dünyaya verdiyi başqa bir unikal antropoloji qrup buşmenlərdir. Onlar əsl ev nə olduğunu bilmirdilər və budaqdan, yarpaqlardan özlərinə hələlik xarakterli «yuva» düzəltdikləri üçün hollandların dilindən «bascesman» yəni «meşə adamı» adını almışdılar. Buşmenlərin görünüşündə həm neqroid, həm də monqoloid göstəriciləri birləşib. Qutentotlarla birlikdə onlar koysan irqindən sayılırlar. Qutentotlar özlərinə «koy-koyn», yəni «əsl insan» deyirlər. Buşmenlərə yaxın başqa antropoloji tip piqmeylərdir. Buşmenlər kimi onların da orta boyu 150 sm.-dir.

parts of AfrikaAfrika qitəsinin müxtəlifliyini açmaq üçün Quzey Afrika və Tropik Afrika terminləri işlədilir. Quzeydə, Misir, Həbəşistan, Əlcəzair, Tunis, Mərakeş kimi ölkələrin ulusları (xalqları) bir-birinə qohum olan Sami dillərində danışırlar. «Tropik Afrika» termini ilə isə Qara Afrika bildirilir. Tropik Afrika Saxaranın güney sınırlarından başlayaraq Atlantik okeanı sahilləri boyu Qvineyadan tutmuş Kamerunacan, Ekvator meşələrini, Konqolez hövzəsini, Güney Afrika savannasını (çəmənli düzənliyini) və s. özünə qatır. Burada avtoxton (əzəldən yaşayan) əhali zəncilərdir.

Tropik Afrikanın öyrənilməsi, artıq, XİX yüzildən başlamışdı. Bu qitənin kültürünün ünlü araşdırıcısı O L. Frobbnius 1898-ci ildə «Afrikan mədəniyyətinin soykökü» adında kitab çıxarmışdı. Bu kitab onun həmin qitəyə 12 ekspedisiyasının sonucu idi. L. Frobbnius kitabında mədəniyyətin yayılmasının iki dürünü (növünü) ayırırdı: mədəniyyət onu daşıyan uluslarla birgə yayılır, mədəniyyət ulusla yerimədən özü yayılır.
Daha sonra o, göstərirdi ki, Batı Afrika (Konqo, Güney-Quzey Qvineya sahilləri) kültür çevrəsinin maddi mədəniyyəti üçün düzbucaqlı evlər, çoxsimli musiqi alətləri, qum saatına oxşar qaval, hörgülənmiş qalxan xarakterikdir. Həmin tipdəşeyləri Melaneziyanın Yeni Qvineya və başqa bölgələrinin kültürlərində də görmək olar. Ona görə də sonuc çıxır ki, Afrikanın bu kültürü Güney-Doğu Asiyadan gəlib və onu «malay-zənci» kültürü adlandırmaq olar. Hərçənd burada yayılma prosesi hansı ulusunsa «ayağı» ilə getməyib.

L. Frobbnius Afrikada Asiyadan gəlmə daha iki mədəniyyət tipini açmışdı. Onlardan ən erkəni Hind etgisindən (təsirindən) Quzey-Doğu Afrikada doğmuşdu. O biri etgini sami təsiri idi və ərəblərin araçılığı ilə Quzey Afrikaya keçmişdi. Əsl afrikan layı, daha əski layı L. Frobbnius qitənin güneyində tapmışdı. Bu kültürdə silindirik komalar, dəri qalxanlar, musiqili yay geniş yayılmışdı.
L.Frobbnius Afrikada «tellurik-həbəş-patriarxal mədəniyət» və «xtonik-xamitik-matriarxal mədəniyyət» dürlərini ayıraraq onların fərqlərini göstərməyə çalışmışdı. Birinci mədəniyyət tipində (savana bölgələrində) vertikala canatım var, burada evlər dikinə tikilir, çarpayılar ayaqlar üstündədir, dünya yuxarıya doğru pilləkan düzümündədir, Tanrı bu ierarxiyanın başında durur.

İkinci mədəniyyət tipi Quzey Afrikada Saxara bölgəsindədir. Burada mədəniyyət nəsnələri torpağın altına can atır: evlər qazmalar şəklini alır, təndir tipli sobalar və s., düzəldilir.

XX yüzildə Afrika mədəniyyətinə marağın kəskin artması 20-ci illərə düşür. Bu marağı həmin onillikdə Avanqard etgiləmişdi. Yeri gəlmişkən, İtalyan rəssamı (yəhudi kökənli) Modelyaninin bir çox portret əsərlərində araşdırıcılar Afrikan maskalarının etgisini (təsirini) tapırlar. Bax, belə bir çağda Afrika sənəti Avropanın aparıcı sənət adamlarının diqqətini özünə çəkdi.

Hərçənd o da deyilməlidir ki, 30-cu illərəcən Afrika sənəti üslublar, özəlliklər sistemi kimi görünmürdü. Ancaq bu illərdə F. Olbrextsin, K. Kyeresmayerin araşdırmaları ilkin səviyyədə üslubları, axımları bölgüləndirməyə başlamışdı. 30-cu illərdə isə ünlü alim A. Breyl Saxaranın, Güney Afrikanın qayaüstü rəsmlərini öyrənməyə girişir. Elə bu çağda da Bernard və Vilyam Feqqi Nigeriyada arxeoloji qazıntılar aparırlar.

Afrika üzrə xeyli materiallar 50-ci illərdə toplanır və sonucda Afrika sənətinin bir az da xaotik mozaik görkü (obrazı) alınır. 70-ci illərdən sistemləşdirmə işi genişlənir və Afrika sənət tarixini aşamalara (mərhələlərə) bölmək imkanı yaranır. İndi isə görək alimlər bu tarixi necə dövrlərə ayırırlar:

I mərhələ (aşama) – İbtidai-icma çağı sayılır.
Onun İ dönəmində (eramızacan Vİİİ-İİ minillər) – başlıca mədəniyyət abidələri ovçuların qaya üstü rəsmləri, petroqliflər idi (yunanca petro – qaya, qlif – cızma deməkdir). Bu çağın qayaüstü rəsmlərində bizim eraya çatanda yoxa çıxmışəski kəl növünün görüntülərinə tez-tez rast gəlmək olur. Həmin rəsmlər daha çox Güney Afrika, Saxara, Ksur dağlarında,cebel-Amur və Tassilin-Acere bölgələrində yayılıb. Bəzən qayalarda qədim kəllərin şəkli 3 metrə çatır. «Petroqlif» sözündən göründüyü kimi əski Afrika ovçuları həmin rəsmləri qayanı cızmaqla yapırdılar.
Artıraq ki, bu çağın rəsmlərində fil, zürafə şəkilləri də var. Birinci mərhələnin İİ dönəmininin mədəniyyətini araşdırıcılar – əski maldarların kültürü adlandırırlar. Bu kültürdə qayaüstü rəsmlər ya məişət səhnələrini, ya ev heyvanlarını, ya da döyüşləri göstərir.

II mərhələ (eramızacan I minillik – eramızın II minilliyi)– siniflərin yarandığı toplumların (cəmiyyətləri) sənəti sayılır.
Bu mərhələnin I dönəmində köçərilərin və əkinçi-ovçu yarımköçərilərin qayaüstü rəsmləri və petroqlifləri, eləcə də ənə ənvi heykəlləri və dekorativ-tətbiqi sənət əşyaları (nəsnələri) xarakterik faktlara çevrilirlər.
Həmin mərhələnin II dönəmində ovçular, yarımköçərilər, maldarlar daha yüksək abidələri yaradırlar.

III mərhələ – erkən sinifli toplumun sənətini, – saray sənətkarlarının işlərini, sexlər səviyyəsində yapılmışları özünə qatır.

Afrika mədəniyyətinin İV mərhələsi çağımızda (XIX-XX yüzillərdə) xalq sənətkarlarının, peşəkar sənətçilərin yaratdıqlarını əhatə edir.

Yeri gəlmişkən, göründüyü kimi, qayaüstü rəsmlərin işlənməsi Qara qitədə xeyli uzun sürür, Avropadan fərqli olaraq günümüzəcən belə rəsmlər qayaların üstündə çəkilməkdə davam edilir. Onu da əlavə edək ki, bu rəsmlərin çoxunun müəllifləri buşmenlər hesab olunurlar.

Afrikan mədəniyyətinin «onurğa sümüyünü» bütün əski kültürlərdə olduğu kimi totemizm, mifologiya, fetiş kimi dürlü dini formalar əmələ gətirir. Bu qitədəki bir çox dinlərdə yuxarı varlıq həm əcdad, həm mədəniyyəti gətirmişərən, həm də totemdir. Məsələn, buşmenlərin mifolojisində əsas qəhrəman Saqidir (mənası «cənab» deməkdir). Bu varlıq başqa dinlərdə olan tanrıların funksiyasını yerinə yetirərək ölüm də gətirir, havanı da dəyişdirir, uğur da verir və s. Saqinin arvadı da, bacısı da quş sayılır və bundan görünür ki, onu totemlərlə bağlayan bağlar da var.

Afrikada əcdadların kultu klassik səviyyədə özünü göstərir. Zulular əcdadlarını «Mukuru» («kuru» «qoca, çox qoca» deməkdir) adlandırırlar və hesab edirlər ki, o həm insanlarla heyvanları, quşları yaramışdır, həm zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir.

Başqa bir afrikan ulusu olan qererolarda əcdad «Kalunqa» adlanır və hesab olunur ki, qerorolarda yaxşı nə varsa, ondan alınıb.
Qereroların yaşadığı Namibiyada başqa bir din də var. Həmin dində ən Uca tanrının adı Ncambidir. O yaxşılıqlar allahıdır. Dünyada insana yaxşı nə olursa, ondan gəlir. İnsan öz əcəli ilə ölübsə, deməli, Onu Ncambi aparıb.
Namibiyada hesab olunur ki, tanrının adını bərkdən çəkmək olmaz. Ona görə də uzun sürə missionerlər Ncambinin adını eşitməmişdilər (oxşar olaraq yəhudilər də uzun yüzillər tanrıları «Yahvanın» adını bərkdən çəkmirdilər).
Qererolar ibadət üçün müqəddəs tonqal qalayıb onun başında dinməzcə oturaraq əcdadlarını yada salırlar və içlərində onlarla danışaraq onlardan güc alırlar.

Tanrı təsəvvürünün Tropik Afrikada əcdad funksiyası ilə bağladılması ona gətirib çıxarır ki, burada tanrılar qeosentrik xarakter daşıyırlar. Yəni onlar Göylə yox Yerlə bağladılırlar və yerdə yaşayırlarmış kimi təsəvvür olunurlar.

Bütün dünyada səs salmış Afrikan dininin adı «Vodun»dur. Bu dində Tanrı «Vuuduu», «Vodun» və ya «Huuduu» adlanır. Dünya üzrə Voduna tapınanların sayı 60 milyondur. O, Beninin rəsmi dinidir. Haitiyə və Karib dənizi adalarıa isə Batı Afrikadan gətirilmiş qullarla birlikdə keçmişdir.

Öncələr qulları zorla xaç suyuna çəkib onların öz dinlərini cəzalarla yasaqladıqları üçün Haitidə qaralar xəlvətcə Voduna tapınırdılar (ibadət edirdilər) və çalışırdılar ki, katolik törənləri və simvolları ilə Vudu dinini arif olmayanlara görünməz etsinlər. Sonralar Vodun bütün Karib dənizi ölkələrinə yayılır, ABŞ-də isə Mayami ştatına və Nyu-Yorka yeriyib orada özünə çoxlu tərəfdarlar tapır.

Vudu haqqında, məsələn, onun rituallarında kannibalizm haqqında kitablar yazılandan, filmlər çəkiləndən sonra bu din qorxunc oreol qazanıb. İndi hətta elə bir durum yaranıb ki, iki Vodun dininin olmasını deyirlər. Biri Qanada, Haitidə, Dominikan respublikasında, Benində adamların inandığı və tapındıqları dindir, o biri isə Hollivudun yaratdığı İblisanə dindir.

Əslində isə Vodun bir çox başqa dinlər kimi dünyada yaman və yaxşı ruhların olmasından danışır. Onun şamanları ekstatik rəqslər edir və yaman ruhlarıkonkret adamla bağlızərərsizləşdirirlər.

Onu da deməliyik ki, Afrika dinlərindən danışanda ibtidai dinlərlə yetərlənmək düz olmaz. Bu qitədə İslamla Xristianlıq arasında əməlli başlı missioner yarışı gedir və bunun sonucudur ki, Sudanda, Seneqalda, Nigeriyada müsəlmanlar çoxluq təşkil edir. Güney Afrika kimi ölkələrdə isə xristianlar tam üstünlükdədirlər.

Əlavə edək ki, həm Xristianlığın, həm də İslamın Afrikada tarixi qədimdir. Məsələn, Misir, Suriya, Həbəşistanla birlikdə Karfagen əski xristianlığın Afrikada yayıldığı məkanlardandır. İlk xristian düşünərlərindən biri Tertulliandır və o, Karfagen ruhanisi (presviteri) olub. Quzey Afrikanın başqa bir parlaq xristianı Karfagenin yepiskopu müqəddəs və şəhid Kipriandır.

Müsəlmanlara gəldikdə maraqlı durumu Sudan verir. Burada əhalinin 83% özünü ərəb sayır. Sudanın başqa müsəlman qrupu nubilərdir. Onların çoxu ərəbcəni ikinci dil kimi bildirlər. Ancaq Furlar müsəlman olsalar da ərəbləşməyiblər və siyasi-mədəni baxımdan «Çad» adlanan qonşu ölkəyə orientir edirlər. Sudanda Batı afrikalılar da yaşayırlar və onların çoxu özlərini Nigeriya soyköklü sayırlar.

Sonda deməliyik ki, dünya mədəniyyət sistemində Afrika mədəniyyətləri Avropa və Asiya kültürlərinə baxanda az gəlişmiş görünsə də, əslində, böyük nailiyyətlərə malikdir və belə görünür ki, XXİ yüzildə Afrika doğrudan da güclü qaynaqlardan biri funksiyasını daşıyacaq.

Müəllif: Dilarə Mehdi
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

0 şərh