Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti

Qüvvədə olan cinayət qanunvericiliyi (CM. Maddələr 84-92) yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir.
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:

  1. cərimə;
  2. ictimai işlər;
  3. islah işləri;
  4. müəyyən müddətə azadlıqdan məhrum etmə.

Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir.
İctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki və ya üç saatdan çox ola bilməz.
Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
Məhkəmə, yetkinlik yaşına çatmayanın yenidən tərbiyə və islah edilməsinin cəmiyyətdən təcrid edilmədən mümkün olmamağını yəqin etdikdə, ona azadlıqdan məhrum etmə növündə cəza tətbiq edir. Məhkəmənin təyin etdiyi bu cəza növünün maksimal müddəti on ildən çox ola bilməz.
Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:

  1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində;
  2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində.

Yetkinlik yaşına çatmayan məhkum xüsusi təhlükəli residivist hesab oluna bilməz. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə onlara, böyüklərə nisbətən daha çox tətbiq olunur. Belə şəxslərə cəza təyin edərkən məhkəmə, onların yetkinlik yaşına çatmamalarını yüngülləşdirici hal kimi nəzərə almalı, psixi inkişaf səviyyələrini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini nəzərdən qaçırmamalıdır. Yetkinlik yaşına çatmayanlara böyüklər üçün qanunvericilikdə nəzərdə tutulanlarla müqayisədə ən yüngül cəza təyin edilir, həmçinin şərti məhkum etmə və cəzanın icrasını təxirə salma kimi yüngülləşdirici hallardan onlara aid işlərdə daha çox tətbiq olunur.
Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Cinayət Məcəlləsinin 88.2.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:

  1. xəbərdarlıq;
  2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
  3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
  4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.

Qanunvericilik, belə şəxslərə eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə icazə verir.
Əgər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmirsə, onda, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.

 

0 şərh