Büdcə prosesi

BÜDCƏ PROSESİ VƏ ONUN MƏRHƏLƏLƏRİNİN XARAKTERİSTİKASİ
İlk növbədə büdcə prosesləri ilə büdcə ili anlayışlarına bir qədər aydınlıq gətirmək lazımdır. Çünki bu terminlər çox tez-tez eyni bir mənaya malik müddəalar kimi qəbul edilir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanunun 1.1.3 maddəsinə görə büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrdür. Lakin, büdcə prosesləri növbəti il üzrə büdcə layihəsinin hazırlanmasından başlanmış həmin büdcə layihəsinin təsdiqi, icrası və icrası ilə bağlı hesabatın hazırlanması və dövlət başçısı tərəfindən büdcənin icrası haqqında qanunun imzalanmasına qədər olan dövrü əhatə edir. “Büdcə ili” büdcə proseslərinin yalnız bir həlqəsidir və bu həlqə büdcənin icrası adlanır. İndi büdcənin bütün mərhələlərini ayrı-ayrılıqda nəzərdən keçirək.

Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanununun 11-ci maddəsinə (və “Dövlət büdcəsi layihəsinin tərtibi və icrası” Qaydalarının 2.1-ci maddəsinə) əsasən büdcə layihəsinin tərtibi prosesi büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanılır.

Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin fevral ayının 5-dək Azərbaycan respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. Nazirlər Kabinetinin qərarına uyğun olaraq fevral ayının sonunadək İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin orta müddətli iqtisadi və sosial inkişaf proqramı dəqiqləşdirilir və mart ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilir.

Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq cari ilin mart ayında Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün ilkin ortamüddətli büdcə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya proqramı tərtib edilir. Cari ilin aprel ayının 15-dək növbəti il üzrə dövlət büdcəsinin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi,dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya proqramının ilkin layihəsi hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının NazirlərKabinetinə təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti layihələri İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə edir.

Cari ilin may ayının 1-dək Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumat verilir. Büdcə təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır.

Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına (Maliyyə Nazirliyi)cari ilin gözlənilən və ötən büdcəsinin faktiki nəticələri barədə arayış, növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması, ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi, müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materialları təqdim etməlidirlər. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Büdcədən maliyyələşən aidiyyəti nazirlik, komitə, şirkət, baş idarə və digər büdcə təşkilatları xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırıb sentyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Paralel olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi sentyabr ayının 10-dək növbəti büdcə ili və gələn il üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin, habelə gələn üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələrini, Azərbaycan Respublikasının toplu maliyyə balansını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və “Büdcə sistemi haqqında” qanunla müəyyən edilən digər sənədlər sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təqdim edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabrın 15-dən gec olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsi)

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

 

0 şərh