Bugünün reklamı

Yaşadığımız günlərdə reklamın önəmi o qədər böyükdür ki, istehsalından asılı olmayaraq əmtəənin lazımınca qiymətləndirilməsi reklamsız mümkün deyil. İstənilən istehsalçı öz maraqlarını reallaşdırmaq, istehlakçıyla əmtəə münasibətləri qurmaq istəyirsə, mütləq reklam işinin prinsiplərindən yararlanmalıdır.
Dünyanın sürətli inkişafında özünəməxsus təkanverici qüvvəyə çevrilən reklam işi ölkəmizdə hələ də ürəkaçan səviyyədə deyil. İstər audi (səsli), istər audiovizual (səsli və görüntülü), istərsə də bassorama (avtobuslara vurulan reklam növü) tipli reklamlarda qeyri-peşəkarlıq nəzərdən yayınmır. Televiziya ekranlarından izlədiyimiz reklamların əksər hissəsi ya şadlıq saraylarının, ya da mobil telefonların tanıtımına sərf olunur.
Şadlıq sarayları elə uca səslə gün ərzində dəfələrlə reklam edilir ki, sanki onlar Azərbaycanın istehsal etdiyi brendləşmiş, inanılmış, dünyaşöhrətli milli məhsuldur. Gün ərzində dəfələrlə şadlıq sarayları reklam olunduğu halda, 135 yaşlı teatrımızın nəinki televiziya, heç divar reklamı lazımi səviyyədə deyil. Hər gün dəfələrlə xarici teleseriallardan fraqmentlər göstərildiyi halda, növbəti, yaxud həmin gündə teatrlarımızda göstəriləcək tamaşalar haqqında bir kəlmə belə danışılmır. Şəxsən mən teatrımızın reklamı olmadığından Hüseynbala Mirələmovun “Xəcalət” dramının məhəbbət, yoxsa Vətən haqqında olduğunu tamaşanı izləyənə qədər bilmirdim. Halbuki, torpağı işğal edilmiş xalqın efirində bu tipli dramlardan fraqmentlər dəfələrlə yayımlanmalıdır.

Bundan başqa xarici ölkələrin istehsal etdiyi reklamları öz dilimizə çevirərkən tərcümədə müxtəlif problemlər üzə çıxır. Belə ki, hər hansı bir peşəkar xarici reklamı elə bayağı çevirməylə, kobud dublyajla təqdim edirlər ki, həmin reklam, nəinki insanda o mala qarşı maraq oyadır əksinə bəzən mənfi emosiya yaradır.
Sivil arenada, insanların ən çox maraqlandığı, sevə-sevə izlədiyi uşaqların çəkildiyi müxtəlif paltar, uşaq yeməkləri və s. ilə bağlı olan reklamlardır. Lakin ölkəmizdə yayımlanan bu tipli reklamların əksəriyyəti başqa ölkələrin çəkdiyi, dilimizə dublyaj olunmuş reklamlardır. Uşaqlarla bağlı hər hansı bir sivil reklama ölkəmizdə ciddi ehtiyac var. Məsələn «Bakcell» telefon şəbəkəsi ilə bağlı reklamda çəkilən uşaq az bir vaxtda bütün ailələrin “cin bala”sına çevrildi.
 İstər yüngül, istər yeyinti sənayesinə məxsus mallara qoyulan adlarsa olduqca gülünc səslənir. Hətta bəzi ərzaq mallarına sevgililərin bir-birinə qarşı işlətdikləri “aşkım”, “gülüm” kimi uyarsız adlar qoyulduğundan həmin məhsulların reklamları olduqca şit və bayağı alınır.

Audi və audiovizual reklamların zəif cəhətləri çox olduğu kimi, bilbord (lövhə reklamları), metro reklamlarının da, vəziyyəti ürəkaçan deyil. Bildiyimiz kimi, divar reklamlarında bilgi, informasiya görüntüylə, oxunuşla, qəbul edilir. Bəzən metrolarda elə reklamlara rast gəlirik ki, həmin reklamlar sırf əcnəbi dillərdə olur. Nəticədə vətənimizdə yayımlanan həmin reklam əcnəbi dil bilməyən vətəndaş üçün heç nə ifadə etməyən rəngli kağız olaraq qalır. Bir dəfə Həsən bəy Zərdabi füyuzatçılardan soruşur: «Bu jurnalı kimin üçün çıxarırsınız?» Füyuzatçılar cavab verir: «Xalq üçün». Həsən bəy deyir: «Onda xalqın başa düşə biləcəyi dildə yazın». Bu gün ölkəmizdə əcnəbi dildə saysız-hesabsız reklamlar nümayiş edirilir. Xalqımız nə qədər inteqrasiya dönəmində, qloballaşma əsrində yaşasa da, reklamlar öz dilimizdə olmalıdır. Mən afişalarda, plakatlarda olan reklamların yalnız bizim dildə olmasının da tərəfdarı deyiləm. Çünki ingilis dilinin beynəlxalq dil səviyyəsinə yüksəldiyi, rus dilinin ölkəmizdə hələ də işlədildiyi bir vaxtda reklamların iki-üç dildə olmasını dəstəkləyirəm. Ancaq doğma dilimizin üstün olması şərti ilə. Ucqar bir rayonda xirici dil müəllimləri olmayan kənd məktəbini bitirib paytaxta işləməyə gələn minlərlə gənc üçün həmin reklamın heç bir informasiya əhəmiyyəti yoxdur.

Reklamların informasiya tipləri və ümumi dizaynı daim məni maraqlandırdığından onlara reklamlara qarşı biganə ola bilmirəm. Metrolarda və avtobuslarda, həmçinin divar reklamlarında ən çox iki informasiyaya — telefonlara yüklənən «zəngimsell» kodları və mobil telefon mağazalarının ünvanları, kredit şərtləri və s. məlumatlara üstünlük verilir. Sanki ölkədə insanların mobil telefonlardan özgə ehtiyacları yoxdur. Görəsən, küçələrimizə əks cinslərin tanışlığına şərait yaradan, əxlaqsız təbliğ edən videokliplərin yayımına xidmət göstərən, telefonları bayağı musiqilərlə zənginləşdirən saytların adları yazılan reklam vərəqələrinin əvəzinə, ciddi saytların divar reklamları vurula bilməzmi? Təbii ki, olar. Həmin «zəngimsell» saytlarına nəzər yetirəndə bir şey məndə daha çox narahatçılıq yaratdı. Həmin mahnıların içərisində vətən mövzusunda bircə mahnıya belə rast gəlmək mümkün deyil. Biz hələ də milli problemlərimizə qarşı soyuq münasibətdəyik.

Müəllif: Fərid,
Mənbə: Mədəniyyət qəzeti
 

0 şərh