Yaz-yay makiyajı edərkən nələrə diqqət etməliyik

Öncəliklə qeyd edək ki, üzünüzdə sızanaq, qara nöqtələr və s. kimi problemlər varsa, onları makiyajla örtmək yerinə dərinizin sağlamlığı üçün ilk növbədə dərinizi bu problemlərdən təmizləmək məqsədilə təmizləyici və bəsləyici, dermatoloji sınaqlardan keçmiş vasitələrdən istifadə edin.

İndi isə keçək makiyaj və onun düzgün stifadəsinə. 
Gözəl makiyaj dedikdə ilk ağla gələn, qalın makiyaj, fərqli rənglər və modelin üz cizgilərinin dəyişməsidir. Amma gözəl bir makiyaj sizi dəyişdirməməli, üz cizgilərinizi ön plana çıxarmalı, əlavə olaraq isə sizi narahat edən məqamları arxa plana atmalıdır. Təbii gözəlliyinizi və üz cizgilərinizi yox edən makiyaj, sizin makiyajınız deyil. 
Bu yazımızda təbiiliyi ön plana çıxara bilməniz üçün sadə və praktik şəkildə tətbiq edə biləcəyiniz makiyaj sirlərini verəcəyik. 

İlk növbədə təbii gözəlliyinizi qoruyub saxlamaq üçün bol su və kifayət qədər yuxu mütləqdir. Yorğun və yuxusuz bir bədən, dərinin görünüşünə birbaşa mənfi təsir göstərir. Düzgün makiyajın ilk şərti sağlam və parlaq dəridir. 

Yaxşı Nəmləndirilmiş Dəri
Göz qamaşdıran nəticə əldə etmək istəyirsinizsə, makiyaj etməyə başlamazdan əvvəl mütləq dərinizi nəmləndirməlisiniz. Düzgün nəmlənmiş dəri makiyajınızı gözəl göstərən ən vacib amillərdən biridir. Dəriniz qurudursa, kosmetikanız və texnikanız nə qədər yaxşı olsa da, nəticə istədiyiniz kimi olmayacaq. Çünki istifadə olunan kosmetik vasitələr quru dəri üzərində arzulanan nəticəni vermir. 

Qüsurlarınızı Ustalıqla Gizlədin
Hər dərinin öz qüsurları var. Məsamələrin dərin olması, ləkələr və s. Odur ki, dəri tipinizə uyğun konsiler seçərək başlayın. Tonal kremin tətbiqi mərhələsinə keçməzdən əvvəl dərinizin qüsurlu sahələrini bu örtücü ilə örtə bilərsniz. Daha sonra dəri tipinizə uyğun tonal krem tətbiq edə bilərsiniz. Tonal kremi üzünüzə bütünlüklə hər yeri üçün istifadə etməyin. Göz altı, burun qanadları, dodaq kənarlarını əsas götürərək tonal krem çəksəniz, üzünüzə işıltı vermiş olacaqsınız.


Təbii Göz Makiyajı
Gündəlik göz makiyajı üçün soyuq tonlara müraciət etməyin. İsti rənglər, xüsusilə torpaq tonları (dərinizdən bir-iki ton tünd və ya açıq rənglər) gündəlik göz makiyajı üçün məsləhətlidir. Göz dibindən açıq tonlarla başlayıb, göz qapağının sonuna nisbətən daha tünd tonlardan istifadə edə bilərsiniz. Bu üsulla gözünüz nisbətən daha uzunsov görünəcək. 


Dumanlı Baxışlar
Daha xüsusi bir gün üçün makiyaj etmək istəyirsinizsə, alt kirpiklərinizin dibinə tünd qəhvəyi göz layneri çəkmək və sonra yüngülcə yaymaq kifayətdir. Bu sadə proses sizə dumanlı və cazibədar bir görünüş verəcək.

Gülümsəyin!
Ənlik çəkərkən gülümsəməyi unutmayın!
Yüngülcə gülümsədiyiniz zaman yanaq əzələlərniz irəli çıxacaq. Yanağınızın önə çıxan hissəsinə yumşaq bir fırça istifadə edərək yumuşaq formada ənliyi yanaq sümüyünüz istiqamətində çəkməlisiniz. Çəhrayi tonlu şaftalı rəngində ənlikdən stifadə edə bilərsiniz.


Son toxunuş: Dodaqlar
Makiyajınızın son toxunuşu dodaq boyası. Dodaq boyası istifadə etməyin də müəyyən fəndləri var. Dodaq boyasını çəkməzdən əvvəl dodağınızı nəmləndirin. Gündəlik ümumi makiyajda olduğu kimi bu etapda da təbii tonlara müraciət edə bilərsiniz. Məsləhət gördüyümüz rənglərdən bəziləri şaftalı rəngi, açıq qəhvəyi, qızılgül qurusu çəhrayisi. Bu tonlarla siz solğun görünməyəcəksiniz. Beləliklə, bütün makiyajınızda xoş bir tarazlığa nail olmuş olacaqsınız.

Artıq yaz-yay günlərinə uyğun yüngül və xoş makiyajla çıxıb göz qamaşdırmağa hazırsınız!


 

0 şərh