Fikri bəlalı baş - Məhəmməd Hüseyn Şəhriyar

Yar günümü göy əskiyə tutdu ki, dur, məni boşa!    
Cütçü görübsən öküzə öküz qoyub, buzov qoşa?!

Sən əllini keçib yaşın, mən bir otuz yaşında qız,
Söylə görüm, otuz yaşın nə nisbəti əlli yaşa?!

Sən yerə qoydun başuvi, mən başıma nə daş salım?!
Bəlkə mən artıq yaşadım, neyləməli? — Dedim, yaşa!!!

Bir də, bəlalı baş neçin yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək, börkünə də bir yaraşa.

Bir də, kəbin kəsilməmiş sən mənə bir söz demədin,
Yoxsa cehizimdə gərək gələydi bir hoqqa-maşa.

Dedim, qəza gəlib tapıb, bir iş idi, olub-keçib,
Qurbanam o ala gözə, heyranam o qələm qaşa.

Mən ki, özümdə bir günah görməyirəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa, dolaşa.

Dosta mürüvvət etməli, düşmən ilə keçinməli,
İş belədir, rəva deyil bəşər yolun azıb, çaşa.

Mən də sənin dayoğlunam, sən də mənim bibim qızı,
Könül baxırsa günəşə, göz də gərəkdir qamaşa.

İndi bizim maral kimi üç balamız vardı, gərək,
Ata-ana savaşsa da, bunlara xatir barışa.

Hər kişiyə əyalı da öz canı tək hörüklənib,
Hədiyyə də olmaz eyləsin əyalı qardaş-qardaşa.

Bu dünya bir yol kimidir, biz axirət müsafiri,
Kəcavədə həmaş gərək öz həmaşıyla yanaşa.

Axirəti olanların dünyası qəmsiz olmayıb,
Seldi, gələr, axar keçər, amma gərək aşıb-daşa.

Məsəldi, yer ki bərk olur, öküz öküzdən inciyir,
Hey dartınır ipin qıra, yoldaş ilə bir savaşa.

Bizim də ruzigarımız yamandı, bizdə eybi yox,
Bəlkə vəzifədir bəşər qonşular ilə qonuşa.

Həqqi-həyat yox daha bizlərə, çox böyük başı,
Zindanımızda həqqimiz bir baca tapsaq, tamaşa.

Amma onun səmavəti Allaha xoş gəlməyibən -
Getdi, mənim həyatımı, vurdu daşa, çıxdı başa.


P.S Şeirin ifası və təhlilini burda ustadın öz dilindən dinləyə bilərsiz.
 

0 şərh