Fikri bəlalı baş - Məhəmməd Hüseyn Şəhriyar

Yar günümü göy əskiyə tutdu ki, dur, məni boşa!    
Cütçü görübsən öküzə öküz qoyub, buzov qoşa?!

Sən əllini keçib yaşın, mən bir otuz yaşında qız,
Söylə görüm, otuz yaşın nə nisbəti əlli yaşa?!

Sən yerə qoydun başuvi, mən başıma nə daş salım?!
Bəlkə mən artıq yaşadım, neyləməli? — Dedim, yaşa!!!

Bir də, bəlalı baş neçin yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək, börkünə də bir yaraşa.

Bir də, kəbin kəsilməmiş sən mənə bir söz demədin,
Yoxsa cehizimdə gərək gələydi bir hoqqa-maşa.

Dedim, qəza gəlib tapıb, bir iş idi, olub-keçib,
Qurbanam o ala gözə, heyranam o qələm qaşa.

Mən ki, özümdə bir günah görməyirəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa, dolaşa.
Davamı →