Qızıma.... Cəfər Cabbarlı

Fikrini vermə nə elmə, nə də ürfana, qızım!
Çoxdur elmin zərəri din ilə imana, qızım!
Oxuyub elmi, evin eyləmə virana, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmana qızım!
 
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;
Qələmi xariciməzhəb kimi alma əlinə.
Vurma ləkə daha, Allahı sevərsən,elinə.
Elm bir şeymi verə mənfəət insana, qızım ?!
 
Nə rəvadır salasan möhnətə qəmsiz başını.
Edəsən xalqın arasında xəcil qardaşını.
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım !
 
Otur evdə, atanın eylə pinə çul-çuxasın.
Ananın bitləginən sübhü məsa baş-yaxasın.
Elm üçün insan atarmı atasın, həm anasın ?
Ağlını başına yığ, heç olma divana, qızım !
 
Evdə ol çıxmaginən sən, bala, bir dəm eşiyə,
Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə,
İnəyə yem veribən, qulluq elə it-pişiyə,
Bəsləyib, sonra sula, yaxşı bax heyvana, qızım !
 
Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə,
Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə,
Vermərəm boynu qraxmallıya, ya injenerə
Razı olmam düşəsən zülm ilə zindana,qızım !

5 şərh

pascal
Təəssüf ki, indi də belə düşünən valideynlər var. 
heyatin-ellerinde
Təəssüf :( Əvvəlcə bu haqda məqalə yazmaq istəyirdim.Amma bu şeirdə hər şey əks olunub deyə şeirin özünü vermək daha yaxşı olar deyə düşündüm
Ramil
Gərək yazaydınız, əla olardı.
tarixci1919
Bu mövzuya ən çox toxunanlardan biri də Sabirdi. Onun da satiraları bu gün aktuallığını qoruyur. C.Cabbarlı da onun ardıcıllarından biridi, onun da satirasının gücü böyükdü.
Qadin
tamami ile səhv bir fikirdi qadın dediyin təhsilli olmali özü öz ayaqlari uzerinde dutmalidir