Rusiyada sovet rejiminin yaradılması

XX əsrin əvvəllərində Rusiyada ziddiyyətlərin kəskinləşməsi sosial qarşıdurmanı daha da dərinləşdirdi. Rusiya sosial inqilab qarşısında qaldı. Rusiya tarixində birinci rus inqilabı adlandırılan 1905-1907-ci illər sosial qarşıdurması sovetləri meydana gətirdi. O, ilk dəfə 1905-ci ilin mayında İvanovo-Voznosenskdə yaranmışdı. Tətil hərəkatına rəhbərlik etmək üçün seçilmiş fəhlə müvəkkilləri (deputatları) Soveti sonradan bolşevik rejiminin siyasi dövlət formasına çevrildi.
Birinci dünya müharibəsi dövründə ziddiyyətlər daha da kəskinləşdi. Tətil bütün ölkəni bürüdü. 1916-ci ildə tətil edən fəhlələrin sayı bir milyonu ötmüşdü. Cəbhədə əskərlərin, kənd yerlərində kəndlilərin narazılıq hərəkatı kütləvi hal almışdı. Cəbhənin bir sıra yerlərində qardaşlaşma artmışdı. İnqilabın yaxınlaşmasından təşvişə düşən hökumət ciddi tədbirlər görməyə başladı. Lakin bunlar inqilabın qarşısını ala bilmədi. Fevralın 27dən 28-ə keçən gecə Rusiyada inqilab baş verdi. İnqilabın keçirilməsində kadetlərlə birlikdə menşeviklər də əsas rol oynamışdılar. İnqilabın qələbəsi günü fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. Sovetlərlə yanaşı paytaxtda Dövlət Duması tərəfindən seçilən Müvəqqəti Komitə yaradıldı. Beləliklə, 300 ildən artıq Rusiyada ağalıq etmiş Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Rusiya respublika elan olundu. Petroqrad soveti ilə saziş əsasında martın 2-də knyaz Q.Lvovun başçılığı ilə Müvəqqəti Hökumət təşkil edildi.
Bu, Rusiya tarixinin qanunauyğun inkişafının nəticəsi idi. Belə ki, hələ XIX əsrin ikinci yarısından etibarən sürətlə inkişaf etməyə başlayan kapitalist münasibətlərinə münasib siyasi qurumun yaradılması zəruri tələb idi. XX əsrin əvvəllərində Rusiyada yaranmış parlamentli (dumalı) monarxiya siyasi qurumu 1917-ci ilin fevralında burjua-demokratik respublikası ilə əvəz olundu. Onunla yanaşı tərkibinin əksəriyyəti menşevik və eserlərdən ibarət güclü Petroqrad fəhlə və əsgər deputatları sovetləri fəaliyyət göstərirdi. V.Lenin başda olmaqla bolşeviklər onları ikinci hakimiyyət kimi qələmə verirdilər. Əslində onlar hakimiyyət uğrunda mübarizə aparan müxalif qüvvələr idilər.
İnqilab nəticəsində Rusiya siyasi cəhətdən dünyanın qabaqcıl ölkələrindən birinə çevrildi. Ölkədə söz, mətbuat, yığıncaq azadlıqları bərqərar oldu. Ümumi, qapalı və müstəqim yolla Məclisi Müəssisə seçkiləri keçirilməsinə hazırlıq elan olundu. Ölkədə çoxpartiyalılıq yarandı. Hesablamalara görə artıq 1917-ci il mart-oktyabrda Rusiyada 220-yə qədər müxtəlif ümumrusiya və milli siyasi partiya və qurumlar fəaliyyət göstərmişdi. Onların sırasında Xalq azadlığı partiyası (keçmiş kadetlər). menşeviklər, eserlər mühüm yer tuturdular. 1917-ci ilin yazında kadetlərin sıralarında 100 min, menşeviklərin sıralarında 200 min, eserlərin sıralarında yarım milyon adam birləşmişdi. Bu zaman bolşeviklər partiyasının sıralarında cəmi 24 minə qədər üzvü var idi.
Ölkədə baş alıb gedən sosial, iqtisadi və siyasi böhran burjua-demokratik respublikanın uzun ömürlü olmasına imkan vermədi. 1917-ci ilin aprelində və iyunda təşkil olunmuş koalision hökumətlər də Rusiyanı böhran vəziyyətindən çıxara bilmədilər.
1917-ci il iyul (3-4 iyul) hadisələri Rusiyada böhran vəziyyətini daha da dərinləşdirdi. Sosial qarşıdurma daha da kəskinləşdi. Siyasi təqiblər başlandı. Hökm sürən çıxılmaz vəziyyət ölkədə hərbi diktatura yaratmaq addımım atmaq zəruriyyətini doğurdu. 1917-ci il avqustun sonlarında Rusiya ordusu baş qərərgahının rəisi general Kornilovun başçılığı ilə hərbi diktatura yaratmaq cəhdi göstərildi. Lakin, cəhd baş tutmadı.
Yaranmış şəraitdən istifadə edən V.Lenin başda olmaqla bolşeviklər hərbi diktaturaya alternativ proletariat diktaturası yaratmaq ideyasını həyata keçirməyi irəli sürdülər. Hakimiyyəti ələ almaq üçün 1917-ci ilin sentyabrından silahlı üsyan hazırlamağa başladılar. Nəhayət, 1917-ci il oktyabrın 25-də silahlı üsyan yolu ilə Rusiyada hakimiyyəti ələ keçirdilər. Rusiyada sovet hakimiyyəti quruldu. Bununla da Rusiya tarixinin sovet dövrü başlandı.

Lenin Vladimir İliç (1870-1924) Bolşeviklər partiyasının banisi və Sovet dövlətinin başçısı, Simbirskdə ziyalı ailədə anadan olmuşdu. Hələ tələbə ikən inqilabi nıübarizəyə qoşulmuşdu. 1891-ci ildə Sankt Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi (ekstern). Bütün ömrünü hakimiyyət uğrunda, çarizmə qarşı mübarizəyə sərf etmişdi. 1900-cü ildən 1917-ci ilin oktyabrınadək fasilələrlə 15 ildən çox mühacirətdə yaşamışdı. 1917-ci il oktyabr çevrilişinin təşkilatçısı və rəhbəri olmuşdu. 1917-ci ilin oktyabrından ölənə kimi Sovet dövlətinin başçısı və bolşeviklər partiyasının rəhbəri olmuşdu. 1924-cü ildə vəfat etmişdir.

Bolşevizm bir siyasi cərəyan və partiya kimi 1903-cü ildə meydana gəlmişdir. Onun yaradıcısı və ideya rəhbəri Vladimir Lenin (Ulyanov) olmuşdur. O, Rusiyada radikal dəyişikliklər etmək niyyətində olan siyasi təşkilat idi. Rusiyada 1917-ci il Fevral inqilabından, xüsusən Kornilov qiyamının yatırılmasından sonra fəaliyyəti güclənmişdi. Onun sıraları fevraldakına nisbətən on dəfə (24 min nəfərdən oktyabrda 240 min nəfərə) çoxalmışdı. 1917-ci ilin oktyabrında (25-də) Lenin başda olmaqla onlar dövlət çevrilişi edərək hakimiyyəti öz əllərinə almış, sovet rejiminin başlanğıcını qoymuşdular. Sovet rejiminin yeganə partiyası olan Kommunist partiyasının adında bolşevik sözü 1952-ci ilə kimi saxlanmışdı. Bolşevizm ideyaları, bolşevizm kabusu SSRİ dağılana kimi sovet rejiminin leytmotivi olmuşdur.
Mərkəzdə və yerlərdə Sovet hökumət orqanları yaradıldı. V.Lenin başda olmaqla əksərən bolşeviklərdən ibarət hökumət Xalq Komissarları Soveti təşkil olundu. Bir sıra iqtisadi tədbirlər həyata keçirildi: iri sənaye müəssisələri və torpaq milliləşdirildi, sənaye məhsulu istehsalına və bölüşdürülməsinə fəhlə nəzarəti qoyuldu. 1917-ci ilin dekabrında Müəssisələr Məclisinə seçkilər keçirildi. Bu seçkilərdə eser və menşeviklər əksər səs aldılar.

 

0 şərh