Şimal müharibəsi

1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı.

Rus ordusu Narvaya doğru yola çıxdıqdan sonra XII Karl tez bir zamanda Baltik dənizinin cənub sahillərinə qoşun çıxarıb Kopenhagenə hücum edərək Danimarkanı sülh bağlamağa məcbur etdi. İsveçlilər hücum edərək saksoniyalıları polyak kralı II Avqust başda olmaqla Riqanın mühasirəsindən əl çəkib qaçmağa məcbur etdilər. Bu qələbələrdən sonra «İsveç şiri» ləqəbli gənc kral 15 minlik qoşunla Estoniya sahillərinə çıxaraq Narvaya doğru hərəkət etdi. Bu zaman 40 minlik rus ordusu şəhəri mühasirədə saxlasa da, uğur qazana bilmədi. Hərbi sursat və ərzaq çatışmazlığı, payızda yolların keçilməz çətinliyi, rus əsgərləri arasında yayılan aclıq, xəstəlik, soyuq, köhnə və yeni polkların döyüş əməliyyatları aparmaq təcrübəsi və bacarığının yetərsizliyi Narva döyüşünün taleyini İsveçin xeyrinə həll etdi. Noyabrın 18-də Narvaya çatan XII Karl ertəsi gün hücum edib rus polklarını ağır məğlubiyyətə uğratdı. Çoxlu rus əsgəri döyüş meydanında öldürüldü, əsir düşdü və ya Narva çayında boğuldu. İsveç kralı rus ordusuna topları təhvil verib öz silahlarını saxlamaq şərtilə qalanı tərk edib Novqorod tərəfə çəkilməyə icazə verdi. Bundan sonra rus çarı ilə haqq-hesabı bitirdiyini düşünən XII Karl II Avqustu təqib etmək üçün Polşaya doğru yola çıxdı.

Narva məğlubiyyəti nə I Pyotrun, nə də Rusiyanın iradəsini sındırdı. Məğlubiyyət ağır zərbə olsa da müharibənin taleyini həll etmədi. Bu dərsdən nəticə çıxaran çar daha böyük əzm və əməksevərliklə gələcək qələbələrin təməlini qoydu. İsveçlə yeni toqquşmaya hazırlaşan I Pyotr Novqorod və Pskovda möhkəm müdafiə qurğuları tikdirdi, Uralda daha keyfiyyətli toplar tökülməyə başladı, hətta çarın əmri ilə kilsə zəngləri çıxarılıb əridilərək toplar üçün metal əldə olundu. Qısa müddətdə 300 müxtəlif çeşidli top hazırlandı. Çarın bu tədbirləri nəticə verdi, XII Karl böyük Reç-Pospolita ərazisində II Avqustu təqib edərkən feldmarşal B.P.Şeremetevin komandanlğı altındakı rus qoşunları 1701-ci ildə Liflyandiyada hücuma keçərək ilk qələbələrini qazandılar. İsveçlilərin Arxangelsk və Pskovu almaq cəhdinə son verildi, hətta Şeremetev ordusu ilə birlikdə general Şlippenbaxın korpusuna hücum edərək onları qaçmağa məcbur etdi.

1702-ci ildə I Pyotrun başçılıq etdiyi rus ordusu isveçliləri Kareliyadan sıxışdıraraq Nevanın mənbəyindəki Noteburq qalasını güclü top atəşindən sonra təslim aldı. Pyotr qalaya Şlisselburq («açar-şəhər») adını verdi. Çünki şəhər Neva çayında hərəkət etməyin açarı idi. Neva çayı boyunca hücumu davam etdirən rus əsgərləri 1703-cü ilin yazında Nienşand qalasını zəbt edərək Baltik dənizinə çıxışı təmin etdilər. 1703-cü il mayın 16-da buradakı adaların birində Pyotr «Sankt-Peterburqun başlanğıcı» olan Petropavlov qalasının əsasını qoymuşdur. Strateji nöqteyi-nəzərdən yeni şəhər — qalanın əhəmiyyəti fövqaladə dərəcədə yüksək idi. Məhz buradan sözün əsl mənasında «Avropaya pəncərə», Baltik dənizinə yol açılırdı. Pyotr bu ərazilərdə admirallıq tərsanəsin yaradaraq Baltik donanmasının qurulmasına başladı. Neva çayı mənsəbinin qarşısında Baltik donanmasının hərbi bazası olan Kronştdat qalasını tikdirdi. 1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü.

Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Narvaya hücum edən rus polkları ağır top atəşindən sonra qalanın divarlarını dağıdaraq 1704-cü il avqustun 4-də ona sahib oldular. İndi mənbəyindən mənsəbinə kimi Neva çayı, Kareliya və Baltik, yeni torpaqların çox hissəsi Pyotrun əlində idi, isveçli qoşunu bütün istiqamətdə geri çəkilirdi.

Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. Öz tərəfdarı Stanislav Leşinskini taxta əyləşdirən İsveç kralı ordusunu Rusiyaya doğru yönəltdi. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi. 1708-ci ilin yanvarında İsveç kralının ordusu Litvada Qrodno, Minsk, Mogilyovu işğal etdi. Ukrayna getmanı İvan Mazepanın onların tərəfinə keçdiyini xəbər alan XII Karl ərzaq əldə etmək və ordusuna dinclik vermək məqsədilə Ukrayna torpaqlarına qədəm qoydu. Lakin burada onu yerli əhalinin partizan dəstələri, tez hərəkət edən rus əsgəri birliklərinin qəfil hücumları qarşıladı.

1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni «Poltava döyüşünün anası» adlandırmışdır.

1708-1709-cu illərin payız və qışında Ukraynada hərəkət edən İsveç qoşununu soyuq, aclıq, xəstəlik əldən salmışdı. Məhz bu zaman Mazepa öz tərəfdarları üçün İsveç krallığının bayrağındakı rəngləri təkrar edən sarı-göy bayrağı təsbit etmişdir. 1709-cu ilin aprel ayında sayları azalan İsveç ordusu XII Karlın komandanlığı altında Moskvaya və Krım xanlığına gedən yolu açmaq məqsədilə Poltava şəhərini mühasirəyə aldı. Poltava isveçlilərin bütün qorxulu hücumlarının qarşısını aldı. Üç aylıq müqavimət nəticəsində rus ordusunun əsas qüvvələri I Pyotr başda olmaqla şəhərə yaxınlaşdı. Döyüş yerini özü müəyyən edən çar rus düşərgəsinin qarşısında torpaq istehkamlar — re-dutlar saldırdı. Vorskla çayı və meşəlik ərazi rus qoşunlarının cinahlarını qoruyurdu. Poltava isə isveçlilərin arxasında qalırdı. XII Karlın Avropanın yarısını döyüşlərlə keçmiş 30 min, I Pyotrun isə 47 min nəfərlik ordusu var idi. Artilleriyada da həlledici üstünlük isveçlilərin 39 topuna qarşı 102 topla rus ordusunda olmuşdur.

1709-cu il iyulun 27-də İsveç ordusu hava işıqlanar-işıqlanmaz dörd cərgə boyu hücuma keçdi. Arxasınca süvarilər hərəkət etdi. Menşikovun süvariləri düşmənin qarşısına çıxaraq onlara xeyli müqavimət göstərdikdən sonra qurulan redutların arxasına çəkildilər. Torpaq istehkamlarındakı rus əsgərləri isveçliləri yayılım atəşləri ilə qarşıladı. II Karl feldmarşal Renşildə rusların mövqeyinə cinahlardan hücum etməyi tapşırdı. Lakin burada olan rus süvari və piyada polklarının müqavimətilə qarşılaşan isveçlilər XII Karlın əmri ilə yenidən mərkəzə, rus redutlarına hücuma keçdilər. Redutların arasından xeyli itki verərək keçən İsveç ordusu rusların düşərgəsinə 70-80 metr qalmış güclü top atəşi ilə qarşı-qarşıya qaldılar. Meşəyə qaçmağa çalışan İsveç ordusunu XII Karl yenidən döyüş meydanına qaytardı. Səhər saat 9-da hər iki ordu qarşı-qarşıya gələrək top atəşi altında döyüşü davam etdirirdilər. Rus ordusunun mərkəzində dayanan birinci Novqorod piyada polku isveçlilərin hücumuna tab gətirməyib geri çəkilərkən I Pyotr şəxsən ikinci Novqorod piyada polkunu döyüşə apararaq isveçlilərin hücumunun qarşısını kəsib rus ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Eyni zamanda general Bourun və Menşikovun süvariləri cinahlardan isveçlilərə əks-zərbə vurdular. İsveç qoşunu geri çəkilməyə başladı. Atdan yıxılan və üz-gözü qan içində olan XII Karlı əsgərləri zorla döyüş meydanından apara bildilər. Təqib olunmaqdan xilas olan İvan Mazepa bir qrup kazakla qaçdı. Geri çəkilən İsveç ordusu qaçaraq ətraf meşələrdə gizlənməyə cəhd etsələr də, rus süvariləri buna imkan yaratmadılar. Öz düşərgələrinə qayıtmağa çalışan isveçliləri Poltavadan çıxan qala müdafiəçiləri qarşıladılar. İsveç əsgərləri silahı yerə qoyaraq təslim oldular. Üç minə yaxın əsgər və zabit, o cümlədən feldmarşal Renşild əsir alındı. Kralın xəzinəsi, 264 İsveç bayrağı rusların əlinə keçdi. Döyüş meydanında məğlub olaraq qaçan İsveç ordusunu süvari rus polkları iyunun 30-da Dneprin sahilindəki Perevoloçnıda saxladılar və 16 minlik İsveç ordusu tərksilah olundu. XII Karl və Mazepa bir neçə qayıqda çayı keçərək çöllük ərazidən Türkiyəyə yola düşdülər. Bu qələbədən xeyli razı qalan I Pyotr Poltava döyüşü yerində öz şərəfinə kilsə ucaltmağı tapşırdı. Kiyev və Moskvada da qələbə böyük şənlik və təntənə ilə qeyd olundu. Şanlı qələbə haqqında Avropa hökmdarlarına fərmanlar göndərildi. Poltava qələbəsi Rus dövlətinin və onun çarı I Pyotrun nüfuzunu son dərəcə yüksəltdi. Təşəbbüsü əldən verməməyə çalışan I Pyotrun əmrilə Şeremetevin komandanlığı altında rus ordusu Baltikyanı ərazilərdə, Menşikovun korpusu Polşada hərbi əməliyyatlara başladı. Rus qoşunları Vborq, Revel, Riqanı ələ keçirdilər. 1709-cu ilin payızına doğru Liflyandiya, Estlyandiya, Koreliya İsveç qoşunundan tam azad olundu. I Pyotrun köməyi ilə II Avqust özünə gəldi, Stanislav Leşinski Polşadan qaçdı.

XII Karl və Mazepanın təhrikilə 1710-cu ildə Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. Polşa və Baltikyanı ərazilərdəki rus ordusu cənuba göndərildi. May ayında artıq B.P.Şeremetevin ordusu çarla birlikdə Dnestrdə idi. Rus qoşunlarının ləngiməsi 120 minlik türk ordusuna birinci hərəkət edib Dunayda düşərgə quraraq Balkan yarımadasından rusların köməyinə gələ bilən slavyanların yolunu kəsdilər. İyulun əvvəlində türk ordusu Prut çayının sahillərində 38 minlik yorulub əldən düşmüş rus ordusunu mühasirə etdi. 135 minlik türk ordusu və Krım süvariləri ilə iyulun 9-da döyüş başladı. Üç saatlıq döyüşdən sonra hücum dəf edilsə də, mühasirədə olan çar, rus generalları və ordu əsir düşmək təhlükəsi ilə üzləşdi. Odur ki, hərbi şuranı çağıran çar Türkiyədən sülh istəməyi qərara aldı. Təcrübəli diplomat Pyotr Pavloviç Şafirov türklərlə danışıq məqsədilə onların düşərgəsinə yola düşdü. Sülhün şərtlərinə əsasən, Rusiya Azovu Türkiyəyə qaytarır, Taqanroq tikilisini dağıdaraq öz qoşununu Polşadan geri çəkməli idi. Rus ordusu silahı, topu və bayraqları ilə evə qayıda bilərdi.

Prut yürüşündən qayıtdıqdan sonra 1712-ci ildə Fridrixşdat altındakı döyüşdə rus ordusu I Pyotrun başçılığı ilə İsveç qoşununu dağıtdı. 1713-cü ildə İsveçə məxsus olan Finlandiyada hərbi əməliyyatlar aparan rus polkları buranı ələ keçirdilər. Pyotr yaxşı başa düşürdü ki, İsveçə qalib gəlmək üçün onu dənizdə də məğlub etmək lazımdır. Sankt-Peterburqdakı admirallıq tərsanəsində və Kareliyadakı Ladoqa dənizinin yaxınlığındakı Olonetsk tərsanəsində çoxlu gəmi istifadəyə verilməsi sayəsində rus donanması əsasən qaleralardan olmaq etibarilə 200 gəmi ilə 1714-cü ilin iyulunda admiral F.M.Apraksin və Pyotrun başçılığı ilə İsveçin cənub sahilində yerləşən Qanqut (Xanko) burnu yaxınlığında 16 xətt gəmisi və 8 qalerdan ibarət İsveç donanması ilə qarşılaşdı. Yüngül rus qaler gəmiləri ağır İsveç gəmilərilə müqayisədə dar körfəzdə daha cəld və sürətlə hərəkət edərək İsveçin flaqman gəmisini zədələdilər. Düşmənin əsas eskadrası döyüş meydanını tərk edərək İsveçin sahillərinə çəkildilər. İyulun 27-dəki Qanqut burnunda rus donanması dəniz döyüşündə tam qələbə çaldı. Rus dənizçiləri tezliklə Aland adalarını işğal etdilər.

Qələbədən sonra təşvişə düşən böyük Avropa dövlətləri, o cümlədən İngiltərə və Avstriya Rusiya əleyhinə fəaliyyətə başladılar. Odur ki, 1716-1717-ci illərdə Pyotr müttəfiqlər axtarmaq məqsədilə yenidən Avropaya yola düşdü və Hollandiya, Fransa, Prussiyanın müdafiəsinə nail oldu. Rusların yenidən hücuma keçə biləcəyini nəzərə alan XII Karl danışıqlara başlasa da, onun Norveç qalasının mühasirəsi zamanı qəfil ölümü prosesi dayandırdı. Yeni İsveç hökuməti müharibəni davam etdirmək qərarına gəldi. 1720-ci il iyulun 27-də ikinci Rus-İsveç dəniz döyüşü Qrenqam adasının yaxınlığında baş verdi. İsveç donanmasının üstünlüyünə baxmayaraq, rus dənizçilərinin qəhrəmanlığı nəticəsində dörd İsveç gəmisi abordaj edilərək 400 nəfərdən çox İsveç dənizçisi əsir alındı. İsveçlilərin dəniz toplarının çoxu rusların əlinə keçdi. Düşmənin gəmilərinin bir hissəsi batırıldı, bir hissəsi isə döyüş meydanından qaçdı. Yaxınlıqda olan ingilis eskadrası rus donanmasının döyüş şücaətini görərək hücum etməyə cəsarət etmədi. Növbəti il beş min nəfərlik rus korpusu İsveç sahillərinə çıxaraq ölkənin içərilərinə doğru hərəkət etməyə başladı. Yalnız bundan sonra 1721-ci ilin avqustun 30-da Finlyandiyanın Niştad şəhərində 21 il davam edən müharibənin sülh sazişi imzalandı. Niştad sülhünün şərtlərinə görə, Rusiya Liflyandiya, Estlyandiya, İngermanlandiya, Vıborqla birlikdə Kareliyanın bir hissəsini, Riqa, Revel (Tallin), Derpt (Yuryev), Pyarnu, Baltik dənizindəki bir sıra adaları alırdı. Baltik dənizinə çıxışın qəti olaraq həll edilməsi nəticəsində Rusiya Avropanın qüdrətli dəniz dövlətinə çevrildi. İsveç isə məğlub olaraq ikinci dərəcəli Avropa dövlətinə çevrildi.

1721-ci ilin oktyabrında Rusiyanın ali dövlət orqanı Senat təntənəli şəraitdə I Pyotra «Böyük», «Vətən Atası» və imperator titulları təqdim etdi. Bu vaxtdan etibarən Rusiya başqa dünya dövlətləri kimi imperiya oldu.

Şimal müharibəsi başa çatdıqdan sonra 1722-ci ilin yayında çar qvardiya polkları və süvarilərin iştirakı ilə cənuba doğru hərəkətə keçdi. Volqa ilə Xəzər dənizinə doğru isə general-admiral F.M.Apraksinin başçılığı ilə Volqa donanması yola düşdü. Yürüşdə tatar və kalmık süvariləri nəzərə alınmadan təqribən 50 min nəfər adam iştirak edirdi. İlk döyüşdə qələbə nəticəsində Dərbənd qapılarını çarın üzünə açdı. Çar Həştərxana qayıtsa da, qoşun Kür çayı ilə hərəkət edərək Rəşt şəhərini, sonra isə Bakını aldı. 1723-cü ilin sentyabrında Peterburqda çar hakim dairələri Səfəvi dövlətinin elçisi İsmayıl bəyi şahdan icazəsiz Xəzərsahili ərazilərin Rusiyaya ilhaq edilməsi barədə müqavilə bağlamağa məcbur etdilər. Rusiya Səfəvi şahının hakimiyyətini qorumaq üçün öhdəçilik götürdü. Şah II Təhmasib “müqavilə”nin şərtlərini tanımasa da, Şirvan, Gilan, Mazandaran, Astrabad, Bakı və Dərbənd Rusiyaya ilhaq edildi. Rusiya Xəzər dənizinin cənub-qərb və cənub sahillərini işğal etməyə başladı. İran səfəri I Pyotrun axırıncı hərbi yürüşü oldu.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

 

0 şərh