Razerford B.Heys (RUTHERFORD B. HAYES)

Razerford Börçard Heys 4 oktyabr 1822-ci ildə Ohayo ştatının Delaver şəhərində anadan olmuşdur. O hələ dünya­ya gəlməmiş əcdadlari 1680-ci ildə Şotlandiyadan Amerikaya köçərək Konnektikutda məskunlaşan atası vəfat edir. Razerford varli dayısı Sardis Börçardın maliyyə köməyilə yaxşı təhsil alır. 1842-ci ildə Hempşirdəki Kenyon kollecini bitirərək Kolumbusdakı vəkillər kontorunda praktika keçir. Üç il sonra isə Harvard Universitetinin hüquq fakültəsində təhsilini başa vuraraq, dayısına məxsus vəkillər kontorun­da işləməyə başlayır. Çox keçmir ki, Heys Sinsinnatiyə köçərək, burada öz kontorunu açır.

Razerford B.Heys

Heys 1852-ci ildə Virciniya plantatorunun qızı Lüsi Uorren Uebblə ailə həyatı qurmuş və onların beş övladı olmuşdur. Yüksək savada və geniş dünyagörüşünə malik, quldarlığın qəti əleyhdarı olan xanım Heys həyat yoldaşının siyasi baxışlarının formalaşmasına ciddi təsir göstərmişdir.

XIX əsrin 50-ci illərində ölkədə baş verən siyasi çəkişmələr Heysi siyasi fəaliyyətə sövq edir və o, respub­likaçılar partiyasına üzv olur. Lakin onun konqresin üzvü olmaq cəhdi uğursuzluqla nəticələnir. Bundan sonra Heysə Hamilton qraflığı Məhkəməsinin sədri vəzifəsi təklif edilsə də, maaşın az olmasına görə bu təklifdən boyun qaçırır. 1858-ci ildə Sinsinnati şəhərinin hüquq müvəkkili seçilir.

Bir çox müasirləri kimi Heys də V ətəndaş müharibəsində fəal iştirakıyla özünə karyera qazanmışdır. Müharibəyə Ohayonun könüllülər alayında mayor kimi başlayaraq bri­qada generalı rütbəsinədək yüksəlmişdir. Bu ərəfədə onun siyasətə marağı daha da artır. Nüfuzlu naşir Uilyam Hen­ri Smitin böyük köməyi nəticəsində Heys, 1864-cü ildə Nümayəndələr Palatasına seçilir. Burada o, radikal respub­likaçı olaraq Cənub ştatlarının rekonstruksiyası tərəfdarı kimi çıxış etmişdir. Lakin o, keçmiş konfederatların aman­sız cəzalandırılmasının əleyhinə idi. Digər tərəfdən Kons­titusiyaya afro-amerikalılara vətəndaşlıq və seçki hüququ verilməsini özündə ehtiva edən 14 və 15-ci düzəlişləri birmənalı olaraq dəstəkləyir. Siyasətlə yanaşı elmi-ictimai fəaliyyət də göstərən Heys, Ohayo Universitetinin və Vaşinqtonda Konqres kitabxanasının yaradılmasında bilavasitə iştirak etmişdir.

Heys 1868-72, 1876-77-ci illərdə Ohayo ştatının qu­bernatoru seçilir. 1872-76-cı illərdə isə ailə qayğıları və şəxsi problemləri ilə məşğul olaraq ictimai-siyasi fəaliyyət göstərmir.

Qubernator olarkən, dövlət idarəetmə sistemində apa­rılan islahatların tərəfdarı olması ona böyük nüfuz qazan­dırır. Seçkilərdə saxtalaşdırma hallarının qarşısını almaq məqsədilə, seçki hüququna malik əhalinin qeydiyyata alın­ması, həbsxanalarda və nevroloji klinikalarda şəraitin yax­şılaşdırılması təklifi ilə çıxış edir. Ümumiyyətlə o, gözüa­çıq siyasətçi, cəsur və liberal inzibatçı hesab edilirdi. Heys U.S.Qrantın seçkiönü kampaniyasında fəal iştirak etsə də, onun prezidentliyindən razı qalmamışdır.

Heys uzun tərəddüdlərdən sonra respublikaçıların ona 1875-ci il qubernator seçkilərində iştirak etməsi, növbəti il isə prezidentliyə namizəd olmasi təkliflərini qəbul edir. Prezidentliyə namizəd olmasına razılığını ifadə edən bəyanatında seçkiönü kompaniyasının aparı­cı tezislərini açıqlayır. Dövlət idarəetmə sistemində is­lahatlar keçirilməsi, Cənub ştatlarında nüfuzlu və işlək icra strukturlarının yenidən qurulması, təhsil sisteminin təkmilləşdirilməsi, «kağız yoxsa metal pul» probleminin həlli onun seçki platformasının əsasını təşkil edirdi. Eyni za­manda prezident seçiləcəyi halda ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bəyan edirdi.

Heysin rəqibi, demokratlarin namizədi Semyuel Tildenin seçkiönü platformasının əsasını iqtisadi sektorda isla­hatlar təşkil edirdi. 7 noyabrda keçirilən seçkilərdə, axşam səsləri sayarkən Tildenin 250.000 səs çoxluğu ilə qalib gəldiyi məlum oldu. Lakin, respublikaçılar elə həmin anda bəzi cənub-qərb ştatlarında seçkilərin nəticələrini şübhə al­tına aldılar və arbitraj komissiyasının yaradılmasını tələb etdilər. Konqresin hər iki palatasından və Ali Məhkəmədən, hər birindən beş nəfər olmaqla, Amerika tarixində analoqu olmayan komissiya yaradıldı. Martın 2-də seçimçilər kolle­giyasında keçirilən təkrar seçkilərdə Heys Birləşmiş Ştatla­rın prezidenti seçildi.

Demokratlara barışıq jesti olaraq Prezident Luiziana və Cənubi Karolinadan sonuncu İttifaq hərbi birləşmələrinin çıxarılmasını təsdiqlədi. Seçki nəticələrinin bir müddət qeyri-müəyyən qalması, Heysin öz səlahiyyətlərini icra etməsinə başlayanadək kabineti tam formalaşdırmasına mane olmuşdu. Prezident dövləti vəzifələrə təyinatlarda kadrların partiya mənsubluğunu nəzərə almayacağını söz versə də, vəzifələr paylanarkən dost və seçkiönü kampani­yasına köməklik göstərənlərə üstünlük verdi. Heysin apar­dığı kadr siyasətinə nəinki Konqres, hətta nüfuzlu respubli­kaçılar da təsir göstərə bilmədilər. Nazirlərdən Con Şerman (maliyyə), Uilyam Everts (xarici işlər), Karl Şurts (daxili işlər) onun fəaliyyətinə böyük təsir göstərmişlər. Vətəndaş müharibəsindən sonra ilk dəfə cənublu, poçt naziri təyin edilmiş Tennessili Mak-Kendri Kinin şəxsində, kabinetə daxil edilmişdi.

Heys, gömrük sistemində apardığı islahatların uğurla nəticələnməsinə baxmayaraq, ölkə iqtisadiyyatında önəmli irəliləyişə nail olmamışdır. Dəmiryol işçilərinin kütləvi tətillərə başlaması iqtisadiyyatın dərin böhran keçirməsinə səbəb olmuşdur. Qeyd edək ki, ölkə tarixində ilk dəfə tətilləri dağıtmaq üçün ordudan istifadə edilmişdir.

Xarici siyasətdə Heys ciddi problemlərlə üzləşməmişdir. Onun prezidentliyi dövründə, Meksikadakı inqilablar nəticəsində sərhəddə yaranmış konfliktlər danışıqlar yolu ilə öz həllini tapmışdır.

Əvvəlcədən bəyan etdiyi kimi Heys ikinci müddətə prezident seçilmək istəməmişdir. O, Ceyms Qarfildin nami­zədliyini dəstəkləyərək deyirdi: «Qarfild özü-özünə yol aç­mış ideal insan olduğu kimi ideal da namizəddir».

Prezidentlik müddəti bitdikdən sonra Heys, həyat yol­daşı ilə birlikdə Fremontdakı (Ohayo ştatı) Şpigel Qrouv malikanəsinə qayıdır. Burada o, yalnız xeyriyyəçilik fəaliyyəti göstərir. Heys 17 yanvar 1893-cü ildə 72 yaşında vəfat etmişdir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh