Hind-avropalıların tərkibində slavyanların yeri

Bizim eradan əvvəl III-II minilliklərin kəsişməsində Visla və Dnepr çayları arasındakı ərazilərdə Avropa xalqlarının qədim əcdadları olan tayfalar məskunlaşmışdır. Avropa və Asiyanın ucsuz-bucaqsız ərazilərində daim hərəkət edən qədim hind-avropalılar artıq bizim eradan əvvəl II minillikdən başlayaraq alman, balt və slavyan birlikləri şəklində Mərkəzi və Şərqi Avropada yerləşmişdir. Bir zamanlar hind-avropalılara mənsub olan insanlar eyni dildə danışırdılar.
Hind-Avropa dil ailəsinə slavyan dili ilə bərabər, alman, italyan, balt, kelt, Hind-İran, yunan, erməni, alban və qədim romanlarda yayılmış anatoli, frakiya, illiri və tohar dilləri daxil idi. Bu isə o deməkdir ki, slavyan, alman, kelt, hind, İran, yunan, Roma, alban və başqa xalqlar ən qədim zamanlarda qohum xalqlar idi ki, alimlər onları hind-avropalılar adlandırmışlar. Hind-Avropa dil ailəsi digər dil qrupları kimi müasir rus, Ukrayna və belorus dillərini təmsil edən slavyan dil qrupunun özündə birləşdirir.
Rusiya ərazisində yayılmış bir sıra dillər, o cümlədən osetin dili də Hind-Avropa dil qrupuna daxildir. B.e.ə. II minilliyin ortalarından Mərkəzi və Şərqi Avropadakı alman tayfaları ayrılmağa başladı, baltlar (litvalılar, latışlar) isə ümumi baltslavyan xalqları qrupunu təşkil edirdilər. Məhz o zaman bu ümumi qrup Şərqi Avropanın geniş ərazilərində məskunlaşmışdır.
Baltlar Şimali Avropanın şimal rayonlarında, alman tayfaları isə qərbə doğru yer dəyişmiş, cənubda hind-avropalıların yunan, italik qolu yayılmışdır. Slavyan xalqları Visla çayı hövzəsində cəmləşmişdir. Buradan onlar qərbə – Oder çayına kimi hərəkət etsə də, onları Mərkəzi və Şimali Avropanın böyük hissəsini tutmuş almanlar dayandırmışdır.
Slavyanların əcdadları şərqə doğru da hərəkət edərək Dneprə çatmış, onların Oka və Volqa çayları istiqamətindəki yürüşü bu yerlərdə yaşayan uqro-fin tayfaları ilə qarşılaşmışdır. Cənuba – Karpat dağları, Dunay və Balkan yarımadasına doğru da hərəkət etmiş slavyanlar şimalda isə Pripyat çayına çatmışdır. B.e.ə. II minilliyin ikinci yarısından slavyan dünyasının eyniliyi pozulmağa başlamışdır. Avropa tayfalarında tunc silahların yaranması ilə atlı drujinalar təşkil edilmişdir. Bu isə onların hərbi fəallığını artırmışdır.
Müharibələr, işğallar, köçlər mərhələsi başlamışdır. Artıq sakit əkinçilik və heyvandarlıq tarixə qarışmışdır. B.e.ə II və I minilliyin qovuşuğunda Avropada insanların yeni birliyi meydana gəlmişdir. Slavyanların əcdadları da onlar arasında yer almışdır. Onlar tam şəkildə Avropanın iki rayonunda yayılmışdır:
Birinci Mərkəzi Avropanın şimal hissəsində – gələcəkdə qərb slavyanlarının meydana çıxdığı yerdə, Ikincisi Orta Dnepr üzrə – bir əsrdən sonra şərq slavyanlarının əcdadlarının formalaşdığı və Rus dövlətinin meydana çıxdığı ərazidə. B.e.ə. X-VII əsrlərdə slavyanların bu qolu bataqlıq və göl filizindən dəmir əritməyi bacarmışdır. Bu yerli məskunlara yeni əmək alətləri, silah hazırlamağa imkan vermişdir ki, onun sayəsində yerli sakinlərin məişəti dəyişmiş, təbiətin, əkinçilik və heyvandarlığın mənimsənilməsində tərəqqi qeyd edilmişdir. Bu həm də müdafiə və hücum müharibəsi aparmağa şərait yaratmışdır. Bu zaman çərçivəsində şərqi slavyanlar və baltlar əvvəlki kimi bir-biri ilə yaxın olmuşdur.Yalnız əsrlərdən sonra onlar ayrılaraq bir-birini başa düşməmişdir. Şimali İran köçəri tayfaları ilə sıx əlaqə mövcud olmuşdur ki, sonradan kimmeri, skif və sarmat kimi tayfalar proslavyanların gələcək rəqibləri olmuşdur.
 
Rusiya ərazisində Hind-Avropa dil ailəsini təmsil edən xalqlarla bərabər fin-uqor dil qrupuna daxil olan udmurt, karel, mordva, mari və b. xalqlar da məskunlaşmışdır. Rusiya ərazisinin qədim sakinləri olan tatar, çuvaş, başkir, tuva və yakutlar türk dil ailəsinin nümayəndələri idi. Adıgey, kabardin-çərkəz, çeçen, inquş, avar və b. Qafqaz sakinləri Qafqaz dil ailəsini təmsil edirdi. Buryat və kalmıklar monqol, çukça və eskimoslar isə qədim Asiya dil qrupunun təmsilçiləri idi. Məlum olur ki, Rusiya ərazisində məskunlaşan xalqlar Hind-Avropa, uqro-fin, türk, iberi-qafqaz mədəni-tarixi dil icmalarını təmsil edirlər. Müasir elmi araşdırmaya əsasən, hazırkı kosmik cismlər təqribən 20 milyard il bundan əvvəl, bizim fəzanın çoxsaylı ulduzlarından biri – Günəş isə 10 milyard il bundan əvvəl yaranmışdır. Günəş sisteminin planeti olan Yer kürəsi isə 4,6 milyard il yaşındadır. Elm adamları belə hesab edir ki, məhz 3 milyon il bundan əvvəl insan heyvanlar aləmindən ayrılmışdır. Əmək alətlərinin hazırlanması texnikası və xammalının fərqliliyini əsas tutaraq arxeoloji təsnifat ibtidai icma quruluşu mərhələsində bəşəriyyətin keçdiyi yolu üç dövrə ayırmışdır:
  1. insanların meydana gəldiyi bizim eradan əvvəl IV-III minillikləri əhatə edən Daş dövrü,
  2. bizim eradan əvvəl IV-III minillikdən başlayraq bizim eradan əvvəl I minilliyin əvvəllərini əhatə edən Tunc dövrü
  3. bizim eradan əvvəl I minillikdən başlayan Dəmir dövrü.
Öz növbəsində Daş dövrü Qədim Daş (Paleolit), Orta Daş (Mezolit), Yeni Daş (Neolit) və Tunca keçid Mis-Daş (Eneolit) dövrünə ayrılmışdır.
 
Rusiya ərazisində müasirlərinə bənzər ilk insanlar təqribən 40 min il əvvəl meydana gəlmişdir. Avropa və Asiyanın çox hissəsini buzlar örtmüşdür. Ağır təbii şəraitdə ovçuluq və məhsul toplamaqla məşğul olan insanlar ağac, daş və sümük kimi ibtidai alətlərdən istifadə edirdilər. Sərt iqlim şəraiti insanları oddan istifadə edib onu qorumağa məcbur etmişdir. Dağ rayonlarında insanların ilk yaşayış yeri mağaralar olmuşdur. Təqribən 10 min il əvvəl buz dövrü başa çatmış, Rusiya ərazisində indikinə bənzər iqlim şəraiti bərqərar olmuşdur.
Tədricən ibtidai insanlar mal-qara saxlamağı və torpağı əkib becərməyi öyrəndilər. İlk zamanlar onlar yumşaq və rahat mis alətlərdən istifadə edərək tədricən tunc alətlər hazırlamağa başladılar. Nəhayət, adamlar dəmir alət və avadanlıqla tanış oldular.
Bizim əsrdən əvvəl II minilliyin ortalarından başlayaraq Ural dağlarından Yeniseyə kimi uzanan Sibir çöllərində Andronov mədəniyyəti mövcud olmuşdur. Andronov mədəniyyəti təmsilçiləri öz torpaqlarından filiz çıxararaq metal silahlar, təsərrüfat alətləri, məişət əşyaları hazırlamağa başladılar. İbtidai şəraitdə ayrı-ayrı ailələr təbiət qüvvələri qarşısında icmalar şəklində birləşərək təsərrüfatı idarə etmək üçün bir-birinə kömək edirdilər. Belə qohumluq əlaqələri üzrə yaranmış icmalar zaman-zaman daha böyük tayfalar şəklində birləşdilər. Rusiyanın cənub çöllərində maldarlıq, meşə zonalarında əkinçilik, Sibir, Uzaq Şərq, şimalda ovçuluq və balıqçılıqla məşğul olan tayfalar meydana gəlmişdir. Sənətin yaranması ilə tayfalar arasında məhsul mübadiləsi başlandı. Beləliklə, tayfalarda əmlak sahibi olan üst təbəqə yarandı.
 
 
Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK


 

0 şərh