Şərqi slavyanlarında dövlətin meydana çıxması

VIII əsrə doğru «rus» termini şərqi slavyanlara aid edilmişdir. Uzun illər «rus» sözü ilə bağlı fikirlər onun xarici (norman) və yaxud avtoxton (slavyan) kökdən gəlməsi ilə parçalanmışdır. Xarici tarixşünaslığı təmsil edən R.Payps və H.Devidson belə hesab edirlər ki, əfsanəvi Ryurik Skandinav rus tayfasından olmuşdur. Qeyd etmək lazımdır ki, Skandinaviyada belə bir tayfa adı yoxdur. Akademik B.A.Rıbakov belə hesab edir ki, çox güman rus slavyan tayfalarından birinin adıdır. Bəzi tarixçilər isə «rus» sözünün slavyan icmalarının mövcud olduğu rayondakı Ros çayı ilə bağlı olduğunu qeyd edir. Vaxtı ilə görkəmli rus tarixçisi V.O.Klyuçevskinin də qeyd etdiyi kimi bugün də «rus» termininin tarixi və etimoloji kökü aydınlaşdırılmamışdır.
«Rus» termini ilk dəfə məhz V-VII əsrlərdə ant, slavyan, venedlər haqqında məlumatlarla, eyni zamanda qeyd olunmuşdur. Dnepr və Dnestr çayları arasında yaşayan tayfalardan bəhs edən yunanlar onları ant, skif, sarmatlar, qot tarixçiləri rosomanam (yəni, rusımi — açıqrəngli), ərəblər rusyu kimi qeyd etmişlər. IX əsrdə «rus» adı Bizans, Qərb və Şərq müəlliflərinin əsərlərində təkrarlanmışdır. 839-cu ildəki latın salnaməsində Frank imperatorunun sarayına baş çəkən səfirlər onları «ros» adlanan xalqın göndərdiyini dilə gətirmişdir.
«Ötən illərin dastanı» salnaməsində qeyd olunduğu kimi, polyak tayfasının yaşadığı ərazinin adı «rus» idi. Tarixçilər belə iddia edir ki, bu Ros çayı boyunca yaşamış tayfa ittifaqından birinin adıdır ki, polyaklar da rus adını məhz buradan əxz etmişdir. Beləliklə, «rus» adı şərqi slavyanların yaşadığı cənub torpaqlarında tədricən yerli tayfa adlarını sıxışdıraraq önə çıxmışdır. Şimalda yaranmış «rus» adını isə varyaqlar gətirmişdir. Ümumilikdə, isə «rus» termininin mənşəyi bu gün də tam aydın deyildir.
Şərqi slavyanlarda dövlətin yaranması mürəkkəb və uzun bir prosesi əhatə edir. Məlum olduğu kimi, slavyan tayfalarının başında daxili və xarici nizamı qoruyub saxlamaq məqsədilə başçı vəzifəsini yerinə yetirən knyaz dururdu. Bu vəzifələri yerinə yetirmək üçün knyaz silahlı dəstə — drujina toplayırdı. Tayfa üçün önəmli məsələlərin həllində seçilmiş adamların və bütün döyüşçü kişilərin iştirak etdiyi yığıncaqlar mühüm rol oynayırdı. Belə idarəetmə sistemi sonradan Rus dövlətinin əsasını təşkil etmişdir.
Şərqi slavyanlarda dövlətin bərqərar olmasında onların yaşadığı ərazilərdə Bizansla, Baltik dənizi sahilləri, ərəb Şərqi və latın Qərbi ilə ticarət yollarının mövcud olması vacib amil olmuşdur. Eyni zamanda, ticarət münasibətlərinin inkişafında sahillərində hakimiyyət mərkəzlərinin simvolu olan şəhərlər salınmış Dnepr, Desna, Volqa, Volxov və b. çaylar da əhəmiyyətli rol oynamışdır. Ticarət yolları şərqi slavyanların müxtəlif qruplarının birləşməsində əsas amillərdəndir.
 
Şərqi slavyanların ərazisindəki birinci dövlətin adı «Rus» olmuşdur. Onun paytaxtı Kiyevin adı ilə alimlər dövləti Kiyev Rusu adlandırmışlar. Dövlət öz adından Kiyev Rusu kimi yox, sadəcə olaraq «Rus» və ya «Rus torpağı» kimi bəhs etmişdir. İllər keçdikcə «Rus» adı Baltik və Qara dəniz arasındakı böyük ərazidə, Oka-Volqa çayları ərazisində və Polşa sərhədlərinə kimi olan torpaqlarda cəmləşmiş tayfaların ümumi adı qəbul edilmişdir.
VIII-IX əsrin birinci yarısında şərqi slavyanlarda tarixçilərin «hərbi de-mokratiya» («военная демократия») adlandırdığı ictimai quruluş bərqərar olmuşdur. Bu bütün icma üzvlərinin bərabər olduğu ibtidai icma quruluşundan fərqli olaraq özünün tayfa yığıncağı, xalq tərəfindən seçilən başçısı, xalq tayfa qoşunu olan bir təsisat idi. Təbii ki, bu təsisat mərkəzi hakimiyyəti olan, ölkənin bütün ərazisini birləşdirən, təəbələri özünə tabe edən, onların cəmiyyətdə maddi və hüquqi vəziyyətinə görə siyasi rolunu fərqləndirən dövlət deyildi.
Tayfaya, sonra tayfa ittifaqına başçılıq edərək yaxın və uzaq qonşulara basqın təşkil edən başçılar getdikcə daha çox sərvət ələ keçirirdilər. Əvvəllər uzaqgörənlik və ədalətinə əsasən seçilmiş tayfa başçıları tayfa knyazlarına çevrildi ki, onların da tayfa və tayfa ittifaqlarını idarə etmək sahəsində əllərində çox böyük səlahiyyət cəmləşmişdi. Onlar öz sərvəti və tərəfdarlarından ibarət hərbi dəstənin sayəsində cəmiyyət üzərində yüksəlmişdir. Şərqi slavyanlarda knyazla bərabər tayfa ordusunun başçısı voyevoda da fərqlənmişdir. Tayfa qoşunlarından ayrılmış drujinalar da knyaza sədaqəti ilə seçilərək müstəqil dəstə təşkil etmişdir. Bu adamlar əkinçilik, maldarlıq və ticarətlə məşğul olmayıb, yalnız müharibə peşəsinə sahib idilər. «Yeniyetmə oğlanlar» («Отроки») adlandırılmış drujina üçün tayfa ittifaqının gücü durmadan artdığına görə müharibə daimi məşğuliyyətə çevrilmişdi. Onların bəzən yaralanma və hətta həyatları hesabına əldə etdikləri qənimət əkinçi, maldar və ovçunun əməyindən daha yüksək dəyərə malik idi. Bu adamlar cəmiyyətin xüsusi, üstün hüquqlu təbəqəsinə çevrilirdi. Zamanla adlı-sanlı ailə başçıları tayfa içərisində xüsusi yerə malik olmuşdur. Hərbi şücaət və mərdlik nümayiş etdirmiş tayfa əyanları da fərqlənməyə başlamışdır. Bütün bu demokratiya dövlətin yaranma mərhələsində hərbi xüsusiyyət kəsb etmişdir.
Keçid cəmiyyətinin bütün quruluşu boyu hərbi ruh davam etmişdir. Kobud güc, qılınc birilərinin fərqlənməsinə, digərlərinin alçalmasına səbəb olmuşdur. Lakin köhnə quruluşun ənənəsi davam etmişdir. Tayfa yığıncağı — veçe fəaliyyət göstərmişdir. Xalqın seçdiyi knyaz və voyevodalar hakimiyyətin irsən keçici olmasını düşünməyə başlamışdır. Zamanla seçkilərin özü belə knyaz, voyevoda və əyanların təşkil etdiyi tamaşaya çevrilmişdir. İdarəçilik, hərbi güc və təcrübə onların əlində toplanmışdır.
Xalq özü tam olmaqdan çıxmışdı. Tayfanın əsas hissəsini adamlar («люди») təşkil edirdi ki, bu da azad adam mənasını verir. Şərqi slavyanlarda bu mənada «smerd» adı işlənmişdir. «Adam» və «smerd» arasında «voi»lər ayrılmışdır ki, onlar da orduda və xalq yığıncağı, veçedə iştirak etmək hüququ və vəzifəsinə sahib olmuşdur. Veçe uzun illər tayfa özünüidarəsinin və məhkəməsinin ali orqanı olmuşdur. Zənginlik hələ bərabərsizliyin əsas əlaməti deyildi, təsərrüfatda əsas rola sahib olan daha güclü və təcrübəlilər bu baxımdan önə çıxmışdır. Ağır əl əməyinin üstünlük təşkil etdiyi cəmiyyətdə belə adamlar kişilər, patriarxal ailələrin böyük əksəriyyətinin başçıları idi ki, «kişi» («мужи») adlanmış bu adamlar cəmiyyətin yuxarı pilləsində dayanmışdır. Qadınlar, uşaqlar, digər ailə üzvləri, «rəiyyət» («челядь») kişilərə tabe idi. Məhz bu zaman ailələrdə xidmət edən «qulluqçu» («слуга») meydana çıxmışdır. Ailə bağları olmayan «yetim», «xolop», eyni zamanda qonşu tayfaların son dərəcə miskin, kasıb hissəsi cəmiyyətin aşağı hissəsini təşkil etmişdir. Sosial pillənin ən aşağısında məcburi əməklə məşğul olmuş «qullar» yerləşmişdi. Bizans müəlliflərinin məlumatına əsasən slavyanlar müəyyən vaxt keçdikdən sonra onları azadlığa buraxırdı, lakin belə adamlar tayfa içərisində yaşamaqda davam etmişdir. Beləliklə, «hərbi demokratiya» dövründəki tayfa həyatının quruluşu mürəkkəb, şaxələnmiş olaraq qalmışdır və buradakı sosial fərqlilik dəqiq nəzərə çarpmışdır.
VIII əsrin sonu — IX əsrin əvvəllərində şərqi slavyan torpaqlarını əhatə edən iqtisadi və sosial proseslər müxtəlif tayfa ittifaqlarının güclü tayfalararası qruplarda birləşməsinə şərait yaratmışdır. Eyni zamanda, torpaqların tam halda birləşməsinə yardım etmiş ticarət əlaqələrinin inkişafı, slavyanların böyük əksəriyyətinin bu zaman eyni bütpərəstliyə sitayiş etməklə ifadə olunan dini birliyi, xarici düşmənlərdən müdafiə olunmaq və uzaq işğalçılıq yürüşləri təşkil etmək məqsədilə birləşməsi burada əhəmiyyətli rol oynamışdır.
Belə bir öz ətrafına cəlbetmə və birləşmənin mərkəzi Kiyev başda olmaqla Orta Dnepr və şimal-qərb rayonunda İlmen gölü ətrafında, Dneprin yuxarıları, Volxov sahilləri, yəni, «varyaqdan yunana» («из варяг в греки») uzanan yolun əsas dayanacaqlarının yaxınlığı olmuşdur.
Digər tayfa ittifaqları arasında birinci olaraq polyanlarda dövlətin əlamətləri meydana çıxmışdır. Bu diyarın daha tez iqtisadi, siyasi və sosial inkişafı ilə bağlıdır. Polyan tayfa başçıları, sonra Kiyev knyazları bütün Dnepr magistralının açarını əllərində möhkəm saxlayaraq, Kiyevi təbii meşəliklə xarici köçərilərin basqınlarından qoruyan möhkəmləndirilmiş sənət və ticarət mərkəzinə çevirmişdir. Başqa slavyan ərazilərindən fərqli olaraq burada daha əvvəl knyaz hakimiyyəti və hərbi drujina bərqərar olmuşdur. VIII-IX əsrlərin hüdudunda orta Dneprdə «Rus» adını almış dövlət təşəkkül tapmışdır. Bizans, alman, ərəb müəllifləri onu məhz belə adlandırmışdır.
Bu dövrdə rus döyüşçülərinin Bizansın Krım mülklərinə hücumu başlamışdır. Onlar sürətli, böyük qayıqlarla çaylar, Qara, Azov, Xəzər dənizləri ilə hərəkət edərək uzaq məsafələrdə qənimət məqsədilə basqınlar təşkil edirdilər. Krımın cənub sərhədlərində rus döyüşçüləri Suraj (Sudak) şəhərini işğal edib soydular. Bir neçə ildən sonra döyüşkən ruslar zəngin Bizans limanı Kiçik Asiyada yerləşmiş Amastridanı — o vaxtki «Bağdad»ı işğal etdilər. Sonra yerli əhali ilə sülh bağlayaraq oranı tərk etdilər. Hər iki yürüş onu sübut edir ki, Orta Dneprdə özünün əsas hərbi-strateji məqsədi olan güclü yeni dövlət yaranmışdır. Əsas vəzifə bütün Dnepr axını boyu əraziləri mənimsəyərək Krımdakı Bizans koloniyalarına Qara dəniz sahilləri boyu (hansı ki, IX əsrdən Rus dənizi adlandırırdılar) hərəkət etməkdən ibarət olmuşdur. Tez-tez rus drujinaları Şimali Qara dənizdən Azov ətrafına keçərək, aşağı Volqa vasitəsilə Şimali Qafqaz və Cənubi Qafqaza doğru hərəkət etmişdir.
İkinci istiqamətin məqsədi Qara dənizin Qərb sahillərini ələ keçirib Dunayın mənsəbinə doğru irəliləyib Konstantinopola hücum etmək olmuşdur. 860-cı ildə Konstantinopol rus qoşunlarının qəfil hücumuna məruz qalmışdır. İmperator donanması ilə birlikdə hərbi yürüşdə olduğu bir vaxtda ruslar hücum etsə də, şəhərin qala divarlarını keçə bilməyərək danışıqlara başladılar. Külli miqdarda təzminat, hər il pul ödənişi vədi, Bizans bazarında ruslara maneəsiz ticarət etmək hüququ müqabilində ruslar şəhərin mühasirəsindən əl çəkdi. Rus ilə Bizans arasında sülh bağlanması diplomatik münasibətlərin əsasını qoymuşdur. Rus knyazı və Bizans imperatoru şəxsən görüşərək sülhün şərtlərini təsdiq etmişdir.
Bundan bir az sonra rus döyüşçüləri Xəzərin cənub sahillərində meydana çıxmışdır. Bu yürüş Dnepr-Qara və Azov dənizləri-Volqa-Xəzər dənizi yolu ilə başlamış və sonra işlək bir marşruta çevrilmişdir.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh