Qədim slavyanların sələfləri

Slavyanların ulu əcdadları Asiyanın dərinliklərindən hərəkət edən güclü Hind-Avropa köçəri tayfaları olan kimmerlərlə qarşı-qarşıya gəlmişdir. Şimali Qara dəniz sahilləri çöllərinə sahib olan kimmerlər slavyanların ulu əcdadlarını Şimal meşələrinə çəkilməyə məcbur etmişdir. Zaman-zaman Asiyanın dərinliklərindən cənubi Ural dağları və Xəzər dənizi keçidi ilə Şərqi Avropaya hücum edən köçəri tayfalar yerli əhalini soyub-talamaqla bərabər onları Şimala doğru qaçmağa sövq etmişdir.
Bizim eradan əvvəl VI əsrdən IV əsrə kimi şərq slavyanlarının əcdadları köçəri skif tayfalarının yeni hücumlarına uğramışdır. Kimmeri tayfalarını sıxışdıran skiflər Aşağı Volqaboyundan Dunayın mənsəbinə kimi olan ərazilərdə yerləşməklə slavyan və baltların təhlükəli qonşularına çevrildilər.
B.e.ə. VII-VI əsrlərdə Qara dənizin şimal sahillərində isə çoxsaylı yunan koloniyaları olan şəhər-dövlətlər (polis) meydana gəlmişdir. Nikolaev yaxınlığındakı Olviya, indiki Sevastopol ərazisindəki Xerson, Rostov-Don yaxınlığındakı Tanais, Pantikapey (Kerç) və b. belə şəhər-dövlətlər idi. Demək olar ki, bütün şəhər-dövlətlər yunan həyat tərzini əks etdirən quldarlıq respublikaları idi. Yerli skiflərlə ticarət əlaqələri yaradan yunanlar onlardan çörək, balıq alaraq əvəzində parça, şərab, yağ, ziynət əşyaları satırdı.
Yunanlar Qara dənizi Pont Evksinsk (yəni, «Qonaqpərvər dəniz») adlandırmışdır. Azov dənizi Meotida, ona axan iri çayları isə Borisfen (Dnepr), Tanais (Don), Tiras (Dnestr), İstr (Dunay) adlanırdı. Krım yarımadası isə vaxtı ilə burada məskunlaşmış tavrov tayfalarının adı ilə Tavrida adlandırlmışdır. Yunan-skif əlaqələri nəticəsində b.e.ə. V-IV əsrlərdə mərkəzi Pantikarlu olmaqla ellin-skif Bosfor çarlığı yaranmışdır.
B.e.ə. III əsrdə köçəri sarmat tayfaları skifləri Qara dəniz çöllərindən Krıma doğru sıxışdırıb çıxardılar. Sarmatların sahib olduğu ərazilərin sərhədləri Karpat, Visla, Dunaydan başlayaraq Don, Volqa, Urala kimi uzanmışdır. Krıma çəkilən skiflər isə müasir Simferopolun yaxınlığında yerləşmiş Skif Nea-polu mərkəz olmaqla Skif çarlığını qurdu. Müasir Rusiya ərazisində yaşayan osetinlərin dili skif və sarmat dilinə ən yaxın olanıdır.
 
Bizim eranın II-III əsrlərində Germanarixin başçılıq etdiyi alman qot tayfaları sarmatları məğlub edərək qonşu tayfaları, o cümlədən fin və slavyan tayfalarını da qotlara tabe etmişdir. Öz dövlətlərini quran qotlar maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olurdu.
IV əsrin sonlarından Şərqdən hərəkət edən köçəri hun tayfaları alanları məğlub edib Qafqaza qovduqdan sonra Qara dəniz çöllərində hərəkət edərək Qot dövlətini dağıtdıqdan sonra qılınc və odla cənub slavyanlarının yaşayış məntəqələrinə daxil oldular. Slavyanlar növbəti dəfə həyatlarını xilas edərək məhsuldar cənubi Qara dəniz torpaqlarından gizlənmək üçün meşələrə qaçmağa məcbur oldu.
Ümumilikdə, bizim eranın IV-VII əsrləri tarixə «xalqların böyük köçü» kimi daxil olmuşdur. Xalqların böyük köçünün ən iri çoxsaylı hücumlarından biri olan hun işğalları Avrasiya çöllərində türk və monqol tayfalarının ağalığının başlanğıcı idi. Türk tayfaları olan hunlar Dunay çayı boyu bərəkətli torpaqları öz dövlətlərinin tərkibinə qataraq görkəmli sərkərdə Atillanın başçılığı altında romalıların işğal etdiyi ərazilərə hücum edərək bütün Avropanı qorxu altında saxlayırdılar. İstedadlı sərkərdə və diplomat olan Atillanın Qərbi Avropanı işğal etmək cəhdi 451-ci ildə Şimali Fransadakı Şampan əyalətinin Katalaun çölündə Roma ordusu ilə qarşı-qarşıya gətirdi. Avropanın bir çox xalqlarının daxil olduğu Roma ordusu Atillanın çoxmillətli ordusunu məğlub etdikdən sonra hunlar Dunaya doğru geri çəkildi. Növbəti dəfə evlənərkən burnundan açılan qanın yuxuda boğazına axması ilə boğularaq vəfat edən Atillanın ölümündən sonra taxt-tac çəkişməsi Hun dövlətinin dağılmasına səbəb oldu.
 
VI əsrdə Şərqdən Qara dəniz sahillərinə türk dilində danışan türk, avar, bolqar, xəzər tayfalarının basqınları başladı. VI əsrdə Dunay çayı hövzəsində Avar xaqanlığı meydana gəldi ki, onlar da əsasən Bizans imperiyasına dağıdıcı yürüşlər təşkil edirdi. Slavyan torpaqları da avarların viranedici hücumlarına məruz qalmışdır. VIII əsrin sonlarında frankların hücumu ilə Avar xaqanlığı dağıdıldı. Avar xaqanlığından şərqə doğru isə köçərilərin Türk xaqanlığı mövcud idi. Mərkəzi Asiyanın böyük ərazilərini, Xəzəryanı və Azovyanı tayfaları birləşdirən bu dövlət daxili çəkişmələr nəticəsində VII əsrin ortalarında dağıldı. Bu çöl dövlətinin xarabalıqları yerində isə yeni Volqa Bulqarıstanı və Xəzər xaqanlığı kimi dövlətlər yarandı.

VII əsrin birinci yarısında köçəri bolqarlar Azov çöllərində mərkəzi Fanaqoriya olan Böyük Bolqar dövlətini yaratdı. Əvvəllər bir olan Bolqarıstan sonra iki yerə bölündü. Bolqarların bir hissəsi Dunay çayı boyunca Dunay Bolqarıstanı dövlətini yaratdı. Bolqarların başqa bir hissəsi şimala — Kama ilə Volqa arasındakı meşəlik ərazisində Volqa Bulqarıstanı dövlətini qurdu. Dunay Bolqarıstanının köçəri türk tayfaları yerli əkinçi slavyan tayfaları ilə qaynayıb qarışaraq, tədricən onların adət-ənənə və dilini mənimsəyərək vahid bolqar xalqını yaratdı. Volqa Bulqarları Dunaydakı qardaşlarından fərqli olaraq türk adət-ənənələrini və dillərini qoruyub saxladı. Volqa Bulqarıstanının X əsrin əvvəllərində Ərəb xilafəti ilə dostluq əlaqələrini qurması onların islamı qəbul etməkləri ilə nəticələndi. Şəhərlərdə məscidlər inşa edildi, müsəlman din xadimləri — mollalar dini ayinləri yerinə yetirməyə başladı, ərəb yazısı geniş yayıldı. XIII əsrin əvvəllərində Volqa Bulqarıstanı monqollar tərəfindən dağıdıldı.
VII əsrin ortalarında Volqadan Dona kimi, Şimali Qafqaz və bütün Krımı birləşdirən Xəzər xaqanlığı yaranmışdır. Volqa ilə Xəzər dənizinə, Don çayı vasitəsi ilə Azov və Qara dənizə çıxış kimi vacib ticarət yollarına sahib olan Xəzər xaqanlığı Bizans, İran, Şərqin Ərəb ölkələri, Şimali Avropa ilə ticarət əlaqəsi saxlayırdı. Xəzər dövlətində türk, ərəb, slavyan, yəhudi və b. xalqların nümayəndələri yaşayırdı ki, onlar da müxtəlif dinlərə xidmət edirdi. VIII əsrdən mərkəzi İtil şəhəri olan xaqanlığın dövlət dini isə yəhudilik idi. Dövlət X əsrin ortalarına qədər yaşamışdır.
Bütün bu tayfa və xalqlar ucsuz-bucaqsız Şərqi Avropa düzənliyində slavyanların sələfləri olmaqla yanaşı, sonradan onlarla qonşu olaraq bir-birinə qarşılıqlı təsir göstərmişdir.
 
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh