Şərq slavyanları qədim zamanlarda


Ümumilikdə, slavyanların mənşəyi və yayılması problemi bu gün də müzakirə olunmaqdadır. Kiyev-Peçersk məbədinin keşişi Nestorun qələmə aldığı qədim rus yazılı abidəsi olan «Ötən illərin dastanı» salnaməsində müəllif slavyanların yuxarı Dunay və Drava çayları arasındakı ərazidə yerləşdirmişdir. Buradan romalılar tərəfindən sıxışdırılan slavyanlar yeni Visla və Dnepr çayları ərazisində məskunlaşmışdır. Qədim Roma tarixçisi Tatsitə əsaslanan rus tarixçisi S.M.Solovyov slavyanların ana yurdunun «Dunay» variantını müdafiə etmişdir. S.M.Solovyovun şagirdi tarixçi V.O.Klyuçevski də «Dunay» variantını qəbul etməklə bərabər qeyd etmişdir ki, şərq slavyanları Dunaydan Dneprə yayılmadan təqribən 500 il Karpat dağlarının ətəklərində olmuşlar. Klyuçevskiyə görə, yalnız VII əsrdən başlayaraq şərq slavyanları tədricən müasir Rusiya düzənliyində məskunlaşmışdır.



Müasir ədəbiyyatda slavyanların etnik icma şəklində yerləşmələri ilə bağlı iki yayılmış nöqteyi-nəzər var. Birinci belə baxış Oder-Visla nəzəriyyəsi olub, slavyanların Oder və Visla çayları arasındakı ərazilərdə məskunlaşmasından, digər ideya onların Oderlə Orta Dnepr arasındakı ərazilərdə məskunlaşmasından bəhs edən Oder-Dnepr nəzəriyyəsidir. Slavyanların Hind-Avropa icmalarından ayrılması prosesi isə onların torpaqların əkilməsinə keçməsi ilə birbaşa bağlıdır.

Hunların dövləti yıxıldıqdan sonra Dunay və Dnepr sahillərində, Pripyat, Desna və Yuxarı Oka çayları boyu meşə talalarında əhali yenidən məskunlaşmağa başlamışdır. Bu alimlərin qeyd etdiyi kimi, əsl demoqrafik partlayış olub slavyan əhalisinin sürətlə və böyük miqyasda artaraq Şərqi Avropanın geniş ərazilərinə yayılması demək idi. Bu bizim eranın V-VI əsrlərində baş vermişdir. Slavyan əhalisi, xüsusilə hun atlılarının çata bilmədiyi Karpat ətrafında, Mərkəzi və Şimali Avropanın ərazilərində artmışdır. Slavyanlar arasında güclü köç prosesi baş verirdi. Şimal-şərq meşələrində gizlənmiş əhali cənuba, özlərinin qədim məskənləri olan Orta Dnepr boyuna, Dnestr və Buq çayları hövzələrinə qayıtmağa başlamışdır. Vislaboyundan və Karpatdan slavyanlar Dunayboyu torpaqlara hərəkət etdi ki, V əsrdən bu yerlərin əhalisi öz tərkibinə görə slavyanlardan ibarət olmuşdur. Slavyanlar almanların tərk etdiyi ərazilərdə yerləşərək Qərbdə Elba çayına kimi və Orta Dnepr boyundan şərqə doğru hərəkət etmişdir.

Eyni zamanda slavyanlar arasında cəmiyyətin sosial tərkibinin dəyişilməsi ilə bağlı tayfa başçısı və ağsaqqalların rolu artmış, onların ətrafında döyüş drujinaları meydana gəlmiş, cəmiyyət varlılara və yoxsullara bölünməyə başlamışdır. Dnepr və Dunayboyu əhalisi Balkanlar və yunan şəhərləri ilə ticarəti bərpa etməyə başlamışdır.

V əsrdən başlayaraq əvvəllər skif, sarmat, hun tayfalarının ağalıq etdiyi Dnepr və Dnestr hövzələrində şərqi slavyan tayfalarının «antlar» yəni, İran dilində «ucqar sakin» («жители окраин») adlanan hissəsi möhkəmlənmişdir. Məhz qədim şərq slavyanları — antlar Rusiyanın cənub-şərqində yaşayan İran tayfaları ilə müqayisədə bu cür idi. Bunların slavyan olduğunu qədim yunan müəllifləri də təsdiq edir. Onlar göstərir ki, V-VI əsrlərdə Avropanın cənub şərq hissəsində iki böyük slavyan tayfa təsisatı əmələ gəlmişdir. Bunlardan biri sklavin və ya slavyan tayfa ittifaqı, ikincisi onlara qohum ant ittifaqı idi. Sklavinlərin tayfa ittifaqı Balkan yarımadasının şimal hissəsində, antlar isə aşağı Dunaydan Azov dənizinə olan ərazilərdə məskunlaşmışdır.

Mənimsədikləri ərazilərdə möhkəmlənmiş antlar V əsrdən başlayaraq Dunay üzrə hərəkət edib Balkan yarımadasına, Bizans imperiyasının sərhədlərinə yayılaraq, hətta Balkan slavyanları ilə düşmənçilik belə etmişdir. Bizans isə onları bir-birinə qarşı qoymağa çalışırdı.

Bu onillik ərzində uzun təhlükəli yürüşlərə çıxan slavyanlar güclü hərbi ittifaqlar yaradır, tayfa drujinalarını birləşdirir, çay və kiçik dəniz donanmaları təşkil edərək uzaq məsafələrə çay və dənizlərlə hərəkət etməyə çalışırdılar. Onlar daim Dunayı keçərək Bizans şəhərlərini işğal edir, əhalini əsir götürüb təzminat tələb edirdi. Slavyan dəstələri hətta Aralıq dənizi sahillərinə belə çatırdı. Mahiyyət etibarilə Qərbdə almanların etdiyi kimi şərq slavyanları Balkanlardakı Bizans imperiyasının ərazilərini müstəmləkələşdirməyə başlamışdır. Antların hücumunun qarşısını kəsmək məqsədilə Bizans imperatorları Dunay boyu bir sıra qalalar inşa etdirmişdir. Slavyanların hücumlarının qarşısını kəsə bilməyən Bizans hakimiyyəti onları bahalı hədiyyələr, qızıl, qiymətli parça, qablarla ələ almağa çalışaraq bəzi sərhəd ərazilərini güzəştə gedir, slavyan başçılarını xidmətə qəbul edirdi.

Yalnız cənuba deyil, slavyan drujinaları Balkanlara can atırdı. Baltik dənizindən Karpata kimi Mərkəzi və Şərqi Avropanın geniş ərazilərində yaşayan slavyan əhalisinin böyük kütləsi müstəmlələləşdirmə yürüşünə cəlb olunmuşdur.

Baltik hövzəsindən slavyan tayfalarının bir hissəsi Avropanın dərinliyinə çəkilmiş almanların yerinə qərbə doğru genişlənmişdir. Onların digər hissəsi şərqə — İlmen gölü sahillərinə doğru irəliləmişdir. Burada Baltik sahillərindən şərq və cənuba doğru uzanmış qədim ticarət yolunun kəsişməsində iki slavyan köç axını qarşılaşmışdır. Onlardan biri qərbdən olan slavyan kolonistləri, ikincisi cənubdan olan və zaman-zaman köçərilərin basqınları sayəsində şimala çəkilmiş mühacirlər idi.

İlmen ətrafında güclü slavyan mərkəzi belə formalaşmışdır ki, bu da sonradan Novqorod slovenləri adını almışdır. Mahiyyət etibarilə V-VI əsrlərdə bütün Şərqi Avropa vasitəsilə bu ərazilərdə yaşamış bütün slavyanları əhatə edən möhkəm xətt uzanmışdır. Köç prosesi slavyan tayfa ittifaqını formalaşdırmış vasitələrdən olmuşdur.

I-II əsrlərdəki antik, VI-VII əsrlərdəki Bizans müəllifləri slavyanları ve-ned, ant, sklavin adları ilə qeyd etmişlər. VI əsrdə slavyanlar sloven adı ilə dünyadakı köç prosesinə qoşuldu. VI-VII əsrlərdə slavyanlar üç əsas istiqamətdə, cənuba — Balkan yarımadasına, qərbə — Orta Dunay, Oder və Elba çayları arasındakı ərazilərə, Şərq və Şimal Şərqi Avropa düzənliyinə yayılmışdır. Bununla eyni vaxtda slayanların üç — cənub, qərb və şərq qollarına ayrılması baş vermişdir. Slavyanların geniş ərazilərə yayılması «xalqların böyük köçü»nün birbaşa nəticəsidir.

Məhz qədim rus torpaqlarında məskunlaşan slavyanlar müasir rus, Ukrayna, belorus xalqlarının ümumi vətəni olmuşdur. Şərqi slavyan tayfalarının yerləşdiyi ərazilər şimalda Neva çayı və Ladoqa gölünə, cənubda Dneprin orta axarlarına, qərbdə Karpat dağlarına, şərqdə Oka çayı sahillərinin sıx meşələrinə kimi uzanmışdır. Slavyanlar məskunlaşdığı yeni ərazilərdə fin-uqor, balt xalqları ilə qonşu oldu. Bunlar müasir karel, mari, mordva, komi, veps xalqlarının əcdadları çud, merya, ves, korel, murom tayfaları idi. Müasir estonlar qədim findilli əhalinin, litva və latışlar isə baltların davamçılarıdır.

Şərq slavyanlarının yeni ərazilərdə yerləşməsi ilə onlar arasında ayrı-ayrı qruplar tayfalar halında birləşdi. Bu qohumluq əlaqələrinə əsaslanan birlik olmayıb müəyyən ərazilərə sahib olan dövlətöncəsi birliklər idi. Rusiya ərazisində 12 tayfa, o cümlədən polyan, drevlyan, volınyan, dreqoviç, severyan, xorvat, tiverli, uliç, rodimiç, kriviç, vyatiç və slovenlər məlum idi. Əsasən əkinçiliklə məşğul olan slavyanlar buğda, arpa, yarma, darı becərirdi. İnək, donuz, keçi qoyun və at saxlayan slavyanlar ovçuluq və balıqçılıqla da məşğul olurdu. Meşələrdən giləmeyvə, göbələk, bal toplanırdı.

Şərq slavyanları təbiət qüvvələrini ilahiləşdirərək ayrı-ayrı ilahi bütlərə səcdə edirdi. Başqa sözlə, şərq slavyanları bütpərəst idi. Onların baş allahı Perun ildırım və fırtına, Dajboq günəş, Striboq külək, Svaroq odu təmsil edirdi. Slavyanlar ağac və daşdan öz inandıqları Allahların fiqurlarını — idollarını hazırlayır və çətin anlarda onlara müraciət edirdilər. Yeraltı dünyanın varlığına inanan slavyanlar ölən adamın qəbrinə yemək və su ilə dolu qab-qacaq, döyüşçülərə silah qoyurdu. Bəzən ölən adamın arvadını da onunla birlikdə dəfn edirdilər.

Slavyanların adətləri təbiətlə sıx bağlı olmuşdur. Məsələn, yazda slavyanlar qışı yola salaraq Maslenits bayramını qeyd edirdilər. Yayda ilin ən uzun günündə gənclər şənlənərək yanan tonqalların üzərindən atlayır, qızlar çələng toxuyaraq onu suya atırdılar.

 

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh