Kilsə islahatı və parçalanma

Zaman keçdikcə kilsə Rusiyada böyük qüvvəyə çevrilmişdir. Xarici işğalçılarla mübarizədə, birlik və mərkəzləşdirmə zamanı dövlətin kilsəyə ehtiyacı olmuşdur. Kilsə xaç və duaları ilə xalqı böyük işlərə təşviq edirdi. Nəzərə almaq lazımdır ki, böyük hökmdarlar, xüsusilə Romanovlar dərin dini inamı olan insanlar olmuşdur və onlar dini ibadəti yerinə yetirən xidmət adamlarına xüsusi münasibət bəsləyirdilər. Çar onlara öz keşişləri kimi baxaraq məsləhətlərinə qulaq asırdı. Kilsənin öz növbəsində onları torpaq payı, güzəşt və üstünlüklərlə təmin edən dövlətə ehtiyacları var idi.Lakin Rusiyada mütəq monarxiya hakimiyyəti möhkəmləndikcə, ölkənin idarə olunmasında güclü ordusu, qanunları, bürokratik aparatı olan sistemin formalaşmasında kilsəyə lazım olan rol ayırmamışdır. Çar hakimiyyəti Rusiyada çox böyük torpaq mülkləri, qüdrətli siyasi təsiri, müxtəlif səpkili məhkəmə və vergi güzəştləri olan «dövlət içərisində dövlətlə» barışmaq niyyətində deyildi. Odur ki, XVII yüzilliyin 60-cı illərində bu iki qüdrətli güc mərkəzi növbəti toqquşmaya səbəb oldu.
Bir neçə yüzillik boyu kilsə dini ayinlərinin icra olunmasında nə vaxtsa yunancadan tərcümə olunan kilsə kitablarında savadsız yazı üzü köçürənlərin nöqsanı səbəbilə bir çox səhv və yanlışlara yol verilmişdir. Rusiyalı ikona çəkənlər ikona yaradarkən bir çox hallarda müqəddəs övliyaları və dini hadisələri ciddi yunan keşiş qaydaları əsasında təsvir etməmişdir. Bu azmış kimi hətta Rusiyada xaç vurmaq belə dəyişərək üç barmaqla (Tanrı Ata, Tanrı Oğul, Tanrı Müqəddəs Ruh) xaç vurmaq yerinə, iki barmaqla vurulurdu ki, bu da başqa pravoslav mərkəzlərində təəccüb doğururdu. Odur ki, çar Aleksey Mixailoviçin fəal iştirakı ilə kilsə və dövlətin üst qatlarında kilsəni bu yanlış və səhvlərdən təmizləmək məqsədilə hərəkat başladı. 1652-ci ildə Kremlin Uspenski kilsəsində patriarx taxtına seçilən Nikon (1605-1681) bu yeni kilsə hərəkatının başında dayanırdı. Mordvin olan Nikita Minov, yəni, Nikon uşaqlıqda yetim qalaraq dini kitablar oxuyaraq özünü kilsəyə xidmət etməyə hazırlamışdır. Nijni Novqorod yaxınlığındakı Makaryev məbədində xidmət edərək keşiş olmuşdur. Faciəvi ailə vəziyyəti ilə üzləşərək evləndikdən sonra üç uşağı ölən Nikita ailəsini tərk edərək uzaq Ağ dənizdəki monastra gedərək saçını vurdurub rahib olaraq Nikon adını qəbul etmişdir. Tezliklə onun Tanrını vəsf edən ciddi duaları və sərt yaşam tərzi məşhurlaşaraq Rusiyanın hər yerinə yayılmışdır. Onu monastrın iqumeni seçib bir müddət sonra çara təqdim edirlər. Hündürboylu, qarasaçlı, ciddi, itibaxışlı, səmimi və saf Nikon dindar çara güclü təsir bağışladı və onu Moskvada saxladılar.
Məhz bu zaman çarın ətrafında qısqanc əsl din tərəfdarlarının daxil olduğu dərnək yaranmışdır. Bura çarın keşişi Stefan Vonifatyev, baş keşiş Avvakum, çara yaxın olan savadlı okolniçi Fyodr Mixayloviç Rtişyev və b. daxil idi. Məhz bu dərnəkdə kilsənin köhnə pislikdən təmizlənməsi ideyası yaranmışdır.
Nikonun patriarx təyin edilməsi kilsə islahatını daha da fəallaşdırmışdır. Onun zamanında yeni qaydalar, o cümlədən məbəddə döşəməyə kimi deyil bel səviyyəsində əyilərək ibadət, iki barmaqla deyil üç barmaqla xaç vurmaq, tətbiq edilməyə başlandı. Kitabların genişmiqyaslı mətbəə şriftlərilə düzəldilməsi işi qaydaya salındı. Qədim nümunələri əks etdirməyən ikonalar kilsədə yenilərilə əvəz olundu. Bütün bu tədbirlər kilsənin əsirlərdən qalan yanlışların, o cümlədən bütpərəstliyin qalıqların təmizləməyə xidmət edirdi. Eyni zamanda, Nikon kilsə xidmətçilərinin əxlaqi-mənəvi dəyərlərini önə çəkərək sərxoşluq və başqa neqativ əməllərə qarşı mübarizə aparırdı.
Gözlənilənlərin əksinə olaraq, din xadimlərinin və keşişlərin bir hissəsi bu yenilikləri müqavimətlə qarşıladı. Azsavadlı, dünyəvi işlərin çirkabına bulaşan din xidmətçiləri Nikonun ciddi intizam tələb edən tədbirlərinə düşməncəsinə yanaşdılar. Köhnə kitablara və adətlərə alışan keşiş və rahiblər yeniləşmə prosesində iştirak etmək istəmirdilər, çünkü bu, bilik, güc tələb edirdi.
Başlıcası kilsə islahatçıları dindarların müqaviməti və etirazı ilə qarşılaşdılar. Onilliklərboyu kilsəyə gələrək dilsiz-ağızsız ikonlara və köhnə kitablardakı yazılara alışan dindarlar yeniliyi qəbul etməyərək köhnə kitabları, ikonaları gizlətməyə başladılar. Xüsusilə iki barmaq yerinə yeni üç barmaqla xaç vurulması dindarları dərindən sarsıtmışdı. Onlara belə gəlirdi ki, kimlərsə əsirlik köhnə dini dəyişdirir.

Kilsə islahatının yenilikləri ilə razı olmayanlar özlərini staroveramı, yəni köhnə təriqətçilər adlandırdılar. Beləliklə, Rusiya kilsəsində parçalanma, təfriqə baş verdi. Ölkənin ictimai həyatına mühüm təsir edən bu hadisə son dərəcə kəskin qarşıdurmalara, hətta silahlı mübarizəyə belə səbəb oldu. Köhnə təriqətçilər arasında boyarlar, tacirlər olsa da, əsas kütlə kəndlilər və posad adamlarından ibarət olmuşdur.
Kilsənin Nikonun metodu ilə yeniləşməsi islahatı hətta onun keçmiş müttəfiqlərinin belə narazılığına səbəb oldu. Baş keşiş Avvakum Nikonu insanlar üzərində zorakılıqda, kafirlikdə ittiham etdi. Nikon baş keşişi və tərəfdarlarını sürgünə göndərdi ki, köhnə təriqətçilərin gözündə onlar əzabkeşə çevrildilər.
İlk vaxtlar bitərəf mövqe tutan çar ordunun başında Polşa sərhədlərinə hərəkət edərkən Moskvada hökumətin işlərinə rəhbərliyi Nikona tapşırdı. Ölkə idarəçiliyi işlərinə qarışan patriarx Nikon kilsə torpaq sahibliyinin hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxdı. Kremldəki Uspenski kilsəsindəki moizələrində patriarx dini hakimiyyətini dünyəvi hakimiyyətdən, «keşişliyin», «çarlıqdan» üstün olduğunu dilə gətirdi. Bu çar və patriarxın açıq qarşıdurması oldu. 1658-ci ildə Nikon patriarx yüksək rütbəsindən azad olmadan özünün Moskva altındakı Voskresensk kilsəsinə gedərək çarın onu geri dəvət etməsini gözlədi. Lakin cəmiyyətin ali təbəqəsi Nikonun amiranə təkəbbürlüyü nəticəsində ölkəni dini təfriqəyə sürükləməsinə görə ona qarşı birləşdi. Yalnız 1666-cı ildə Moskvaya toplaşan dini liderlər Nikonu Ümumməclisin qərarı ilə patriarx rütbəsindən azad edərək yeni patriarx seçdilər. Pravoslav din xadimlərinin məclisində açıq elan olundu ki, çar vətəndaş işlərində, patriarx kilsə işlərində üstünlüyə malikdir. Nikon isə son olaraq göndərildiyi Kirill-Belozero kilsəsində 1681-ci ildə öldü.
Nikonun başladığı kilsə islahatı nəticəsində Rusiya cəmiyyətində uzun zaman dini təriqətçilik davam etmişdir. Rusiyanın uzaq, əlçatmaz yerlərində təriqətçi qəsəbələr, keçilməz meşələrin dərinliklərində təriqətçi sovməələr (skit) əmələ gəlmişdi. Çar qoşunu itaət etməyən adamlara yaxınlaşdıqda onlar iki barmağı ilə xaç işarəsi vuraraq özlərini yandırırdılar.
Bir qədər keçdikdən sonra təriqətçilərin lideri baş keşiş Avvakum oldu ki, o da həm Nikonu, həm də keçirdiyi islahatlara görə çarı ifşa edirdi. Hökumət əleyhinə moizəsinə görə baş keşiş Avvakum 1682-ci ildə tonqalda yandırıldı. Artıq köhnə təriqətçilər özlərinin adət-ənənələri, köhnə kilsə ikonaları, qədim kitabları ilə rus pravoslav kilsəsinin özünə məxsus bir hissəsi olmuşdu. Onlar arasında dini fanatiklik, yüksək mənəvi əxlaq, əməksevərlik geniş yayılmışdır. Köhnə təriqətçilər arasından çoxlu tacir nəsli, əkinçi, mahir sənətkarlar çıxmışdır. XX yüzillikdə Rusiya pravoslav kilsəsi könə təriqətçilərə lənət qoyan kilsə məclisinin hökmünü ləğv edərək qərara almışdır ki, yeni və köhnə adətlər eyni olaraq xristian dinini ifadə edir.


Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh