Xristianlığın qəbul edilməsi

Vladimir Syatoslaviçin hakimiyyəti Rusda xristianlığın qəbul edilməsi tarixi hadisəsi ilə əlaqədardır. İqorun dövründə Kiyevdə xeyli xristian var idi və onların Svyatoye İlyi kilsəsi ucalırdı. Olqanın xaç suyunasalma mərasimindən sonra xristianlaşma daha sürətlə yayılmağa başlamışdır. Kiyev sarayının Qərb slavyanları ilə əlaqəsi sübut edir ki, ilk vaxtlar Rus həm Bizansla, həm də Roma kilsəsi ilə xoş münasibətlər yaradaraq tərəflərdən hər hansı birinə meyil etmirdi. Əhalsinin böyük əksəriyyətinin bütpərəst olmasına baxmayaraq, Rus böyük din azadlığı ilə seçilirdi. Burada müsəlman və yəhudilər, Bizansdan olan xristianlar, alman, polyak, çex torpaqlarından olan dindarlar dini ayinləri azad şəkildə yerinə yetirirdilər.
Vladimirin hakimiyyətə gəlməsi bütpərəstliyin uzun müddət təntənəsindən bəhs etmək imkanı yaradırdı. Lakin həyatın öz yolu olmuşdur. Rusun hakim təbəqəsinin nümayəndələri xristianlığın qəbul edilməsi zərurətini gözəl başa düşürdü. Təsadüfi deyil ki, Vladimir təpənin üstündə əsas bütpərəst Allahlardan Perunu ucaldaraq bütpərəstlik dininə söykənərək ölkənin dövlət birliyinin dayağını təmin etməyə çalışmışdır. Birincisi, bunu inkişaf etməkdə olan dövlətin mənafeyi tələb edirdi. Xristian dünyasında bütpərəst kimi qalmaq bütün Avropa ölkələri birliyindən təcrid olunmaq idi. İkincisi, yeni din özünün tək Tanrıya sitayişi ilə monarx başda olmaqla yeni dövlətin varlığına uyğun gəlirdi. Üçüncüsü, xristianlıq cəmiyyətin nüvəsini təşkil etmiş ailənin əsasını möhkəmləndirərək qadına, anaya, uşağa, ümumən insana humanist münasibət tələb edirdi. Bu cəmiyyətin tərəqqisinə təsir etməyə bilməzdi. Dördüncüsü, xristianlığa müraciət mədəniyyətin, ölkənin mənəvi həyatının inkişafına kömək edə bilərdi: xristianlıq yaxşı qurulmuş fəlsəfi sistemə, zəngin dini ədəbiyyata malik idi. Xristian ölkələrilə əlaqə tədricən Rusun bu ölkələrin mənəvi və mədəni dünyasına daxil olmağa zəmin hazırlamış olardı. Beşincisi, Rusda yeni ictimai münasibətlərin yetişməsi, sürətli və dərin sosial təbəqələşmə yeni ideologiya tələb edirdi. Bütpərəstlik və onun təbiət qarşısında adamların bərabərliyi baş verən və artan bərabərsizliyi izah edib, bəraət verə bilməzdi.
Rusun Bizansla iqtisadi, siyasi, mədəni və dini əlaqəsinə baxmayaraq, Bizans üzrə xristianlıq nümunəsi tez bir zamanda rus torpaqlarında rəsmi olaraq qərarlaşmaq üstünlüyünə nail olmamışdır. Salnaməçi qeyd edir ki, Vladimirin yanına müsəlman Volqa Bulqarıstanından, yəhudi Xəzəriyyədən, xristianlığın Roma qolunun möhkəmləndiyi alman torpaqlarından dini missionerlər gəlmişdi. Bizansdan gəlmiş vaiz Vladimirə pravoslav xristianlığının mahiyyətini izah etmişdir. Missionerləri diqqətlə dinləyən Vladimir boyarlar və kiyevlilərlə məsləhətləşmişdir.
İlk zamanlar yeni xristian dininin əlamətləri özünü tam göstərə bilməmişdir. Rus hökuməti qarşısında duran əsas praktik məsələ ondan ibarətdir ki, xristianlığın qəbulundan Rusun şərəfini və sülalənin nüfuzunu yüksəltmək üçün necə istifadə edilsin. Bizans Rusu xristianlaşdırmağa çalışaraq ona siyasi təsir göstərməyə və özünü Rus basqınlarından qorumağa cəhd edirdi.
Bir-birinə əks məqsəd daşıyan Rus və Bizans 987-ci ildə danışıqlara başlamışdır ki, imperiya qiyamçılara qarşı Rusdan kömək xahiş etmişdir. Xaç suyunaçəkmə məsələsinə də toxunulmuşdur. Danışıqlarda Vladimir imperator II Vasilinin bacısı şahzadə Annanın arvadı olmasını istədi. Bu Rusun Avropa və Asiyada dövlət nüfuzunu yüksəldərək ölkə daxilində sülalənin mövqeyini daha da möhkəmləndirmiş olardı. Təsadüfi deyil ki, Avropa və Asiyanın bir çox monarxı Bizans imperator evi ilə qohum olmağa can atırdı.

Rusların köməyinə ehtiyacı olan bizanslılar Vladimirin tələbini qəbul edərək ona xristianlığı qəbul etməyi təklif etdilər. Vladimir razılaşdı. Rus döyüşçüləri Bizansa göndərildi, üsyan yatırıldı. Təhlükə keçdikdən sonra yunanlar Anna və Vladmirin nikahına dair müqavilənin şərtlərini yerinə yetirməyə tələsmirdi. Şərait kəskin dəyişilmişdi. Vladimir əyanları toplayaraq 988-ci ildə Bizans mülkünün Krımdakı mərkəzi Xersonesə (Korsun) hərəkət etdi. Mühasirə bir neçə ay çəkdi. Nəhayət, qaladan dini qulluqçu Anastas oxa bərkidilmiş yazı parçası vasitəsilə bildirdi ki, şəhər divarlarından şərqdə yerləşən su xəttini kəsməklə qalanı ələ keçirmək mümkündür. Döyüşçülər xətti aşkar edib suyu kəsdilər. Şəhər əhalisi qalibə təslim oldu. Bundan sonra Vladimir Konstantinopola çapar göndərdi ki, əgər Anna Xersona onun yanına gəlməsə, rus qoşunu Konstantinopola hücum edəcək. Vladimir xaç suyuna çəkilmək vədini təsdiq etdi. Anna Rusa gəlməkdən imtina edərək ağlayaraq demişdir: «Mənə ən yaxşısı ölməkdir» («Лучше мне умереть»). Bizans imperatoru II Vasili onu dilə tutub Bizansa kömək etməsini istəmişdir. Tezliklə gəmi ilə şahzadə, ətrafı, keşişlər Krım sahillərinə çatdı.
Xersonesdə Vladimir xaç suyuna çəkilərək xristianlığı qəbul edib bu aktın Rus tərəfindən könüllü və Bizansın iradəsindən asılı olmadığını qeyd etmişdir. Xristianlıqda Vladimir II Vasilinin şərəfinə Vasili adını qəbul edərək onunla bərabərləşmişdir. Xerson imperiyaya qaytarılmışdır. Böyük knyazla drujinanın bir hissəsi də xaç suyuna çəkilmişdir. Eyni ilə bu cür frankların kralı Xlodviq də öz döyüşçüləri ilə xaç suyuna çəkilmişdir.
Xersondan kilsə ikonalarını, avadanlığını, keşişlərin bir hissəsini özü ilə götürmüş Vladimir Kiyevə qayıtdı. O özü ilə Müqəddəs Kliment və Fivanın təbərrüklərini də götürmüşdü. Şəhəri almağa kömək etmiş Anastas keşiş də Vladimirlə birlikdə yola düşmüşdür.
Vladimirin xristianlığı qəbul etməsilə Rus torpaqlarında xristianlığın tam bərqərar olması xeyli vaxt aparmışdır. Yalnız 990-cı ildə Vladimir xristianlığın bütün Rusun ərazisində qəbul edilməsi məqsədilə ilk addım atmışdır. Bu xüsusilə bütpərəstliyin geniş yayıldığı şimalda xalq üçün böyük sınaq olmuşdur.
Birinci olaraq Kiyev əhalisi xristianlığı qəbul etmişdir. Yay günlərindən birində Vladimirin əmri ilə Perun başda olmaqla bütpərəst idolları atılmışdır. Ertəsi gün səhər tezdən şəhər əhalisi çaya gəlmişdir. Kişilər, qadınlar, uşaqlar çaya daxil olaraq keşişlər tərəfindən xaç suyuna çəkilmişdir. Böyük knyazın əmrilə əvvəllər Perunun ucaldığı təpənin yerində birinci — Müqəddəs Vasili kilsəsi inşa edilmişdir. Bunun ardınca bir neçə il ərzində digər rus şəhər və torpaqları da xristianlğı qəbul etmişdir.
Novqorodun xristianlaşdırılması knyazın əmisi Dobrıninə həvalə edilmişdi. Novqorodun bütpərəst əhalisi Dobrıni və keşişlərin xaçlarla şəhərə gəlməsinə qarşı çıxmışdır. Yalnız qanlı toqquşmada bütpərəstlərin Dobrıninin həyətini dağıdıb yaxınlarını öldürdükdən sonra Novqorod canişini üsyançıların müqavimətini qıra bilmişdir. Çoxlu adam amansızlıqla cəzalandırılmışdır. Rostov və digər şəhərlərdə də xristianlıq belə çətinliklə yayılmışdır. Kənd yerlərində, meşələrdə bütpərəstlik uzun müddət öz mövqeyini saxlamışdır.
Bizans xristianlığının əsas xüsusiyyətlərindən biri ondan ibarət idi ki, xristianlığa yeni müraciət etmiş xalqlar arasında kilsə ayinlərini yerli xalqın dilində yerinə yetirməyə icazə verilirdi. Roma kilsəsi isə buna yalnız latın dilində icazə verirdi. Bu yeni dini xalqa yaxınlaşdıraraq onun mənəvi həyatının, məişət mədəniyyətinin bir hissəsinə çevirirdi.
Vladimirin Bizans kilsə təşkilatının bir xüsusiyyətini nəzərə almamış olmazdı. Belə ki, onun başında kilsə xidmət adamı kimi Roma papası deyil, dünyəvi hakimiyyətin başçısı imperator dayanırdı ki, patriarx ona tabe idi. Bu ənənə də Rusa sirayət etmişdir.
996-cı ildə Kiyevdə Rusun böyük baş məbədi olan Məryəm Ana kilsəsi daşdan tikilərək başa çatmışdır. Bu kilsəni yunan ustaları və ikonaçəkənləri tikib bəzəmişdir. Vladimir Xersondan gətirdiyi ikona və kilsə avadanlığını məbədə vermişdir. Burada dini ayinləri Anastas başda olmaqla Xerson keşişləri yerinə yetirmişdir. Bu məbədin təminatı üçün Vladimir knyaz gəlirinin 1/10 hissəsini ayırmışdı. Odur ki, o zamandan etibarən kilsə «desyatinnoy» adlandırılmışdır.
Xristianlıqla bərabər Rusa təhsil, sosial savad gəlmiş, ilk məktəblər açılmışdır. Bura Vladimirin əmri ilə zəngin ailələrin uşaqları cəlb edilmişdi. Analara ağlayaraq, təşviş içində uşaqlarını oxumağa verirdilər. Çünkü bu işlərin nə olduğunu başa düşmürdülər.
İlk zamanlar xristian kilsəsi bütpərəstlik dənizində kiçik bir yer idi. Yalnız sonralar dövlət hakimiyyətinin köməyi sayəsində xalq arasında, şəhər və kəndlərdə kök salmışdır. Bir neçə əsr keçdikdən sonra xristianlıq bütpərəstliyin tam yerini tutmuşdur. Buna baxmayaraq bütpərəstlik axıra kimi təslim olmamışdır. Rusda xristianlığın ehkam, qayda və ənənəsi köhnə bütpərəst anlayışları ilə qeyri-adi şəkildə birləşmişdir. Beləliklə, ikietiqadlılıq meydana gəlmişdir. Xristianlar kilsədə ibadət edərək evdəki ikona qarşısında baş əyərək, eyni zamanda köhnə bütpərəstlik bayramlarını qeyd edirdilər. Məsələn, Kolyadı, yəni qızıl yumurta bayramı İsanın doğum tarixi və xaç suyuna çəkilməsi ilə qaynayıb-qarışmışdır. Maslenitsa (pəhriz bayramı) saxlanmışdır ki, indi də Böyük pəhrizqabağı qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri, xüsusilə sadə adamlar İsa peyğəmbərə və sevilən müqəddəslərə etiqad etməklə yanaşı, cin, şeytan, quleybani və su pərisi ilə də hesablaşmaqda davam etmişdir.

Xristianlığın qəbul edilməsinin tarixi əhəmiyyətindən danışarkən ilk növbədə kilsənin inkişafından, onun tədricən Rus zəminində kök salaraq həyatının bütün — iqtisadi, siyasi, mənəvi, mədəni sahələrinə hərtərəfli nüfuzundan bəhs edilir. Kilsə sonradan geniş torpaq sahələri alaraq öz xüsusi təsərrüfatını təşkil etmişdir. Bu, birinci növbədə, monastrlara — dini qardaşlıqlara mənsub olub, qardaşlığın üzvləri olan monaxlar nikahdan və yerdəki işlərdən əl çəkərək özlərini tamamilə Tanrıya həsr edirdilər. Monastrları iqumenlər idarə edirdi. Onlar böyük knyazdan idarə etmək üçün xüsusi torpaqlar alıb burada asılı, yoxsullaşmış adamların əməyindən istifadə edərək əkinçilik təsərrüfatı yaradır, mal-qara, bostançılıqla məşğul olurdular. Monastrlar özünü zəruri olan tələbat malları ilə təmin edirdi. Zamanla onlar ticarət, hətta sələmçilik mərkəzinə çevrilmişdir.
Monastrlarda yüksək əxlaqi keyfiyyətlərə malik çoxlu monaxlar mövcud olmuşdur ki, onlar da xristian ideyasının və xristian əxlaqının mücahidləri olmuşdur. Beləliklə, bu adamlar ətraf aləmə güclü mənəvi və dini təsir göstərmişdir.
Əsrlər keçdikcə iqtisadi cəhətdən güclənmiş, ruslar arasında yüksəktəhsilli kadrlar yetişdirmiş kilsə ölkənin siyasi həyatına daha çox təsir göstərməyə başlamışdır. Bir çox böyük kilsə başçısı, mitropolitlər, yepiskoplar dövlət çəkişməsində iştirak edərək bu və ya başqa knyazı siyasi mübarizədə müdafiə etmişdir. Lakin kilsə kiçik siyasi maraqlardan üstün durmağa çalışaraq, onun ən yaxşı nümayəndələri Rusiyanın birliyi uğrunda ara çəkişmələrinə qarşı çıxmışdır. Görkəmli kilsə xadimləri çox halda sülhü təminetmə missiyasını yerinə yetirərək ümumrus vətənpərvərlik hərəkatına başçılıq edərək knyazları tamahkarlıq, eqoizm, siyasi məhdudluq və qorxaqlığa görə ifşa etmişdir.
Kilsə və monastrların nəzdində məktəblər təşkil edilmişdir ki, ilk qədim rus ziyalıları monastrların hücrəsindən keçmişdir. Burada ilk rus rəssamları çalışmışdır ki, onlar da illər ərzində gözəl ikonaçəkmə məktəbi yaratmışdır. Monaxlar, kilsə xadimləri qiymətli salnamə külliyatları, müxtəlif növ dünyəvi və kilsə əsərləri, fəlsəfi traktatlar tərtib etmişlər, tərbiyəvi söhbətlər aparmışlar.
İllər keçdikcə böyük knyaz bütün dini və ailə məsələləri üzrə məhkəmə işlərini kilsələrə həvalə etmişdir. Belə məhkəmələr üçün kilsə «nizamnaməsi»ndə kilsə cəmiyyət və ailədə xristianlığın əsas prinsiplərini müdafiə edərək insan sevgisini, dözümlülük, uşaqların valideynlərinə hörmətini, qadın şəxsiyyətinə hörməti, incidilmiş və əzilmişlərin tərəfinin saxlanımasını ifadə etmişdir. Kilsə bütpərəst adətlərini, qızların oğurlanmasını, çoxarvadlılığı, yaxın dərəcəli qohumlarla evliliyi, qızın zorla ərə verilməsini pisləyərək, insan şəxsiyyətinin alçaldılması cinayətini təqib edirdi. Bu mənada kilsə, din xadimləri ailənin, cəmiyyətin, dövlətin möhkəmləndirlməsi işində çalışaraq istismarın səviyyəsini azaltmağa çalışırdı.
Eyni zamanda, ümumən mədəniyyət, təhsilin inkişafına kömək etmiş kilsə bütpərəstlik adət və ənənəsinə əsaslanmış mədəniyyəti bütün gücü ilə boğurdu. Kolyadı və Maslenitsa kimi şən bayramlar təqib edilir, məsxərəçilik cəzalandırılırdı.
İqtisadi, mədəni, dini cəhətdən Rusu Bizans, digər pravoslav ölkələri Bolqarıstan, Serbiya ilə yaxınlaşdırmış kilsə «latınçılığa», Roma papasına qarşı, xüsusilə 1054-cü ildə Bizans və Roma kilsələrinin qəti ayrılmasından sonra mübarizə apararaq, Rusun Qərbdəki mənəvi proseslərdən təcrid olunmasına şərait yaratmışdır.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh