Sibir və Uzaq Şərqin mənimsənilməsi

Sibir və Uzaq Şərqin ərazisi Uraldan Sakit okeana kimi uzanır. Sərt iqlim şəraiti bu yerlərin mənimsənilməsini xeyli çətinləşdirmişdir. Keçilməz Tayqa meşələri ucsuz-bucaqsız bir ərazini təşkil edir. Ondan şimala Tundra meşələri uzanırdı. Ancaq Sibirin cənubunda meşəlik ərazisi başlayır.

Sibir ərazisində müxtəlif fin-uqor, türk, monqol və b. dil ailəsinə məxsus olan xalqlar məskunlaşmışdır. Ob çayı üzərində xantı və mansilər yaşayır. Onların şimal-şərqində Yenisey çayında nensilər, şərqə, Yeniseydən Oxot dənizinə doğru eveneklər məskunlaşmışdır. Lena çayı hövzəsində yakutlar, cənuba doğru Baykalda buryatlar yaşayırlar. Ugedey, nanay tayfaları Amur çayı sahillərində, çukça, koryak, itelmenlər Sibir, Çukotka və Kamçatkanın ən şimal-qərbində məskunlaşmışdır. Bu xalqların demək olar ki, hamısı qəbilə cəmiyyəti quruluşunda yaşayırdı. Onların çoxunun əsas məşğuliyyəti ovçuluq və balıqçılıq olmuşdur. Yalnız yakutlar və buryatlar maldarlıqla məşğul olurdular. Amur ətrafında isə əkinçilik yayılmışdır. Çukça və yukagirlər isə hətta daş əsrində yaşayaraq metalı belə tanımırdılar. Odur ki, odlu tüfənglə yeni yerləri fəth edən rus adamları bu işin öhdəsindən asanlıqla gəlmişdir. Sibir və Uzaq Şərq xalqları əsasən bütpərəst olub müxtəlif bütlərə sitayiş edirdilər. Kalmık, tuvalı, buryatlar isə buddist idilər.

Buddizmə sitayiş edən kalmıklar birinci olaraq, Rusiya dövlətinin nüfuz dairəsinə daxil olmuşdur. Cənubi Volqa çöllərində formalaşan Kalmık xanlığı XVII əsrin ortalarında rus çarına sadiqlik andı içərək himayəsinə sığınmışdır. Kalmık xanlığı XVIII əsrin axırına kimi mövcud olmuşdur.

Şərqi Sibirin fəth edilməsi daha asan olmuşdu. Bura gələn ilk səyyahlar şəhərcik, kiçik qala («острог») və ya qışlaq yeri salırdılar. Sonradan bu yerlər Tomsk, Yenisey, Krasnoyarsk, Bratsk, Lensk, İrkutsk şəhərlərinə çevrildilər. Yerli Sibir tayfaları əsasən dinc yolla, bəzən silah gücünə Rus dövlətinin tərkibinə daxil oldular. Başlıcası, avropalıların Amerika qitəsində olduğu kimi yerli xalqlar məhv edilmədi. Sibir xalqları Rusiyanın başqa yerlərində olduğu kimi illik vergi olan yasaq ödəyirdilər. Xəzinəyə ödənilən bu vergi Rusiya dövlətinə böyük sərvət gətirirdi. Odur ki, çar hakimiyyəti Sibir voyevodası və xidmət adamlarından yerli xalqla mehriban rəftar etməyi tələb edirdilər.

1637-ci ildə Sibiri idarə etmək məqsədilə Sibir prikazı təşkil olunmuşdur. Sibir «dövlət votçinası» olduğu üçün onun ərazisində xüsusi torpaq sahibliyi və təhkimçi kəndlilər yox idi. Sibirin mənimsənilməsi onun sərvətlərindən istifadə etməklə yanaşı, diyarın təsərrüfat yüksəlişinə də təkan vermişdir. Sibirin cənubunda şumlama əkinçiliyi geniş yayılmışdır.

Yeni torpaqların fəth edilməsində və ayrı-ayrı xalqların Rusiya dövlətinin tərkibinə daxil olmasında missionerlik hərəkatı ayrı yerə məxsusdur. Xristian əxlaqını təşviq edən rahiblər kilsə hakimiyyətini təmsil edərək bütpərəst və b. din təmsilçilərini pravoslav dininə etiqad etməyə dəvət edirdilər. Rusiya dövləti də yerli xalqların pravoslav dininə etiqat edərək dövlətin dayağına çevrilməsində maraqlı idi. Lakin yerli xalqların satınalma, qorxu, təşviq yolu ilə pravoslav dininə dəvət edilməsi geniş yayılmadı.

1639-cu ildə Tomsk kazakı İvan Yuriyeviç Moskvitin kiçik bir dəstə ilə Ule çayı ilə Oxot dənizinə çıxdılar. Rus adamı Sakit okeana daxil oldu.

1648-ci ildə Yakut kazakı Semyon İvanoviç Dejnyov və xolmoqor prikaz-çiki Fedot Alekseyeviç Popov yeddi gəmi ilə Kolım çayının mənsəbindən keçərək Böyük Daş Burnuna yaxınlaşıb materiki keçə Asiyanı Amerikadan ayıran boğazdan irəliləyib Dejnyov Çkotka sahillərinə, Popov Kamçatkaya çatdı.

1643-cü ildə kazak Vasili Daniloviç Poyarkov Amur çayı boyu əraziləri öyrənərək Sakit okeana kimi irəliləmişdir. 1649-1653-cü illərdə onun işini davam etdirən Böyük Ustyuqdan («Великий Устюг») olan ticarət adamı Ye-rofey Pavloviç Xabarov Amura böyük yürüş təşkil edərək Amurətrafı torpaqları Rusiyaya birləşdirdi. Xabarov şəhəri məhz birinci rus səyyahının şərəfinə adlandırılmışdır. Amur ətrafının Rusiya tərəfindən mənimsənilməsi bu ərazilərə iddiası olan Çinlə toqquşmaya səbəb olmuşdur. Rusiya Amurun sol sahillərini rus adamının mənimsəməyə başlamasına baxmayaraq, bu yerlərdən imtina etməyə məcbur oldu. 1689-cu ildə Çinlə Rusiya arasında birinci dəfə sərhədi (iki ölkə arasında) müəyyən edən Nerçinsk müqaviləsi imzalanmışdır.

XVII əsrdə Sibir Rus dövlətinin tərkibinə daxil oldu. Yerli tayfalar rus çarının təbəəsinə çevrildi. Rusiyalı səyyahlar bir çox mühüm coğrafi kəşflərə imza atdılar.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh