Moskva çarlığının yaranması. İvan Qroznı

III İvan hakimiyyəti vəsiyyəti əsasında oğlu III Vasiliyə (1505-1533) verdikdə Rusun idarəçiliyində 66 böyük şəhər mövcud olmuşdur. III Vasili dövləti möhkəmlətmək məqsədi ilə Udel knyazları olan qardaşlarının hüquqlarını məhdudlaşdıraraq, hətta varisləri olmaması üçün onların evlənməsinə belə mane olmuşdur. Yalnız kiçik qardaşı, Starits Udel şəhərinin knyazı Andrey evlənərək oğul-uşaq sahibi olmuşdur ki, buna görə də varisləri olan Sta-rits knyazlığı XVI əsrdə III Vasili və onun oğlu IV İvan Qroznının (15331584) vahid dövlət hakimiyyətinə mane olmuşdur.

III Vasilinin hökmdarlığı dövründə şəxsi hakimiyyətini daha da möhkəmləndirən padşahın bütün əyanları, zadəganlar, sənətkar və kəndlilər özlərini onun xolopu adlandırırdılar. Məhz bu dövrdə Rusiya cəmiyyətində böyük knyazın hakimiyyətini bütün gücü ilə müdafiə edən belə bir fikir formalaşmışdı ki, padşahın hökmü — Tanrının hökmüdür. Hökmdara qul tabeçiliyi sonradan Rusiyanın bütün idarəetmə sisteminə yayılmışdır. Knyaz və boyarlar böyük knyaza səcdə edirdi və öz mülklərində də vassal, qulluqçu, tabeliklərində olan insanlardan belə xolop tabeçiliyini tələb edirdilər. Beləliklə, hər bir adam yuxarıda dayananın qarşısında xolop, aşağıdakının qarşısında ağa idi. Məhz formalaşmaqda olan mərkəzləşmiş Rus dövlətinin hökmdarları III İvan və III Vasilinin amiranə və etiraza dözümsüz şəxsi keyfiyyətləri tabeçiliyin səcdə məzmununu şərtləndirən amil olmuşdur.

Lakin bu o demək deyildir ki, böyük knyazın hakimiyyəti mütləq qeyri-məhdud olmuşdur. Belə ki, məşvərətçi orqan kimi Boyar Duması fəaliyyət göstərirdi. III Vasilinin dövründə yerliçilik («местничество») sistemi yaranmışdır. Mahiyyəti odur ki, hər bir iri feodal, knyaz, boyar, duma mirzəsinin idarəetmə sistemində yeri onların nəsil şəcərəsinin dərin kökü və nüfuzu ilə müəyyən olunurdu. Daha qədim kökdən gələn, sıx qohumluq əlaqələri ilə bağlı olan əyanlar hərbi istedadı, idarəçilik bacarığı, diplomatik qabiliyyəti olmadığı halda yürüş zamanı baş polklara başçılıq edir, idarəçilikdə yüksək yer tutur, Duma və xarici qonaqların qəbulu vaxtı padşaha yaxın əyləşirdilər. III İvan zamanı yeni-yeni yaranmağa başlayan prikazlar III Vasili dövründə sistem halında bərqərar oldu və ölkənin idarəçiliyinin əsas vasitəsinə çevrildi. Rusiyada yeni idarəçilik sisteminin yaranması həm də süründürməçilik və rüşvətxorluğun yayılması ilə müşayiət olundu. III Vasilinin varisi olmadığı üçün arvadı, gözəl qadın Solomoniya Saburovu zorla rahibə edərək, böyük knyazı nüfuzlu Qlins-kilər nəslindən olan gənc litvalı Yelena Vasilyevna Qlinskaya ilə evləndirdilər. Knyaz Qlinskilər Moskva knyazının qulluğuna keçmişdilər. 1530-cu ildə yeni böyük knyaginya III Vasilinin varisi olan İvanı doğdu. Üç ildən sonra ov zamanı ağır xəstələnən III Vasili üçyaşlı oğlu IV İvanı və gənc, gözəl litvalı arvadını Moskva dövlətinin başına gətirərək vəfat etdi.

1533-cü ildə IV İvan Vasilyeviç böyük knyazlıq taxtına əyləşdi. Ölkəni faktiki olaraq, idarə edən anası Yelena Qlinskaya 1538-ci il aprelin 3-də çox gənc yaşında vəfat etdi. Yeniyetmə yaşında olan böyük knyaz IV İvanın 7 yaşı olduğu üçün bir müddət dövlət işləri ilə bir-biri ilə amansız mübarizə aparan Boyar Dumasının üzvləri məşğul olurdu. Onların fəaliyyəti və bir-biri ilə çəkişməsi dövlətin işlərinə mənfi təsir etməklə yanaşı, gələcək hökmdar düşmənçilik, amansızlıq, saxtalıq, qorxu şəraitində böyüyürdü. IV İvanın təhsili ilə heç kim mütəmadi məşğul olmadığı üçün, gənc hökmdar öz üzərində fərdi çalışaraq, xüsusilə dövlətin, hərbi yürüşlərin tarixindən bəhs edən kitablarla, başqa ölkələrin dövlət quruluşundan, diplomatiyasından, Rusun və özünün soykökündən ibarət olan yazılı məlumatlarla daha yaxından maraqlanırdı. Qeyd etmək yerinə düşür ki, İvan Qroznının dövrünü anlamaq üçün onun dramatizm və dəhşətli hadisələrlə dolu uşaqlığına nəzər salmaq vacibdir.

1547-ci il yanvarın 16-da Kremlin Uspensk kilsəsində mitropolit Makar IV İvanın başına çar çələngin qoyaraq rəsmi olaraq təntənəli tacqoyma mərasimini təsdiq etdi. 1547-ci il fevralın 3-də yeni rəsmi çar elan edilən IV İvan sevimli və qayğıkeş həyat yoldaşı, ağıllı məsləhətçisi olan Anastasiya Romanovna ilə evlənmişdir. Bir neçə aydan sonra Moskvada yanğın baş verdi, dörd min nəfərdən çox adam öldü. Çar yanğında özünün Vorobyov kəndindəki igamətgahında gizləndi. Şəhərdə şayiə yayıldı ki, yanğını İvanın nənəsi Anna Qlinskaya cadugərliklə törədib. Kremlə toplaşan əhali kütləsi Qlinskiləri tələb edərək çarın dayılarından biri Yurini ələ keçirib parça-parça etdilər. Başqa boyarların da evlərini dağıdıb yandıran kütlə çarı tapmaq məqsədi ilə Vorobyov iqamətgahına yollandı. Xalqı çox çətinliklə sakitləşdirmək mümkün oldu. Çar başa düşdü ki, sadə adamlar yoluna çıxan hər bir şeyi silib-süpürüb atmağı bacaran qorxulu qüvvədir. Çarın qüdrətli qohumları olan Qlinskilər saraydan uzaqlaşdırıldıqdan sonra dövlət məsələlərində məsləhətçilər adi və çarla bir yaşda olan insanlar arasından seçilməyə başlandı. Çarın öz ətrafına topladığı yaxın adamları «Избранная Рада» (yəni Seçilmiş Şura) adlanırdı. Məhz bu adamlar çara durmadan dövlət hakimiyyətini möhkəmləndirmək yolunda məsləhət verirdi.

Ölkənin mərkəzləşmiş idarəetmə sistemini təşkil edərək dövlət aparatını təkmilləşdirmək, hərbi sahədə qayda-qanun yaratmaq zəruri olmuşdur. Gənc çar IV İvan özünün yaxın məsləhətçiləri ilə 1550-ci ildə bu işləri həll etməyə başladı. Hər şeydən əvvəl çar Boyar Dumasının tərkibini artırdı. Boyar, zadəgan, ruhanilərdən ibarət yeni dövlət idarəetmə orqanı olan Zemstvo məclisi təşkil olundu. Tacirlər, posad adamları, kazaklar da Zemstvo məclisində iştirak edirdilər. 1549-cu ildə fəaliyyətə başlayan, mühüm dövlət işlərini, xüsusilə xarici siyasət və maliyyə işlərini həll edən Zemstvo Məclisi 1680-ci ilə kimi mövcud olmuşdur. Ümumdövlət seçkili orqanının fəaliyyəti göstərir ki, təbəqə qrupu hakimiyyət sistemində əhəmiyyətli yer tuturdu.

Prikazlar sistemi inkişaf etməkdə davam etmişdir. İvan Qroznı dövründə təqribən 20, XVII əsrin sonunda isə 50 prikaz mövcud olmuşdur. Məsələn, səfirlik (посольский) prikazı dövlətin xarici siyasətilə, Razryad prikazı boyar və zadəganların hərbi xidmətilə, mülkədar (поместный) prikazı qulluq adamlarına mülklərin ayrılması ilə və s. məşğul olurdu. Prikazların başında boyar və yaxud dyak (mirzə) dayanırdı, dyak köməkçiləri (подьячий) onlara tabe idi. Ölkədə vergi sahəsində islahat həyata keçirildi. Əvvəllər mövcud olan «yedizdirmə» sistemi 1556-cı ildə ləğv olunaraq yeni qayda tətbiq edildi.

Buna əsasən yerli ağsaqqallar qara camaat, şəhərli, seçilmiş zadəgan və mülkədar mülklərindən xış (vergi qoymaq üçün yer ölçü vahidi) hesabı ilə vergi toplayırdı. Əhalinin və torpaq sahiblərinin qeydiyyata alınması üçün xüsusi siyahıyaalma tədbiri nəticəsində yazılı siyahı kitabları tərtib edilirdi ki, vergilər də onların əsasında toplanırdı. Torpaq islahatı yerli idarəetmə sistemini dəyişdirdi. Qəza hakimiyyətini quberniya rəisləri (губные старосты), zadəganlardan, seçilən şəhər prikazçikləri, varlı kəndlilər və posad adamlarından seçilən zemstvo rəisləri təmsil edirdilər. Yeni sistem yerlərdə hakimiyyəti möhkəmləndirmişdir.

IV İvanın islahatları arasında köhnəlmiş və dağınıq 1497-ci il «Qanunnamə»si yerinə, yeni 1550-ci il «Qanunnaməsi»ni qəbul etməsi xüsusi yer tutmuşdur. 99 maddədən ibarət olan yeni «Qanunnamə»nin üç maddəsi yeni olmaqla yerdə qalanları əsaslı dəyişdirilmişdir. Canişin və nahiyə rəislərinin (волостелей) hakimiyyəti məhdudlaşdırılaraq yerli və mərkəzi inzibati orqanların nəzarəti altına salınmışdır. Yerli seçkili vəzifələrin əhəmiyyəti artaraq onların məhkəmədə iştirakı zəruri olmuşdur. Kəndlilərin əvvəlki Yuriyev günündə bir torpaq sahibinin yanından başqasına keçməsi hüququ təsdiq olunurdu. Ancaq bəzi hallarda kəndlilərin xolop olaraq ayrılmaq hüququ ləğv edilə bilərdi. Bu zaman «Qanunnamə»də xolopları ağalarının özbaşınalığından qoruyan hüququ statusu haqqında maddə yer almışdır. Birinci dəfə sənəddə rüşvətxorluğa qarşı cəza müəyyən olunmuşdur. Zaman-zaman dəyişikliyə məruz qalsa da, İvan Qroznı-nın «Qanunnamə»si 1649-cu ilə qədər Moskva dövlətinin əsas qanunlar toplusu qalmışdır. 1530-cu ilin ortalarında hələ anası Yelena Qlinskayanın qəy-yumluğu zamanı pul islahatı həyata keçdi. Ölkənin əsas pul vahidi Moskva rublu oldu ki, bu da 200-dən çox kiçik pul vahidindən ibarət idi.

Ölkənin silahlı qüvvələri mühüm dəyişikliyə məruz qaldı. Ordunun əsasını zadəgan qoşunu təşkil edirdi. Hərbi xidməti qaydaya salmaq məqsədilə xidmətə dair «Qanunnamə» (Nizamnamə) qəbul olundu. Xidmətin dəqiq qaydası, atlı döyüşçü üçün irsi və müvəqqəti olmasından asılı olmayaraq ayrılan torpağın miqdarı tam müəyyən olunurdu. Bu vəzifəni həll etmək üçün hər bir belə döyüşçüyə 150 desyatin torpaq ayrıldı. Hərbi yürüş zamanı xidmət adamlarına xidmət haqqı nəzərdə tutulurdu. Bir qədər sonra IV İvan hakimiyyəti daimi strelets qoşunu yaratdı. Əgər zadəganlar «atadan» xidmət adamı kimi öz soykökünə əsasən qulluq edirdisə, streletslər seçim əsasında qulluq edirdilər. İlk zamanlar strelets qoşununun sayı təqribən üç min nəfərə çatırdı. Xüsusilə xarici ölkələrdən, o cümlədən Almaniya, Polşa, Fransa, İsveç, Şotlandiya və b. yerlərdən muzdlu hərbçilər dəvət olunurdu. Bütün bu tədbirlər rus ordusunun döyüş qabiliyyətini artırırdı.

IV İvan Qroznının bu islahatları nəticəsində Rusiyada dövlətin idarə olunmasında hökmdarla yanaşı, zümrələrin nümayəndələrinin də iştirak etdiyi təbəqə — nümayəndəlik monarxiyası bərqərar olmuşdur.

 

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh