Müstəqil rus knyazlıqlarının yaranması. Kiyev knyazlığı

Salnamənin təsdiq etdiyi kimi, 1132-ci ildə I Böyük Mstislavın ölümündən sonra Rusun parçalanması artıq fakt idi. Bu Moskva böyük knyazı III İvanın Oka və Volqa çayları arasındakı şimal-şərqi Rus və Novqorodu əhatə edən şimal-qərbi Rus torpaqlarını Moskva dövlətinə birləşdirdiyi XV əsrin sonlarına kimi davam etmişdir. Məhz XII əsrin əvvəllərindən XV əsrin sonlarına kimi davam edən bu dövrü udel (knyaz və feodalların idarə etdiyi yerlər) dövrü kimi səciyyələndirmişlər. Həqiqətən XII əsrin ortalarına doğru Kiyev Rusundan təqribən 15, XIII əsrin əvvəllərində 50, XIV əsrdə 250 knyazlıq və torpaq əmələ gəlmişdir.
Rus dövlətinin siyasi parçalanmasının səbəblərindən biri iqtisadi inkişafla bağlı iri torpaq sahibliyinin və şəhərlərin artıb möhkəmlənməsi olmuşdur. Knyaz drujinaçıları yalnız xəracla deyil, öz torpaq sahələrindən əldə etdikləri gəlir hesabına yaşamağa başlamışdı. Boyarların malikanələrində natural təsərrüfat mövcud olduğu üçün onlar lazım olan hər şeyi buradan əldə edirdilər. Bu isə yerli knyaz və boyarların Kiyevdən asılı olmadan yaşamasına və özlərini müstəqil sahib kimi aparmasına şərait yaratmışdır.
Yerlərdə təsərrüfat əlaqələrinin inkişaf edib möhkəmlənməsi nəticəsində ticarət münasibətləri daha da irəliləmişdir. Köhnə ticarət yolları öz əhəmiyyətini itirdiyi üçün yeni əlaqələr yaratmaq vacib olmuşdur. Başqa dövlətlərlə ticarət münasibətləri yaratmağa cəhd edən yerli knyazlar Kiyevlə daha az əlaqə saxlayırdılar.
Avropa və Ön Asiyada yeni ticarət yollarının yaranması Kiyevin tarixi mövqeyini itirməsinə səbəb olmuşdur. İtaliya şəhərlərinin və tacirlərinin fəal-laşması Cənubi Avropa və Aralıq dənizi sahillərinin Qərbi və Mərkəzi Avropa, Bizans və Kiçik Asiya arasındakı sıx əlaqələrə təkan verdi. Səlib yürüşləri Yaxın Şərqi Avropaya yaxınlaşdırdı. Şimali Avropada fəallaşan alman şəhərləri Kiyevdən yan keçərək Novqorod və başqa Şimali-Qərbi rus şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Artıq «Varyaqlardan yunanlara» gedən yol unudularaq öz əhəmiyyətini itirmişdi.
Kiyev Rus dövlətinin siyasi parçalanmasının əsas səbəblərindən biri də Ryurikoviçlər sülaləsindən olan knyazlar arasında olan ziddiyyət və onların böyük knyazlıq uğrunda apardıqları çəkişmədə ailə mənafeyini müdafiə etmələri olmuşdur. XI əsrin sonlarından başlayaraq iki əsas knyaz qruplaşması, o cümlədən Kiyev knyaz nəslindən olan Monomaxoviçlər (Kiyev knyazı Vladimir Vsevoldoviç Monomaxın nəsli) və Olqoviçlər (Yaroslav Mudrının nəvəsi, Çerniqov knyazı Oleq Svyatoslaviçin nəsli) arasındakı mübarizə daha amansız olmuşdur. Bəzən Monomaxoviçlərin öz içərilərində belə yaxın qohumlar, ata və oğullar Olqoviçlərlə ittifaqa girərək bir-biri ilə amansız mübarizə aparmışdır.
Kiyev Rus dövlətinin siyasi və feodal parçalanması faktiki olaraq 1132-ci ildən başlasa da əslində bu prosesin əsası xeyli əvvəldən qoyulmuşdur. Təsadüfi deyil ki, tarixçi alim V.O.Klyuçevskiyə görə, dövlətin udellərə bölünməsi tarixin 1132-ci ildən deyil 1054-cü ildən, yəni Yaroslav Mudrının vəsiyyəti ilə torpaqları öz uşaqları arasında bölməsindən hesab etmək lazımdır. T.V.Çernikova görə 1132-ci ildən sadəcə olaraq knyazlar böyük Kiyev knyazının bütün Rusun başçısı olması ilə hesablaşmadılar.
Kiyev knyazlığı rus torpaqlarının siyasi mərkəzi olmaq əhəmiyyətini itirsə də, «Rus şəhərlərinin anası» tarixi şöhrətini saxlamışdır. O, rus torpaqlarının kilsə mərkəzi idi. Başlıcası Kiyev knyazlığı Rusdakı məhsuldar torpaqların mərkəzində yerləşmişdir: Dnepr «Avropa yolu» əhəmiyyətini itirsə də, şərqi slavyanların başlıca su yolu olaraq qalırdı. Burada çoxlu iri sahibkar votçina təsərrüfatları və böyük əkinçilik əraziləri mövcud idi. Kiyevdə, o cümlədən knyazlığın Vışqorod, Belqorod, Vasilev, Turov, Vitiçev və d. şəhərlərində minlərlə sənətkar çalışırdı ki, onların hazırladığı məhsullar Rusda və onun sərhədlərindən kənarda belə şöhrət qazanmışdı. Kiyev knyazlığının ərazisi Dneprin sağ sahilinin geniş torpaqlarını, Pripyat çayının demək olar ki, bütün hövzəsini, cənub-qərbdə Volın knyazlığının sərhədlərinə kimi uzanmış torpaqları əhatə edirdi. Cənub, cənub-qərb və cənub şərqdən Kiyev əvvəllər olduğu kimi şəhər-qalalar zolağı ilə mühafizə olunurdu.
1132-ci ildə Böyük Mstislavın ölümü ilə Kiyev taxtı uğrunda Monoma-xoviçlərlə (Monomaşiçlər) Olqoviçlər arasındakı mübarizə Kiyev tarixinin dönüş nöqtəsi oldu. Məhz XII əsrin 30-40-cı illərində Kiyev enerjili hakimiy-yətpərəst Yuri Dolqorukinin idarə etdiyi Rostov-Suzdal torpaqları, boyarların özlərinə knyaz seçməyə başladığı Novqorod və Smolensk üzərində nəzarəti itirmişdir. Növbəti mübarizədən sonra Kiyev taxtına Oleq Çerniqovskinin nəvəsi knyaz Svyatoslav Vsevoldoviç sahib olmuşdur. Məhz «İqor polku haqqında dastan» («Слово о полку Игореве») müəllifi onu qüdrətli və hakim knyaz kimi bütün rus torpaqları üçün avtoritet olaraq təsvir etmişdir. O, öz gənc əmisi oğlu şimaldan olan «İqor polku haqqında dastan»ın qəhrəmanı knyaz İqora qıpçaqlar üzərinə yürüşü ləngidərək ümumrus qüvvələrinin yığılmasını gözləməyi nəsihət etmişdir. Lakin Svyatoslav Olqoviçin oğlu və məşhur Oleq Çerniqovskinin nəvəsi İqor Svyatoslaviç ehtiyatlı knyazın səsinə qulaq asmayaraq hazırlıqsız çölə hərəkət etmiş və məğlub olmuşdur.

Kiyev knyazlığı üçün keçmiş böyük Avropa siyasəti, Avropanın mərkəzinə, Bizans və Şərqə təşkil edilmiş uzaq yürüşlər tarix olaraq qalmışdır. İndi Kiyevin xarici siyasəti qarşısında iki istiqamət qalmışdı: birincisi, qıpçaqlara qarşı əvvəlki yorucu mübarizəni davam etdirmək; ikincisi, ildən-ilə güclənən Rostov (Vladimir)-Suzdal knyazı Yuri Dolqoruki vaxtında işğal edilmiş Pere-yaslavlla bərabər, Kiyevin özünü şimal-şərq və cənub-şərqdən hədələyən knyazlıqla mübarizə aparmaq idi.
Başqa knyazlıqların köməyi ilə qıpçaq təhlükəsinin qarşısını almağı təmin etmiş Kiyev üçün şimal-şərq qonşusu ilə bacarmaq çətin idi. Yuri Dolqorukinin ölümündən sonra Vladimir-Suzdal knyazlığının taxtına onun oğlu Andrey Yuriyeviç Boqolyubsk keçdi ki, o da 60-cı illərdə Monomaxlar sülaləsindən olan knyazın Kiyev böyük knyaz taxtına hüququnu bəyan etmişdir. Vladimir-Suzdal knyazı özünün müttəfiq knyazları ilə 1169-cu ildə Kiyevi üç günlük mühasirədən sonra ələ keçirmişdir. Kiyev öz tarixi ərazisində birinci dəfə xarici düşmən tərəfindən deyil, öz rusları tərəfindən işğal edilmişdi. Bir neçə gün şəhərə daxil olmuş drujina onu soydu, kilsələri yandırıb əhalini öldürərək şəxsi evləri və monastrları talan etdi.
Lakin təhlükə ötüşdükdən sonra belə dəhşətli dağıntıya baxmayaraq böyük knyazlığın mərkəzi tam həyatını yaşamağa başlamışdır. Yaraşıqlı saray və məbədlər, gözəl binalar bərpa edilərək müasirlərini heyran qoyurdu. Məhz Kiyevdə «İqor polku haqqında dastan» yaranmışdır. Svyatoslav Vsevolodoviçin dövründə Kiyev sakitlik və firavanlığa qovuşmuşdur.
Kiyevdə növbəti knyaz olmuş Roman Mstislaviç Volınski ov zamanı özünün qərb ərazilərində uzaq məsafə qət etdiyi üçün polyaklar tərəfindən öldürülmüşdür. Bu hadisə 1205-ci ildə baş vermişdir. Daxili mübarizə yanğınında bir-birinin ardınca rus knyazları məhv olur, rus şəhərləri yanırdı.



Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh