Rus mədəniyyəti XIII-XV əsrlərdə

Monqol-tatar işğalı Rusiya mədəniyyətinə ağır zərbə vurmağına baxmayaraq, tədricən Rus və onun mədəniyyəti dağıntının xarabalıqları içərisindən qalxaraq yüksəlməyə başladı. XIII-XV əsrlərin mədəniyyətində iki mərhələ diqqəti cəlb edir. XIII-XV əsrlərdə mədəniyyətin inkişafının daxili hüdudunu 1380-ci ildə Kulikovo döyüşündə rusların monqol-tatarlar üzərindəki qələbəsi müəyyən edir. Artıq bu zaman demək olar ki, ölkənin iqtisadiyyatı bərpa edilmişdir ki, bu da ümumi miqyasda mədəniyyətin XIV əsrin sonları-XV əsrdə inkişafını müəyyən etmişdir.
Tədricən Rusiya mədəniyyəti toparlanaraq canlanmağa başladı. 1274-cü ildə kilsə daxili həyatını qaydaya salmaq məqsədilə Kilsə məclisinin qəbul etdiyi «Mitropolit Kirillin qaydaları» əsl hadisə oldu. Kilsə və vətəndaş qanunvericilik yaddaş kitablarının bərpası prosesi başladı. 1284-cü ildə Ryazan rəhbər kitabı, 1282-ci ildə Sofiya rəhbər kitabı meydana gəldi ki, onlar da «Rus pravdası»na daxil olmuşdur. Ədəbi fəaliyyət də canlanmışdır. Yazıçılardan əvvəl Kiyev-Peçersk kilsəsinin arximandrı (baş monax), sonra Vladimir kilsəsinin keşişi olan Serapion Vladimirskinin yaradıcılığını qeyd etmək olar. Onun «Beş söz-nəsihət» əsərində Rusun talan edilməsi, xalqın əsarət altına alınması aydın bir şəkildə izah edilmişdir.
XIII əsrin sonu-XIV əsrin əvvəlinə aid olan Aleksandr Nevskinin «Həyat»ı («Житие») rus adamlarının sevə-sevə oxuduqları kitablardandır. Ən böyük ədəbi abidə XIII əsrin əvvəlindən 1292-ci ilə kimi olan hadisələrdən bəhs edən Qaliç-Volın salnaməsi idi. Salnamədə Kalka döyüşündən, Batının yürüşündən, Qalıç və Volın uğrunda taxt mübarizəsindən ətraflı bəhs olunur. XIV əsrə aid olan ilk Moskva əsəri Rostov yepiskopu Proxorun qələmə aldığı «Pyotrun həyatı» («Житие Петра») olmuşdur. Tverdə knyaz Aleksandrın tatar canişinini canlı olaraq yandırmasından bəhs edən «Şevkal haqqında na-ğıl» («Сказание о Шевкале») yaranmışdır.
1380-ci ildəki Kulikovo döyüşündən sonra rus ədəbiyatında yeni məzmunlu əsərlər meydana çıxmışdır. «Mamayev döyüşçüsü haqqında nağıl» («Сказание о Мамаевом побоище») buna misaldır. Belə hesab olunur ki, 1408-ci ildə Yedigeyin hücumu və Moskva knyazı Vasili Dmitriyeviçin qorxaqlıq göstərib qaçması bu əsərini yaranmasına səbəb olmuşdur. Çox güman ki, müəllif Dmitri Donskoyun qəhrəmanlığını yada salaraq onun oğluna çatdırmaq istəmişdir ki, Moskva knyazının vəzifəsi torpağını müdafiə etməkdir. Hər şeydən əvvəl bu əsər real hadisələrin salnaməsi deyil, sırf ədəbi abidədir.
Tver taciri Afanasi Nikitinin «Üç dəniz arxasına səyahət» («Хождение за три моря») qiymətli ədəbi abidəsi onun 1466-cı ildən 1472-ci ilə kimi Hindistana səfərindən bəhs edir. Geri qayıdarkən Smolenskdə vəfat edən A.Nikitinin qələmə aldığı yazı Moskvaya gətirilərək salnaməyə daxil edilmişdir. Bu əsər qədim Hindistandan bəhs edən tarixi-arxeoloji abidə olmaqla bərabər, tarixi-ədəbi yaradıcılıq nümunəsi olmaqla yanaşı, həm də rus adamının zəngin daxili dünyasını açıb göstərir.

XIV əsrin ortalarından başlayaraq dağıdılan şəhər və kəndlər bərpa edilməyə başladı. Xüsusilə dağıntıya məruz qalmayan Novqorod və Pskovda bu proses daha sürətlə davam edirdi. Memarlıq və boyakarlıq məktəbinin meydana çıxması diqqəti cəlb edirdi. Düzdür, daş tikililər deyil, əsasən ağacdan hazırlanan alçaq kilsələr, boyar və varlı əyan evləri geniş yayılmışdı. Yavaş-yavaş daş tikililər meydana gəlirdi. Novqorodda XIV əsrdə İç qala müdafiə bürcü, Bolotovda yaraşıqlı Uspeniya kilsəsi daşdan inşa edilmişdi. XV əsrin birinci yarısında Novqorodun müstəqilliyinin qızğın tərəfdarı, baş keşiş Yefim öz sarayını daşdan tamamlamışdır. XIV əsrdə Novqorod memarlığının inkişafında yunan sənətkar Feofan Qrek əhəmiyyətli rol oynamışdır. 70-ci illərdə Bizansdan gələn sənətkar İlin küçəsindəki Spas kilsəsinin boyakarlıq işini tamamlamışdır. Onun təsvir etdiyi müqəddəslər qırmızı-qəhvəyi və ağ işıq zolaqlarının kəsişməsində daha parlaq, ancaq sərt diqqəti cəlb edir. XV əsrin əvvəlində Moskvya dəvət edilən böyük sənətkar Andrey Rublyovla birlikdə Kremlin Blaqoveşen kilsəsi üçün bir sıra ikona çəkmişdir. Belə güman edilir ki, Dmitri Donskoyun hamisi olan Donskoy Məryəm anası ikonası da Feofan Qrekə məxsusdur.
Moskvadakı daş tikintisinin əsas səbəbkarları böyük knyazlar olmuşdur. Birinci ağ daşdan olan kilsələr İvan Klitanın dövründə meydana gəlmişdir. Bu 1326-cı ilə məxsus Uspensk məbədi, 1328-1330-cu illərdəki Bordakı Spas kilsəsi, 1333-cü ildə inşa edilən Arxangel məbədi və 1328-ci ildə gözətçi qülləsi kimi salınmış İoanın Lestviçnik zəngli kilsə idi. Ordu ilə həlledici döyüşə hazırlaşan Dmitri Donskoy 1367-ci ildə Kremlin ətrafında daşdan divar hör-dürmüşdür.
 XV əsrin əvvəllərindən başlayaraq monastr tikintisi geniş miqyas almışdır. 1405-ci ildə Zveniqorod altında daşdan Storojyevsk monastrı, Moskvada 1423-cü ildə Troitsa-Sergiyev, 1427-ci ildə Andronikov monastrları meydana gəlmişdir. Bu məbədlərin memarlığında yeni Rusiya milli əlamətləri, böyüklük, parlaqlıq, möhtəşəmlik ön plana çıxmışdır.
1408-ci ildə Andrey Rublyov və Daniil Çyornı Vladimirdə Uspensk kilsəsinin boyakarlıq işini həyata keçirdilər. Yüngül, işıqlı rənglərlə üzə düşüncəli baxış həkk edən sənətkarlar, çəkdikləri ikonalara fəal və azad hərəkət mövqeyi seçərək onlara işıqlı sevinc, ümid bəxş edirlər.
Dahi rəssam Andrey Rublyovun (təqribən 1360-1430) təqribən 1423-cü ildə Troitsa kilsəsi üçün çəkdiyi şöhrətli «Троица» («Müqəddəs üçlük») ikonasında Tövratdan götürülmüş mövzuya uyğun olaraq Avraam və Sarra üç mələklə təsvir edilmişdir. İkonada daxili təmkinə və ruh yüksəkliyinə malik üç qanadlı mələk stol arxasında oturub sakit söhbət edirlər. Parlaq və ahəngdar rənglərlə, sakit kompozisiya əsasında çəkilən «Troitsa» rus rəssamlıq sənətində yeni söz olmaqla bərabər, dostluq, razılıq, məhəbbəti tərənnüm edir. Ümumiyyətlə, XV əsri sənətşünaslar Moskva ikona yazanların «qızıl əsri» adlandırmışdır.
XIV əsrin axırlarından başlayaraq Rusiyada sənət dirçəlməyə başlamışdır. Tökmə sənətinin mərkəzi Moskva olmuşdur. Məsələn, 1342-ci ildə Müqəddəs Sofiya («Святая София») Novqorod kilsəsinin zəngini tökmək üçün moskvalı usta Borisi dəvət etmişlər. 1420-ci ildə Moskva ustaları pskovlu sənətkarlara dam örtüyü üçün qurğuşun təbəqələr tökməyi öyrətmişdir.
Moskva zərgərlik sənətkarları yaratdıqları sənət nümunələri ilə tətbiqi incəsənəti daha da yüksəyə qaldırmışlar. Moskvalı usta İvan Fominin qızıl eşmə ilə işlənmiş yaşma fincan belə sənət nümunəsindən biridir. 1410-1431-ci illərdə Troitsa məbədində oymaçı-heykəltəraş Amvrosi çalışmışdır. Onun hazırladığı qızıl qatlama — xaç Sergiyev Posad muzeyində saxlanılır. Moskvada toxuculuq əl işləri də geniş yayılmışdır. Bunların ən gözəl nümunələrindən biri Simyon Qordının dul arvadı knyagina Mariyanın Deisusu təsvir etdiyi örtük idi. XV əsrdə Moskva sarayında gümüş sikkələr zərb etməyə başladılar. I Vasilinin dövründə barıt hazırlamağa başladılar. 1404-cü ildə serb Lazar zəng yaylı böyük saat düzəldərək onu Böyük knyaz sarayında quraşdırmışdır.

XIII-XV əsrlərdə mədəniyyətin bir hissəsini təşkil edən rus adamının məişətinə dair məlumatlar nisbətən azdır. Monqol-tatar və Qızıl Ordu yürüşü zamanı rus adamı köçərilərdən atsürmə bacarığını, hərbi yürüşlərdə sadə yemək və paltar vərdişini mənimsəmişdi.
Yunan ruhanilərinin təsiri daha böyük olmuşdur. Məsələn, mitropolit Kip-rianinin vaxtında yeni il Bizansda olduğu kimi sentyabr ayından başlamışdır. Slavyan adları və ləqəbi tədricən sıxışdırılaraq xristianlıqda olduğu kimi nəsli və kökü göstərən soyad meydana çıxmışdır. Kilsə nikahı olmadan evlənmək adəti tarixə qarışmış, qızlar kilsənin icazə vermədiyi üçün 12 yaşından tez ailə həyatı qura bilməzdilər. Kilsə bir sıra qadağalar, o cümlədən nahara kimi şərab qəbul etməmək, stol arxasında nalayiq söz söyləməmək, öz evində küpəgirən qarıları qəbul etməmək və fala baxmaq üçün onlara müraciət etməmək kimi yeniliklər müəyyən etmişdir.
Varlı və tanınmış ailələrdən olan gənclərin əsas məşğuliyyəti cəngavər döyüşləri idi. Ox, nizə, qılıncla usta davrananlar yüksək qiymətləndirilirdi. Əyan və varlı təbəqə əla atlara sahib olmaq üçün çalışırdı. Böyük mənsəb sahibləri arasında qonaqlıq məclislərini təşkil etmək geniş yayılmışdır. Böyük knyaz belə qonaqlarla bir yerdə, lakin stolun baş tərəfində əyləşərək əylənirdi. Stola müxtəlif çeşidli bal, pivə, qızardılmış ov əti, şirniyyat düzülürdü.
Varlı əyanlar Avropadan gətirilmiş mahud, Şərqdə olan ipək parçalardan tikilmiş xəz, dəri, qiymətli daş-qaşla bəzədilmiş paltar geyirdilər. Sadə adamlar kətandan, qışda isə qoyun dərisindən paltar geyirdilər. Yaşayış evlərinin daxili çox sadə olub, ortada böyük peç, taxt, stol, skamyadan ibarət idi. Varlılar xalça, ipək süfrə, vəhşi heyvan dərisi ilə evlərini bəzəyirdilər. Qiymətli əşyaları zirzəmidə saxlayırdılar.


Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh