I Pyotrun dövrü

1689-cu ildə hakimiyyətə sahib olması ilə Sofiya-Qolitsın islahatlarına son qoyan yeni çar I Pyotr əvvəlki kimi hərbi işlərlə daha çox vaxt keçirirdi. Dənizçiliyə, dəniz gəmilərinə maraq onun fəaliyyətində ayrıca yer tutmağa başladı. Gənc çarın maraq dairəsinə daxil olan növbəti bir məsələ fiziki əməyə, sənətə olan həvəsi olmuşdur. Gənc yaşlarından dülgər, dəmirçi, rəngsaz və b. peşələrə sahib olmaq istəyi onu bütün həyatı boyu müşayiət etmişdir.

Tez-tez Moskva yaxınlığındakı Alman qəsəbəsində («слободе») olan I Pyotr xarici hərbi mütəxəssislərlə, sənətkar, mühəndis, tacirlərlə görüşərək onlardan Avropa haqqında məlumatlar toplayırdı. Pyotr şotlandiyalı general, hərbi biliklərilə fəqlənən Patrik Qordonla (1635-1699) və Avropa adət-ənənələrinin dərin bilicisi isveçrəli Frans Lefortla (1655/1656-1699) dostlaşır. Alman qəsəbəsi sakinlərinin evlərində hərbi sənətə, astronomiya, tibbə dair ədəbiyyatla tanış olan Pyotr alman və holland dillərini öyrənir, Avropa həyat tərzi ilə tanış olur. 1693-cü ilin yayında öz məsləkdaşları ilə şimali Dvinanın mənsəbində olan və ilin çox vaxtı buz bağlayan Rusiyanın yeganə limanı Arxangelskə baş çəkir. Dənizə və dənizçilik işinə olan sonsuz maraq, əsl böyük donanma qurmaq niyyəti onu Şimala çəkirdi. Arxangel limanında ingilis, alman, holland ticarət gəmiləri lövbər salmışdır. Liman müxtəlif dillərdə danışan avropalılarla dolu idi. Pyotr xarici tacirlərin, dənizçilərin, gəmiquraşdıranların evlərinə, gəmilərə daxil olaraq gördükləri ilə tanış olurdu. I Pyotr Arxangelskdə hollandiyalı mütəxəssislərə gəmi sifariş edir, yerli tərsanədə isə ilk iki rus freqatının quraşdırılması başlanılıı.

1694-cü ildə I Pyotrun anası N.K.Narışkina vəfat etdi, çar anasının vəfatını dərin hüznlə qarşılayaraq bir neçə gün çadıra qapanıb-qalmışdır. Tədricən özünə gələn çar öyrənib bildiklərini nəzərdən keçirərkən XVII əsr Rusiyası ilə qabaqcıl Avropanı müqayisə edərək ölkəni əsaslı dəyişikliklər yolu ilə yeniliyə, mədəniyyətə doğru aparmağı qarşısına məqsəd qoymuşdur.

1694-cü ilin yazında Pyotr yenidən Arxangelskə baş çəkdi, tərsanədə inşa edilən gəmini suya buraxdı. Bir aydan sonra şimali Dvina sularında artıq ikinci gəmi üzürdü. Ardınca Hollandiyadan sifariş edilən üçüncü freqat gəldi ki, bu da donanma demək idi. Çar ağ, göy, qırmızı rənglərdən ibarət bayraq fikirləşərək donanmaya təqdim etdi ki, bu Rusiyanın müasir bayrağı oldu.

I Pyotr cənubda təkcə Rusiyanın əsrlik düşməni Krım xanlığını ləğv etmək deyil, Azov və Qara dəniz sahillərinə sahib olub Rusiyanın cənubi Avropaya yolunu açmaq niyyətində idi. Bu məqsədlə, eyni zamanda Osmanlı imperiyası əleyhinə Müqəddəs cəmiyyətə daxil olan müttəfiqlərin tələbi ilə 1695-ci ilin yazında iki rus ordusu cənuba doğru hücuma keçdi. Zadəgan süvariləri kazaklarla birlikdə Boris Petroviç Şeremetevin başçılığı altında Dneprin aşağılarına hücum edərək bir neçə türk qalasını ələ keçirdi. İkinci ordu I Pyotr da başda olmaqla F.Lefort, F.A.Qolovin və P.Qordonun komandanlığı altında Azova hücum etdi. Beləliklə, I Pyotrun 52 illik həyatının 32 ili müharibələrdə keçən günləri başladı. İlk mərhələdə Azov yürüşünün uğursuzluğu çarı ordu və donanmanı yeni yürüşə hazırlamağa səfərbər etdi. Yeni gəmilər, qayıqlar inşa edildi, Rusiyanın cənub Don-Azov donanması meydana gəldi. Qalanı dənizdən mühasirə edən rus donanmasının mövqeyinə görə türk donanması köməyə gələ bilmədi, rus ordusunun top atəşindən sonra hücuma keçən qoşun Azov qalasına daxil oldu. Yeni donanmanın dayanacaq yeri kimi Taqanroq qalası və limanının əsası qoyuldu. Bu gənc çarın birinci böyük qələbəsi oldu.

Pyotr Türkiyənin əleyhinə olan dövlətlərin mövqeyini araşdırmaq, Avropanın sənayesi, hərbi işi, mədəniyyəti, adət və ənənəsini oöyrənmək məqsədi ilə Qərbə 1697-ci ildə səfirlik heyəti göndərməyi qərara almışdır. Eyni zamanda səfirlik nümayəndələri və çar özü də Avropa hərbi sənətini, mühəndisliyi, gə-miquraşdırma və b. sənətləri də öyrənərək Rusiyada tətbiq etmək niyyətində idilər. 250 nəfərdən ibarət olan səfirliyin tərkibinə çar özü də uryadnik Pyotr Mixaylov adı ilə daxil idi. Bu saray tədbirlərinə, qəbul və əyləncələrə az vaxt sərf etmək məqsədi daşıyırdı. Səfirliyə rəsmi olaraq F.Lefort, Səfirlik prikazının rəisi F.A.Qolovin və dyak P.B.Voznitsın başçılıq edirdi. Səfirlik nümayəndələri Kurlyandiya, Brandenburq, Hollandiya, İngiltərə və Avstriya torpaqlarında oldular. Qərb dövlətləri ilə yarımgizli şəraitdə Türkiyəyə qarşı müttəfiq axtarışında olan Pyotr, eyni zamanda Hollandiyanın Saardam tərsanəsində dül-gərliklə məşğul olur, yel dəyirmanlarında ustalıq öyrənirdi. Amsterdamda teatra, anatomiya muzeyinə baş çəkən Pyotr gəmiquraşdırma ilə xüsusi maraqlanmışdır. İngiltərədə parlamentdə, elmi mərkəz olan kral cəmiyyətində, Oksford Universitetində olan Pyotr Sikkə sarayında bir neçə dəfə onun müdiri İsaak Nyutonla görüşmüşdür. Çar özü və məsləkdaşları səfər nəticəsində çox şey görüb və öyrəndilər. Pyotr əyani olaraq Avropa mədəniyyətini bütün parlaqlığı ilə gördü, şəhərlər, universitetlər, muzeylər, qüdrətli Britaniya donanması çara güclü təsir göstərmişdir.

Lakin Qərbdə olan parlament, xalq nümayəndəliyi sistemi, seçki kimi demokratik ənənələrə çar biganə və yaxud düşməncəsinə münasibət bəsləmişdir. Çar dərk etməmişdir ki, məhz bu siyasi dəyişikliklər İngiltərə, Hollandiya kimi dövlətləri Avropanın qabaqcıl sənaye dövlətlərinə çevirmişdir. Çar Rusiyaya olduğu kimi, yəni mütləq hökmdar, istibdadçı hakim kimi qayıtdı. Avropa səfəri göstərdi ki, Qərb dövlətləri Türkiyə ilə mübarizədə müttəfiqlik borclarını yernə yetirmək niyyətində deyildilər. Odur ki, çar Türkiyə ilə sülh təmin edib Baltik dənizinə çıxmaq məqsədilə şimala üz tutdu. İndi Rusiyanın müttəfiqləri Polşa, Branderburq, Danimarka və Saksoniya ola bilərdi. Geri dönən zaman çar Venada strelets qiyamına dair xəbər alaraq təcili Rusiyaya tələsdi.

1698-ci ilin avqustunda Moskvaya qayıdan Pyotr Kreml sarayına deyil Preobrajensk kəndinə yollandı. Boyar və prikaz adamlarını qəbul edən I Pyotr şəxsən qayçı ilə onların saqqalını kəsərək «Avropa sifəti» tərzinə salmışdır. Saqqal yalnız dini xidmətçilər və yüksək vergi ödəyənlər saxlaya bilərdi. Çar belə qəti və kobud davranışla Rusiyanı «Avropalaşdırmağa» başladı. Avropasayağı geyim təbliğ edən çar uzun rus kaftanlarının ətəyini kəsərək dərzilərə onu tikmək, tacirlərə isə satmaq qadağan olunurdu. Sevmədiyi arvadı ilə haqq-hesab çəkən I Pyotr onun saçlarını kəsdirib monastra salmağı əmr etdi ki, bu da oğlu Alekseyin məyus olmasına, atası ilə arasının soyuqlaşmasına səbəb oldu.

Pyotr streletslərin işləri ilə də məşğul olaraq onlarla əlaqəsi iddiası ilə çariçə Sofiyanın saçını kəsdirib rahibəliyə göndərdi. Əlavə olaraq iki min nəfərdən çox strelets edam edildi, 195 nəfər isə Pyotrun əmri ilə hücrəsinin qarşısında asıldı. Çar özü yaxın ətrafı ilə nifrət etdikləri streletslərin boynunu vururdu.

Avropada gördükləri mədəniyyəti Rusiyada tətbiq etmək üçün ölkədə ali və orta ixtisas məktəbləri açmaq zəruri idi. Bu işə başlamaq üçün Moskvada İngiltərədən dəvət edilmiş müəllimlərin iştirakı ilə naviqasiya, yəni gəmiçilik elmi məktəbləri açıldı. Şagirdlər məktəblərdə riyaziyyat, həndəsə, kartoqrafiya, astronomiya, naviqasiya elmlərini öyrənir, dənizçilik alət və qurğuları ilə tanış olurdular. Çarın təşəbbüsü ilə Moskvada köhnə slavyan dilində deyil, yeni vətəndaş şriftləri ilə yığılan mətbəə açıldı. 1700-cü il yanvarın 1-dən yeni il köhnə qaydada olduğu kimi dünyanın yaranışı hesab edilən sentybarın 1-dən deyil, Avropanın qəbul etdiyi kimi, İsa peyğəmbərin anadan olması günündən, yəni yanvarın 1-dən hesablamağa başladı. Yeni il təqvimi ilə birlikdə Rusiyaya yeni il bayramı yolka ağacı ilə birgə qədəm qoydu.

Tədricən çar köhnə hakimiyyət orqanları olan Boyar Duması və prikazların əhəmiyyətini azaltdı. Duma üzvü olan boyarlar qocalıb öldükdə çar onların yerinə yeni adam təyin etmirdi, beləliklə Boyar Duması təbii yolla öz fəaliyyətini dayandırırdı. Prikazların bir hissəsini ləğv edən çar yerdə qalan hissəsini isə birləşdirirdi.

1700-cü ildə Moskvada qoca patriarx vəfat etdikdə Pyotr onun yerinə heç kimi təyin etmədi. Patriarxlığın əmlakı Monastr prikazının sərəncamına tabe edildi. Patriarxın əvəzinə isə kilsənin başına müvəqqəti olaraq ali ruhani vəzifəsini aparan şəxs, yəni naib təyin olundu ki, o da yalnız dini məsələlərlə məşğul ola bilərdi.

I Pyotr dövlət xəzinəsi hesabına Kareliya və Ustyuq diyarında yerli metal emalı zavodları tikdirməyə başladı. Zəngin filiz mədənləri olan Uralda ağır sənayenin ilk zavodları meydana çıxdı. Çünkü yeni ordu və donanmanın top, tüfəng, qılınc və b. hərbi sursata çox ehtiyacı var idi.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh